Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4060/2024 03.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: alimentin artırılması) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Ülviyyə Hadi qızı Məmmədlinin katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1875/2024 nömrəli, 09 aprel 2024cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Doğum haqqında AZ-İİİ seriyalı 166529 nömrəli şəhadətnamədən görünür ki, X6 xx.xx.2013-cü il tarixdə Bakı şəhərində doğulmuş, atası Cavabdeh, anası X7r.
2. Nikahın pozulması haqqında AZ-İ seriyalı 245442 nömrəli şəhadətnamədən görünür ki, Cavabdeh X9 ilə olan nikahı xx.xx.2016-cı il tarixdə ləğv edilmiş, nikah ləğv olunandan sonra qadına “Məmmədova” soyadı verilmişdir.
3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli 2(006)- 1903/2020 nömrəli qətnaməsindən görünür ki, iddianın təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3297/2018 saylı 14 may 2018-ci il tarixli qətnaməsi ilə 10 sentyabr 2013-cü il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsi, Cavabdeh 10 sentyabr 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmasına görə hər ay 170 manat pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin xx.xx.2023-cü il tarixli tomosintez adlı sənədindən görünür ki, İddiaçı “Hər iki süd vəzinin fibroadenomatozu. Sağ süd vəzidə fokal assimetrik adenoz sahəsi izlənilir”. Dinamiki mammoqrafiya və USM tövsiyə olunur.
5. Cavabdeh ambulator kitabçasından xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, ona “şəkərli diabet, tip-2, insulin tələbli” diaqnozu qoyulmuşdur. xx.xx.2021-ci il tarixindən 4 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında qeydiyyatdadır.
6. 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının həkim-psixiatrının xx.xx.2024-cü il tarixli, 1202 №-li rəyindən (arayış) görünür ki, Cavabdeh “postkomission sindrom, posttravmatik stress pozuntusu” diaqnozu ilə dispanser müşahidədədir.
7. Mediasiya Şurası Bakı 10 saylı Mediasiya Təşkilatının ilkin mediasiya sessiyasından (ims) sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli MŞB/10/2024-00093 nömrəli arayışından görünür ki, tərəflər mediasiya prosesini davam etdirməyə razılıq verməmişlər.
8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının xx.xx.2023-cü il tarixli “USM” sənədindən görünür ki, hər iki süd vəzilərinin parenximasında vəz və piy toxuması bərabər göründü, birləşdirici toxuma stroması bir qədər qalınlaşıb, fibroqlandulyar toxuma bir qədər bərkiyib, exostrukturu həmcinsdir. Sol süd vəzinin parenximasında yuxarı-lateral kvad-da 15x9 mm ölçüdə kistoz blok müşahidə edildi. Mərkəzi süd axarları genişlənib, sağda max d=2.7 mm və k., solda fraqmentar olaraq göründü, max d=2.3 mm və k. Hər iki q/altı nahiyyələrdə l/d-ləri patologiyasızdır. xx.xx.2024-cü il tarixli “ultrasəs müayinə protokolu”ndan görünür ki, İddiaçı hər iki süd vəzin müayinə zamanı parenximalarda fibroz-kistoz mastopatiya fonunda sağ süd vəzidə saat 10-rad 3.9x3,0 mm, 3,5x2,4 mm ölçülü kistoz strukturlar, saat 10-rad 9,0x3.4 mm ölçülü exogenliyi aşağı olan kistoz komponentli sahə qeyd edilir. Sol süd vəzidə saat 1-rad 4.9x2,8 mm ölçülü kistoz struktura izlənilir. Hər iki süd vəzidə subareolyar nahiyyədə axarların d-2,2-2,6 mm-ə qədərdir. Regionar nahiyələrdə limfa düyünləri patologiyasızdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2013-cü il təvəllüdlü X2 üçün, o yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan aliment məbləğinin artırılaraq hər ay 235 manat sabit pul məbləğinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 sentyabr 2016-cı il tarixli 2(006)-7614/2016 nömrəli qətnaməsi ilə İddiaçı və Cavabdeh arasında bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ayda 117 (yüz on yeddi) manat aliment məbləğinin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Sonradan İddiaçı müraciəti əsasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli 2(006)-1903/2020 nömrəli qətnaməsi ilə aliment məbləği 170 manat müəyyən edilmişdir. Hal-hazırda X5 10 yaşı olmaqla, o, orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. İddiaçı Zəngilan rayon 8 nömrəli tam orta məktəbdə təşkilatçı müavin olaraq çalışır. İddiaçı əvvəllər maddi gəlirinin yetərli olması səbəbindən 2020-ci ildən sonrakı dövrdə aliment məbləğinin artırılması üçün məhkəməyə müraciət etməmişdir. Lakin cari 2023-2024-cü tədris ilində məktəbdə şagird sayının az olması səbəbindən İddiaçı yarımştata düşməklə əmək haqqısı azalmışdır və hazırda o, 330 (üç yüz otuz) manat maaş alır. Həmçinin, 2023-cü ildən etibarən İddiaçı sağlamlığı ilə bağlı bəzi çətinliklər yaşayır və o, Milli Onkoloji Mərkəzdə qeydiyyatda olmaqla səhhəti ilə əlaqədar 6 (altı) aydan bir məcburi müayinələrdən keçməli olduğundan onun əlavə xərcləri yaranmışdır. Bütün bunların nəticəsində iddiaçı övladının maddi ehtiyaclarını heç cür qarşılaya bilmir. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2024-cü ildə hər uşaq üçün 235 manat müəyyən edilmişdir. Nəsimi Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir, əlavə olaraq aliment məbləği Cavabdeh tərəfindən qeyri-müntəzəm şəkildə ödənilməkdədir. Belə ki, cavabdehin 2024-cü ilin fevral ayınadək olan müddət üçün 1830 (bir min səkkiz yüz otuz) manat borcu yaranmışdır. Cavabdeh övladı qarşısında mənəvi ata borcunu da yerinə yetirmir. İddiaçı uşağın bütün qayğısını çəkir və ehtiyacını ödəyir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da, cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçıya çox çətindir. Buna görə iddiaçı “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə 10 saylı Mediasiya Təşkilatına müraciət etməyə məcbur qalmışdır. 16 fevral 2024-cü il tarixində təşkil olunan görüşdə Cavabdeh razılığa gəlməmiş və bununla bağlı tutarlı səbəblər də gətirmədiyindən iddiaçı iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1875/2024 nömrəli, 09 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakim Günay Abidova) iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1903/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmış, xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, alimentin hazırki qətnamə ilə müəyyən edilmiş qaydada tutulmasının bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 34cü, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 75.4, 78, 112.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarına, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8- 2/2016 saylı qərarına, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 8, 13, 19-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 217.1, 217.4, 218.1, 218.3, 220.4, 233.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilməsini və alimentin artırılması barədə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh, 2-ci X4, insulin tələbli ikinci tip şəkərli diabet xəstəsiyəm.Eyni zamanda posttravmatik stress pozuntusu diaqnozu ilə dispanserin müşahidəsindəyəm. Bu gün mən səhhətimdə yaranmış ciddi problemlərə xəstəliyimə görə heç bir yerdə işləyə bilmirəm. Müharibə Veteranı olduğuma görə aylıq 80 nanat müavinət alıram. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli 2(006)- 1903/2020 nömrəli qətnaməsi ilə müəyyən edilən 170 manat alimenti maddi imkansızlığıma görə tam şəkildə ödəyə bilmirəm və bu səbəbdən 2000 manat aliment borcum yaranmışdır. İddiaçı hazırda Zəngilan rayonu 8 nömrəli tam orta məktəbdə təşkilatçı müavin vəzifəsində işləyir, aylıq əmək haqqı 330 manatdır. Bu hal onu göstərir və tam sübut edir ki, Bakı şəhəri Nəsimirayon Məhkəməsi2(006)-1875/2024 nömrəli, xx.xx.2024-cü il tarixli Qətnaməsini qət edərkən cacavdehin və iddiaçının aylıq qazanclarını nəzərə almamışdır, səthi yanaşmışdır, qeyri-obyektiv araşdırma apararaq qətnamə çıxarmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli 2(006)-1903/2020 nömrəli qətnaməsi ilə müəyyən edilən 170 manat alimenti böyük çətinliklər içərisində ödədiyimi nəzərinizə çatdıraraq, hər ay 170 manat aliment ödəyə biləcəyimi bildirirəm.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyasının
18. 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
19. 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
20. “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən, Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.
21. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2024-cü il üçün yaşayış minumumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.
“Uşaq hüquqları haqqında” Qanunun
22. 8-ci maddəsinə görə, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosialhüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür.
23. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
24. 19-cu maddəsinə uyğun olaraq, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
Azərbaycan Respublikası Ailə Məcəlləsi
25. Maddə 75. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər; Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər; Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir.
26. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
27. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.
28. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən istənilən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə müəyyən olunmuş miqdarı dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 233.4. Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır.
32. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
36. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etsə də, qətnamə təmin edilməyən hissədə iddiaçı tərəfindən mübahisələndirilmədiyindən, yalnız iddianın təmin edilən hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası tərəflərin izahatlarını, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1875/2024 nömrəli, 09 aprel 2024-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
38. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, hər ay 235 manat aliment məbləğinin iddiaçıya ödənilməsi halında cavabdehin maddi vəziyyəti, işsiz olması, xəstəliyi nəzərə alınmamışdır. Məhkəmə tərəfindən alimentin artırılması əsassız olmuşdur.
39. Kollegiya qeyd edir ki, “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin mövqeyinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.
40. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir, yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün alimentin miqdarı valideynin qazancının (gəlirinin) müəyyən hissəsi, yaxud hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (Ailə Məcəlləsinin 78.1-ci maddəsi).
41. Nəzərə alınmalıdır ki, 01 yanvar 2024-cü il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
42. Kollegiya apellyasiya şikayətinin dəlillərinə ümumilikdə qiymət verərək qeyd edir ki, cavabdeh əmək qabiliyyətli olduğundan, onun maddi imkanının olmaması və xəstə olması barədə dəlilləri iddianın rədd edilməsi üçün əsas təşkil edə bilməz. Belə ki, bu dəlillər cavabdehi qanunla müəyyən edilmiş azyaşlı uşağı ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən uşağın lazımi səviyyədə saxlanması, saxlamadıqda isə uşağın saxlanması üçün məhkəmə qaydasında müəyyən edilmiş aliment ödəmək vəzifəsindən azad etmir və ya əsas vermir ki, uşaq qanunla müəyyən edilmiş yaşayış minimumundan aşağı səviyyədə təmin olunsun. Mübahisəsiz haldır ki, təyin olunmuş alimentin məbləği uşağın minimum yaşayış tələbatını ödəyə bilmir. Nəzərə alınmalıdır ki, aliment ödənilən iddiaçı azyaşlı uşağı ilə cavabdehdən ayrı yaşayır, ondan ayrı yaşamasına baxmayaraq, cavabdehin həmin uşaq qarşısında bir valideyn kimi müvafiq öhdəlikləri vardır, cavabdeh uşağın maddi və mənəvi cəhətdən təminatını həyata keçirməlidir.
43. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti yoxlanılan hissədə qanuni və əsaslı olmuşdur.
44. Belə ki, təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir.
45. Kollegiya, həmçinin, hesab edir ki, uşağın iddiaçının himayəsində qalması uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərcləri həddində məbləğin aliment kimi digər valideyndən – cavabdehdən tutulmasına əsasdır. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Göstərilən bütün diqqətəlayiq halları nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli 2(006)-1903/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin Cavabdeh tutulması ilə bağlı birinci instansiya məhkəməsinin mğvqeyi ədalətli və məqsədəmüvafiqdir.
46. Məhkəmə kollegiyası həmçinin izah edir ki, cavabdehin apellyasiya şikayəti ilə mübahisələdirdiyi hissə 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1875/2024 nömrəli, 09 aprel 2024cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kasasiya şikayəti verilə bilməz.