Məhkəmə qərarları › İş №2(103)-4051/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4051/2022

26.07.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4051/2022 26.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi, Cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilin boşaldılması və payçı müqaviləsinin ləğv olunması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2(010)-4490/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilin boşaldılması və payçı müqaviləsinin ləğv olunması” tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) birinci instansiya məhkəməsinə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında 20 may 2019-cu il tarixdə bağlanmış Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli “AB” yaşayış sahəsində inşa edilən yüksək mərtəbəli yaşayış binasının 6-ci mərtəbə, ümumi sahəsi 121,9 kv. m olan, 59 saylı mənzilin izolə olunmuş 3 otaqdan ibarət olub bir pay kimi verilməsinə dair müqavilənin ləğv edilməsi və istifadəyə maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı MTK arasında bağlanmış 20.05. 2020-ci il tarixli müqaviləyə əsasən, MTK-nin inşa etdiyi Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli “A-B” yaşayış sahəsində yeni binanın 6-cı mərtəbəsində ümumi sahəsi 121,9 kv. m., 3 otaqlı, 59 saylı ümumi dəyəri 85.330 manat olan mənzilin alğısatqısına dair razılıq əldə edilmişdir. Lakin, qeyd olunan müqavilə şərtləri, mənzilin dəyərinin ödənilməsini müqavilə imzalandığı an tam şəkildə yerinə yetirilməsini nəzərdə tutsa da, hal-hazıradək cavabdeh tərəfindən “Kooperativ”ə 57.850 manat hissəsi ödənilmədən borcu qalmışdır. Qeyd edilən müqavilə şərtləri pozulduğu və mənzilin dəyəri ödənilmədiyindən, eləcə də, götürülən öhdəliklər vaxtında və lazımınca yerinə yetirilmədiyindən tikinti-inşaat işlərinin vaxtında başa çatdırılması və işin gedişinə ziyan vurulmuşdur. Bu səbəbdən də, cavabdehin ünvanına işə əlavə olunmuş mətndə bildirişlər göndərilmişcavabdehin hərəkətlərinin mülki-hüquq normalarına zidd olmasını nəzərə alaraq, müqavilə öhdəliklərinin 15 gün müddətində təmin etməsini, əks halda müqavilə şərtlərinə uyğun olaraq bağlanmış müqavilənin birtərəfli qaydada ləğv edilməsi və mənzilin “Kooperativ”in tam sərəncamına keçirməklə satıldıqdan sonra ödənilmiş vəsaitin qaytarılması barədə xəbərdar edilmələri barədə dəfələrlə bildiriş təqdim edilsə də, heç bir nəticə əldə edilməmişdir. İddiaçı MTK, fəaliyyətini 28 mart 2017-ci il traixdə VÖEN: ********** sayla dövlət qeydiyyatına alınaraq, başlamış, təyinatını nizamnamə əsasında həyata keçirir. Tərəflər arasında, MTK-nın inşa etdiyi, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli “A-B” yaşayış sahəsində yeni binanın 6-cı mərtəbəsində ümumi sahəsi 121,9 kv. m., 3 otaqlı, 59 saylı ümumi dəyəri 85.330 manat olan mənzilin alğı-satqısına dair razılıq barədə 20 may 2020-ci il tarixli müqavilə bağlanmışdır. Lakin müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyi səbəbindən də MTK-ya ziyan vurulmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2(010)- 4490/2021 saylı qətnaməsi ilə (hakim Anar Qasımov) iddia təmin olunmuş, iddiaçı "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış 20 may 2019-cı il tarixli müqavilənin ləğv edilməsi və Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli “A-B” yaşayış sahəsində yeni binanın 6-cı mərtəbəsində ümumi sahəsi 121,9 kv.m., 3 otaqlı, 59 saylı mənzilə istifadəyə maneələrin aradan qaldırılması qət edilmişdir. Cavabdeh, birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh, apellyasiya şikayətini – qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, müqavilədə göstərilən pul vəsaitini hissə-hissə ödəməsi, iddiaçı tərəfindən isə müqavilədə nəzərdə tutulmuş mənzilin ona təhvil verilməməsi, binanın inşasının davam etməsi, bu səbəbdən də ondan pulun tam həcmdə ödənilməsinin tələb olunmasının qanunsuz olması, Mülki Məcəllənin 770-1-ci maddəsinin tələblərinə zidd olması, həmçinin kooperativ üzvü kimi ümumi yığıncağın qərarına əsasən üzvlükdən xaric olunmaması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İZAHATLAR, PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən cavabdeh tərəf apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, iddiaçı binanı tam inşa edib qurtarmamış, bina istismara qəbul edilməmiş, müqavilədə göstərilən mənzil təhvil verilməmişdir. Belə olan halda pulun birdəfəyə tam olaraq ödənilməsinin tələb olunması qanuni ziddir. Mənzilin dəyəri hissə-hissə iddiaçıya ödənilir və cavabdeh ödənişdən heç vaxtı imtina etməmişdir. İddiaçı hazırda cavabdehdən artıq pul tələb edir və qərəzli olaraq hazırki iddianı irəli sürmüşdür. Birinci instansiya məhkəməsi isə iş üzrə tam və hərtərəfli araşdırma aparmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iddianı təmin etməklə səhv nəticəyə gəlmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından şikayətin təmin olunmasını xahiş edirlər. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilsə də, nümayəndəsi naməlum səbəblərdən məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, qətnamə ləğv olunmalı, iddia rədd edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2021-ci il tarixli 176 №-li Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı ii tarixli, 183 saylı addan-ada keçirilməsi haqqında sərəncamından görünür ki, “SAHİL-S İNŞAAT’ Mənzil-Tikinti Kooperativinin xx.xx.2018-ci il tarixli, 01 saylı müraciətini və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2018-d il tarixli, 37 saylı razılıq məktubunu nəzərə alaraq, Suraxanı rayonu, Yeni Günəşli “A-B“ yaşayış sahəsində "xxxx" MTK-ya məxsus mövcud yaşayış binalarının qərb hissəsində yerləşən torpaq sahəsində yaşayış binasının tikintisinin layihələndirilməsinə dair Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli, 183 saylı, xx.xx.2017-ci il tarixli, 321 saylı sərəncamları, 13184 saylı inşaat pasportu və aparılmış sənədləşmə işləri “SAHİL-S İNŞAAT" MMC-nin adına rəsmiləşdirilmişdir. İşdə olan 20 may 2019-cu il tarixli müqavilədən görünür ki, satıcı - İddiaçı alıcı Cavabdeh ilə müqavilə bağlamışlar və həmin müqavilə şərtlərinə əsasən – “Kooperativ” “payçı”dan qəbul etdiyi pay şəklində qoyulmuş pul vəsaitinə uyğun olaraq, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli “A-B” yaşayış sahəsində inşa etdiyi yeni binanın 6-cı mərtəbəsində ümumi sahəsi 121,9 kv. m., 3 otaqlı yaşayış mənzilini “Payçı”nın mülkiyyətinə təhvil verməyi, “Pay”çı isə 85330 manat təşkil edən pay qoyacağı pul vəsaitini ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 18 iyun 2021-ci il tarixli, 212№-li maliyyə arayışından görünür ki, Cavabdeh Sahil İnşaat” MTK-ya iyun ayı üçün 57850 manat borcu qalmışdır. Beləliklə işin mübahisəsiz hallarına əsasən - tərəflər arasında 20 may 2019-cu il tarixli müqavilə bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli “A-B” yaşayış sahəsində inşa etdiyi yeni binanın 6-cı mərtəbəsində ümumi sahəsi 121,9 kv. m., 3 otaqlı yaşayış mənzilini cavabdehin mülkiyyətinə təhvil verməyi, cavabdeh isə 85330 manat təşkil edən pul vəsaitini ödəməyi öhdəsinə götürmüşdür. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən qeyd etmişdir ki, Cavabdeh müqavilə üzrə öhdəliklərini icra etmədiyi üçün, iddiaçı "xxxx" MTK müqavilə şərtlərinə uyğun olaraq müqavilənin icrasından birtərəfli qaydada imtina etməklə, müqavilənin ləğv edilməsi və Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli “A-B” yaşayış sahəsində yeni binanın 6-cı mərtəbəsində ümumi sahəsi 121,9 kv. m., 3 otaqlı, 59 saylı mənzilə istifadəyə maneələrin aradan qaldırılması tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Bu baxımdan iddiaçının hazırki iddia ilə müraciət etmək üçün subyektiv hüquqa malik olmamasına dair cavabdehin nümayəndəsinin dəlili əsassız hesab edir və qeyd edir ki, iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş və məhkəmədə tədqiq olunmuş inşaat pasportu və Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 176 №-li sərəncamı İddiaçı MTK-nin yuxarıda qeyd olunan tikinti işlərini aparmağa ixtiyarı olduğu tam təsdiq olunur. Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli müqavilə ilə nəzərdə tutulmuş pay haqqını tam ödəməməsi işin mübahisəsiz halıdır. Bu isə ona dəlalət edir ki, cavabdeh üzərinə düşən bu öhdəliyə əməl etmədiyindən kooperativin üzvü və ya assosiativ üzvü hesab edilmir. Cavabdehin digər dəlilləri ilə də məhkəmə razılaşmır və qeyd edir ki, cavabdeh tərəfindən mübahisəli müqaviləsi üzrə pay qoyuluşuna dair vəsaiti hissə-hissə nəzərdə tutulmasına dair hər hansı sübutlar təqdim olunmamışdır. Onun (cavabdeh) tərəfindən bir müddət hissəhissə ödəniş aparılması ilə bağlı isə məhkəmə qeyd edir ki, bu hal özü-özlüyündə müqavilənin həmin şərtlərlə bağlanmasına dəlalət etmir. Məhkəmə kollegiyası, aşağıdakılara əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, Mülki Məcəllənin 144-1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə müvafiq olaraq tikintisinə icazə alınmış, lakin həmin Məcəlləyə uyğun olaraq istismarına icazə verilməmiş binalar tikintisi başa çatmayan binalar hesab edilir. Mülki Məcəllənin 144-1.5-ci maddəsinə əsasən bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə digər müddəalarla yanaşı, tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində müvafiq tərkib hissələrin bağlı olduğu payların alqı-satqı şərtləri, təminat qeydinin aparılmasına dair torpaq sahəsi mülkiyyətçisinin və torpaq sahəsinə hüquq əldə etmək istəyən şəxsin bu Məcəllənin 178.8ci maddəsində nəzərdə tutulan öhdəlikləri və 147.2-ci maddəsində nəzərdə tutulan razılıqları, habelə bu Məcəllənin 178.8-ci maddəsində nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsindən sonra torpaq sahəsində müvafiq paya və tərkib hissəyə mülkiyyət hüququnun xeyrinə təminat qeydi aparılmış şəxsə keçməsinə dair torpaq sahəsi mülkiyyətçisinin razılığı açıq-aydın ifadə edilməlidir. Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. Mülki Məcəllənin 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Mülki Məcəllənin 760.2. Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin 770-1.3-cü maddəsinə əsasən Bu Məcəllənin 770-1.1-ci və 770- 1.2-ci maddələrində nəzərdə tutulan müqavilələrdə ayrı mərhələ və hissələr nəzərdə tutulmayıbsa, alış qiymətinin (muzdun) ödənilməsi tikintinin mərhələləri üzrə hissələrlə aşağıda göstərilən faizlərdən çox olmamaq şərti ilə aparıla bilər: 770-1.3.1. torpaq-qazma işlərinin başlanılmasından sonra – müqavilə məbləğinin 30 faizi; 770-1.3.2. tikilinin yan və daxili divarları, dam örtüyü hazır olduqdan sonra – müqavilə məbləğinin 10 faizi; 770-1.3.3. dam səthlərinin və navalçaların (novların) qurulması işləri başa çatdıqdan sonra – müqavilə məbləğinin 8 faizi; 770-1.3.4. istilik təchizatı sistemlərinin quraşdırılması başa çatdıqdan sonra – müqavilə məbləğinin 3 faizi; 770-1.3.5. su xətlərinin çəkilməsi başa çatdıqdan sonra – müqavilə məbləğinin 3 faizi; 770-1.3.6. elektrik xətlərinin çəkilməsi başa çatdıqdan sonra – müqavilə məbləğinin 3 faizi; 770-1.3.7. pəncərələrin quraşdırılması (şüşələrin taxılması da daxil olmaqla) başa çatdıqdan sonra – müqavilə məbləğinin 10 faizi; 770-1.3.8. daxili suvaq (malalama) işləri başa çatdıqdan sonra – müqavilə məbləğinin 6 faizi; 770-1.3.9. birdən artıq tərkib hissəsi olan binada birdən artıq tərkib hissəyə xidmət edən sahələrin döşəmələri hazır olduqdan sonra – müqavilə məbləğinin 3 faizi; 770-1.3.10. fasad işləri başa çatdıqdan sonra – müqavilə məbləğinin 10 faizi; 770-1.3.11. su anbarı da daxil olmaqla, binaya xidmət edən və binadan ayrıca inşa edilən obyektlərin tikintisi başa çatdıqdan sonra – müqavilə məbləğinin 9 faizi; 770-1.3.12. bina tam hazır olduqdan və onun istismarına icazə verildikdən sonra – müqavilə məbləğinin 5 faizi. Beləliklə, işin hallarından və qanunvericiliyin tələblərindən göründüyü kimi, tərəflər arasında podrat münasibətləri yaranmış, müqaviləyə əsasən iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli “A-B” yaşayış sahəsində inşa etdiyi yeni binanın 6-cı mərtəbəsində ümumi sahəsi 121,9 kv. m., 3 otaqlı yaşayış mənzilini cavabdehin mülkiyyətinə təhvil verməyi, cavabdeh isə bunun müqabilində 85330 manat pul vəsaitini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədə cavabdehin “Payçı” adlandırılması vəziyyəti dəyişdirmir. İşdə cavabdeh kooperativin ümumi yığıncağının qərarına əsasən üzv qəbul edilməsi ilə bağlı da hər hansı sübut mövcud deyildir. İddiaçı müqavilədə nəzərdə tutulmuş pulun tam həcmdə ödənilməməsini əsas gətirərək hazırki iddianı irəli sürmüşdür. Halbuki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı müvafiq mənzili tikib cavabdehə təhvil verməli, bu hal tikinti işləri başa çatdırıldıqdan sonra təhvil-təslim aktı ilə rəsmiləşdirilməlidir (müqavilənin 2.1.2, 3.1 və s. bəndləri). İşdə isə belə bir akt mövcud deyildir. Yəni, iddiaçı podratçı kimi üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, müqavilədə nəzərdə tutulmuş pulun tam olaraq ödənilməməsini əsas gətirərək müqavilənin ləğvini tələb etmişdir. Yuxarıda da qeyd edildiyi kimi sifarişçi Mülki Məcəllənin 770-1.3-cü maddəsinə əsasən alış qiymətinin (muzdun) ödənilməsini tikintinin mərhələləri üzrə hissələrlə müvafiq faizlərdən çox olmamaq şərti ilə apara bilər. Eyni zamanda işdə olan çoxsaylı maliyyə arayışlarından da görünür ki, tərəflər arasında uzun müddət pulun hissə-hissə ödənilməsi təcrübəsi mövcud olmuşdur. İddiaçı həmin vaxtı buna etiraz etməmişdir (işdə bu barədə hər hansı sübut mövcud deyildir). Bununla yanaşı tərəflər arasında bağlınmış müqavilədə pulun dərhal ödənilməli olması və bunun əksinin nəticələri birbaşa nəzərdə tutulmamışdır. Belə olan halda iddiaçının müqavilənin ləğvini tələb etməkdə haqlı olmamış, birinci instansiya məhkəməsi isə işin qeyd edilən halların nəzərə almamış, maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, əsassız olaraq iddianı təmin etmişdir. Həmçinin qeyd edilməlidir ki, iddiada cavabdeh tərəfindən əmlakdan istifayə maneələrin aradan qaldırılması tələbi də irəli sürülmüş, lakin maneələrin konrket olaraq nədən ibarət olması əsaslandırılmamış, məhkəmə isə bu hala diqqət yetirməmişdir. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. MM-in 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Göründüyü kimi, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 14.2-ci və 77.1-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında da göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Cavabdeh tərəfin izahatı da özü-özlüyündə mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Birinci instansiya məhkəməsi yuxarıda qeyd edilənləri nəzərə almamış, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, sübutlara düzgün hüquqi qiymət verməmişdir və s. Belə olan halda isə qətnamə qanuni və əsaslı sayıla bilməz, apellyasiya şikayətinə əsasən tam ləğv olunmalıdır. MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 385.1 və 385.1.4-cü maddələrinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası, hesab edir ki, apellyasiya şikayəti təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia rədd olunmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilin boşaldılması və payçı müqaviləsinin ləğv olunması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2(010)-4490/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2(010)- 4490/2021 saylı qətnaməsi ləğv olunsun, iddia təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar