Məhkəmə qərarları › İş №2(103)-405/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-405/2020

19.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-405/2020 19.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Ülkər Təhmasib qızının katibliyi, İddiaçı, onun vəkili X1, Cavabdeh, onun nümayəndəsi və vəkili X2 iştirakları ilə, Bakı şəhəri BinəqədiRayon Məhkəməsinin 2(001)-380/2019saylı, 20iyun 2019-cu il tarixli qətnaməsindən Cavabdehtərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı Cavabdeh qarşı 13000 manat tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri BinəqədiRayon Məhkəməsinin 2(001)-380/2019saylı, 20iyun 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: Həmin qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək qeyd etmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Əslində isə iddiaçı ilə onun arasında evin təmir xərclərinə görə heç bir pul vədi olmamışdır. Ustaların pulu isə onun tərəfindən vaxtlı-vaxtında ödənmişdir, onun iddiaçıya heç bir borcu yoxdur. Bu səbəbdən, qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddiaçı onun keçmiş qayınatasıdır, həmin evi nikahları pozulmamışdan xeyli müddət əvvəl inşa etdirmiş, həmin evin inşasında bir çox ustalar iştirak etmiş, o cümlədən də arvadının atası və qardaşı da həmin evin tikintisində qohum kimi işləmişlər, onlarla görüləcək işlər və bunun müqabilində haqqın ödənilməsinə dair hər hansı danışıq və ya razılaşma olmamış, bunula belə, onların hər birinin gördükləri işə münasib haqları ödənilmişdir,qaynatası va qaynı işlədikləri vaxt onların bütün digər problemləri də onun tərəfindən qarşılanmışdır, bu məsələ ilə bağlı aralarında heç bir problem olmamışdır, həmin ev hazır olduqdan sonra o, ailəsi ilə köçüb həmin evdə yaşamış, bundan il yarım sonra arvadı ilə boşanmış, həmin evi satmış, əldə olunan pula 3 (üç) otaqlı həyət evi alaraq keçmiş arvadı və uşaqlarına vermiş, boşanmalarına baxmayaraq keçmiş arvadı ilə münasibətləri çox yaxşıdır, uşaqlarına aliment ödəyir, eləcə də onların bütün problemlərini həll edir, buna baxmayaraq boşanması səbəbindən keçmiş qayınatası ona qarşı hazırki uydurma iddia məhkəməyə müraciət etmişdir, həmin evin tikilməsi başqa ustalar tərəfindən aparılmışdır, iddiaçı yalnız evin daxili və xarici suvağını vurmuş, həyətin tameti, sanitar qovşağın isti döşəməsi və tametini vurmuş, kombini qoymuş, eləcə də oğlu ilə birlikdə hazır qapıları quraşdırmışdır. Cavabdeh daha sonra göstərdi ki, evin inşası ilə bağlı bütün ustaların, o cümlədən də qaynının və iddiaçı olan qayınatasının da zəhmət haqqları ödənilmişdir, iddiaçıya heç bir borcu qalmamışdır, sadəcə olaraq iddiaçı, qızı ilə onun nikahı pozulduqdan sonra hazırkı borc tələbi ilə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili A.Mikayılov apelyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayəti ilə razılaşmayaraq bildirdi ki, cavabdeh ona gördüyü işlərə görə cəmi 695 (altı yüz doxsan beş) manat məbləğində pul ödəmişdir, halbuki o, sözügedən evin birinci mərtəbəsindən (ilk altı kərpic) başqa hər şeyi ilə özü məşğul olmuş, hətta kombi sistemi və təhlükəsizlik kameralarının quraşdırılmasında da iştirak etmişdir. İddiaçı, eləcə də qeyd etdi ki, kürəkəni olan cavabdehlə qızının nikahının pozulmasına səbəb məhz onların aralarındakı mübahisə olmuşdur. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili X1 apelyasiya şikayəti ilə razılaşmayaraq, əssasız olduğunu bildirdi və bu səbəbdən təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilən X4 bildirdi ki, iddiaçı onun atasıdır, cavabdeh isə bacısının keçmiş əridir, cavabdehlə bacısı boşansa da, onunla münasibətləri yaxşı olaraq qalır, mübahisə ilə bağlı isə qeyd etdi ki, cavabdehə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən-1, Korpus-4, 182 saylı yaşayış evinin tikilməsində bir qohum kimi o da atası ilə birlikdə iştirak etmiş, bu vaxt cavabdehlə zəhmət haqqı ilə bağlı hər hansı danışıq olmamış, onlar işə başlayarkən evin dam örtüyü ilə bağlı işlər başa çatmış, o, özü konkret olaraq, divarların ağardılması, divar kağızlarının (oboyun) və alçipanın vurulması onun tərəfindən həyata keçirilmiş, eləcə də atasının gördüyü işlərdə də atasına yardım etmiş, bunun müqabilində ona 1200 (min iki yüz) manat pul verilmişdir, ola bilsin ki, görmüş olduğu işlərin dəyəri daha çox olmuş, lakin onlar orada qohum kimi kömək etmişlər, ona görə də, verilən pul onu qane edir və bununla bağlı heç bir narazılığı yoxdur. Atası isə həmin evin çöl və içəri divarlarının suvaq işini, sanitar qovşaq işlərini görmüş, mənzilin döşəməsini vurmuş, hazır qapıları və kombini quraşdırmış, həyətin daş döşənməsi (tamet) işlərini görmüşdür və bildiyi qədər atasının da zəhmət haqqı ödənilmiş, eləcə də onların digər problemləri də cavabdeh tərəfindən qarşılanmışdır. Bundan sonra il yarımadək müddətdə bacısı ailəsi ilə birlikdə həmin evdə yaşamış, sonradan bacısının keçmiş əri həmin evi satmış, əldə edilən puldan bacısı və uşaqları üçün 3 otaqlı həyət evi alaraq onları oraya köçürmüşdür. Atasının bu iddianı verməsi səbəbləri ona məlum deyil və atası ilə cavabdehin arasında həmin işlərin görülməsi ilə bağlı ödəniləcək zəhmət haqqı ilə bağlı danışıqların olması barədə məlumatı yoxdur. Eləcə də, bu müddət ərzində atası ona evdə gördüyü işlərə görə cavabdeh tərəfindən zəhmət haqqının ödənilməməsi ilə bağlı heç nə bildirməmişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilən X5 qeyd etdi ki, iddiaçı onun atası, cavabdeh isə onun keçmiş əridir, həqiqətən atası və qardaşı sözügedən evdə işləmiş, iddiaçı ilə cavabdeh arasında zəhmət haqqı ilə bağlı danışıqların olması ilə bağlı məlumatı olmamışdır, həm keçmiş əri, həm də özü atası və qardaşının gördükləri işlərin müqabilində onlara müəyyən məbləğdə pul ödəmişlər. Onun münasibəti həm keçmiş əri, həm də atası ilə yaxşıdır, cavabdehlə onların nikahları pozulduqdan sonra Cavabdeh o və uşaqlara 3 otaqlı həyət evi almışdır, həmçinin uşaqlara alimenti vaxtı-vaxtında ödəyir, hətta onların əlavə xərclərini də qarşılayır. İddiaçı ilə cavabdeh arasında pul haqda heç bir mübahisəyə şahid olmadığını, atasının onuna keçmiş əri ilə nikahları pozulduqdan sonra məhkəmədə iddia qaldırdığını və bunun səbəbinin ona məlum olmadığını bildirdi. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilən X3 qeyd etdi ki, o, cavabdehin aldığı kameraları evdə quraşdırmış və kombi sistemini işə salmaqda köməklik göstərmişdir. Binəqədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 624 saylı arayışdan müəyyən olunur ki, Rəhimov X7 qəsəbəsi, mədən 1, korpus 4 ev 182 ünvanında xx.xx.2005-ci ildən daimi qeydiyyatdadır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kolegiyasının xx.xx.2019-cu il tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 27084 saylı ekspert rəyinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Mədən-1, Korpus-4, 182 saylı fərdi yaşayış evinin qərardadda göstərilən tikinti-təmir işlərinin əmək haqqının təqribi dəyəri bazar qiymətlərinə uyğun olaraq 3168,0 manat təşkil edir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kolegiyasının xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. “xxxxxxx” MMC Qiymətləndirmə Şirkətinin xx.xx.2020-ci il tarixli, MB 13/748 saylı rəyinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Mədən-1, Korpus-4, 182 saylı fərdi yaşayış evinə baxış keçirilməsi üçün qarşı tərəfdən şərait yaradılmadığından Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən müəyyən edilmiş ölüçülərə əsasən aparılmış təmir tikinti işlərinin əmək haqqı 3402 manat təşkil edir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə münasibətdə tam yoxlayır. Məhkəməkollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli və qətnamə dəyişdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə kollegiyası bildirir ki, iddiaçı cavabdehin evində təmir işləri apardığını qeyd edir və bunun müqabilində öz zəhmət haqqını tələb edir. Cavabdeh iddiaçı tərəfindən onun evində təmir işlərinin aparıldığını təsdiq edərək həmin təmir işlərinin əvəzsiz aparıldığını qeyd etsə də, bunu sübuta yetirə bilmədiyindən rayon məhkəməsi onun iddia tələbini əsaslı hesab etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bununla belə, kollegiya qeyd edir ki, birinci instasniya məhkəməsi cavabdehdən tutulmalı məbləğin müəyyən edilməsi ilə bağlı hərtərəfli araşdırma aparmamışdır. İddiaçı tərəfindən cavabdehin evində aparılmış təmir işlərinə görə ona ödənilməli olan usta haqqının məbləğinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinin Mülki Kolegiyasının xx.xx.2019-cu il tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, dir. Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 27084 saylı ekspert rəyinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Mədən-1, Korpus-4, 182 saylı fərdi yaşayış evinin qərardadda göstərilən tikinti-təmir işlərinin əmək haqqının təqribi dəyəri bazar qiymətlərinə uyğun olaraq 3168,0 manat təşkil edir. Məhkəmə kollegiyasında iddiaçı və onun vəkili həmin məbləğlə razılaşmadığı üçün onların vəsatəti əsasındaBakı Apellyasiya Məhkəməsinin Mülki Kolegiyasının xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhəmə-əmtəəşünaslıq ekspertizası təyin etmişdir. “xxxxxxx” MMC Qiymətləndirmə Şirkətinin xx.xx.2020-ci il tarixli, MB 13/748 saylı rəyinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Mədən-1, Korpus-4, 182 saylı fərdi yaşayış evinə baxış keçirilməsi üçün qarşı tərəfdən şərait yaradılmadığından Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən müəyyən edilmiş ölüçülərə əsasən aparılmış təmir tikinti işlərinin əmək haqqı 3402 manat təşkil edir. Beləkilə, aparılmış araşdırmalar nəticəsində Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə iddiaçı tərəfindən aparılmış təmir işlərinə görə cavabdehdən tutulmalı olan məbləğ dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə 3402 manat tutulmalıdır. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə cavabdehdən tutulmalı olan pul məbləği hissəsində dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə 3402 manat tutulmalı, qətnamə apelyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehə aid edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri cavabdehdən tutulmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri BinəqədiRayon Məhkəməsinin 2(001)-380/2019saylı, 20iyun 2019-cu il tarixli qətnaməsidəyişdirilsin. Cavabdeh İddiaçı xeyrinə 3402 manat (üç min dörd yüz iki manat) tutulsun. Qətnamə cavabdehin apelyasiya şikayətinə münasibətdə qalan (mübahisələndirilən) hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat dövlət büdcəsinə SAP (XİİS) hesabı Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE******************** hesablaşma hesabına, 200 (iki yüz) manat isə bank hesabı “xxxxxxx” MMC, H/h: № AZ34AZEG********************, VÖEN: **********, Benefisiar alan bank: “xxxxxx” ASC, Kodu: 505817, VÖEN:**********, Müxbir hesab: AZ75NABZ********************, S.W.İ.F.T BİK: AZEGAZ22 hesabına Cavabdeh alınaraq ödənilsin. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:imza: Hakimlər:imzalar: Əsli ilə düzdür,Hakim: İkram Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar