Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4051/2020 21.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3559/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindənverilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi, iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 24 500 manat, Cavabdeh2 22 500 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3559/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 24 500 manat, Cavabdeh2 22 500 manat İddiaçı xeyrinə tutulması qət edilmişdir. Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onlara verilən ümumi məbləğ (45000 AZN) iş qurmaq (taxi fəaliyyəti) məqsədi ilə verilib və pulu verən şəxs qeyri-rəsmi olaraq qurulan şirkətə 40 faiz dəyərində şərik (həm itki, həm də qazanca) olmaq nəzərdə tutulmuşdur. Bu da, o deməkdir ki, 45000-18000(40 faiz) = 27000 AZN borc olmalıdır. Verilən vəsait şirkətin qurulmasına və gələcəkdə qazanc əldə etmək məqsədi ilə qurulub. Vəsait şirkətin qurulmağı üçün istifadə olunub və bunları sübut edəcək kifayət qədər əsaslandırmaların (yazılı və səsli mesajlar, şahidlər və s.) var. Bunları sübut edə bilməyi üçün bu işə yenidən baxılaraq, işin bütün faktiki hallarının araşdırılmasını xahiş edir. İş üzrə digər cavabdeh olan Cavabdeh1 verilən 45000 (qırx beş min) manat məbləğin 40000 (qırx min) manatı onda olduğundan iddiaçıya ödənilməli olan məbləğin hamısını öz üzərinə götürməyə hazırdır. Təəssüflər olsun ki, qeyd olunan faktların heç biri araşdırılmamış və qətnamə qəbul edilmişdir. Məhkəmə iclasında Cavabdeh2 bildirdi ki, borc verilən vaxtı 800 manat maaş alırdı. Əvvəldən razılaşmışdır ki, xeyrin 60% onlara, 40% isə iddiaçıya qalacaqdır. İddiaçı ilə ziyanın da, xeyrin də 40 faizinə razılaşmışdılar. İddiaçı ilə aralarında razılıq şifahi olmuşdu. İşə girəndən sonra gördülər ki, iş 45000 manatlıq deyil. İddiaçı borcu verəndə bilirdi ki, onların maaşı nə qədərdir, onlar həmin borcu ödəyə bilər ya yox. 3000 manatın ona aidiyyəti yoxdur. Alınmış borcun 40000 manatı Cavabdeh1 olduğundan həmin borcu tam qaytarmağa sonuncu razıdır. Məhkəmə iclasında Cavabdeh1 bildirdi ki, iddiaçı ilə beş yaşından biri-birlərini tanıyırlar. O, hətta borcun hamısını ödəməyə razıdır. Onun istədiyi budur ki, iddiaçı ilə əlaqə saxlanılıb soruşulsun ki, o, 40% ziyanın ödənilməsini öhdəsinə götürmüşdür ya yox. Çünki, gəlirin də, ziyanın da 40 faizinə razılaşmışdılar. 3000 manat ona aiddir. Alınmış borcun 40000 manatı da onda olduğundan həmin borcu tam qaytarmağa razıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil bildirdi ki, Cavabdeh1 1000 manatı qaytardığı üçün onlar iddia məbləğini azaltmışdılar. İş görmək üçün həmin pul alınıb. Sonradan iş alınmayıb deyə hazırki yolla pulu qaytarmaqdan yayınmaq istəyirlər. İddiaçının istəyi pulun ödənilməsidir. Ziyanın 40 faizinə dair razılaşma şərti olmayıb. Tam məbləğdə verilən pulun qaytarılmasını istəyir. Qarşı tərəf borcu ödəməkdə maraqlı olduğunu göstərən heç bir hərəkət etmir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən qənaətini belə əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh1 və Cavabdeh2 arasında xx xxxxxxxx 2018-ci il tarixdə borc müqaviləsi əsasında, sonuncular iddiaçıdan 45000 manat borc alaraq üzərinə həmin müqavilə üzrə müəyyən edilmiş borcu qaytarmaq barədə öhdəliklər götürmüşdür. Daha sonra xx.xx.2019-cu il tarixli borc müqaviləsinə əlavə 1-ə əsasən Cavabdeh1 əlavə olaraq 3000 manat məbləğində pulu məxaric qəbzinə imza etməklə qəbul etmişdir. İş üzrə İddiaçı müqavilədə nəzərdə tutulan pulu cavabdehlərə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdehlər bu müqavilələr üzrə öhdəlikləri lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Cavabdeh1 məhkəmə iclasında ərizə təqdim edərək, iddianı etiraf etmişdir. Habelə, iddiaçı məhkəməyə iddia həcminin azaldılması barədə ərizə təqdim edərək, borc məbləğindən Cavabdeh1 1000 manat ödəniş etdiyini qeyd etmişdir. Hazırda Cavabdeh1 24 500 manat, Cavabdeh2 22 500 manat borcu mövcuddur. Qeyd olunanlara əsasən iddia tələbi əsaslıdır. Belə ki, mülki işə əlavə edilmiş borc müqaviləsinə (habelə Əlavə 1) əsasən, Cavabdeh2 22 500 manat, həmçinin də məhkəmə, borcun etirafı barədə ərizəyə əsaslanmaqla, əlavə araşdırma zərurəti görmədiyindən Cavabdeh1 24 500 manat pul İddiaçı xeyrinə tutulmalıdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qətnamənin ləğv edilməsi üçün deyil, dəyişdirilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Cavabdeh2 apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın ona aid təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı konkret olaraq iddia tələbinin təmin edilməsi hissəsində yol verdiyi pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğvi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Cavabdeh2 şikayətində qətnamənin tam ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan görünür ki, o, birinci instansiya məhkəməsinin qətnaməsinin ona aid hissədə təmin edilən hissəsini mübahisələndirir. Lakin xx xxxxxxxx 2018-ci il tarixli borc müqaviləsi üzrə 45000 manatla bağlı mübahisənin predmeti bölünməz olduğundan istər-istəməz bu hissədə qətnamə tam yoxlanılır. Demək qətnamə mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən Cavabdeh2 şikayəti üzrə iddianın ona aid təmin edilən hissəsində yoxlanılmalı, iddiaçı və digər Cavabdeh1lə iddiaçı arasında olan xx.xx.2019-cu il tarixli borc müqaviləsinə 1 nömrəli əlavəyə münasibətdə isə qətnaməyə mahiyyətcə toxunulmur. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olsa da, yəni dizpozisiya əlamətləri ilə uzlaşsa da birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi yekun nəticə düzgün olmamışdır. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, xx.xx.2018-ci il tarixli İddiaçı ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış borc müqaviləsinə əsasən iddiaçı cavabdehlərə 45000(qırx beş min) manat borc vermişdir. Bu faktı tərəflərin heç biri inkar etmir. İşin mübahisəli halı isə Cavabdeh2 45000 manatın iş qurmaq (taxi fəaliyyəti) məqsədi ilə verildiyini və pulu verən şəxsin qeyri-rəsmi olaraq qurulan şirkətə 40 faiz dəyərində şərik (həm itki, həm də qazanca) olmağı nəzərdə tutduqlarını, buna görə də 45000-18000(40 faiz) = 27000 AZN borcun olduğunu və iş üzrə digər cavabdeh olan Cavabdeh1 verilən 45000 (qırx beş min) manatın 40000 (qırx min) manatı onda olduğundan iddiaçıya ödənilməli olan məbləğin hamısını öz üzərinə götürməyə hazır olduğunu bəyan etməsi ilə bağlıdır. Belə olan vəziyyətdə, apellyasiya instansiya məhkəməsi hesab edir ki, hazırki iddia tələbi üzrə işin mübahisəli hallarına dair sübut etmə yükünün tərəflərdən hansının üzərinə düşməsini müəyyən etməklə mübahisənin maddi və prosessual hüquq normalarının tələblərinə uyğun düzgün həllinə nail olmaq zəruridir. Göründüyü kimi, hazırki iş üzrə tərəflər, həmçinin analoji işlər üzrə işdə iştirak edən şəxslər öz aralarında müxtəlif xarakterli mülki hüquq münasibətlərindən yaranmış münasibətlərin nəticələrini gələcəkdə məhkəmə müstəvisində mübahisələndirəcəklərinin hüquqi mexanizmini yaratmaq (sübut toplamaq, təminat almaq və s.) və möhkəmləndirmək məqsədilə aralarındakı münasibətləri rəsmiləşdirmək üçün notariat orqanlarına müraciət edərək yaxud notariat orqanının iştirakı olmadan öz aralarında mövcud borcun etirafı yaxud borc(kredit) müqavilələri adı altında müxtəlif xarakterli müqavilələr bağlayırlar. Bu müqavilələri bağlayan zaman isə könüllü olaraq müqavilənin şərtləri ilə tanış olduqdan sonra imza edir, eləcədə hansısa şəxsə konkret məbləğdə borcu olması barədə yazılı qaydada üzərinə öhdəlik götürürlər. Lakin sonradan aralarında yenə də hər hansı bir səbəbdən, məsələn uğursuz biznes və ticarət əməliyyatları nəticəsində maliyyə vəziyyətlərinin pisləşməsi ilə əlaqədar bir-birinə qarşı iddia ilə məhkəməyə müraciət edirlər. Bu cür vəziyyətlərdə tərəflərdən biri müqaviləyə yaxud borclunun üzərinə götürdüyü yazılı öhdəliyə əsasən digər tərəfdən pul tələb etdiyi halda digər tərəf isə buna etiraz edərək qarşı tərəfdən hər hansı bir məbləğdə pul almadığını yaxud hazırki işdə olan şikayətdə göstərilənləri bəyan edir. Belə vəziyyətdə isə mübahisənin ədalətli həlli üçün məhkəmə tərəflərin qarşılıqlı münasibətlərini tam, hərtərəfli və obyektiv araşdırmaqla düzgün nəticəyə gəlməlidir. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, tərəflər arasında yaranmış mübahisə də məhz yuxarıda qeyd olunan xarakterli olduğundan, bu məsələyə də tərəflərin əvvəlki münasibətlərinə uyğun hüquqi qiymət verilməlidir. Bu mənada hazırki iş üzrə iddiaçı ilə cavabdehlər arasında xx.xx.2018-ci il tarixli müqavilə bağlanarkən iddiaçının qazanca və zərərə görə 40 faiz şərik olacağı barədə aralarında həqiqətən razılaşma var idisə bunu həmin yaxud başqa müqavilənin şərtlərinə daxil edə bilərdilər. Lakin bunu etməmişlər. Ona görə də bu dəlil üzrə Cavabdeh2 mövqeyini əsaslı hesab etmək olmaz. Çünki, Cavabdeh2 həmin müqaviləni əslində aralarında yaranmış hansı münasibətlərin nəticəsi olaraq bağladığını kifayət qədər inandırıcı və ağlabatan şəkildə məhkəmənin nəzərinə çatdıra bilməmiş yaxud da çatdırmaq istəməmişdir. Buna görə də onun bu dəlilləri ağlabatan olmamaqla yanaşı, inandırıcı da deyildir. Bununla yanaşı, qeyd olunan halları, sübut etmək yükü, vəzifəsi, artıq onun üzərinə düşsə də, o, bu halları sübuta yetirə bilməmişdir. Bundan əlavə, xx.xx.2018-ci il tarixli müqavilədən görünür ki, onda nəzərdə tutulan məbləği cavabdehlər iddiaçıdan müştərək qaydada borc almışlar. Düzdür iddiaçı iddia tələbində həmin məbləği yarı bölərək cavabdehlərin hər birindən ayrılıqda, yəni 22500 manat, digər Cavabdeh1 isə əlavə verdiyi 3000 manat borcun qalığı olan 2000 manatı, cəmi 24500 manat tələb etmiş, məhkəmə də iddianı tələb edilən qaydada təmin etmişdir. Əlbətdə 2000 manatın digər cavabdehdən tələb edilməsi düzgün olsa da 45000 manatı yarıya bölünərək cavabdehlərin hər birindən ayrıca tələb edilməsi iddianın bu qaydada təmin edilməsi üçün əsas olmamalıydı. Yəni, iddiaçının xx.xx.2018-ci il tarixli müqavilə üzrə cavabdehlərdən tələb etdiyi məbləğin cəmi 45000 manat olsa da onun həmin məbləği yarıya bölərək hər bir cavabdehdən ayrıca tələb edəcəyi şərti müqavilədə nəzərdə tutulmamışdır. Çünki, müştərək qaydada verilmiş borc, müştərək qaydada da tələb edilməlidir. Yəni, müştərək qaydada alınmış borcun da cavabdehlər arasında hansı qaydada bölüşdürülməsi və ondan necə faydalanmaları iddiaçıya da bəlli deyildir. Təsadüfü deyil ki, həm apellyasiya şikayətində, həm də apellyasiya baxışı zamanı Cavabdeh2 alınmış borc məbləğinin 40000 manat hissəsinin Cavabdeh1 olduğunu və sonuncunun həmin məbləği qaytarmağa razı olduğunu göstərmiş, Cavabdeh1 də bununla razılaşdığını bildirmişdir. Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 45000 (qırx beş min) manat müştərək qaydada, Cavabdeh1 isə ayrı 2000 (iki min) manat alınıraq İddiaçı verilməli, qətnamə, Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə, mübahisələndirdiyi qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3559/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 45000 (qırx beş min) manat müştərək qaydada, Cavabdeh1 isə əlavə 2000 (iki min) manat alınıraq İddiaçı verilsin. Qətnamə, Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə, mübahisələndirdiyi qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4051/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4051/2020
21.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver