Məhkəmə qərarları › İş №2(103)-4064/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4064/2025

23.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4064/2025 23.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: icarə müqaviləsinin ləğv edilməsi, ödənilməmiş kirayə haqqının ödənilməsi, mənzildən çıxarılması) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-690/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, xx.xx.2012-ci il tarixli çıxarışın notarial qaydada təsdiq olunmuş surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Zərgərpalan küçəsində yerləşən 3/5 nömrəli, 59,17 kv.m. ümumi, 53,87 kv.m. yaşayış, 5,3 kv.m. yardımçı sahəsindən ibarət 3 otaqlı 1 nömrəli mənzil tam mülkiyyəti hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır.

2. İş üzrə «İcarəyə verən» qismində İddiaçı ilə «İcarəçi» qismində Cavabdeh arasında bağlanılmış xx.xx.2024-cü il tarixli icarə müqaviləsinə əsasən «İcarəyə verən» İddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 59.17 kv.m., yaşayış sahəsi 53,87 kv.m., yardımçı sahəsi 5,3 kv.m. olan 3 otaqlı mənzili «İcarəçi» Cavabdeh xx.xx.2029-cu il tarixədək icarəyə vermiş və onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha 1 il müddətinə uzadılmış hesab edilir, aylıq icarə haqqı 600 manat təşkil etmişdir. Həmin müqavilənin 7-ci bəndinə əsasən, müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir.

3. İş üzrə bank ödəniş qəbzlərin surətlərindən görünür ki, Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə 200 manat, xx.xx.2024-cü il tarixdə 300 manat, xx.xx.2024-cü il tarixdə 350 manat, xx.xx.2024-cü il tarixdə 1.100 manat məbləğində ödəniş edilmişdir.

4. İş üzrə İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli icarə müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2024-cü il tarixli ərizənin surətindən görünür ki, aralarında bağlanmış xx.xx.2024-cü il tarixli İcarə Müqaviləsinə əsasən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 59,17 kv.m., yaşayış sahəsi 53,87 kv.m., yardımçı sahəsi 5,3 kv.m. olan 3 otaqlı mənzili Cavabdeh icarəyə vermişdir. Həmin müqavilənin 7-ci bəndinə uyğun olaraq bildirir ki, müqavilə xx.xx.2025-ci il tarixindən ləğv ediləcəkdir. Qanunvericiliyə və bağlanmış müqaviləsinin şərtlərinə uyğun olaraq icarəyə verilmiş əmlakı xx.xx.2025-ci il tarixdə təhvil verilməsini xahiş etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı icarə müqaviləsinin ləğv edilməsi, ödənilməmiş kirayə haqqının ödənilməsi, mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla Cavabdeh arasında bağlanılmış ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 59,17 kv.m., yaşayış sahəsi 53,87 kv.m., yardımçı sahəsi 5,3 kv.m. olan 3 otaqlı mənzilin Cavabdeh icarəyə verilməsi barədə xx.xx.2024-cü il tarixli icarə müqaviləsinin ləğv edilməsi, cavabdeh tərəfindən ödənilməmiş 3 aylıq kirayə haqqının, cəmi olaraq 1800 manat və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq İddiaçı ödənilməsi, Cavabdeh həmin mənzildən çıxarılması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında bağlanılmış xx.xx.2024-cü il tarixli icarə müqaviləsinə əsasən onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 59,17 kv.m. yaşayış sahəsi 53,87 kv.m., yardımçı sahəsi 5,3 kv.m.olan 3 otaqlı mənzil Cavabdeh icarəyə verilmişdir. xx.xx.2024-cü il tarixli icarə müqaviləsinin 7-ci bəndinə əsasən müqavilənin ləğv edilməsi tərəflərdən birinin bir ay qabaqcadan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir. Bu bənddə və qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət olunaraq, xx.xx.2025-ci il tarixdən etibarən xx.xx.2024-cü il tarixli icarə müqaviləsinin ləğv edilməsi və icarəyə verilmiş ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 59,17 kv.m., yaşayış sahəsi 53,87 kv.m. yardımçı sahəsi 5,3 kv.m. olan 3 otaqlı mənzilin boşaldılaraq təhvil verilməsi xahiş olunsa da, cavabdeh bu öhdəliyinin yerinə yetirilməsindən yayınmışdır. Həmçinin 2024-cü ilin dekabr ayından bəri hər ay üçün 600 manat məbləğində olmaqla 3 aylıq kirayə haqqı da cavabdeh tərəfindən ödənilməmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı onunla Cavabdeh arasında bağlanılmış ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 59,17 kv.m., yaşayış sahəsi 53,87 kv.m., yardımçı sahəsi 5,3 kv.m. olan 3 otaqlı mənzilin Cavabdeh icarəyə verilməsi barədə xx.xx.2024-cü il tarixli icarə müqaviləsinin ləğv edilməsi, cavabdeh tərəfindən ödənilməmiş 3 aylıq kirayə haqqının, cəmi olaraq 1800 manat və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq İddiaçı ödənilməsi, Cavabdeh həmin mənzildən çıxarılması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-690/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Şahin Abdullayev) iddianın qismən təmin edilməsi, Cavabdeh İddiaçı xeyrinə ödənilməmiş icarə haqqının əvəzi kimi 950 manat, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 980 (doqquz yüz səksən) manat məbləğində pul tutulması, iddia tələbinin qalan hissələrdə təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin 2-ci bəndinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 389.1, 398.1, 406.1, 442, 700.1, 700.2-ci maddələrinə, «İcarə haqqında» Azərbaycan Respublikası Qanunun 1, 7, 12-ci maddələrinə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 119.1, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətlərinin dəlilləri

9. Qətnamədən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, şikayət olunan qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığı üçün ləğv olunmalı və iş üzrə iddiatələbitəmin edilməlidir. Belə ki, məhkəmənin mövqeyi aydın deyildir. Yəni, məhkəmə anlaşılmayan ifadələrdən istifadə edir. Belə ki, məhkəmə həm aylıq icarə haqqının bir hissəsinin hissəvi, digər hissəsinin isə ümumiyyətlə ödənilmədiyi barədə qərara gələrək – həmin icarə haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərara gəlmiş, sonra isə icarə haqqının vaxtında ödənildiyi qənaətinə gələrək, icarə müqaviləsinin ləğv edilməsi və cavabdehdin mübahisəli ünvandan çıxarılması hissəsində iddianı təmin etmir. Həmçinin məhkəmə qətnaməsində qeyd edilmişdir ki, “eyni zamanda müqavilənin birtərəfli qaydada ləğv edilməsinə dair xəbərdarlıq məktubunda icarə haqqının ödənilməməsi səbəbi ilə müqavilənin ləğv ediləcəyi barədə məlumat qeyd edilməmişdir. Ona görə də məhkəmə iddiaçının həmin dəlillərini məntiqli hesab etmir.” Bununla bağlı qeyd edir ki, mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair qayda (Mülki Prosessual Məcəllənin 152.1.6-cı maddəsində nəzərdə tutulmuş qayda) prosessual qənaət prinsipinə əməl olunması məqsədini daşıyır və əgər bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə, həmin əsasla iddia ərizəsi baxılmamış saxlanıla bilər. İddia tələbi məhz pretenziya verildiyinə görə icraata götürülmüş və bununla bağlı mübahisə olmamışdır. Eyni zamanda qanunvericilikdə pretenziyanın əsaslandırılması və yaxud da ləğvin əsaslarının mütləq qaydada pretenziyada qeyd edilməsi kimi bir tələb yoxdur. İş materiallarından görünür ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 59,17 kv.m, yaşayış sahəsi 53,87 kv.m, yardımçı sahəsi 5,3 kv.m olan, 3 otaqlı mənzil İddiaçı mülkiyyətindədir. Məhkəmə əsassız olaraq iddia tələbini təmin etməmiş, nəticədə iddiaçının ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ pozulmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunanlar nəzərə alınmamış, nəticədə iddiaçının mülkiyyət hüquqlarını pozan qətnamə qəbul edilmişdir. İş materiallarından göründüyü kimi cavabdeh müqavilə öhdəliklərini pozmuş, məhkəmə tərəfindəın də bu halların müəyyən edilməsinə baxmayaraq iddianı təmin etməmiş nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. İddiaçı ilə Cavabdeharasında bağlanılmış xx.xx.2024-cü il tarixli icarə müqaviləsinin 7-ci bəndinə əsasən müqavilənin ləğv edilməsi tərəflərdən birinin bir ay qabaqcadan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir. Bu bənddə və qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət olunaraq, xx.xx.2025-ci il tarixdən etibarən xx.xx.2024-cü il tarixli icarə müqaviləsinin ləğv edilməsi və icarəyə verilmiş ünvan 3 ünvanında yerləşən, ümumisahəsi 59,17 kv.m., yaşayış sahəsi 53,87 kv.m. yardımçı sahəsi 5,3 kv.m. olan 3 otaqlı mənzilin boşaldılaraq təhvil verilməsi xahiş olunsa da, cavabdeh bu öhdəliyinin yerinə yetirilməsindən yayınmışdır. İddia tələbində qeyd olunduğu kimi cavabdehə pretenziya verilməsinin səbəbi də məhz icarə haqqının vaxtında ödənilməməsi olmuşdur. Məhkəmə isə işə bir tərəfli yanaşmış, icarə haqqının ödənilməməsini gah qəbul etmiş, gah qəbul etməmiş, nəticədə bir-birini təkzib edən fikirlər irəli sürmüş və nəticədə qanunsuz qətnamə qəbul etmişdir. Eyni zamanda məhkəmə iddia tələbinə verilmiş əlavəni də qərəzli olaraq geri qaytarmışdır. Dəqiqləşməni geri qaytarsa da, bu barədə qərardad qəbul etməmişdir. Əslində dəqiqləşməni hakim bilərəkdən və qərəzli olaraq geri qaytarmışdır ki, həmin dəqiqləşmənin icraata götürülməsi iddianın rədd olunmasını istisna edirdi. Belə ki, dəqiqləşmədən görünür ki, cavabdeh müqavilədə qeyd olunan icarə haqqının ödənilməsindən başqa, mənzildə istifadə etdiyi elektrik enerjisinin də pulunu ödəmir və həmin ödənişləri iddiaçı məcbur olub özü ödəyir. Cavabdehlər tərəfindən iddiaçının təqdim etdiyi sübutları təkzib edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

12. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

13. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası

14. 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

15. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

16. Azərbaycan Respublikasının tərafdar çıxdığı İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz.

17. "Marks Belçikaya qarşı" işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir.

18. "Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

19. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

20. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

21. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

22. Maddə 385.1 öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır.

23. Maddə 389.1 mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

24. Maddə 398.1 müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir.

25. Maddə 406.1 müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.

26. Maddə 442 öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

27. Maddə 700.1 icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

28. Maddə 700.2 icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. «İcarə haqqında» Azərbaycan Respublikası Qanunun

29. 1-ci maddəsinə əsasən icarə əmlaka, torpağa və digər təbii ehtiyatlara müqavilə əsasında, əvəzi ödənilməklə müddətli sahib olmaq və bunlardan istifadə etməkdir.

30. 7-ci maddəsinə əsasən icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsasən sənəd icarə müqaviləsidir.

31. 12-ci maddəsinə əsasən icarənin müddətləri müqavilə ilə müəyyənləşdirilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 53. İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

36. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

37. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

Apellyasiya baxışının hədləri

38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

40. Hazırki halda, iddiaçı apellyasiya şikayətində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etdiyindən qətnamə iddianın təmin edilməyən hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-690/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi iddia tələbinin icarə müqaviləsinin ləğv edilməsinin və mənzildən çıxarılma tələbinin rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanılmış ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 59,17 kv.m., yaşayış sahəsi 53,87 kv.m., yardımçı sahəsi 5,3 kv.m. olan 3 otaqlı mənzilin Cavabdeh icarəyə verilməsi barədə xx.xx.2024-cü il tarixli icarə müqaviləsi ləğv edilməli, cavabdeh mənzildən çıxarılmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

42. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

43. İş materiallarından görünür ki, tərəflər arasında bağlanılmış xx.xx.2024-cü il tarixli icarə müqaviləsinə əsasən iddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsində yerləşən 3/5 saylı evin, ümumi sahəsi 59,17 kv.m., yaşayış sahəsi 53,87 kv.m., yardımçı sahəsi 5,3 kv.m. olan 1 saylı mənzili cavabdehə aylıq icarə haqqı 600 manat olmaqla, 5 il müddətinə icarəyə vermişdir. İcarə müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixdən xx.xx.2029-cu il tarixədək müəyyən edilmiş, cavabdeh tərəfindən 2024-cü ilin noyabr, dekabr, 2025-ci ilin yanvar ayları üçün tam icarə haqqı ödənilməmiş, hazırki vaxtadək ödənişlər həyata keçirilməmişdir. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli ərizə ilə cavabdehə müraciət edərək müqavilənin 7-ci bəndinə əsasən xx.xx.2025-ci il tarixdən müqavilənin ləğv edilməsi və həmin tarixdə mənzilin təhvil verilməsi barədə xəbərdarlıq edilmişdir. Onunla Cavabdeh arasında bağlanılmış xx.xx.2024-cü il tarixli icarə müqaviləsinin 7-ci bəndinə əsasən müqavilənin ləğv edilməsi tərəflərdən birinin bir ay qabaqcadan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir. Bu bənddə və qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət olunaraq, xx.xx.2025-ci il tarixdən etibarən xx.xx.2024-cü il tarixli icarə müqaviləsinin ləğv edilməsi və icarəyə verilmiş ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 59,17 kv.m., yaşayış sahəsi 53,87 kv.m. yardımçı sahəsi 5,3 kv.m. olan 3 otaqlı mənzilin boşaldılaraq təhvil verilməsi xahiş olunsa da, cavabdeh bu öhdəliyinin yerinə yetirilməsindən yayınmışdır.

44. Qanunvericiliyə görə, icarə müqaviləsi əmlak kirayə müqaviləsinin bir növüdür. Həmin müqaviləyə görə icarəyə verən icarəçiyə icarə götürdüyü obyektdən istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir, icarəçi isə icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəyir. İcarə müqaviləsi elə bir hüquqi formadır ki, bunun əsasında əmlak müvəqqəti istifadə üçün bir şəxsdən digərinə keçir. İcarə müqaviləsinin bağlanması ilə əmlakın istifadəyə verilməsi üzrə öhdəlik yaranır. İcarə müqaviləsi üzrə icarəyə verənin əsas vəzifəsi icarəçiyə əmlakı müqavilə şərtinə uyğun vəziyyətdə, icarəçinin istifadəsi üçün yararlı vəziyyətdə verməkdən ibarət olduğu kimi, icarəyə götürənin də əsas vəzifəsi icarəyə götürdüyü əşyadan müqavilə şərtinə uyğun surətdə istifadə etməsindən, icarə haqqının vaxtında ödəməkdən ibarətdir.

45. Kollegiya birinci instansiya məhkəməsinin icarə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma hissəsində iddianın rədd edilməsinə dair gəldiyi nəticə ilə razılaşmır.

46. İş materiallarından göründüyü kimi, «İcarəyə verən» qismində İddiaçı ilə «İcarəçi» qismində Cavabdeh arasında bağlanılmış xx.xx.2024-cü il tarixli icarə müqaviləsinə əsasən «İcarəyə verən» İddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 59.17 kv.m., yaşayış sahəsi 53,87 kv.m., yardımçı sahəsi 5,3 kv.m. olan 3 otaqlı mənzili «İcarəçi» Cavabdeh xx.xx.2029-cu il tarixədək icarəyə vermiş və onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha 1 il müddətinə uzadılmış hesab edilir, aylıq icarə haqqı 600 manat təşkil etmişdir. Həmin müqavilənin 7-ci bəndinə əsasən, müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir.

47. Göründüyü kimi, İddiaçı mənzilin mülkiyyətçisi olmaqla xx.xx.2024-cü il tarixli icarə müqaviləsinin 7-ci bəndinin şərtinə riayət etməklə müqavilənin ləğv edilməsi barədə xx.xx.2024-cü il tarixli ərizəni cavabdehə ünvanlayaraq bildirmişdir ki, həmin müqavilənin 7-ci bəndinə uyğun olaraq, müqavilə xx.xx.2025-ci il tarixindən ləğv ediləcəkdir. Qanunvericiliyə və bağlanmış müqaviləsinin şərtlərinə uyğun olaraq icarəyə verilmiş əmlakı xx.xx.2025-ci il tarixdə təhvil verilməsini xahiş etmişdir.

48. Kollegiya apellyasiya şikayətinin “iddia tələbinə verilmiş əlavənin geri qaytarılması” dəlilinə münasibətdə hesab edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Hazırki işin hallarından görünür ki, qeyd edilən ərizə mülki iş məhkəmə baxışına təyin olunana qədər verilmədiyindən birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq geri qaytarılmışdır.

49. Kollegiya hesab edir ki, apellyasiya şikayətində mübahisələndirilən hissələrə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olduğundan qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı apellyasiya şikayətində istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

50. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İstinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.

51. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı yoxlanılan hissədə rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar müəyyən edilmədiyindən, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin “icarə müqaviləsinin ləğv edilməsinin və mənzildən çıxarılma tələbinin rədd edilməsi” hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanılmış ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 59,17 kv.m., yaşayış sahəsi 53,87 kv.m., yardımçı sahəsi 5,3 kv.m. olan 3 otaqlı mənzilin Cavabdeh icarəyə verilməsi barədə xx.xx.2024-cü il tarixli icarə müqaviləsi ləğv edilməli, cavabdeh həmin mənzildən çıxarılmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin e-2(004)-2260/2025 saylı 01 may 2025ci il tarixli qətnaməsi iddia tələbinin “icarə müqaviləsinin ləğv edilməsinin və mənzildən çıxarılma tələblərinin rədd edilməsi” hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanılmış ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 59,17 kv.m., yaşayış sahəsi 53,87 kv.m., yardımçı sahəsi 5,3 kv.m. olan 3 otaqlı mənzilin Cavabdeh icarəyə verilməsi barədə xx.xx.2024-cü il tarixli icarə müqaviləsi ləğv edilsin və cavabdeh həmin mənzildən çıxarılsın. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar