Məhkəmə qərarları › İş №2(103)-4061/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4061/2024

13.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4061/2024 13.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X3 cavabdeh İsmayılova (Novruzzadə) Nuranə Şamil qızına qarşı tələbinə dair mülki iş üzrə (Açar sözlər: “alimentin artırılması”) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X11 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçı iştirakı ilə, iddiaçı X3 cavabdeh İsmayılova (Novruzzadə) Nuranə Şamil qızına qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2002/2024 saylı, 17 aprel 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İşin halları

1. Tərəflər 14 yanvar 2010-cu il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X8 adlı iki övladları dünyaya gəlmişdir.

2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-3866/2023 saylı qətnaməsindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə xx.xx.2023-cü il tarixdən (iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi tarixdən) başlayaraq hər ay 175 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)- 882/2024 saylı qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3866/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı X7 cavabdeh İsmayılova (Novruzzadə) Nuranə Şamil qızına qarşı məhkəməyə müraciət edərək, alimentin miqdarının artırılaraq xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin və 50 manat mediasiya xərcinin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir

5. İddia onunla əsaslandırılmışdır ki, o, 13 mart 2010-cu ildə İsmayılova (Novruzzadə) Nuranə Şamil qızı ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2011ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X8 dünyaya gəlmişdir. Əvvəllər ailə münasibətləri yaxşı olsa da, sonradan ailə münasibətləri kəskin şəkildə pozulmuşdur. Bu səbəbdən iddiaçı nikahın pozulmasını və böyük qızı X1 onun himayəsinə verilməsi tələbi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Yekun məhkəmə qətnaməsi ilə nikah pozulduqdan sonra xx.xx.2011-ci il təvəllüdlü X1 atasının himayəsində saxlanılması qət edilmişdir. X4 xx.xx.2021-ci il tarixdən onun himayəsindədir. Bu günə qədər cavabdeh uşağın maddi ehtiyacları və sosial inkişafına heç bir maraq göstərməmişdir. Bundan əlavə digər uşaqları X8 cavabdehin himayəsində qalmasına baxmayaraq ona da ana nəvazişi, ana qayğısı göstərmir. Cavabdeh işlədiyi üçün balaca qızları qonşuların ümidinə qalmışdır. Bu da onu bir ata kimi narahat edən məsələlərdən biridir. Güründüyü kimi cavabdeh bir valideyn kimi uşaqların böyüməsində, sosial inkişafında heç bir maraq göstərmir. Sonradan, o, aliment tələbi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə xx.xx.2023-cü il tarixdən (iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi tarixdən) başlayaraq hər ay 175 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli, 2(006)- 2002/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

7. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı xeyrinə tutulan alimentin məbləği Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə 175 manat müəyyən edilmiş, həmin məbləğlə razı olmayan iddiaçı qeyd olunan qətnamədən apellyasiya şikayəti vermiş, apellyasiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış və alimentin məbləği 175 manat olaraq dəyişdirilmədən saxlanılmışdır. Sonuncu qətnamə qəti olduğundan dərhal qanuni qüvvəsini almışdır. Həmin qətnamənin qəbul edildiyi tarixdən 34 gün sonra, yəni xx.xx.2024-cü il tarixdə iddiaçı hazırkı iddia tələbi ilə alimentin artırılması üçün yenidən məhkəməyə müraciət etmişdir. İddia ərizəsində və məhkəmə iclasında tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğu əsaslandırılmamış və bu hal sübuta yetirilməmişdir. Əksinə olaraq tərəflərin ailə və ya maddi vəziyyətində hər hansı dəyişikliyin olmadığı müəyyən edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76.2, 112.1-ci maddələri; «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016- cı il tarixli 8-2/2016 nömrəli Qərarına istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri

9. İddiaçı X7 qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 aprel 2024-cü il, 2(006)-2002/2024 tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işi obyektiv araşdırmadan əsassız qətnamə qəbul etmişdir. Belə ki, cavabdehin maddi imkanlarının hansı səviyyədə olması məhkəmədə araşdırılmamışdır. Hazırda cavabdeh atasının yanında yaşayayır. Atası tanınmış musiqi müəllimi həm kanservatoriyada, həm də Türkiyədə dərs deyir, ondan əlavə anası da orta məktəbdə müəllimə işləyir. Hər ikisi cavabdehə hər ay maddi dəstək verir. Ondan əlavə cavabdehin özü də işləyir və işdən sonra kosmetika satışı ilə bir sözlə kiçik bizneslə məşgul olur. Eyni zamanda himayəsində olan X1 13 yaşı var. Onun saxlanılmasına xərclənən vəsait ,cavabdehin himayəsində olan 5 yaşlı X6 maddi ehtiyaclarından iki dəfə çoxdur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz ərizəsi daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, cavabdeh hal—hazırda valideynləri ilə yaşayır. Həm özünün, həm də valideynlərinin maddi vəziyyəti yaxşıdır. Onun da maddi imkanı yaxşı deyil. Kirayə evdə qalır. Rəsmi iş yeri yoxdur. Bəzən maşın alveri edir və gəlir stabil olmur. Onu da qeyd edir ki, o, ilk olaraq 235 manat məbləğində alimentin tutulmasını xahiş etmişdi. Lakin 175 manat məbləğində aliment tutulmuşdur. Həmin alimentin artırılmasına həqiqətən ehtiyacı var İkinci dəfə ailə qurmuşdu. İkinci nikahından övladı yoxdur.

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

15. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

17. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyasının

18. 17-ci maddəsinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

Azərbaycan Respublikasının Ailə Məcəlləsinin

19. 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.

20. 60.3, 75.1, 75.2 və 75.4-cü maddələrinə müvafiq olaraq uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

21. 73.1 və 73.2-ci maddələrinə əsasən, uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilir. Müvafiq icra hakimiyyəti orqanı mübahisə ilə bağlı uşağın və onuntərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur.

22. 76.1-ci maddəsinə müvafiq olaraq aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı.

23. 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də AM-nin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

24. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarına əsasən, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Beləliklə, iş materiallarından göründüyü kimi tərəflər 14 yanvar 2010-cu il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2019cu il təvəllüdlü X8 adlı iki övladları dünyaya gəlmişdir. Məhkəmə aktlarına əsasən, xx.xx.2011-ci il təvəllüdlü X1 İddiaçı, xx.xx.2019-cu il təvəllüdlü X6 isə Cavabdeh yanında qalması müəyyən edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-3866/2023 saylı qətnaməsi ilə də xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 175 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.

28. İşə baxan birinci instnasiya məhkəməsi iddianın rədd edilməsi barədə qənaətə gələrkən qeyd etmişdir ki, İddiaçı xeyrinə tutulan alimentin məbləği Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə 175 manat həddində müəyyən edilmiş, həmin məbləğlə razı olmayan iddiaçı qeyd olunan qətnamədən apellyasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış və alimentin məbləği 175 manat olaraq dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamənin qəbul edildiyi tarixdən 34 gün sonra, yəni xx.xx.2024-cü il tarixdə iddiaçı hazırkı iddia tələbi ilə alimentin artırılması üçün yenidən məhkəməyə müraciət etmişdir. İddia ərizəsində və məhkəmə iclasında tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğu əsaslandırılmamış və bu hal sübuta yetirilməmişdir. Əksinə olaraq tərəflərin ailə və ya maddi vəziyyətində hər hansı dəyişikliyin olmadığı müəyyən edilmişdir.

29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, hazırki iddia tələbinin qanuni əsasını təşkil edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin mənasından göründüyü kimi alimentin miqdarının dəyişdirilməsi məsələsi o halda həll oluna bilər ki, alimentin məbləği müəyyən ediləndən sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olsun. Hazırkı halda qeyd olunan əsaslar mövcud deyildir. Belə ki, qətnamə ilə alimentin miqdarı müəyyən edildikdən sonrakı dövrdə iddiaçı və cavabdehin ailə və ya maddi vəziyyətlərində hər hansı dəyişikliyin baş verdiyinə iddiaçı ümumiyyətlə istinad etməmiş, həmin halların mövcudluğunu da iş materiallarından müəyyən etmək mümkün olmamışdır.

30. Kollegiya həmçinin qeyd etməyi zəruri sayır ki, iddiaçının iddia ərizəsində və apellyasiya şikayətində göstərdiyi dəlillər alimentin miqdarının dəyişdirilməsi, həmçinin məhkəmə qətnaməsi ilə cavabdehin yanında saxlanılmış uşağın təminat səviyyəsinin pisləşməsi üçün əsas ola bilməz.

31. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

32. Beləliklə, kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.

33. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda mübahisələndirilən məbləğin qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2002/2024 saylı, 17 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar