Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4065/2022 20.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdehn nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-402/2022 saylı, 04 mart 2022-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh MMC-yə qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2 il müddətində kirayə haqlarını ödəməyərək ona vurduğu maddi zərərə görə 48000 (qırx səkkiz min) manatın Cavabdeh MMC-dən tutulması, xx.xx.2021-ci il tarixdən bina təhvil verilənə kimi aylıq 2000 manat kirayə pulunu ödəmək öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması, ödənmiş dövlət rüsumunun cavadehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiada göstərilir ki, Cavabdeh MMC ("xxxx"MTK) ilə aralarında 01 noyabr 2017-ci il tarixli 28 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə mülkiyyətində olan mənzili və qeyri-yaşayış sahəsini söküntü üçün “EvroStroy-S.S." MMC-yə təhvil verməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş qeyri-yaşayış sahəsini qəbul etməyi və ümumi 137 000 manat məbləği 5 dekabr 2017-ci il tarixindən 30 ay ərzində hər ay 4566 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Lakin iddiaçı 137.000 manat məbləği vaxtından əvvəl ödəyərək öz öhdəliyini tam olaraq icra etmişdir. Razılaşmaya əsasən 20 ay ərzində iddiaçı təhvil verdiyi qeyri-yaşayış və yaşayış sahələrinə görə aylıq kirayə haqqı almayacağını, buna səbəb isə həmin həmin kirayə haqlarının müqabili ona verilmiş ümumi sahəsi 145,6 kv.m qeyri-yaşayış sahəsinin ümumi dəyərinin bir hissəsi ilə əvəzlənəcəyini bildirmişdir. xx.xx.2017 ci il tarixli 128 saylı müqavlənin şərtlərinə görə "xxxx"MMC almış olduğu 145,6 kv.m qeyri-yaşayış sahəsini 1 sentyabr 2019- cu ildə ona təhvil verməli idi. Lakin bu günə kimi müqavilənin şərtləri "xxxx" MMC tərəfindən yerinə yetirilmədiyi üçün iddiaçı öz əmlakına sahiblik edə bilmir və bu onu maddi itkilərə məruz qoyur. Cavabdehə müvafiq müqavilənin tələblərini rəhbər tutaraq pretenziya məktubu ilə müraciət etmiş və ona vurduğu maddi zərərə görə kompensasiyanı ödəməsini xahiş etmişdir. Lakin məsələnin həlli ilə bağlı heç bir müsbət tədbir görülməmişdir. Odur ki, iddia ərizəsilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh MMC ilə aralarında 01 noyabr 2017-ci il tarixli 128 nömrəli müqavilə bağlanmışdır. Sözü gedən müqavilənin şərtlərinə əsasən mülkiyyətində olan sahəsi 21.6 kv.m olan mənzili və sahəsi 50.1 kv.m olan qeyri-yaşayış sahəsini söküntü üçün "xxxx" MMC-yə təhvil verməyi, əlavə olaraq 137.000 manat məbləği 5 dekabr 2017-ci il tarixindən 30 ay ərzində hər ay 4566 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Bunun müqabilində isə "xxxx" MMC yeni tikilmiş binanın E girişində qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsində sahəsi 72.8 kv.m olan sahəni və qeyri-yaşayış sahəsinin 2-ci mərtəbəsində sahəsi 72.8 kv.m olan sahəni ümumilikdə sahəsi 145,6 kv.m olan qeyri-yaşayış sahəsini iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilə ilə nəzərdə tutulan öhdəliyini vaxtından əvvəl icra edərək 137000 manat pulu sözü gedən şirkətə tam ödəmişdir. Həmin müqavilənin 2.1.2-ci maddəsinə əsasən isə yeni binanın tikintisi başa çatıb istismara qəbul edilənədək mülkiyyətçilərin müvəqqəti yaşayış məqsədilə yaşadıqları evin kirayə haqqını ödəmək öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulmuşdur. Həmçinin müqavilənin 2-ci maddəsində göstərilmişdi ki, 20 ay müddətində yeni binanın tikintisi başa çatdırılaraq mülkiyyətçilərə təhvil veriləcək və hər hansı bir səbəb üzündən tikinti işləri 20 ay müddətində başa çatdırılmadığı halda mülkiyyətçilərə kirayə haqqı üçün ödənilən ödənişin müddəti mənzil istismara qəbul edilib ev mülkiyyətçilərə təhvil verilənədək uzadılacaq. Lakin Cavabdeh MMC ilə aralarında olan razılaşmaya əsasən 20 ay ərzində o təhvil verdiyi qeyri-yaşayış və yaşayış sahələrinə görə aylıq kirayə haqqı almayacağı buna səbəb isə həmin həmin kirayə haqlarının müqabili ona verilmiş ümumi sahəsi 145,6 kv.m olan qeyri-yaşayış sahəsinin bir hissəsinin ödənişi ilə əvəzlənəcəkdi. Göründüyü kimi müqavilə 5 dekabr 2017-ci il tarixində bağlandığından müqavilə ilə nəzərdə tutulmuş 20 ay müddəti 2019-cu ilin sentyabr ayında tamamlanmışdır. Lakin sözü gedən müddətin üstündən 2 il keçməsinə baxmayaq Cavabdeh MMC hələ də binanın tikintisini başa çatdırmamış və müqavilədə göstərilən qeyri-yaşayış sahəsini iddiaçının mülkiyyətinə verməmişdir. Müqavilənin şərtlərindən də məlum olur ki, 2019-cu ilin sentyabr ayında yaşayış və qeyri-yaşayış sahələri "xxxx" MTK tərəfindən mülkiyyətçilərə təhvil verilməli idi. Aralarında olan razılığa əsasən o, bu 20 ay müddətində kirayə haqqını özü ödəyəcəyini öhdəsinə götürmüşdür. Lakin göründüyü kimi müqavilə ilə nəzərdə tutulan müddətin üstündən 2 il keçib və o, 2 ildir ki, kirayə haqqını özü ödəyir. Halbuki, razılaşmaya əsasən hər hansı bir fors-major halın baş verdiyi təqdirdə binanın təhvil verilməsinin gecikməsi halı baş verərsə o, yenə də, 20 aydan əlavə kirayə haqqını özü ödəcəyi ilə bağlı bir öhdəliyi üzərinə götürməmişdir. Qeyd olunan yerdə bu ölçüdə qeyri-yaşayış sahəsinin aylıq kirayə bazar qiyməti təxminən iki min manatdır. Ötən iki il ərzində bu məbləği toplasa 48.000 manat pul edir. İddiaçı bu pulu "xxxx" MMC-dən bir neçə dəfə şifahi istəsə də, şirkətin əməkdaşlar ona real bazar dəyərindən çox aşağı pul təklif etmişlər və heç bir ödəniş etməmişlər. Həmin müqavilənin 3-cü maddəsinin şərtlərinə əsasən hər hansı fors-major vəziyyətin yaranması ilə əlaqədar tərəflərdən biri müqavilə üzrə öhdəliklərini yerinə yetirə bilmədikdə 3 (üç) iş günü ərzində belə bir vəziyyətin olması haqqında qarşı tərəfə yazılı məlumat verməlidir. Bu haqda iddiaçıya heç bir məlumat verilməmişdir, odur ki, sözü gedən vəziyyətin hər hansı fors-major halın baş verməsilə əlaqədar olmasından söhbət gedə bilməz. Göründüyü kimi artıq 2 ildir ki, müqavilənin şərtləri Cavabdeh MMC tərəfindən kobud şəkildə pozulur və nəticədə yetərincə maddi ziyana düşmüşdür. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-402/2022 saylı, 04 mart 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdeh "xxxx" MMC-dən İddiaçı xeyrinə 24 ay müddətində ödənilməmiş 48000(qırx səkkiz min) manat məbləğində kirayə pulu və 234(iki yüz otuz dörd) manat ödənilmiş dövlət rüsumunun tutulması, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir Cavabdeh MMC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin təmin olunmamasını xahiş edərək şikayətində göstərir ki, çox təəssüflər olsun ki, müqavilənin 2.2.5-ci maddəsinə istinad etməklə qeyd etmişdir ki, bina xx.xx.2019-ci il tarixdə təhvil verilməlidir və həmin müddətdə təhvil verilmədiyi üçün bundan sonra cavabdeh şəxs tərəfindən iddiaçıya hər 2000 manat kirayə haqqı ödənilməli olduğunu qeyd etmişdir. Lakin məhkəmə həmin müqavilənin 2.2.5-ci maddəsinin mahiyyətini tam olaraq düzgün əks etdirməmişdir. Belə ki, müqavilənin həmin bəndində qeyd edilir ki, "yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işləri 20 ay müddətinə başa çatdırmaq müqavilə şərtlərinə əsasən "Mülkiyyətçi"yə təhvil vermək". Məhkəmə burada yanlışlığa yol verməklə müqavilənin bağlanması ilə binanın bünövrəsinin qoyulmasını eyni tarixdən hesablamışdır. Bildiyi kimi burada mülkiyyətçi təkcə İddiaçı deyil, ondan başqa neçə nəfərlə bu kimi işlər həyata keçirilmiş və binanın tikintisinə başlamaq üçün digər işlər görülmüşdür. Hər birinin bildiyi kimi tərəflə müqavilə bağlanması bu işlərin bir hissəsidir və bundan sonra kifayət qədər işlər görülməli və hazırlıq işləri aparılmalıdır. Yəni müqavilənin bağlanma tarixi ilə binanın bünövrəsinin bir tarixdə götürülməsi fiziki cəhətdən belə mümkün deyildir. Tərəflə müqavilə bağlandıqdan sonra digər işlərin görülməsi davam etdirilmiş, daha sonra pandemiya başlaması ilə bağlı müəyyən problemlər olmuş və bununla da binanın tikintisinə başlamaq və bünövrəsini qoymaq mümkün olmamışdır. Nəhayət binanın bünövrəsi 2021-ci ilin fevral ayında qoyulmuş və hazırda tikinti davam etməkdədir. Müqavilənin şərtlərindən də göründüyü kimi binanın tikilməyə başlanmasının tarixi dəqiq olaraq göstərilməmişdir. Bunun göstərilməsi də mümkün deyil, çünkü bunun üçün kifayət qədər işlərin görülməsinə zərurət vardır. Ona görə də hesab edir ki, 48000 manat kirayə haqqının alınıb iddiaçıya verilməsi tamamilə qanunsuzdur. Bundan başqa keçirilmiş ekspertiza zamanı alınmış rəyi də qanuni hesab etmirlər, çünkü həmin ərazidə qeyd edilən məbləğə kirayənin olması mümkün deyildir. Ona görə də hesab edir ki, həmin məsələyə də məhkəmə tərəfindən yenidən diqqət yedirilməlidir. Məhkəmə iclasında Cavabdehn nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını və rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.. Birinci instansiya məhkəməsində icraat: Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini bununla əsaslandırmışdır ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh MMC ("xxxx"MTK) ilə İddiaçı arasında 01 noyabr 2017-ci il tarixli 28 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə mülkiyyətində olan mənzili və qeyri-yaşayış sahəsini söküntü üçün “EvroStroy-S.S." MMC-yə təhvil verməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş qeyri-yaşayış sahəsini qəbul etməyi və ümumi 137 000 manat məbləği 5 dekabr 2017-ci il tarixindən 30 ay ərzində hər ay 4566 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında razılaşmaya əsasən 20 ay ərzində iddiaçı təhvil verdiyi qeyri-yaşayış və yaşayış sahələrinə görə aylıq kirayə haqqı almayacağını, buna səbəb isə həmin kirayə haqqlarının müqabili ona verilmiş ümumi sahəsi 145,6 kv.m qeyri-yaşayış sahəsinin ümumi dəyərinin bir hissəsi ilə əvəzlənəcəyini bildirmişdir. Qeyd edilən müqaviləyə görə "xxxx" MMC almış olduğu 145,6 kv.m qeyri-yaşayış sahəsini xx.xx.2019-cu ildə təhvil verməli idi. Cavabdehə pretenziya məktubu ilə müraciət olunmuş, həmin müqavilənin 2.1.2-ci bəndinə əsasən isə yeni binanın tikintisi başa çatıb istismara qəbul edilənədək mülkiyyətçilərin müvəqqəti yaşayış məqsədilə yaşadıqları evin kirayə haqqını ödəmək öhdəliyini Cavabdeh MMC üzərinə götürmüşdür. İddiaçı tərəfindən təqdim olunmuş ekspert rəyinə əsasən İddiaçı məxsus olan, Bakı şəhəri, Nərimanov rayonu, Vəkil küçəsi, ev 17 ünvanda yerləşən, ümumilikdə sahəsi 145,60 kv.m olan (1-ci mərtəbə üzrə 72.80 kv.m, 2-ci mərtəbə üzrə 72,80 kv.m) qeyri-yaşayış sahəsinin (təmirli olacağı nəzərə alınmaqla) xx.xx.2021-ci il tarixə olan orta aylıq icarə dəyəri 2.000 manat təşkil edir. Belə olan halda, iddiaçıya kirayə haqqı məbləği 24 ay müddətində ödənilməmiş, həmin məbləğ cavabdehdən haqlı olaraq tələb olunur. Göründüyü kimi, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəmiş, lakin cavabdeh müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətsizliyi, müqavilə bağlandıqdan təxmini 2 ildən çox müddət ərzində qeyd olunan ərazidə hər hansı inşaat işləri aparılmaması öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır. Göründüyü kimi, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi ağlabatan müddətdə və vaxtında icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, 48.000 manat (24 ay x 2000 manat = 48 000 manat )cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Digər tərəfdən, iddia tələbinin “xx.xx.2021-ci il tarixdən bina təhvil verilənə kimi aylıq 2000 manat kirayə pulunu ödəmək öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması” hissəsində qeyd edir ki, iddia tələbi bu hissədə təmin olunmamalıdır. Belə ki, gələcəkdə müqavilədə nəzərdə tutulmuş öhdəliyini yerinə yetirilməsi müqavilə tərəflərinin hərəkət və ya hərəkətsizliyindən asılı olduğundan iddianın qeyd olunan hissəsi əsaslı sayıla bilməz. Tətbiq edilməsi nəzərdə tutula bilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Maddə 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir. Maddə 390.7. Əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir. Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv və iddianın rədd edilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, şikayətin obyektini qətnamənin bir, yəni iddianın qismən təmin edilməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxdığı üçün də bu cür iddia haqlı sayılmır. Belə ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni, müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. Tərəflər arasında hazırki mübahisənin yaranmasının səbəbi aralarında bağlanmış 01 noyabr 2017-ci il tarixli müqavilə ilə əlaqədar olmuşdur. Bu müqavilə mahiyət etibarı ilə müxtəlif müqavilələrin ünsürlərini özündə əhatə edən qarışıq müqavilə sayla bilər. İddiaçı hesab edib ki, cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməyib və buna görə 2 il müddətində kirayə haqlarını ödəməyərək ona vurduğu maddi zərərə görə 48000 (qırx səkkiz min) manatı ona ödəməlidir. Məhkəmə iddianın bu hissəsini əsaslı hesab edərək təmin etmişdir. Qənaəti ondan ibarət olmuşdur ki, cavabdeh 145,6 kv. metr yaşayış sahəsini xx.xx.2019-cu ildə təhvil verməli idi. Eyni zamanda müqavilənin 2.1.2-ci bəndinə əsasən isə yeni binanın tikintisi başa çatıb istismara qəbul edilənədək mülkiyyətçilərin müvəqqəti yaşayış məqsədilə yaşadıqları evin kirayə haqqını ödəmək öhdəliyini Cavabdeh MMC üzərinə götürmüşdür. Buna görə də cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, müqavilənin şərtlərini pozmuşdur. Həqiqətən tərəflər arasında bağlanmış 01 noyabr 2017-ci il tarixli 128 nömrəli müqavilənin şərtlərinə görə iddiaçı mülkiyyətində olan 21.6 kv. metr mənzili və faktiki sahəsi 50.1 kv. metr olan qeyri-yaşayış sahəsini söküntü üçün “EvroStroy-S.S." MMC-yə təhvil verməyi və ümumi 137 000 manat məbləği 5 dekabr 2017-ci il tarixindən 30 ay ərzində hər ay 4566 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Razılaşmalarına əsasən iddiaçı təhvil verdiyi qeyri-yaşayış və yaşayış sahəsinə görə aylıq kirayə haqqı almayacağını, buna səbəb isə həm kirayə haqqının, həm də əlavə ödədiyi vəsaitin müqabilində ona veriləcək qeyri-yaşayış sahəsinin ölçüsünün 145,6 kv.m olması, yəni qeyriyaşayış sahəsinin ümumi dəyərinin bir hissəsi ilə əvəzlənməsi olmuşdur. Müqavilənin 2.2.5-ci bəndinə əsasən isə cavabdeh yeni tikilicək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işləri 20 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən “mülkiyyətçiyə” mənzili təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilədə 145,6 kv.m qeyri-yaşayış sahəsininin yaxud mənzilin konkret olaraq 1 sentyabr 2019-cu ilədək iddiaçıya təhvil verilməsi şərti nəzərdə tutulmamışdır. Müqavilənin qeyd olunan bəndində yeni tikilicək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərinin 20 ay müddətinə başa çatdırılması nəzərdə tutulmuşdur. Deməli, 20 ay müddətin başlandığı tarix müqavilənin bağlandığı vaxtdan deyil binanın bünövrəsinin qoyulduğu tarixdən hesablanmalıdır. Düzdü, nə iddiaçı, nədə cavabdeh tərəf buna dair, yəni binanın bünövrəsinin qoyulduğu tarix barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməyiblər. Apellyasiya baxışı zamanı da təklif edilməsinə baxmayaraq iddiaçı tərəf binanın bünövrəsinin 2021-ci ilin fevral ayında qoyulmasına, cavabdeh tərəf isə 2017-ci ildə qoyulmasına dair heç bir mötəbər sübut təqdim etmədilər. İddiaçı tərəf yalnız sosial şəbəkələrdən çıxarılmış 2018, 2019, 2021-ci il tarixlərə aid bünövrəsi qoyulmuş yaxud hansısa tikinti mərhələsində olan binaların şəkillərini təqdim etmişdir ki, bu cür şəkillər də mübahisə predmeti olan binanın bünövrəsinə aid olduğunu və qoyulma tarixini müəyyən etməyə imkan vermir. Müqavilənin şərtlərinə görə cavabdeh yeni tikilmiş binanın E girişində qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsində sahəsi 72.8 kv.m olan sahəni və qeyri-yaşayış sahəsinin 2-ci mərtəbəsində sahəsi 72.8 kv.m olan sahəni ümumilikdə sahəsi 145,6 kv.m olan qeyri-yaşayış sahəsini iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Lakin müqavilənin 2.1.2-ci bəndinə əsasən isə yeni binanın tikintisi başa çatıb istismara qəbul edilənədək iddiaçının müvəqqəti yaşayış məqsədilə yaşadığı evin kirayə haqqını ödəmək öhdəliyini cavabdeh üzərinə götürməmişdir. Əgər götürmüş olsaydı həmin bənddə otaqların sayı və kirayə haqqının məbləği göstərilərdi. Ancaq göstərilməmiş və həmin hissələrdə xətt çəkilmişdir. İddiaçı özü də iddiasında göstərir ki, buna səbəb cavabdehin ona verəcəyi qeyri-yaşayış sahəsinin artıq ölçüsü ilə əlaqədar razılaşmaları olmuşdur. Demək, müqavilədə cavabdehin iddiaçıya ümumiyyətlə kirayə haqqı ödəmək öhdəliyi nəzərdə tutulmamışdır. O başqa məsələ ki, iddiaçı bu cür tələbinin əsası kimi cavabdehin 20 ay ərzində, konkret olaraq cavabdehin 01 senytabr 2019-cu ilədək öhdəliyini yerinə yetirməməsini göstərir. Ancaq qeyd olunduğu kimi cavabdeh 01 sentyabr 2019-cu ilədək, nədəki binanın bünövrəsi qoyulduqdan sonra 20 ay müddətində tikinti işlərini başa çatdırmamasına görə bu müddətdən sonra kirayə haqqı ödəmək öhdəliyini də üzərinə götürməmişdir. Birdəki, müqavilənin 2.1.2-ci bəndində yeni binanın tikintisi başa çatıb istismara qəbul edilənədək müvəqqəti yaşayış məqsədilə yaşayış evinin kirayə haqqını ödəmək formasında şablon forma şərti nəzərdə tutulmuşdur. Ancaq qeyd olunan müqavilədə cavabdeh üzərinə iddiaçıya yaşayış üçün mənzil tikib təhvil vermək öhdəliyi götürməmişdir. Götürdüyü öhdəlik qeyri-yaşayış sahəsi ilə bağlı olmuşdur. Lakin iddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Vəkil küçəsi, ev 17 ünvanda yerləşən, ümumilikdə sahəsi 145,60 kv.m olan (1-ci mərtəbə üzrə 72.80 kv.m, 2-ci mərtəbə üzrə 72,80 kv.m) qeyri-yaşayış sahəsinin (təmirli olacağı nəzərə alınmaqla) xx.xx.2021-ci il tarixə olan orta aylıq icarə dəyəri 2.000 manat təşkil etdiyinə dair məhkəməyə sübut təqdim edərək cavabdehdən 24 ay üçün 48000 manat tələb etmişdir.Təqdim edilən bu rəy də sübut kimi qəbul edilsə belə bunun iddia tələbi ilə birbaşa bağlılığı yoxdur. Çünki, iddia tələbi kirayə haqqı ilə bağlıdır ki, cavabdehin də müqavilə üzrə üzərinə belə bir öhdəlik götürməsi müəyyən edilmədi. Göstərilənlərə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, hazırki iddianın təmin edilən hissədə də rədd edilməsi o demək deyil ki, iddiaçının cavabdehə qarşı qeyd olunan müqavilə üzrə cavabdehin öhdəliklərini icra etməməsi ilə əlaqədar ona dəyən zərərin əvəzini tələb edə bilməz. Çünki, bu cür tələblər hazırki icraat çərçivəsində olmadığından onlara baxılıb həll edilməsi də mülki prosessual qanunvericiliyin tələblərinə zidd olardı. Ona görə də cavabdehin ayrı icraatda məhkəmə müdafiəsindən istifadə etmək hüququ mövcuddur və tükənməmişdir. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan pis niyyətlə sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı institutlarının yaranmasına da zərurət və əsas olmazdı. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1 və 385.1.4-cü maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki: Cavabdehn apellyasiya şikayəti təmin edilməli. Mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-402/2022 saylı, 04 mart 2022-ci il tarixli qətnaməsi qismən, yəni iddianın təmin edilən hissəsində ləğv edilməli və iddia həmin hissədə də təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdehn apellyasiya şikayəti təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-402/2022 saylı, 04 mart 2022-ci il tarixli qətnaməsi qismən, yəni iddianın təmin edilən hissəsində ləğv edilsin və iddia həmin hissədə də təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4065/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4065/2022
20.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver