Məhkəmə qərarları › İş №2(103)-4068/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4068/2022

13.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4068/2022 13.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “dəymiş ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli 2(007)-180/2022 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən maddi zərərin əvəzi olaraq 10000 manat, mənəvi ziyanın əvəzi olaraq 10000 manat olmaqla, cəmi 20000 manat məbləğində pulun müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona qarşı bir qrup şəxs halında dələduzluq etmiş CM-nin 178.2.1 və 178.2.4-cü madddələri ilə təqsirləndirilən Cavabdeh1 və CM-nin 178.2.1, 178.2.4 və 314.2-ci maddələri ilə təqsirləndirilən Cavabdeh2 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-111/2020 saylı xx.xx.2020-ci il tarixli hökmü ilə təqsirli bilinərək hər biri 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və hazırda cəza çəkirlər. Adı çəkilən hökm ilə ilə tam təsdiq olunur ki, cavabdehlər qabaqcadan əlbir olmuş bir qrup şəxs halında onun etibarından sui-istifadə etmə və aldatma yolu ilə onun xeyli miqdarda - 8000 manat məbləğində pulunu ələ keçirməklə ona qarşı dələduzluq etmişlər. Bundan başqa onların qanunsuz hərəkətləri nəticəsində əlavə olaraq ona 2.000 manat da maddi ziyan dəymişdir. Eyni zamanda da bu müddətdə çəkdiyi mənəvi sarsıntılara görə də cavabdehlər ona mənəvi ziyana 10 min manat təzminat ödəməlidirlər. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli 2(007)- 180/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı xeyrinə 8000,00 manat məbləğində vəsaitin tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində vəsaitin əvəzinin Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh2 qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ondan müştərək qaydada 8000 manat məbləğində pulun tutularaq iddiaçıya verilməsinə dair hissədə ləğv edilməsi və iddia tələbinin ona aid hissədə təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, məhkəmə tərəfindən Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarının pozulması ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət etmiş və müraciəti icraata qəbul edilmişdir. Birinci instansiya məhkəməsi bu halı nəzərə almadan işə mahiyyəti üzrə baxmışdır. İddiaçı mötəbər sübutlar təqdim etməmişdir. İddiaçının 8000 manat pulu onun tərəfindən deyil, digər cavabdeh tərəfindən ələ keçirilmişdir. O, həmin puldan hər hansı məbləğdə faydalanmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi apelyasiya şikayətinə uyğun izahat verərək, apelyasiya şikayətini müdafiə edib, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq, digər cavabdeh məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hazırda qətnamə yalnız Cavabdeh2 tərəfindən iddianın ona aid təmin edilmiş hissəsində mübahisələndirildiyindən, hazırki apelyasiya baxışının predmetini qətnamənin həmin hissədə yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, izahatını dinləyib, apelyasiya şikayətini iş materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından müəyyən edilir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-111/2020 saylı xx.xx.2020-ci il tarixli hökmü ilə Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cavabdeh1 ona təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcının xx.xx.2019-cu il tarixdən hesablanması, Cavabdeh1 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cavabdeh2 ona təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının xx.xx.2020-ci il tarixdən hesablanması, Cavabdeh2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməsi və məhkəmə iclas zalında dərhal həbs edilməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasınin 1(103)132/2021 saylı xx.xx.2021-ci il tarixli Qərarı ilə də X1 və Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməməsi, zərərçəkmiş şəxs X3 apellyasiya şikayəti qismən, yəni mülki iddiaya aid hissədə təmin edilməməsi, iş üzrə zərərçəkmiş şəxs X6 tərəfindən verilmiş 13000 manat məbləğində mülki iddianın təmin edilməməsi, məhkum olunmuş şəxslər Cavabdeh1 və Cavabdeh2 13000 manat məbləğində pul tutularaq zərərçəkmiş şəxs X4 verilməsi, hökmün qalan hissələrdə verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasınin 1(102)- 1264/2021 saylı xx.xx.2021-ci il tarixli Qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi, Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasınin xx.xx.2021-ci il tarixli Qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 1(007)-111/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə Cavabdeh1 özgənin əmlakını tamah niyyəti ilə ələ keçirmək məqsədilə həmin dövrdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələrin İdarəedilməsi Xidmətinin növbətçi hissəsinin məsul əməliyyat növbətçisinin köməkçisi vəzifəsində, polis polkovnik-leytenantı rütbəsində xidmət etmiş tanışı Cavabdeh2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında İddiaçı övladı Tahir Cəlalzadəni daxili işlər orqanlarına işə düzəltmək məqsədilə ondan 8000 manat mələğində pul aldığı müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixli hökmdən görünür ki, Cavabdeh1 iclasda İddiaçı ümumilikdə 8000 manat məbləğində nağd pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Cavabdeh2 ilə öz aralarında böldüyünü etiraf etmiş, İddiaçı isə ifadəsində zərərçəkmiş şəxs olaraq Cavabdeh2 Cavabdeh1 vasitəsi ilə oğlu X8 İşlər Nazirliyinin Rabitə şöbəsinə işə düzəltməsi üçün ümumilikdə 8000 manat pul verdiyi, Cavabdeh1 ifadəsində İddiaçı ona maksimum 8000 manat pula gücünün çatacağını, pulun çox hissəsini də borc alacağını bildirmişdir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, işin mübahisəsiz halıdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı 8000 manat miqdarında maddi ziyan vurmuşlar və nəticədə cavabdehlər iddiaçının xeyrinə əsassız olaraq varlanmışdırlar. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinin tələbinə görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddiaçı isə hazırda ona vurulmuş zərəri tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Kollegiya qeyd edir ki, məhkəmə haqlı olaraq cavabdehlər tərəfindən iddiaçıya zərər vurulması qənaətinə gəlmişdir. Düzdür, məhkəmə zərərin anlayışını verən və ümumi norma kimi çıxış edən Mülk Məcəllənin 21-ci maddəsini tətbiq etsə də, xüsusi norma kimi deliktə aid müddəaları tətbiq etmək əvəzinə əsassız varlanmanın nəticələrini tətbiq etmişdir. Bununla belə, məhkəmə işin hallarına düzgün qiymət vermiş və düz nəticəyə gəlmişdir, ona görə də qətnamənin ləğvinə ehtiyac yoxdur. Mülki Məcəllənin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə isə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə hökmünün müəyyənləşdirdiyi faktlara münasibətdə preyudisiallıq məhdud olsa da, MPM-nin 82.4-cü maddəsinin mənasına görə, cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmündə əks olunan hərəkətin olub-olmaması faktı, bu hərəkətin konkret şəxs tərəfindən edilib-edilməsi faktı mülki iş üzrə sübut olunmadan azaddır. Ona görə də iddiaçı qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmiş faktları yenidən sübut etməyə borclu deyildir. Cavabdeh2 apelyasiya şikayətində göstərir ki, iddiaçının 8000 manat pulu onun tərəfindən deyil, digər cavabdeh tərəfindən ələ keçirilmişdir. O, həmin puldan hər hansı məbləğdə faydalanmamışdır. Kollegiya qeyd edir ki, qanuni qüvvəsini almış məhkəmə hökmü ilə cavabdehlərin iddiaçıya 8000 manat miqdarında maddi ziyan vurması öz təsdiqini tapmışdır. Cavabdeh2 hökm ilə müəyyən edilmiş faktları yenidən mübahisələndirməsi yolverilməzdir. Digər bir dəlili isə ondan ibarətdir ki, Konstitusiya Məhkəməsinə müraciət etməsi məhkəmə tərəfindən nəzərə alınmamışdır. Bununla bağlı da Kollegiya qeyd edir ki, cavabdeh tərəfindən edilmiş müraciətin Konstitusiya Məhkəməsinin icraatına qəbul edilməsi barədə hər hansı sübut təqdim edilmədiyindən göstərilən bu hal iş üzrə icraatın dayandırılmasına əsas vermir. Beləliklə kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kollegiya hesab edir ki, Cavabdeh2 irəli sürdüyü dəlillər formal mülahizələrdir, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-nin 384.0.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh2 apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-180/2022 saylı iş üzrə 17 yanvar 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar