Məhkəmə qərarları › İş №2(103)-4051/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4051/2023

19.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4051/2023 19.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin və debitor borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: dəymiş maddi zərərin və debitor borcun ödənilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər: X2 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin və debitor borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-5901/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, AKX-00377xx/xx- 2018 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə Müqavilə”nin 1-ci bəndinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir

2. Abonent saldosundan görünür ki, Cavabdehnun yaşadığı fərdi yaşayış evində qaz sərfinə görə xx.xx.2013-cü il tarixli, 068625 saylı akt əsasında 151.20 manat, xx.xx.2016cı il tarixli, 080977 saylı akt əsasında 399.60 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 863.40 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 201.60 manat məbləğində zərər hesablanmışdır.

3. Cavabdehin 2020-2022-ci illər üzrə debitor borcu 380.80 manat təşkil edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin və debitor borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurulmuş 1551.65 manat zərərin, 380.80 manat debitor borcun və 39.33 manat dövlət rüsumunun, ümumilikdə 1971.78 manat məbləğində pulun məcburi qaydada tutularaq İddiaçı bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, AKX00377xx/xx-2018 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» müqaviləyə əsasən cavabdehə məxsus fərdi yaşayış evi təbii qazla təchiz edilir. Qeyd olunan ünvana İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00006 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək) və “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, həmin faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2013- cü il tarixli, 068625 saylı akt əsasında 151.20 manat, xx.xx.2016-cı il tarixli, 080977 saylı akt əsasında 399.60 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 863.40 manat, xx.xx.2018ci il tarixli, ******* saylı akt əsasında 201.60 manat, cəmi 1615.80 manat məbləğində zərər vurulmuşdur. Cavabdeh 151.20 manat zərərdən 64.15 manat ödəniş etmişdir. Beləliklə, hesablanmış maddi zərər üzrə qalıq məbləğ 1551.65 manat təşkil edir. Cavabdehin ödənilməmiş 2020-ci ilin oktyabr-dekabr ayları üzrə 63 manat sərfiyyat borcu, 2021-ci ilin yanvar-dekabr ayları üzrə 249.10 manat sərfiyyat borcu və limitdən əlavə 4.50 manat sərfiyyat borcu, 2022-ci ilin yanvar-iyul ayları üzrə 133.80 manat sərfiyyat borcu və rəyə əsasən 1.40 manat sərfiyyat borcu, cəmi 451.80 manat sərfiyyat borcu qalmışdır. 2020-ci ilin oktyabr ayından 2022-ci ilin iyul ayına qədər cavabdeh 71 manat ödəniş etmişdir. Cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və ödənilməmiş 380.80 manat borcu qalmışdır. Beləliklə, cavabdehin iddiaçıya olan ümumi borcu 1932.45 manat təşkil edir.

6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-5901/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 863.40 manat dəymiş zərər, 380.80 manat debitor borc olmaqla, cəmi 1244.20 manat məbləğində borc və 32.44 manat dövlət rüsumu, ümumilikdə 1276.64 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, xx.xx.2013-cü il tarixli, 068625 saylı və xx.xx.2016-cı il tarixli, 080977 saylı aktlar əsasında tələb olunan cəmi 550.80 (151.20+399.60) manat məbləğində zərər üzrə tələb öz qüvvəsini itirmişdir, ona görə də iddia tələbi həmin hissədə təmin edilə bilməz. Bundan başqa, işin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh tərəfindən sonrakı tarixlərdə qaz xəttinə qanunsuz qoşulma halları aşkar edilsə də, paylayıcı tərəfindən qanunsuz qaz xətti şəbəkədən ayrılmamış, qazın verilməsi dayandırılmamış və dəymiş zərərin ödənilməsi cavabdehdən tələb edilməmiş, əksinə qeyd olunan hallarla bağlı hər ay müvafiq aktlar tərtib edilərək dəymiş ziyan hesablanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış məbləğin cavabdehdən tutulması əsassızdır, odur ki, iddia həmin hissədə rədd edilməlidir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 1.1, 1.3, 1.4, 3.4.1, 6.1.2, 6.1.7, 6.5, 6.6, 6.7-ci bəndinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 551.2.1, 560.1, 560.2, 560.3.5.2-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 88, 119.1, 216-220, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-5901/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin qismən, yəni iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsinə və iddia tələbinin həmin hissədə də təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsin xahiş etmişdir.

10. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş, maddi və prosessuаl hüquq normаlarının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirdikləri qətnamənin qismən ləğv edilməsinə əsasdır. Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktlarla rəsmiləşdirilmiş və fotoşəkilləri çəkilmişdir. Daha sonra həmin Aktlar əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamələr təsdiq edilmişdir. Həmin Tələbnamələrə əsasən itirilmiş təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi cavabdeh qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə İddiaçıya böyük məbləğdə ziyan vurmuşdur. Belə olan halda birinci instansiya məhkəməsi iddia tələbini tam təmin etməyərək, səhv nəticəyə gələrək, qismən əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materiallarına tərəflərindən əlavə edilmiş sübutlar, həmçinin də cavabdehin təbii qazdan qeyri-qanuni istifadə eydiyini məhkəmə iclasında etiraf etməsi (bu hal qətnamədə də öz əksini tapmışdır) iddia tələbinin tam təmin edilməsinə əsas verdiyi halda, birinci instansiya məhkəməsi əsassız yerə iddia tələbini qismən təmin etmişdir. Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktların bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə olaraq əməkdaşları tərəfindən aktlar tərtib olunarkən hər fakta dair ayrıca çəkilən fotoşəkillərdən (fotoşəkillərdə koordinat, tarix və saat öz əksini tapıb) də açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Belə olan halda iddiaçının ona vurulmuş maddi zərərin əvəzinin tam ödənilməsini tələb etmək və s. hüququnun olmasına, həmçinin cavabdeh tərəfindən qaz xəttinə qanunsuz qoşulmalara dair sübutların olmasına baxmayaraq, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi sübutların faktların müəyyən edilməsi, mötəbərliyi baxımından obyektiv, qərəzsiz, hərtərəfli araşdırılmasını və sonra hüquq normalarına müvafiq olaraq düzgün qiymətləndirilməsini təmin etməmişdir. Əgər məhkəmə qeyd olunan prosessual normanın tələblərini düzgün tətbiq etmiş olsa idi iddia tələblərini tam təmin edərdi. İddia tələbi tam əsaslı olduğu və iddiaçı tərəf olaraq da bu halı sübuta yetirdikləri halda, həmçinin də cavabdehin təbii qazdan qeyri-qanuni istifadə eydiyini məhkəmə iclasında etiraf etməsinə (bu hal qətnamədə də öz əksini tapmışdır) baxmayaraq birinci instansiya məhkəməsi iddia tələblərini hər hansı bir əsas olmadan qismən təmin etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Proses iştirakçılarının izahatı

12. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası tərəflərin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

13. “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-ci bəndində qeyd edilir ki, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.

14. Həmin Qanunun 13-cü maddəsinin 8-1-ci bəndində qeyd edilir ki, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

15. Həmin Qanunun 13-cü maddəsinin 9-cu bəndində qeyd edilir ki, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”-nın 3.1.3-cü bəndində qeyd edilir ki, qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalıdır.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

19. Həmin Məcəllənin 106.3-cü maddəsində qeyd edilir ki, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

22. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, iddianın tam təmin olunmasını xahiş etmişdir. Cavabdeh isə qətnaməni mübahisələndirməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddia tələbinin rədd edilən hissəsində iddiaçıya münasibətdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən – “xx.xx.2013-cü il tarixli, 068625 saylı və xx.xx.2016-cı il tarixli, 080977 saylı aktlar əsasında tələb olunan cəmi 550.80 məbləğində pulun tutulmaması” hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməlidir.

24. Belə ki, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il tarixli, 068625 saylı akt əsasında 151.20 manat, xx.xx.2016-cı il tarixli, 080977 saylı akt əsasında 399.60 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 863.40 manat, xx.xx.2018ci il tarixli, ******* saylı akt əsasında hesablanmış 201.60 manat məbləğində zərərin və 380.80 manat məbləğində debitor borcun tutulmasını xahiş etmişdir.

25. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilərək, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 863.40 manat dəymiş zərər, 380.80 manat ödənilməmiş debitor borc olmaqla, cəmi 1244.20 manat məbləğində borcun tutulması qənaətinə gəlmişdir.

26. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin təmin edilməyən hissədə ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. İşə birinci instansiya məhkəməsində baxılması zamanı 16 dekabr 2022-ci il tarixli məhkəmə iclasında cavabdeh əvvəllər qaz xəttinə sayğacdan kənar qoşulma etdiyini etiraf etmiş, debitor borcla razı olduğunu etiraf etmişdir (səh 51 ).

27. Məhkəmə kollegiyası xx.xx.2013-cü il tarixli, 068625 saylı və xx.xx.2016-cı il tarixli, 080977 saylı aktlar əsasında tələb olunan cəmi 550.80 (151.20+399.60) manat məbləğində zərərin cavabdehdən tutulması üçün qanunvericiliklə müəyyən edilmiş müddətin ötürülmüş olması birinci istansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, Mülki Məcəllənin 375.1-ci maddəsində qeyd edilir ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsində qeyd edilir ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

28. Göründüyü kimi, məhkəmə tərəfindən iddia müddətinin tətbiq edilməsi üçün bu müddətin tətbiqi barədə ərizənin cavabdeh tərəfindən verilməli olmalı olduğu halda, birinci instansiya məhkəməsi belə ərizə olmadan iddia müddətini tətbiq etmişdir.

29. Məhkəmə kollegiyası xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış məbləğin cavabdehdən tutulmalı olması ilə bağlı iddiaçının apellyasiya şikayətinin dəlilini əsassız hesab edir və birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, xx.xx.2018-ci il tarixli, ******* saylı akt tərtib edildikdən sonra cavabdeh tərəfindən sonrakı tarixlərdə qaz xəttinə qanunsuz qoşulma halları aşkar edilsə də, paylayıcı tərəfindən qanunsuz qaz xətti şəbəkədən ayrılmamışdır. Əksinə iddiaçı qazın verilməsini dayandırmamış və dəymiş zərərin ödənilməsini cavabdehdən tələb etməmişdir. Buna baxmayaraq qeyd olunan hallarla bağlı hər ay müvafiq aktlar tərtib edilərək dəymiş ziyan hesablanmışdır.

30. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış 201.60 manat məbləğində pulun cavabdehdən tutulması əsassızdır.

31. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi “xx.xx.2013-cü il tarixli, 068625 saylı və xx.xx.2016-cı il tarixli, 080977 saylı aktlar əsasında tələb olunan cəmi 550.80 məbləğində pulun tutulmaması” hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilərək, xx.xx.2013-cü il tarixli, 068625 saylı akt üzrə hesablanmış 151.20 manat və xx.xx.2016-cı il tarixli, 080977 saylı akt üzrə hesablanmış 399.60 manat olmaqla cəmi 550.80 (151.20+399.60) manat məbləğində zərər Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır.

32. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-5901/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi qismən – “xx.xx.2013-cü il tarixli, 068625 saylı və xx.xx.2016-cı il tarixli, 080977 saylı aktlar əsasında tələb olunan cəmi 550.80 məbləğində pulun tutulmaması” hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə təmin edilsin. xx.xx.2013-cü il tarixli, 068625 saylı akt üzrə hesablanmış 151.20 manat və xx.xx.2016-cı il tarixli, 080977 saylı akt üzrə hesablanmış 399.60 manat olmaqla cəmi 550.80 manat (beş yüz əlli manat səksən qəpik) məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar