Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4052/2022 10.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh Məmmədağa oğluna qarşı “maddi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin 02.02.2022-ci il tarixli qətnaməsindən cavabdeh İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, təbii qazdan qeyri-qanuni istifadəyə görə zərərin əvəzi kimi 5.378,6 manat, dövlət rüsumunun əvəzi kimi 77,14 manat, vəkilin göstərdiyi xidmətə görə çəkilmiş xərcin əvəzi kimi 65 manat, cəmi 5.520,74 manat cavabehdən iddiaçının xeyrinə tutulsun. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin edilsin, zərərin əvəzi kimi 756 manat, dövlət rüsumunun əvəzi kimi 40 manat, vəkilə çəkilmiş xərcin əvəzi kimi 65 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın təmin edilməyən hissəsində ləğv edilsin və iddia tam təmin olunsun. Məhkəmə iclasında iştirak edən iddaiçı İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Mübahisə cavabdehə aid olan, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, yeni massivdə yerləşən evdə (abonent kodu: **********00161) təbii qazdan istifadə ilə bağlıdır. İddiaçı iddia edir ki, cavabdeh qaz xəttinə dəfələrlə qanunsuz qoşularaq qazdan qeyri-qanuni istifadə edib. İddiaçı bununla bağlı 9 akt tərtib edib, ilk akt 29.03.2020-ci il tarixdə, sonuncu akt isə 31.08.2021-ci il tarixdə tərtib edilib. İtirilmiş qazın dəyəri, yəni zərərin məbləği (5.378,6 manat) həmin aktlara əsasən hesablanıb. Qaz xəttinə qanunsuz qoşulma faktı iş materiallaına əlavə edilmiş fotoşəkillərlə təsdiq olunur. Birinci instansiya məhkəməsi düzgün olaraq ilk akta, yəni 29.03.2020-ci il tarixli akta əsasən hesablanmış məbləğin (756 manatın) zərərin əvəzi kimi tutulmasını qət etmiş, qalan aktlara əsasən hesablanmış məbləğin tutulması barədə tələbi rədd etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, aktlarda cavabdehin imzası yoxdur, ona aid olan ünvana iddiaçının əməkdaşları tərəfindən dəfərlə baxış keçirilsə də onun iştirakı təmin edilməyib, fotoşəkillərdə onların çəkilmə tarixi göstərilmədiyindən fotşəkillərin hansı akta aid olduğunu müəyyənləşdirmək mümkün deyil. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə vəziyyətdə hesab olunmalıdır ki, qaz xəttinə qanunsuz qoşulma faktını təsdiq edən fotoşəkillər ilk akta aiddir, bütün aktlar üzrə həmin fotoşəkillərə istinad oluna bilməz. Digər aktlara münasibətdə qaz xəttinə qanunsuz qoşulmanı təsdiq edən sübut (fotoşəkil və s.) təqdim edilməyib. Həmin aktlar isə öz-özlüyündə qaz xəttinə qanunsuz qoşulmanı təsdiq edən mötəbər sübut sayıla bilməz. Belə ki, aktları İddiaçı İB-nin əməkdaşları tərtib edib, abonent aktları imzalamayıb, aktların imzalanmaq üçün abonentə təqdim edildiyini təsdiq edən sübut isə yoxdur. Bundan başqa, Mülki Məcəllənin 21.3-cü maddəsinə görə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Əgər ilk aktın, yəni 29.03.2020-ci il tarixli aktın tərtib edilməsindən sonra İddiaçı İB həmin akta əsasən hesablanmış məbləğin (756 manatın) tutulması üçün məhkəməyə müraciət etsəyidi və abonentin mülki-hüquqi məsuliyyətə cəlb edilməsini, yəni zərərin əvəzini ödəmək öhdəliyinin onun üzərinə qoyulmasını tələb etsəyidi, zərərin həcmi 5.378,6 manata qədər artmazdı. Çünki hüquqpozma (o cümlədən mülki hüquqpozma) törədən şəxs məsuliyyətə (o cümlədən mülki məsuliyyətə) ona görə cəlb olunur ki, onun növbəti hüquqpozma törətməsinin qarşısı alınsın. Lakin İddiaçı İB il yarım ərzində öz hərəkətsizliyi ilə zərərin həcminin artmasına şərait yaradıb. Ona görə də yalnız ilk akta əsasən hesablanmış zərərin əvəzi tutulmalıdır. Beləliklə, qətnamə mübahisələndirilən hissədə, yəni iddianın rədd edilməsinə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin 02.02.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-4052/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4052/2022
10.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver