Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4052/2020 04.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər X1 və y1 ndan ibarət tərkibdə, Məhkəmə iclas katibi X6 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin arıtırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013cü il tarixli qətnaməsi ilə tutulan alimentin artırılmaqla, xx.xx.2012-ci il təvəllüdlü X3 müalicə xərclərini, idman xərclərini, dərslə bağlı əlavə məşğələ xərclərini nəzərə almaqla, övladının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 250 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)- 611/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1250/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi və Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək əlavə xərclər olaraq, hər ay 50 (əlli) manat tutularaq İddiaçı ödənilməsi, alimentin artırılmış hissəsi və əlavə xərclərin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh 30 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, aylıq aliment məbləğini vaxtında ödəyir, lakin buna baxmayaraq, iddiaçı və digər qohumları onun oğlu ilə görüşməsinə mane olur. Buna görə də o, övladı ilə həftənin müəyyən günlərində görüş vaxtı müəyyən edilməsi barədə iddia ərizəsi vermiş, Suraxanı rayon Məhkəməsi tərəfindən iddiası təmin olunmuş və oğlu ilə görüşməsinin təmin edilməsi barədə qətnamə çıxarılmışdır. Bundan sonra iddiaçı və valideynləri ondan qisas almaq məqsədilə aliment məbləğinin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Cavabdeh hazırda heç bir yerdə işləmədiyini, başqa gəlirləri olmadığını, bundan başqa iddiaçının özünün işlədiyini və kifayət qədər qazancı olduğunu nəzərə alaraq qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə cavabdehdən xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək əlavə xərclər olaraq, hər ay 50 (əlli) manat tutulub İddiaçı ödənilməsi hissəsində ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Birinci instansiya məhkəməsində toplanmış sübutlarla mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, tərəflərin rəsmi nikahı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ilə məhkəmə qaydasında pozulmuş və həmin qətnamə ilə tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X5 iddiaçının himayəsində saxlanılmış, uşağın saxlanılması üçün cavabdehdən 87 manat sabit pul məbləğində alimentin və övladının 3 yaşına çatanadək saxlanılması üçün iddiaçının xeyrinə 108 manatın tutulması, qalan hissədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi xx.xx.2012-ci il təvəllüdlü Cavabdeh İddiaçı xeyrinə 87 manat məbləğində alimentin tutulmasına dair hissədə dəyişdirilmiş və cababdehdən tutulması qət olunmuş alimentin miqdarı 100 manat məbləğində müəyyən edilmiş, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd olunan maddədən görünür ki, məhkəmə tərəfindən aliment miqdarı müəyyən olunduqdan sonra həmin miqdarın dəyişdirilməsi əsaslarını tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliklərin baş verməsi təşkil edir. İşin faktiki hallarını nəzərə alaraq kollegiya hesab edir ki, hazırkı işdə Ailə Məcəlləsinin 112.1-ci maddəsinin dispozitiv şərtləri mövcuddur. Belə ki, alimentin miqdarı müəyyən edildikdən sonra yaşayış minimumu haqqında qanunvericiliyin tələbləri dəyişmiş və uşağın saxlanılması üçün tələb olunan məbləğ artmışdır. Məhkəmə kollegiyası hesab edir ki, uşağın saxlanılması üçün tələb olunan məbləğin artması AM-nin 112.1-ci maddəsi baxımından iddiaçının maddi vəziyyətinin dəyişməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsi, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası qanunun 19-cu maddəsi, Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2-ci maddələrindən göründüyü kimi uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə qanunverici uşaqların saxlanılması üçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə sabit pul məbləğində alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Lakin bu məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etsin. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yetkilik yaşına çatmayanlar üçün 2020-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, birgə nikahdan anadan olmuş uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan alimentin miqdarını 170 manat sabit pul məbləğində müəyyən etməklə, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından düzgün qənaətə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, cavabdehin heç bir yerdə işləməməsi və başqa gəlirlərinin olmaması barədə göstərdiyi dəlillər qətnamənin alimentin artırılması hissəsində ləğv olunması üçün əsas deyil. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin ikinci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Bu baxımdan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apelyasiya şikayətində göstərdiyi maddi vəziyyətinin yaxşı olmaması barədə dəlil onun qanunla müəyyən edilmiş uşağın lazımi səviyyədə saxlaması vəzifəsindən azad etmir və ya əsas vermir ki, uşaq qanunla müəyyən edilmiş yaşayış minimumundan aşağı səviyyədə təmin olunsun. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə xərclər hissəsində cavabdehdən hər ay 50 (əlli) manat tutularaq iddiaçıya ödənilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, Ailə Məcəlləsinin 81.1-ci maddəsinin tələblərinə görə alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə görə valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Qeyd olunan maddədən görünür ki, valideynlərin əlavə xərclərə cəlb edilməsi valideynlərin aliment öhdəliklərindən fərqlidir. Belə ki, aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda (Ailə Məcəlləsinin 75-ci maddəsi), əlavə xərclərin əsasını Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş müstəsna hallar təşkil edir. Bu cür müstəsna hallara – uşağın ağır xəstə və ya şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Eyni zamanda valideynlərin əlavə xərclərə cəlb edilməsi üçün təkcə həmin halların mövcudluğu deyil, bu hallarla bağlı xərclərin (faktiki çəkilmiş və ya gələcəkdə çəkilməli olan) mövcud olması da tələb olunur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı əlavə xərclərin tutulması hissəsində təmin edərkən qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə əməl etməmiş, bununla bağlı gəldiyi nəticəni mötəbər sübutlarla əsaslandırmamışdır. Belə ki, azyaşlı X3 xəstəliyi ilə bağlı iddiaçı tərəfin təqdim etdiyi və məhkəmənin sübut kimi istinad etdiyi tibbi müayinə aktlarından görünür ki, uşaq 2014-cü ildə müayinə edilmiş və ona müalicə yazılmışdır. Digər tibbi müayinə sənədləri isə 2018 və 2019-cu illərə aid olsa da, həmin sənədlərdə uşağın xəstəlikdən əziyyət çəkməsi və bununla bağlı müalicəyə ehtiyacının olması, yaxud belə bir müalicə alması müəyyən edilmir. Göründüyü kimi, əlavə xərcin tutulması üçün qanunvericilikdə göstərilən şərtlərdən biri – uşağın səhhəti ilə bağlı müstəsna halın olması sübuta yetməmişdir. Həmçinin, məhkəmənin müəyyən etdiyi hallardan görünür ki, iddiaçı daimi işlə təmin olunmaqla, 550 manat aylıq əmək haqqı alır. Cavabdeh isə işsizdir və daimi gəliri yoxdur. Lakin işə baxan məhkəmə tərəflərin maddi vəziyyəti ilə bağlı əhəmiyyət kəsb edən bu halı nəzərə almamış, bununla da, əlavə xərcin tutulması üçün qanunvericiliklə müəyyən edilən ikinci şərtə – tərəflərin ailə və maddi vəziyyəti ilə bağlı sübutlara da düzgün qiymət verməmişdir. Nəhayət, işə baxan məhkəmə iddianı əlavə xərcin tutulması hissəsində təmin edərkən uzun müddət əvvəl verilmiş tibbi sənədlərə istinad etməklə, uşağın hazırda müalicəyə ehtiyacının olmasını araşdırmamış, bununla bağlı iddiaçı tərəfdən faktiki xərclərin çəkildiyini, yaxud belə xərclərin gələcəkdə çəkilməsinə zərurət olub-olmaması kimi hallara qiymət verməmişdir. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən əlavə xərclərin tutulması hissəsində ləğv edilməlidir. . Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalırının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)- 611/2020 saylı qətnaməsi qismən, yəni xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək əlavə xərclər olaraq, cavabdehdən hər ay 50 (əlli) manat tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilsin və həmin hissədə iddia rədd edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür: Hakim: Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-4052/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4052/2020
04.06.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver