Məhkəmə qərarları › İş №2(103)-4058/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4058/2021

27.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4058/2021 27.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı, Cavabdeh X4 oglunun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(005)-282/2021 saylı qətnaməsindən cavabdeh X3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh Böyükaga qızına qarşı “su axıdılması nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Böyükaga qızından 10.000 manat məbləğində maddi ziyanın onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospektindəki 79 saylı evin 38 saylı mənzil iddiaçıya məxsusdur, cavabdeh isə onun üst qonşusudur. Cavabdehin qanunsuz hərəkətləri barədə 0, 08 may 2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayon 54 saylı MKİS-nin iştirakı ilə mənzilə baxış keçirilmiş və bu barədə akt tərtib edilmişdir. Mənzilə baxış keçirilərkən məlum oldu ki, həmin binanın Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospektindəki 79 saylı evin 41 saylı mənzildən su axıdılır. Mənzil sahibi Cavabdehdır. Su axması nəticəsində 38-ci mənzildə elektrik xəttində qısa qapanmadan işıqlar sönmüş, vanna otağının qapısı su axıntısından islanaraq şişmiş və qapı bağlanmır, qonaq otağının və dəhlizin tavanının suvağında islanmadan çatlar əmələ gəlmiş, mətbəx və vanna otağının tavanı su axmasından saralmış, lambirtam qopmuşdur. Mənzilin tam təmirinə ehtiyac yaranmışdır. Eyni zamanda mətbəxin divarı və mətbəxdəki əşyalar islanmışdır. Cavabdeh 2002-ci ildən həmin mənzili xaricilərə kirayəyə verir, özü başqa mənzilində yaşayır. İddiaçı anasının xəstəliyi ilə əlaqədar oğlu ilə birlikdə uzun müddətdir ki, anasıgilə yaşamağa məcbur olmuşdur. Mənzilindəki məişət əşyaları, o cümlədən 2 ədəd xarici soyuducu, 1 ədəd paltaryuyan maşın tam yararsız hala düşmüş, əmtəə dəyərini itirmişdir. Bununla əlaqədar onun çoxlu tələb və təkliflərim bu günə kimi nəticəsiz qalmışdır. Bakı şəhəri, Nərimanov rayon 54 saylı MKİS-nin əməkdaşlarının mənzilə baxışından sonra o məzili təmir etdirmək üçün usta dəvət etdikdə onun sözünə görə bütün elektrik sistemi dəyişilməli, bundan sonra mənzil tam əsaslı təmir edilməlidir. Nərimanov RPİ-nin 16-ci Polis Şöbəsinin araşdırmasından sonra ona rəsmi qaydada izah olunmuşdur ki, cavabdehin qanunsuz hərəkətləri barədə, yəni, onun tərəfindən vurulmuş zərərin ödənilməsi üçün məhkəməyə müraciət etməlidir. Məhkəmə iclasında İddiaçı razılığı ilə cavabdeh kimi göstərilmiş Cavabdeh Böyükaga qızı əsl cavabdeh X3 ilə əvəz edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 6.000 manat maddi, 4.000 manat mənəvi və ekspert rəyinın alınması üçün ödədiyi 300 (üç yüz) manat xidmət haqqının tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(005)- 282/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, vurulmuş maddi zərərin əvəzi kimi 3.446 (üç min dörd yüz qırx altı) manat, mənəvi zərər olaraq 2.000 (iki min) manat və ekspert rəyinın alınması üçün ödədiyi 300 (üç yüz) manat xidmət haqqı, cəmi 5.746 (beş min yeddi yüz qırx altı) manat məbləğində pul vəsaitinin cavabdeh X4 oglundan tutulub İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul vəsaitinin cavabdeh X2 tutulub dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh apelyasiya şikayəti vermiş və şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə keçirilmiş məhkəmə tiktintitexniki ekspertiza rəyində iddiaçının mülkiyyətində olan mənzilə dəymiş maddi zərər 2076 (iki min yetmiş altı) manat göstərilmişdir. Lakin, həmin rəydə iddiaçıya dəymiş maddi ziyanın kim tərəfindən yetirilməsi göstərilməmişdir. Həmçinin, ondan maddi zərərin əvəzi kimi 3446 manat pul tutmuşdur. Maddi zərər nə ilə sübut olunduğu məhkəmə qətnaməsində göstərilməmişdir. İddiaçıya məxsus qeyd olunan əşyalar onun özü tərəfindən istifadə olunmuş və yararsız hala düşmüşdür. Həmin köhnə əşyaların yararlıq müddəti bitmişdir ki, məhkəmə onun dəyərini ondan haqsız olaraq pul şəklində tutmuşdur. Məhkəmə ondan iddiaçının xeyrinə mənəvi zərər kimi 2000 manat pul tutmuşdur. Mənəvi zərərin kim tərəfindən nə cür yetirildyi və bu zərərin nə ilə sübut olunduğu məhkəmə qətnaməsində göstərilməmişdir. Həmçinin, ekspertiza rəyinin alınması üçün məhkəmə ondan iddiaçının xeyrinə 300 manat pul tutmuşdur. Məhkəmənin qəbul etdiyi qətnamədən görünür ki, onun tərəfimdən iddiaçıya maddi və mənəvi ziyan halları sübuta yetirilmir. O, ünvan 1 ünvanda qeydiyyatdadır və orada yaşayır. Mübahisəli əmlakın mülkiyyətçisi deyil. İddiaçının mənzilinə yaşamadığı evdən suyun onun tərəfindən axıdılması qeyrimümkündür ki, məhkəmə bu halları araşdırmamış və nəzərə almamışdır. Cavabdeh X4 oglunun nümayəndəsi və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə uyğun izahat verərək, qətnamənin ləğv edilib, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsi və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kolegiyasi hesab edir ki, apelyasiya sikayəti qətnamənin ləğv edilərək, iddia tələbinin rədd edilməsinə yönəldildiyindən qətnamə tam yoxlanılmalıdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin əsaslı olması barədə gəldiyi nəticə düzgün olsa da, dəymiş maddi ziyanın məbləğinin müəyyən edilməsi hissəsində yanlışlığa yol verilmiş, mənəvi ziyanın məbləği isə yuxarı müəyyən edildiyindən, qətnamə dəyişdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Birinci instansiya məhkəməsi iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/2660 nömrəli 08.12.2020-ci il tarixli və X1 25 nömrəli, 10.02.2021-ci il tarixli rəylərini əsas götürərək, ziyanın məbləğini 3446 manat müəyyən edərkən, evdə elektrik sisteminin bərpası üçün çəkiləcək xərcin iki dəfə hesablanmasına diqqət yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/2660 nömrəli 08.12.2020-ci il tarixli rəyinin 5-ci səhifəsində tərtib edilmiş Smetanın 4-cü bəndində elektrik sisteminin bərpası (material ilə birlikdə) üçün 600 manat vəsait lazım olduğu qeyd edilmiş və bu məbləğ ümumi məbləğə əlavə olunmuş, cəmi məbləğ 2076 manat müəyyən edilmişdir. X1 25 nömrəli, 10.02.2021-ci il tarixli rəyinin 3-cü səhifəsində olan Smetanın birinci bəndindən görünür ki, mübahisəli mənzildəki sıradan çıxmış elektrik xəttinin sökülməsi 100 manat, Smetanın ikinci bəndində elektrik xəttinin yenidən çəkilməsi xərci 500 manat müəyyən edilərək, ümumi məbləğə daxil edilmiş və cəmi məbləğ 1370 manat müəyyən edilmişdir. Göründüyü kimi, hər iki rəydə mənzildə elektrik xəttinin yenidən çəkilməsi materialları ilə birlikdə 600 manat müəyyən edilmişdir. Yəni bir işə görə iki dəfə qiymət müəyyən edilmişdir. Lakin işə baxan məhkəmə buna diqqət yetirməyib və elektrik xəttinin bərpası üçün müəyyən olunmuş ziyanı ikiqat hesablamaqla yanlışlığa yol vermişdir. Ona görə də kollegiya hesab edir ki, maddi ziyanın məbləğinin müəyyən edilməsi hissəsində qətnamə dəyişdirilməli, birinci instansiya məhkəməsinin qətnaməsilə müəyyən edilmiş 3446 manat maddi zərərdən 600 manat çıxılmalı və maddi ziyanın məbləği 2846 manat müəyyən olunmalıdır. Bundan başqa kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının maddi ziyana məruz qalmasının sübuta yetirildiyinə əsaslanaraq, mənəvi zərərə də məruz qalması nəticəsinə düzgün gəlsə də, mənəvi zərərin məbləğini 2000 manat müəyyən etməsi ədalətli və ağlabatan olmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 (zərərin əvəzinin ödənilməsi) və 23 maddələrinin (şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi) şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Həmçinin göstərilir ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumununun 3 noyabr 2008-ci il tarixli 7 N-li qərarına əsasən mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlər) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçıya mənəvi zərər kimi 500 manat ödənilməsinin müəyyən olunması ədalətli və ağlabatandır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh X3 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(005)-282/2021 saylı qətnaməsi vurulmuş maddi zərərin əvəzi kimi 3.446 (üç min dörd yüz qırx altı) manat, mənəvi zərər olaraq 2.000 (iki min) manat və ekspert rəyinın alınması üçün ödədiyi 300 (üç yüz) manat xidmət haqqı, cəmi 5.746 (beş min yeddi yüz qırx altı) manat məbləğində pul vəsaitinin cavabdeh X4 oglundan tutulub İddiaçı xeyrinə ödənilməsi hissəsində dəyişdirilsin. Vurulmuş maddi zərərin əvəzi kimi 2846 (iki min səkkiz yüz qırx altı) manat, mənəvi zərər olaraq 500 (beş yüz) manat və ekspert rəyinın alınması üçün ödədiyi 300 (üç yüz) manat xidmət haqqı, cəmi 3646 (üç min altı yüz qırx altı) manat məbləğində pul vəsaiti cavabdeh X4 oglundan tutulub İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul vəsaiti cavabdeh X2 tutulub dövlət büdcəsinə keçirilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar