Məhkəmə qərarları › İş №2(103)-4049/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4049/2021

13.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4049/2021 13.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışinski Fuad Şəmsəddin oğlu və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli, 2(001)-1016/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC (Ləğv prosesindədir) Cavabdeh qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 14.908,24 ABŞ dolları əsas borcun, 3.352,66 ABŞ dolları faiz borcun, 8.673,35 ABŞ dolları məbləğində cərimə borcu və 2.136,85 ABŞ dolları kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmiş kredit borcunun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, tələbin cavabdehə məxsus ipoteka ilə yüklü edilmiş “İnfiniti FX35” markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması və satışdan əldə edilən vəsait hesabına borcun İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsinin ümumi qaydada cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş edilmiş və iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı ASCnin arasında bağlanmış 26.12.2013-cü il tarixli, 1498 nömrəli kredit müqaviləsinə əsasən, cavabdehə avtomobil almaq məqsədilə illik 22%-lə 36 ay müddətinə 18.500 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kreditin təminatı olaraq Cavabdeh mülkiyyətində olan “İnfiniti FX35” markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair 26.12.2013-cü il tarixdə ipoteka müqaviləsi bağlanmışdır. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini icra etməmiş və nəticədə banka borclu qalmışdır. Qeyd olunanlara əsasən məhkəmədən iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli, 2(001)- 1016/2021 saylı qətnaməsi ilə (hakim Günel Abbasova) iddia qismən təmin olunmuş, Cavabdeh 14.908,24 ABŞ dolları əsas borc, 3.130,98 ABŞ dolları faiz borcu, 300 ABŞ dolları məbləğində cərimə və 2.136,85 ABŞ dolları (illik 5%) kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış kredit borc olmaqla, ümumilikdə 20.476,07 ABŞ dolları borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməsi, cavabdehdən tutulmalı olan məbləğin Cavabdeh məxsus olan ipoteka ilə yüklü edilmiş “İnfiniti FX35” markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması və satışdan əldə edilən vəsait hesabına borcun İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, İddiaçı ASC ilə cavabdeh arasında nə ipoteka müqaviləsi, nə də kredit müqaviləsi mövcud deyildir, müqavilələrdə və müqaviləyə dair əlavə sənədlərdə mövcud olan imzalar cavabdehə məxsus deyildir və onun həmin müqavilələr üzrə heç bir öhdəliyi yoxdur. İpoteka ilə yüklü edilmiş avtomobil cavabdeh tərəfindən hələ 2013-cü ildə özgəninkiləşdirilmişdir (etibarnamə əsasında hüquqlar ötürülmüşdür). Yəqin ki, iddiaçıya da bu fakt bəllidir, əks təqdirdə müqavilənin müddəti bitdikdən 4-5 il sonra məhkəmədə iddia qaldırmazdı. Digər tərəfdən isə cavabdehin birinci instansiya məhkəməsində iştirakı təmin edilsə idi, bu zaman təbii ki, iddia müddəti məsələsi də mübahisələndiriləcəkdir. Belə ki¸ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Göründüyü kimi tərəflər arasında müqavilə 2013-cü ilin dekabr ayında bağlanmışdır. Hal-hazırda həmin iş üzrə müqavilə tələbləri üzrə bank tərəfindən iddia müddəti də ötürülmüşdür. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyasından Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli, 2(001)-1016/2021 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, apelyasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin olunmamasını, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli, 2(001)-1016/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, iddiaçının nümayəndəsini dinləyib, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli, 2(001)-1016/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş tərəflər arasında bağlanmış 26.12.2013-cü il tarixli, 1498 nömrəli kredit müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 36 ay müddətinə illik 22% olmaqla, 18.500 ABŞ dolları kredit verilmiş, sonuncu həmin məbləği 26.12.2013-cü il tarixdən 26.12.2016-cİ il tarixədək hər ay 706.52 ABŞ dolları ödəniş etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 26.12.2013-cü il tarixli İpoteka Müqaviləsindən görünür ki, Cavabdeh məxsus “İnfiniti FX35” markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı 2008-ci il buraxılışlı 26.500 ABŞ dolları məbləğində qiymətləndirilərək ipotekaya qoyulmuşdur. İş materiallarında olan maliyyə arayışdan görünür ki, Cavabdeh 08.11.2019-cu il tarixə 14.908,24 ABŞ dolları əsas, 3.352,66 ABŞ dolları faiz borcu, 8.673,35 ABŞ dolları məbləğində cərimə borcu, əldən çıxmış faydaya (əsas borca hesablanmış 5%) görə 2136,85 ABŞ dolları olmaqla, cəmi 29.071,10 ABŞ dolları borcu vardır. İş materiallarında olan iddiaçı tərəfindən cavabdehə ünvanlanmış ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin surətindən görünür ki, cavabdehə ödənilməmiş borcun ödənilməsi bildirilmiş, əks təqdirdə aidiyyatı üzrə məhkəməyə müraciət ediləcəyi qeyd edilmişdir. İş materiallarında olan birinci instansiya məhkəməsi zamanı keçirilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 03.07.2020-ci il tarixli, 9/1776 nömrəli ekspert rəyinə əsasən, 26.12.2013-cü il tarixli, 1498 saylı kredit müqaviləsinə əsasən Cavabdeh oğunun 08.11.2019-cu il tarixə İddiaçı ASC-yə borcu 14.908,24 ABŞ dolları əsas, 3130,98 ABŞ doları faiz borcu, 2136,85 ABŞ dolları gecikdirilən vaxt üçün hesablanan faiz borcu olmaqla, cəmi 20.397,75 ABŞ dolları təşkil edir. Belə olan halda, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə qətnamədə göstərilən borc məbləğlərinin tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi qanuni və əsaslıdır. Çünki, Mülki Məcəllənin 739.1-ci və 741-ci maddələrinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 445.4-cü maddəsinə görə, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Mülki Məcəllənin 317.1-ci maddəsinə görə, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Kollegiya, ilk növbədə apelyasiya şikayətinin İddiaçı ASC ilə cavabdeh arasında nə ipoteka müqaviləsi, nə də kredit müqaviləsinin mövcud olmaması, müqavilələrdə və müqaviləyə dair əlavə sənədlərdə mövcud olan imzaların cavabdehə məxsus olmaması dəlillələrinə münasibətdə bildirir ki, bu hissədə apleyasiya şikayəti əsassızıdır. Belə ki, apellyasiya instansiya məhkəməsində icraat zamanı iş üzrə məhkəməxətşünaslıq ekspertizası təyin edilmiş və ekspert qarşısında sual kimi 26.12.2013-cü il tarixli, 1498 nömrəli “Kredit Müqaviləsi” və 26.12.2013-cü il tarixli “İpoteka müqavilə”lərindəki, həmçinin kassa məxaric orderindəki imzaların Cavabdeh Xanlar oğlu tərəfindən icra edilməsi qoyulmuşdur. Ekspertiza üzrə Məhkəmə Ekspertiza Mərkəzinin 27.10.2021-ci il tarixli, 4/1196 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, İddiaçı ASC Bakı filialı və Cavabdeh adlarından olan 26.12.2013-cü il tarixli 1498 saylı kredit müqaviləsinin kserosurətinin 1-ci vərəqin aşağı sağ hissəində “Borcalan” qrafasında və 2-ci vərəqində “Borcalan” qrafasında əks olunmuş imza; İddiaçı ASC Bakı filialı və Cavabdeh adlarından olan 26.12.2013-cü il tarixli 1498 saylı ipoteka müqaviləsinin kserosurətinin 1-2-ci vərəqələrində “Borcalan” qrafasında və 2ci vərəqəsində “ipoteka qoyan” qrafasında əks olunmuş imzalar; 27 dekabr 2013-cü il tarixli ********** saylı kassa məxaric orderində “İmza” qrafasındakı imza – Cavabdeh tərəfindən icra olunmuşdur. Kollegiya vurgulayır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminatın kifayət qədər yüksəkdir. Kollegiya, cavabdehin apelyasiya şikayətinin iddia müddətinin ötürüldüyünə istinad edən dəlillərini də əsaslı hesab etmir. Belə ki, Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Kollegiya qeyd edir ki, hazırkı işdə tərəflər arasındakı münasibətlər 26.12.2013-cü il tarixli borc müqaviləsindən irəli gəldiyi üçün tələbə üç illik iddia müddəti şamil edilir. Bununla belə, müqavilə xarakterli öhdəliklərdən irəli gələn tələblərin qanuni həlli baxımdan iddia müddətinin axımının başlanmasının müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Mülki Məcəllənin 377.1-ci və 377.2-cü maddələrinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Baxılan işdə iddia müddətinin axımı borc müqaviləsinin icrası müddətinin başa çatdığı 26.12.2016-cı il tarixdən başlanır. Bu halda, həmin müqavilədən irəli gələn tələblər üzrə məhkəmədə iddia qaldırılmasının son tarixi 26.12.2019-cu il hesab olunur ki, hazırkı iddia ərizəsi 06.12.2019-cu il tarixdə təqdim edilməklə iddia müddəti daxilində verilmişdir. Beləliklə, Kollegiya qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi qətnamənin mübahisələndirilən hissəsində işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli, 2(001)- 1016/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar