Məhkəmə qərarları › İş №2(103)-4056/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4056/2022

13.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4056/2022 13.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-968/2022 saylı işi üzrə 18 yanvar 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən tərtib olunmuş aktlar üzrə 3638 manat, 417,3 manat debitor borcu, 81,29 manat dövlət rüsumunun əvəzi və 65 manat vəkil xərcinin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki, "paylayıcı” "Azəriqaz” İstehsalat Birliyi ilə "istehlakçı” Cavabdeh arasında bağlanmış "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı” barədə 23.05.2013-cü il tarixli müqaviləyə əsasən sonuncunun Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, A.Qasımov küçəsi ünvanında yerləşən 3 saylı fərdi yaşayış evi təbii qazla təchiz edilmiş və həmin ünvana **********00010 saylı abonent kodu verilməklə, müvafiq qaydada sayğac quraşdırılmışdır. Həmin müqavilənin 2.3.1-ci bəndinə əsasən, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini ödəmək və eyni zamanda, həmin müqavilənin 2.3.4-cü bəndinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayacıya dəymiş zərərin ödəmək istehlakçının vəzifəsidir; - İddiaçı "Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən abonent kodu **********00010 olan Cavabdeh ünvan 1 ünvanına 17.12.2017-ci il tarixdə baxış keçirilərkən, abonentin təbii qazdan qeyri-qanuni - sayğacdan kənar istifadə etdiyi müəyyən edilərək, müvafiq qaydada akt tərtib edilmiş və həmin akt əsasında təbii qazdan qeyri-qanuni istifadəyə görə dəymiş zərər kimi 432 manat hesablanmışdır; - Eynilə, təbii qazdan istifadə qaydalarının pozulması haqqında 19.01.2018, 27.02.2018, 16.04.2018, 29.03.2019, 31.07.2019, 30.08.2019, 30.09.2019, 30.10.2019, 29.11.2019, 30.12.2019, 30.01.2020 və 28.02.2020-ci il tarixli aktlara əsasən ünvan 1 ünvanında istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən abonent kodu **********00010 olan abonentin sayğacdankənar təbii qazdan istifadə etdiyi aşkar olunmuş və həmin aktlar əsasında dəymiş ziyanın bərpasına dair tələbnamələr tərtib olunaraq itirilmiş qazın bərpası üçün hesabat aparılmış, hesablanmış məbləğin ödənilməsi göstərilmişdir; -iddiaçı tərəfindən Cavabdeh məxsus fərdi yaşayış evində sayğacdan kənar təbii qazdan istifadəni əks etdirən tarixi göstərilməyən fotoşəkillər çəkilmişdir; - ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən hüquqi xidmət göstərilməsi ilə əlaqədar vəkilin fəaliyyət göstərdiyi "İsmayılbəyli və Partnyorları” vəkil bürosunun hesabına 65 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Eyni zamanda iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən 81,29 manat məbləğində dövlət rüsumu ödənilmişdir. (iş.səh.21-63). Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-968/2022 saylı işi üzrə 18 yanvar 2022-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 432 manat iddiaçıya vurulmuş maddi ziyan və 417,3 manat debitor borcu olmaqla, cəmi 849,3 manat məbləğində pul vəsaitinin, hüquqi yardım göstərilməsi üçün ödənilmiş xidmət haqqının 55 manat və dövlət rüsumunun 30 manat hissəsinin tutularaq, iddiaçı "Azəriqaz” İstehsalat Birliyinin hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə (Mülki Məcəllənin 560.2, 560.3, 560.3.5.2, 1096.1, 1096.2, 1097.1; Mülki- Prosessual Məcəllənin 14.2. 77.1, 88, 107, 119.1, 121.1, 124.1, 217.4-cü maddələrinə istinadən) qeyd edilmişdir ki, iddiaçı birinci aktdan fərqli olaraq sonrakı aktlar üzrə zərərin tutulması üçün məhkəməyə daha tutarlı sübutlar təqdim etməlidir, məsələn, ilkin akt tərtib etdikdən sonra dərhal qaz xəttindən ayrılması, qanunsuz qoşulma nəticəsində təkrar hesablanmış zərərə dair cavabdehə akt, dəymiş ziyanın bərpasına dair tələbnamənin təqdim edilməsi, cavabdehə poçt vasitəsi bununla bağlı bildirişin göndərilməsi iş materiallarına əlavə edilməmiş, yalnız akt tərtib edilməsində maraqlı olan şəxslərin cavabdeh tərəfindən aktın qəbul edilməsindən imtina etməsi kimi qeyd yazılmışlar, bu isə özü-özlüyündə qanunsuz qaz xəttinə qoşulmasına dəlalət edə bilməz, başqa sözlə, istehlakçının illərlə qazpaylayıcısına davamlı zərər vurmasına görə qazpaylayıcının səssiz qalaraq, akt tərtib etməklə kifayətlənməsi inandırıcı görünmür. Belə ki, qanunsuz qaz xəttinə qoşulmasına təkcə vurulmuş zərər deyil, həmçinin əmələ görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində məsuliyyət nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən bu istiqamətdə hər hansı hərəkət edilməsi iş materiallarında müəyyən edilmir. İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 968/2022 saylı işi üzrə 18 yanvar 2022-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1096.2, 1097.1; Mülki Prosessual Məcəlləsinin 88, 220, 388, 390-cı maddələrinə istinadən qeyd edilmişdir ki, İşə baxan Sabunçu rayon Məhkəməsi Cavabdeh yaşadığı (ünvanında sayğacdan kənar qaz xəttinin aşkar olunması ilə əlaqədar “Qazdan istifadə qaydaları”nın pozulması faktı müəyyən edilməsi barədə nəticəyə gəlsə də,əsassız olaraq, iddiaçı tərəfindən hərəkətsizlik edilərək borc məbləğinin artmasına şərait yaradılması barədə nəticəyə gəlmiş və gəldiyi bu nəticəni qətnamədə əsaslandırmamışdır. İddia tələbinin birinci instansiya məhkəməsi tərəfindən yalnız 17.12.2017-ci il tarixli ******* saylı akt əsasında hesablanmış 432 manat məbləğində olan hissədə təmin edilməsi ağlabatan hesab edilə bilməz. Qeyd edildiyi kimi, məhkəmə tərəfindən abonentin təbii qazdan sayğacdankənar istifadə etməsi halı müəyyən edilir, lakin abonentin yalnız bir akt üzrə vurulmuş ziyanı ödəməsi qətnamədə əsaslandırılmır. İddiaçının bu vəziyyətdə hərəkətsizliyinin nədən ibarət olması və nədə ifadə olunması məhkəmə tərəfindən əsaslandırılmamışdır. Qətnamədə digər aktların təmin edilməməsinin“istehlakçının illərlə qazpaylayıcısına davamlı zərər vurmasına görə qazpaylayıcının səssiz qalaraq, akt tərtib etməklə kifayətlənməsi inandırıcı görünmür. Belə ki, qanunsuz qaz xəttinə qoşulmasına təkcə vurulmuş zərər deyil, həmçinin əmələ görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində məsuliyyət nəzərdə tutulmuşdur” kimi ifadələrlə əsaslandırılması kobud prosessaul pozuntudur. Belə ki, bugün ölkədə təbii qazdan sayğacdankənar istifadə edən abonentlərin sayı olduqca çoxdur və İddiaçı İB tərəfindən hər bir abonentin inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi ölkədə inzibati və cinayət məsuliyyətinə cəlb edilənlərin statistikasına əhəmiyyətli dərəcədə təsir göstərər, eyni zamanda iddiaçı mövcud qanunvericiliyə əsasən seçim edərək, şəxsin mülki hüquq pozuntusu törətməsi nəticəsində vurulmuş ziyanı tələb etmişdir. Məhkəmənin açıq-aşkar dövlət əmlakının talanmasına göz yumması və buna şərait yaratması cavabdeh tərəfindən törədilən mülki hüququ pozuntusunun davam etməsinə gətirib çıxarır. Bugün ölkədə təbii qazdan istifadə edən hər bir şəxs İddiaçı İB-nin abonentidir və hər kəs üçün aydındır ki, hər ay İddiaçı İB tərəfindən bütün abonentlərə nə qədər borcun olması barədə bildirişxəbərdarlıq məktubları göndərilir, həmçinin hazırki iş üzrə cavabdehə də borcun olması barədə bildiriş göndərilmiş və cavabdeh tərəfindən həmin borcun əsassız olması mübahisələndirilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilənlərin onun izahatını kimi qəbul edilməsini və şikayətin təmin edilməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən Cavabdeh iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə tədqiq edən məhkəmə kollegiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli 80 saylı qərarı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177, 189-1, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 279, 280, 282, 542, Azərbaycan Respublikası Mülki Məcəllənin 21, 324, 385-388, 560, 1096-1098, 1128-1131, Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 4.1, 39.1, 76.1, 77.1, 80-82, 89.3, 106.2, 119, 217.4, 220.5, 228, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, iddia tələbinə qiymət verilməsini hazırki apellyasiya şikayətinə münasibətdə apellyasiya icraatının hədləri baxımından apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin tələbin təmin edilməyən hissəsində ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, iddiaçının pozuntu törətməsi (qazın talaması) qanunvericiliklə nəzərdə tutulmuş cinayət və ya inzibati xəta əməlinin ehtimalını müəyyən etsə də, cavabdeh tərəfindən müvafiq tədqiqatlar aparılması, qərarların qəbul edilməsi və tələblər irəli sürülməsi üçün tədbirlər həyata keçirilməmişdir. Mülki icraat qaydasında isə mötəbərliyi dayanıqlı sübutlarla təmin edilməyən şikayətin dəlillərinə qiymət verilməsi isə sui-istifadəyə şərait yaradan hal kimi mülki mühakimə səlahiyyətlərindən kənardır. Kollegiya diqqətə çatdırır ki, əsassız apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci ödəyən şəxsə aid edilməlidir. Diqqətə çatdırılmalıdır ki, mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qəbul edilmiş qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 2, 8-14, 382, 384, 392, 393 və 402-406-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin.Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-968/2022 saylı işi üzrə 18 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar