Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4064/2022 08.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı İB-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-710/2022 saylı 17 yanvar 2022-ci il tarixli qətnaməsindən İddiaçı İB tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı İB – Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1512 manat məbləğində dəymiş zərər və ödənilmiş 35.12 manat dövlət rüsumu və pozulmuş hüquqlarının bərpası üçün hüquq şirkətinə ödədiyi 300 manat pulun, ümumilikdə isə 1847.12 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2018-ci il tarixli, AKX-00366xx/xx-2018 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin fərdi yaşayış evinə İddiaçı İB tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Lakin cavabdeh müqavilənin 2.3.2 yarımbəndini və 6.5-ci yarımbəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşularaq təbii qazı talamışdır. Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto və video çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmişdir. Belə ki, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 972 manat, xx.xx.2020-cu il tarixli, ******* saylı akt əsasında 540 manat İddiaçı İBnə zərər dəymişdir. Azəriqaz İB-yə 1512 manat məbləğində maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-710/2022 saylı 17 yanvar 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 540 (beş yüz qırx) manat məbləğində dəymiş zərər və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu, hüquqi xidmət göstərilməsi üçün hüquq şirkətinə ödənilmiş 100 (bir yüz) manat xidmət haqqının İddiaçı İB-nin xeyrinə tutulması, tutulmuş məbləğ İddiaçı İB-nin bank hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən İddiaçı İB apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin olunmayan hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilən zaman xx.xx.2018-ci il tarixli ******* №-li aktın etibarsız hesab olunması və ya sübut rolunu oynamaması, eyni zamanda debitor borcun olmamasına dair sübutların təqdim edilməməsi əsas gətirilərək yalnız xx.xx.2020-ci il tarixli ******* saylı akt əsas götürülmüşdür. Halbuki məhkəmə hər nə qədər ki, xx.xx.2018-ciil tarixli ******* №-li aktın etibarsızlığını təsdiq edən halların olmamasını əsaslandıra bilmədiyindən həmin akt əsas götürülməklə iddia tələbi tam şəkildə təmin edilməli idi. Bundan əlavə işin mübahisəsiz halı ondan ibarətdir ki, qaz sayğacına qanunsuz müdaxilə edilməsi ilə bağlı iş materiallarında həmin an çəkilmiş fotoşəkillər mövcuddur. Fotoşəkillərdə əks olunmuş təsvirlərdən də müəyyən olunur ki, qaz sayğacına kənar müdaxilə mövcuddur. Edilmiş kənar müdaxilə cavabdeh tərəfindən həyata keçirilmişdir ki, belə müdaxilənin olması ilə bağlı cavabdeh tərəfindən iddiaçıya müraciət edilməmiş, eyni zamanda həmin müdaxiləyə münasibətdə hərəkətsiz olmuşdur. Bu hal isə faktiki olaraq cavabdehin öz hərkət və hərəkətsizliyində təqsirli olmasını təsdiq edir ki, bu hal da məhkəmə tərəfindən araşdırılmamışdır. Digər tərəfdən məhkəmə hazırki iş üzrə cavabdeh tərəfindən qaz sərfiyyatına görə əvvəlki illər üzrə ödənilmiş məbləğlərlə iş materiallarına əlavə edilmiş aktların tərtib edildiyi üzrə istifadə etdiyi qaz sərfiyyatı qarşılaşdırılmamış, həmin dövrlər arasında mövcud vəziyyətdə cavabdeh tərəfindən ödənilmiş ödənişlərin arasında fərqin hansı dərəcədə olub-olmaması, cavabdeh tərəfindən ödənişlər həyata keçirilən zaman əvvəlki dövrlər üzrə tərtib edilmiş aktlara münasibətdə ödənişlər həyata keçirilən zaman tutulmaların olub-olmaması halına aydınlıq gətirilməmiş və bu faktiki hallar müəyyən edilməmişdir. Həmçinin məhkəmə iş materiallarına əlavə edilmiş və abonetin saldosunu özündə əks etdirən AGİS və GASREPORT çıxarışlarında əks olunmuş debitor borc məbləğini, onun hesablanması və yaranma əsasını müəyyən etməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iş materiallarında olan sübutlar qiymətləndirilən zaman cavabdehin borcunu təsdiq edən və onun tərəfindən qanunsuz istifadə edilmiş qaza görə tərtib edilmiş xx.xx.2018-ci il tarixli ******* №-li aktın tərtib edilməsini, həmin aktın tərtib edilməsi zamanı çəkilmiş fotoşəkilləri, akt tərtib edildikdən sonraki dövrdə cavabdehin hərəkətsizlik nümayiş etdirib-etdirməməsini və bunların mövcud vəziyyətdəki halla qarşılıqlı əlaqəsini sübut edə bilməmiş, buna uyğun olaraq həmin hərəkətlərin həyata keçirilməsin anında və ondan sonraki dövr ərzində hansı səbəbədən cavabdehin iddiaçıya etiraz edib-etməməsi müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə debitor borca münasibətdə iddia tələbini rədd edən zaman sübutların təqdim edilməsini əsas götürsə də, iş materiallarına əlavə edilmiş və cavabdehin abonent saldosunu özündə əks etdirən AGİS və GASREPORT çıxarışlarında əks olunmş məlumatların hansı səbəbdən sübut rolunu oynamamasını əsaslandıra bilməmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı İB-nin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya ilk növbədə qeyd edir ki, iddiaçı iddianın təmin olunmayan hissəsində mübahisələndirdiyi üçün hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız həmin hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir, başqa sözlə, qətnamə iddia tələbinin təmin edilməsi hissəsində hazırki apellyasiya baxışı çərçivəsində yoxlanılmır. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-710/2022 saylı 17 yanvar 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında 30xx.xx.2018-ci il tarixli, AKX-00366xx/xx-2018 nömrəli “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilənin 1- ci maddəsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü maddəsinə əsasən təqsirli hərəkətləri(hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. İş materiallarında olan Abonent saldosundan görünür ki, **********00000 abonent kodu olan Cavabdeh qazdan istifadə nəticəsində 1512 manat məbləğində borc hesablanmışdır. İş materiallarından görünür ki, Təbii qazdan istifadə qaydalarının pozulması haqqında İddiaçı İB tərəfindən aktlar tərtib edilmiş, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 972 manat, xx.xx.2020-cu il tarixli, ******* saylı akt əsasında 540 manat dəymiş zərər hesablanmışdir. İş materiallarında olan Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli, xx.xx.2018-ci il tarixli aktdan görünür ki, köhnə sayğac yeni sayğac ilə əvəzlənmişdir. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1096.1-ci maddəsi təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. İş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” Müqavilə əsasında cavabdehə məxsus fərdi yaşayış evini təbii qazla təmin etmiş, istifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilmiş, istifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə cavabdeh üzərinə öhdəlik götürmüş, Lakin üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə təbii qazdan istifadə qaydalarının pozulması haqqında haqqında xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən abonentə hesablanmış borcun tutulması hissəsində haqlı olaraq hesab etmişdir ki, tələb bu hissədə əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Beləliklə “Azərqaz” İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli, ******* saylı aktla məlum olur ki, **********00000 nömrəli abonent yazılmış cərimə sayğacın plasmas borusunun deşilməsi ilə əlaqədar olmuşdur. Məhkəmə araşdırması zamanı sayğaca məhz cavabdeh tərəfindən müdaxilə edilməsi öz təsdiqini tapmadığı üçün məhkəmə qanunvericiliyin “istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyin qaz paylayıcısının üzərinə düşməsi” tələbini nəzərə alaraq haqlı olaraq hesab etmişdir ki, iddia tələbi bu hissəsədə təmin oluna bilməz. Bundan başqa məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, vəkil bürosuna hüquqi yardım üçün ödənilən 300 manat və 30 manat dövlət rüsumunun ödənilməsi hissəsində də məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia qismən təmin edilməli, 100 ( bir yüz) manat vəkil bürosuna hüquqi yardım üçün, 20 (iyirmi) manat dövlət rüsumu cavabdehdən tutularaq İddiaçı İB-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mübahisələndirilən hissədə rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Belə ki, iddiaçı iddialarının əsasını təşkil edən halları heç bir mötəbər sübutla əsaslandırmamaqla, yalnız tərəflərindən tərtib edilən bir tərəfli akt aktlara istinad etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-710/2022 saylı 17 yanvar 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı İB-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-710/2022 saylı 17 yanvar 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kasasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4064/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4064/2022
08.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver