Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4047/2022 25.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 fevral 2022-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq, müəyyən e t d i: İddiaçı ASC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20.07.2009-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Cavabdeh apellyasiya şikayətinin verilməsi üçün bruraxılmış müddətin bərpası barədə ərizə ilə müraciət edərək buraxılmış müddətin üzürlü hesab edilməsini və müddətin bərpa olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə iclaslarından və qətnamədən xəbəri olmayıb. Qətnaməni Ədliyyə Nazirliyinin Mərkəzi Arxivindən 04.05.2021-ci il tarixdə alıb. Rəsmi qeydiyyatda olduğu ünvan ona məxsus deyil və orada heç vaxt yaşamayıb. Həmin evdə formal olaraq qeydiyyatdadır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25.06.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. İddiaçı qərardaddan şikayət vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10.08.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilərək 25.06.2021-ci il tarixli qərardad ləğv olunmuş və cavabdeh tərəfindən verilmiş ərizəyə yenidən baxılması üçün işin birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 fevral 2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmiş və apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh qərardaddan şikayət vermiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). İşdən və icra işindən görünür ki, məhkəmə bildirişləri, qətnamə və icra sənədləri cavabdehin hazırda qeydiyyatda olduğu ünvan 1 ünvanına göndərilmişdir. Cavabdeh hazırda da həmin ünvanda qeydiyyatdadır. Məhkəmə haqlı olaraq qeyd etmişdir ki, cavabdeh faktiki olaraq bank qarşısında öhdəliklərinin olmasını bilə-bilə uzun müddət keçəndən, yəni 10 ildən sonra qətnaməni mübahisələndirməsi hüquqi müəyyənlik prinsipinə ziddir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası hesab edir ki, əks yanaşma qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini onun barədə məlumatı olan şəxslərə hətta uzun illər sonra istədiyi vaxt qətnaməni mübahisələndirmək imkanı vermiş olar ki, bu da hüquqi müəyyənlik və mülki dövriyyənin sabitliyi prinsiplərinə açıq-aşkar ziddir. Belə ki, İnsan hüquqları üzrə Avropa Məhkəməsi Brumaresku Rumıniyaya qarşı iş üzrə 28.10.1999-ci il tarixli qərarında qeyd etmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Ryabıx Rusiyaya qarşı iş üzrə 24.07.2003-cü il tarixli qərarında isə Avropa Məhkəməsi vurğulamışdır ki, hüquqi müəyyənlik, «res judicata» prinsipinə hörməti (yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyini) nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyridüzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz, eyni zamanda yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14.12.2006-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə qanuni qüvvəyə minmiş və barəsində şikayət vermə imkanları tükənmiş yekun məhkəmə qərarının istənilən anda ləğv edilməsi mümkünlüyü qanunun aliliyi və hüquqi müəyyənlik prinsipləri ilə ziddiyyət təşkil edir. Konstitusiya Məhkəməsinin 13.02.2007-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeyə görə isə qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyüziyasını yaradan vəziyyət hüquqi müəyyənliyin tərkib hissəsi olan «res judicata» prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən, prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarına və sadalanan hüquq normalarına əsaslanaraq şikayəti geri qaytarmaqda haqlı olmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 fevral 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4047/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4047/2022
25.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver