Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4057/2021 08.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, Cavabdeh3 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair” 2(008)- 4492/2020 saylı mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 03.11.2020-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 01R********** saylı kredit razılaşması və ona əlavə edilmiş sazişlər üzrə 10230,54 ABŞ dolları məbləğində kredit borcu, 8039,14 ABŞ Dolları məbləğində faiz borcu və 7882,34 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 26152,02 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 17.04.2012ci il tarixli, 01L000002704 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 20000 ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. 24.02.2014-cü il tarixli, 2704 saylı sazişlə kredit xətti müqaviləsinə əlavə və dəyişiklik edilərək, kredit xətti məbləği 100000 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 24.02.2014-cü il tarixli, 01R000012627 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 24.04.2015-ci il tarixli 01R000012627S saylı, 24.02.2016-cı il tarixli 01R000012627SA saylı, 26.07.2016-cı il tarixli 01R000012627SB saylı, 06.02.2017-ci il tarixli 01R000012627SC saylı, 23.08.2017ci il tarixli 01R000012627SD saylı, 25.06.2018-ci il tarixli 01R000012627SE saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 20.12.2018-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 19769,46 ABŞ Dolları ödəmiş, onun 10230,54 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 01.05.2020-ci il tarixə 620 gün üçün hesablanmış faiz borcu 8039,14 ABŞ Dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. 01.05.2020-ci il tarixə 620 gün üçün hesablanmış cərimə 7882,34 ABŞ Dolları təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 03.11.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 01R********** saylı kredit razılaşması və ona əlavə edilmiş sazişlər üzrə 10230,54 ABŞ dolları məbləğində kredit borcu, 5268,37 ABŞ Dolları məbləğində faiz borcu və 177,9 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 15676,81 ABŞ dolları məbləğində borcun (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh3 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kredit borcunun məbləği barədə nəticəyə gəlinərkən 01R********** nömrəli kredit razılaşması və ona əlavə edilmiş sazişlərin əslinə deyil, surətinə əsaslanılmışdır. Həmin sənədlərin heç biri bank tərəfindən təqdim edilməmişdir və sənədin surəti əsasında iddia tələbi təmin edilmişdir. Bu barədə hətta prosesdə bildirmişdir, lakin məhkəmə onun izahatına münasibət bildirmədən və hətta bunu protokola qeyd etmədən qanunsuz qətnamə çıxarmışdır. Qeyd edilən sənədlərin həqiqiliyini isə məhkəmə müəyyən edə bilməmiş, yalnız surəti mövcud olan və mötəbərliyi sual doğuran sənədlər əsasında iddia tələbini təmin etmişdir. Bundan başqa, bankın təqdim etdiyi maliyyə arayışına istinadən kredit borcunun mövcud olması nəticəsinə gəlinmişdir. Halbuki, məhkəmə həqiqətən həmin məbləğin götürülüb-götürülməməsini aydınlaşdırmamışdır. Belə ki, həmin fakt kassa məxaric orderi əsasında müəyyən edilə bilərdi. Məhkəmə həmin sənədin əldə edilməsinə və real götürülmüş kredit məbləğinin müəyyən edilməsinə heç bir təşəbbüs göstərməmiş, tərəfindən bu barədə məhkəmədə bildirilsə də, izahatına səthi yanaşılmış və üzərindən keçilərək iddia tələbini əsassız olaraq təmin etmişdir. Apellyasiya baxışı zamanı Cavabdeh3 şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı və digər cavabdehlər iclasda təmsil olunmamış iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə həmin şəxlsərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı iş üzrə qətnamə iddianın Cavabdeh3 qarşı təmin olunmuş hissəsində yoxlanılır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 17.04.2012-ci il tarixli, 01L000002704 saylı kredit xətti müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 120 ay müddətinə 20000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 24.02.2014-cü il tarixli, 2704 saylı saylı sazişlə kredit xətti müqaviləsinə dəyişiklik edilərək kredit xətti 100000 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 24.02.2014cü il tarixli 01R000012627 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 ABŞ Dolları məbləğində kredit götürmüşdür. İddiaçı QSC ilə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 arasında bağlanmış 17.04.2012-ci il və 13.06.2013-cü il tarixli zaminlik müqavilələrinə əsasən, borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminlər bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüşlər, borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımaları barədə razılığa gəlmişlər. İddiaçı QSC tərəfindən verilmiş 07.10.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 24.02.2014-cü il tarixli kredit razılaşması üzrə 22.04.2019-cu il tarixinə banka əsas borc üzrə 10230,54 ABŞ dolları, faiz borcu üzrə 5268,37 ABŞ dolları, cərimə borcu üzrə 1 779,81 ABŞ dolları, cəmi 17278,72 ABŞ dolları məbləğində borcu vardır. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. Həmin Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Belə ki, cavabdehlər iddiaçı ilə aralarında bağlanmış müqavilənin (kredit və zaminlik müqavilələrinin, ödəniş cədvəllərinin, kassa məxaric qəbzinin əsilləri işə əlavə edilmişdir) şərtlərini pozmuş, müqavilə ilə müəyyən olunmuş qaydada ödənişlər etməmiş, nəticədə borc yaranmış və bununla da cavabdehlər müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişlər. Qeyd edilən səbəbdən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 01R********** saylı kredit razılaşması və ona əlavə edilmiş sazişlər üzrə 10230,54 ABŞ dolları məbləğində kredit borcu, 5268,37 ABŞ Dolları məbləğində faiz borcu və 177,9 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 15676,81 ABŞ dolları məbləğində borc (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı olmasına birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh3 apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 03.11.2020-ci il tarixli, 2(008)-4492/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə - iddianın Cavabdeh3 qarşı təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4057/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4057/2021
08.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver