Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-406/2025 28.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-406/2025 (Açar sözlər: maddi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edə və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlaka vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2707/2024 nömrəli 09 avqust 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 28 yanvar 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı məxsus olan “Mercedes Benz S350” markalı ** KX *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə xx.xx.2023-cü il tarixdə cavabdeh X2 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu X5 küçəsi 122 nömrəli evin 59/60 nömrəli mənzilindən “cam balkon”un şüşəsinin sınaraq tökülməsi nəticəsində maddi zərər dəymişdir.
2. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixində Bakı şəhəri Yasamal rayonu ərazisində müşahidə edilmiş hava şəraiti haqqında arayışda göstərilmişdir ki, xx.xx.2023-cü il tarixindən hava dəyişkən buludlu (7/6), meteoroloji görünür məsafəsi 20 km, havanın orta temperaturu 15,70 C, minimal temperaturu 13,00 C, maksimal temperaturu 17,40 C, şimal-qərb istiqamətli küləyin maksimal sürəti 30 m/san olmuşdur. Yağıntı qeydə alınmamışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kollegiyasının 20 may 2024-cü il tarixli 3/01 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhlükəli və təbii fəlakət törədə bilən təhlükəli hidrometeoroloji hadisələrin təsnifatı və meyarları haqqında Təlimatın” 4.1.1. yarımbəndinə əsasən ərazidə müşahidə olunan külək təbii fəlakət törədə bilən təhlükəli meteoroloji hadisə hesab edilir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixdə cavabdehlərin mənzilinin eyvanından qırılıb düşən şüşənin ona məxsus “Mercedes Benz S350” markalı ** KX *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə düşməsi nəticəsində vurulmuş maddi zərərin əvəzi kimi 2.730 manat, 120 manat qiymətləndirmə xərci və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumu olmaqla, ümumilikdə 2900 manat pulun müştərək qaydada cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbi belə əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə yaşadığı Bakı şəhəri Yasamal rayonu X5 küçəsi ev 122 ünvanda “Mercedes Benz S350” markalı ** KX *** dövlət qeydiyyat nişanlı avtomobilinin üzərinə eyni ünvanda yaşayan qonşusu X2 mülkiyyətində olan mənzilindən “cam balkon”un şüşəsi sınaraq ona məxsus avtomobilin üzərinə tökülmüşdür və nəticədə avtomobilinə 2730 manat ziyan vurmuşdur. "xxxx" MMC-nin qiymətləndirmə aktından görünür ki, avtomobilinə 2730 manat maddi ziyan dəymişdir. Bundan əlavə vurulmuş ziyanın qiymətləndirməsi üçün 120 manat xidmət haqqı ödəmişdir. Cavabdehlərdən ona vurulmuş ziyanın ödənilməsini xahiş etsə də, heç bir nəticəsi olmamışdır.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2707/2024 nömrəli iş üzrə 09 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakim Vahid Hacıyev) iddia rədd edilmişdir.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı məxsus olan “Mercedes Benz S350” markalı ** KX *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə xx.xx.2023cü il tarixdə cavabdeh X2 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu X5 küçəsi 122 nömrəli evin 59/60 nömrəli mənzilindən “cam balkon”un şüşəsinin sınaraq tökülməsi nəticəsində maddi zərər dəyməsi işin mübahisəsiz halıdır. Lakin bu hadisə cavabdehlərin hər hansı təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərəkət və ya hərəkətsizliyi) nəticəsində deyil, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində müşahidə edilmiş şimal-qərb istiqamətli surəti 30 m/san olan təbii fəlakət törədə bilən təhlükəli meteoroloji hadisə nəticəsində baş vermişdir. Hadisə zamanı pəncərənin çərçivəsi yerində qalmış, pəncərənin şüşəsi partlayaraq xırda qırıqlar şəklində binadan həyətə tökülmüşdür (fotoşəkillər əlavə edilib).
7. İddiaçı hadisə baş verən günü təbii fəlakət törədə bilən təhlükəli meteoroloji hadisə olan güclü küləyin əsməsindən məlumatlı olmuş və avtomobilini yüksək mərtəbəli binanın yanında saxlayarkən, binadan əsən güclü külək nəticəsində hər hansı bir əşyanın düşə biləcəyi ehtimalını görməli, daha tədbirli davranmaqla avtomobilini təhlükəsiz yerdə saxlamaqla, əmlakına dəymiş zərərin qarşısını almağa imkanı olduğu halda bunu etməmişdir.
8. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayətində göstərilmişdir ki, tələbi 2900 manat olsa da, cavabdeh 500 manat ödəməyi təklif etmişdir. Məhkəmə iclası təxirə salınaraq cavabdehlərə onun ilə danışıb məbləği razılaşdırıb barışığa gəlməyi təklif edilmişdir. Bundan sonra artıq növbəti iclasda cavabdeh mövgeyini dəyişərək təbii fəlakət nəticəsində ziyan vurulduğunu bildirmiş və məhkəmə iclasını aparan hakim dərhal təbii fəlakətin olubolmaması haqqında sorğu göndərmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometerologiya Xidməti məhkəmə sorğusuna cavabında qeyd etmişdir ki, Yasamal rayonu ərazisində müşahidə edilmiş şimal-qərb istiqamətli küləyin sürəti 30 m/san təbii fəlakət törədə bilən təhlükəli meteroloji hadisə baş vermişdir. İkincisi heç bir ekspert rəyi olmadan, heç bir sübut təqdim edilmədən məhkəmə müəyyən etmişdir ki, pəncərənin şüşəsi külək nəticəsində partlayaraq, xırda qırıqlar şəklində binadan həyətə tökülmüşdür. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometerologiya Xidməti özünun 9 noyabr 2023-cü il tarixində verdiyi hava proqnozunda belə hər hansı bir təbii fəlakət törədə biləcək küləyin əsəcəyi barədə heç bir proqnoz verilməmişdir. Hadisə pəncərənin deyil, “cam balkonun” şüşəsinin sınması nəticəsində baş vermişdir. Birinci instansiya məhkəməsi öz qətnaməsində qeyd etmişdir ki, “iddiaçı hadisə baş verən günü təbii fəlakət törədə bilən təhlükəli meteoroloji hadisə olan güclü küləyin əsməsindən məlumatlı olmuş və avtomobilini yüksək mərtəbəli binanın yanında saxlayarkən, binadan əsən güclü külək nəticəsində hər hansı bir əşyanın düşə biləcəyi ehtimalını görməli, daha tədbirli davranmaqla avtomobilini təhlükəsiz yerdə saxlamaqla avtomobilə dəymiş zərərin qarşısını almağa imkanı olduğu halda bunu etməmişdir”. Halbuki, binadan düşən məhkəmənin qeyd etdiyi kimi hər hansı bir əşya deyil, cavabdehin öz istəyi və riskinə, binanın konstruksiyasına aid olmayan sonradan quraşdırılan düzgün istifadə edilməməsi nəticəsində sınmasına gətirib çıxaran cam balkon olmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
13. Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hadisə baş verən vaxt iddiaçıya bir qonşu kimi dəstək olmaq üçün 500 manat təklif etdiyini bildirmişdir. Hazırda heç bir ödəniş etmək niyyətləri yoxdur. Hadisə baş verən vaxt “cam balkon” bağlı olmuşdur. Yəni açıq olduğu təqdirdə şüşənin sınmasından söhbət gedə bilməz. Bu halı iddiaçı özü də evə baxış keçirərkən görmüşdür. Hadisənin onun və ailə üzvlərinin hər hansı təqsirinin olmadığını hesab edir.
14. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq digər cavabdeh (nümayəndə) məhkəmə iclasında iştirak etmədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
15. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
16. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
17. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
18. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
19. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
20. Maddə 1111.2. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
24. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
27. Qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
29. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.
30. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.
31. İş materillarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti tərəfindən verilmiş arayışa əsasən xx.xx.2023-cü il tarixində Bakı şəhəri Yasamal rayonu ərazisində müşahidə edilmiş hava şəraiti haqqında arayışda göstərilmişdir ki, xx.xx.2023-cü il tarixindən hava dəyişkən buludlu (7/6), meteoroloji görünür məsafəsi 20 km, havanın orta temperaturu 15,70 C, minimal temperaturu 13,00 C, maksimal temperaturu 17,40 C, şimal-qərb istiqamətli küləyin maksimal sürəti 30 m/san olmuşdur. Yağıntı qeydə alınmamışdır.
32. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kollegiyasının 20 may 2024-cü il tarixli 3/01 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhlükəli və təbii fəlakət törədə bilən təhlükəli hidrometeoroloji hadisələrin təsnifatı və meyarları haqqında Təlimatın” 4.1.1. yarımbəndinə əsasən ərazidə müşahidə olunan külək təbii fəlakət törədə bilən təhlükəli meteoroloji hadisə hesab edilir.
33. Göründüyü kimi “cam balkonun” şüşəsi güclü küləyin təsiri nəticəsində sınaraq avtomaşının üzərinə tökülmüşdür. Bu hadisə cavabdehlərin iddiaçıya maddi ziyan vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl nəticəsində baş verdiyi müəyyən olunmur. Zərərin qarşısıalınmaz qüvvənin təsiri üzündən baş verdiyi aşkardır.
34. Apellyasiya şikayətinin cavabdehin öz istəyi və riskinə, binanın konstruksiyasına aid olmayan sonradan quraşdırılan düzgün istifadə edilməməsi nəticəsində sınmasına gətirib çıxaran cam balkonun şüşəsinin sınması dəlilinə münasibətdə kollegiya qeyd edir ki, qeyd edilən yüngül konstruksiyalı cam balkondan istifadə qaydasının pozulması barədə hər hansı sübut təqdim edilməmişdir.
35. Kollegiya qeyd edir ki, bu tipli yüngül konstruksiyalar bütün ölkə ərazisində mövcuddur. Onun quraşdırılmasını qadağan edən hər hansı norma və ya buna görə hər hansı sanksiya tədbiri də mövcud deyil.
36. Bununla belə kollegiya iddiaçının dəlilini yoxlanılması məqsədi ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir. Ekspert qarşısında cambalkon texniki cəhətdən düzgün quraşdırılmışdırmı, həmin cambalkon maksimal sürəti 30 m/san olan küləyə qarşı dözümlü olmuşdurmu və xx.xx.2023-cü il tarixdə cambalkonun şüşəsinin sınmasının səbəbi sualları qoyulmuşdur.
37. Qeyd edilən qərardadla mülki iş üzrə təyin edilmiş tikinti-texniki ekspertizasının aparılmasından imtina edilməsi barədə 16 dekabr 2024-cü il tarixli məlumat məhkəməyə daxil olmuşdur.
38. Məlumatda qeyd edilir ki, Qərardadda qoyulmuş sualların, yəni sözügedən mənzildə cambalkonun texniki cəhətdən düzgün quraşdırılıb - quraşdırılmadığını, küləyə qarşı dözümlü olub-olmadığını, xx.xx.2023-cü ildə şüşəsinin sınmasının səbəbini müəyyən etmək tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının həll etdiyi məsələlər dairəsinə aid deyildir.
39. Qeyd olunanlara əsasən məhkəmə haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı hadisə baş verən günü təbii fəlakət törədə bilən təhlükəli meteoroloji hadisə olan güclü küləyin əsməsindən məlumatlı olmuş və avtomobilini yüksək mərtəbəli binanın yanında saxlayarkən, binadan əsən güclü külək nəticəsində hər hansı bir əşyanın düşə biləcəyi ehtimalını görməli, daha tədbirli davranmaqla avtomobilini təhlükəsiz yerdə saxlamaqla, əmlakına dəymiş zərərin qarşısını almağa imkanı olduğu halda bunu etməmişdir.
40. Məhkəmə haqlı olaraq iddianı rədd etmişdir.
41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2707/2024 nömrəli iş üzrə 09 avqust 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.