Məhkəmə qərarları › İş №2(103)-4068/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4068/2023

01.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4068/2023 01.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh ləğv prosesində olan Pakistan Milli Bankının Bakı Filialına qarşı iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə artıq ödənilmiş məbləğin geri qaytarılması) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4, İddiaçı və onun vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh ləğv prosesində olan Pakistan Milli Bankının Bakı Filialına qarşı “kredit müqaviləsi üzrə artıq ödənilmiş məbləğin geri qaytarılması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-289/2023 nömrəli, 04 aprel 2023-cü il tarixli qətnaməsindən cavabdeh ləğv prosesində olan Pakistan Milli Bankının Bakı Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı ilə cavabdeh Pakistan Milli Bankının Bakı Filialı arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 90 saylı kredit müqaviləsinə əsasən cavabdeh tərəfindən iddiaçıya 36 ay müddətinə illik 20% dərəcəsi ilə faiz ödəmək şərti ilə 94.000 manat məbləğində kredit verilmişdir.

2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-181/2011 saylı, 14 noyabr 2011-ci il tarixli qətnaməsi ilə iddiaçı Pakistan Milli Bankının Bakı Filialının iddiasının qismən təmin edilməsi, xx.xx.2010-cu il tarixə yaranmış 73 221,71 manat kredit borcunun, 17852,64 manat məbləğində vaxtı keçmiş borcun, cəmi 91.074,35 manat borcun, həmçinin məhkəmə xərcləri qismində ödənilmiş 50 manat məbləğində pul vəsaitinin cavabdehlər İddiaçı və X3 müştərək qaydada iddiaçı Pakistan Milli Bankının Bakı Filialının xeyrinə tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı və X6 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-917/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, həmin qətnamə qismən, yəni iddianın “tutmanın ipoteka və girov predmetlərinə yönəldilməsi ilə bağlı çəkiləcək xərclərin cavabdehlərdən Bankın xeyrinə müştərək qaydada tutulması barədə” hissəsinin təmin edilməsi hissəsində ləğv edilmiş və iş üzrə bu hissədə yeni qətnamə qəbul edilmiş, iddianın “tutmanın ipoteka və girov predmetlərinə yönəldilməsi ilə bağlı cəkiləcək xərclərin cavabdehlərdən bankın xeyrinə müştərək qaydada tutulması barədə” hissəsi təmin edilməmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bu qətnamədən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4370/2012 saylı, xx.xx.2012-ci il tarixli qərarı ilə təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

3. Azərbaycan Respublikasının Mərkəzi Bankının Pakistan Milli Bankının Bakı Filialının ləğvedicisi cənab X12 ünvanladığı xx.xx.2022-ci il tarixli, 6-1.27-2-2022-14846 saylı məktubunda “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.2-ci və 17.3-cü maddələrinin tələbləri rəhbər tutulmaqla, Pakistan Milli Bankının müraciəti əsasında X13 Heyətinin 11 oktyabr 2022-ci il tarixli Qərarı ilə Pakistan Milli Bankının Bakı Filialına verilmiş 30 iyun 2005-ci il tarixli, 248 nömrəli bank lisenziyasının ləğv edildiyi, qərarın 13 oktyabr 2022-ci il tarixində kütləvi informasiya vasitələrində dərc edildiyi və Qanunun 18.1-ci maddəsinə əsasən 14 oktyabr 2022-ci il tarixindən qüvvəyə minmiş hesab olunacağı, lisenziyanın ləğvi barədə qərar qüvvəyə mindiyi gündən Filialın Mərkəzi bankda müxbir hesablarının bağlanacağı, ləğvetmə dövründə Filialın bütün əməliyyatların Mərkəzi Bankda açılmış cari hesab vasitəsi ilə aparılmalı olması, ləğvetmə planının icra statusuna, o cümlədən kreditorlar qarşısında öhdəliklərin icrasına dair məlumatların, eləcə də hər ayın son gününə balans və mənfəət-zərər hesabatlarının növbəti ayın 5-dək Mərkəzi Banka təqdim edilməsi, habelə ləğv edilən filialın Mərkəzi Bankda cari hesabın açılması üçün müraciət edilməsinin ona tapşırıldığı bildirilmişdir.

4. Pakistan Milli Bankının Bakı Filialının İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda məhkəmə qətnaməsi ilə ondan Bankın xeyrinə 91.074,35 manat məbləğində pulun tutulduğu, həmin qətnaməyə əsasən hazırda ödənilməmiş borc məbləğinin 9.346,58 manat təşkil etdiyi, bank sistemində ümumi borcun 96.326,21 manat olduğu bildirilmişdir.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24 yanvar 2023-cü il tarixli, 2(011)-6462/2022 saylı ekspert rəyinə əsasən tərəflər arasında bağlanmış 17 dekabr 2009-cu il tarixli, 90 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla ekspert qarşısında qoyulmuş suallar üzrə İddiaçı bütün ödənişləri nəzərə alınmaqla Pakistan Milli Bankının Bakı Filialına yaranmış borcun məbləği 8.617,40 manat məbləğində müəyyən edilir. Bank tərəfindən xx.xx.2011-ci il tarixdən etibarən faizlərin hesablanması dayandırılaraq, həmin tarixdən sonra edilən ödənişlər əsas borc məbləğinə yönəldilmişdir. 15 oktyabr 2010-cu il tarixdən bü günədək İddiaçı tərəfindən Pakistan Milli Bankının Bakı Filialına ödənilmiş 97.690,75 manat məbləğində olan ödənişlər, 15 oktyabr 2010-cu il tarixdən sonra Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4153/2011 saylı, 14 noyabr 2011-ci il tarixli qətnaməsi ilə cavabdehin xeyrinə tutulması qət edilmiş 91.074,53 manat əsas borc məbləğinə yönəldiyi halda İddiaçı Pakistan Milli Bankının Bakı Filialına olan borcunun tam ödənildiyi və 6.616,22 manat məbləğində artıq ödənişin olduğu müəyyən edilir.

Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı cavabdeh ləğv prosesində olan Pakistan Milli Bankının Bakı Filialına qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, banka ödədiyi (nəzərə alınmamış, borcdan çıxılmamış) 18.098 manat məbləğində puldan bank tərəfindən ona borc kimi yazılmış 9.346,58 manat məbləğində pulun çıxılması və qalan 8.751,42 manat məbləğində pul vəsaitinin, tərəfindən dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması, bank tərəfindən (iddiaçıya əsassız hesablanmış) onun bank sistemində borc kimi göstərilmiş ümumi 96.326,12 manat borcdan 9.346,58 manat məbləğində pulun çıxılması və qalan əsassız hesablanmış 86.979,54 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4153/2011 saylı, 14 noyabr 2011-ci il tarixli qətnaməsi ilə ondan Bankın xeyrinə 91.074,53 manat məbləğində pulun tutulması qət edilmiş və bununla bağlı icra vərəqəsi verilmişdir. Həmin vaxt işə baxılarkən onun tərəfindən mövcud olan borc məbləğindən banka 18.098 manat məbləğində pul ödəmişdir. Lakin qeyd edilən qətnamə çıxarılarkən həmin məbləğ nəzərə alınmamışdır. Belə ki, məhkəmə qətnaməsi ilə qət edilmiş 91.074,35 manat məbləğində pulun tam ödənilməsinə baxmayaraq, bank xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda heç bir əsas olmadan onun 9 346,58 manat məbləğində borcunun olduğunu göstərmişdir. Bankın sistemində ümumi borc məbləği 96 326, 12 manat göstərilmişdir. Hesab edir ki, banka ödədiyi 18.098 manat məbləğində puldan ona borc kimi yazılmış 9.346,58 manat məbləği çıxılmalı və qalan 8.751,42 manat məbləğində pul vəsaiti və tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu bankdan tutularaq, ona ödənilməlidir. Borc kimi göstərilmiş 96.326,12 manat borcdan 9.346,58 manat məbləği çıxılmalı və qanunsuz hesablanmış 86.326,12 manat silinməlidir.

8. Cavabdeh ləğv prosesində olan Pakistan Milli Bankının Bakı Filialının nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə iddia müddətinin tətbiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə ərizələr təqdim edərək qeyd etmişdir ki, İddiaçı etdiyi ödənişlərdən və qalıq borc məbləğindən xəbərdar idi, hər dəfə bankdan vaxt alaraq ödənişlər edəcəyini bildirirdi. İddiaçı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 181/2011 saylı, 14 noyabr 2011-ci il tarixli qətnaməsi qanuni qüvvəyə mindikdən 11 il sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyindən iddia müddəti üzrsüz səbəbdən ötürülmüşdür. İddia müddətinin tətbiq edilməsi barədə ərizə iddia ərizəsinin üzrsüz səbəbdən ötürülmüş hesab edilməsi üçün əsasdır. Bu da digər əsaslarla bilrikdə məhkəmənin iddiadan imtina barədə qətnamə çıxarılması üçün əsasdır. Bundan əlavə, məsələyə qanuni qüvvəsini almış məhkəmə aktları ilə qiymət verildiyindən və iddiaçının banka məhkəmə qətnaməsi üzrə borc məbləğindən 9.346 manat vəsaitinin ödənilmədiyini nəzərə alaraq, hazırki iddia ümumiyyətlə məhkəmənin icraatına qəbul edilə bilməzdi.

9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-289/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı cavabdeh Pakistan Milli Bankının Bakı filialına borcunun olmadığının müəyyən edilməsi, cavabdeh Pakistan Milli Bankının Bakı Filialından artıq ödənilmiş 6 616,40 (altı min altı yüz on altı manat, qırx qəpik) manat məbləğində pul vəsaitinin və 55 (əlli beş) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş 110 (bir yüz on) manat dövlət rüsumunun qalan 55 (əlli beş) manatının İddiaçı özünə aid edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın 50 (əlli) manatının İddiaçı, qalan 50 (əlli) manatının isə cavabdeh Pakistan Milli Bankının Bakı filialından alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. (hakim X7)

10. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, iddia tələbinin hüquqi əsasını cavabdehin artıq ödənilmiş vəsait hesabına əsassız varlanması halı təşkil etdiyi qənaətinə gəlmişdir. Məhkəmə xx.xx.2023-cü il tarixli, 9/8678 saylı ekspert rəyini mötəbər sübut kimi qiymətləndirib, iddiaçının 15 oktyabr 2010-cu il tarixdən sonra ödədiyi vəsaitlərin əsas borcdan deyil, faiz borcundan silindiyi, hesablamanın məhz belə aparıldığı üçün və ödənilmiş məbləğlərdən faizin tutulmasının yalnız 07 sentyabr 2011-ci il tarixdə dayandırıldığı üçün 17 dekabr 2009-cu il tarixli müqavilə üzrə iddiaçının 8.817,40 manat məbləğində borcunun olmasını, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsində 20 oktyabr 2010-cu il tarixə olan 91.074,35 manat borcdan iddiaçı tərəfindən 15 oktyabr 2010-cu il tarixdən sonra ümumilikdə 97.690,95 manat vəsaitin ödənildiyini müəyyən etmişdir. Nəticədə məhkəmə qeyd edilən qətnamə ilə müəyyən edilmiş 91.074,35 manat məbləğində borcun iddiaçı tərəfindən tam ödənilməsini nəzərə alaraq, onun qətnamə üzrə borcunun olmaması qənaətinə gəlmiş və artıq ödənilmiş vəsaitin iddiaçıya geri ödənilməli olması ilə bağlı iddia tələbini qismən əsaslı hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsini əsassız hesab edərək, müddətin ötürülməməsi qənaətinə gəlmişdir. Belə ki, iddiaçıya borcla bağlı məlumat 09 sentyabr 2022-ci il tarixdə bankın xəbərdarlıq məktubu ilə verilmiş və iddiaçı hazırkı ərizə ilə 29 sentyabr 2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.4-cü, 1091.1-ci, 1095-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci, 124.1-ci, 217.4-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh ləğv prosesində olan Pakistan Milli Bankının Bakı Filialı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı kreditin götürüldüyü vaxtdan ödənişləri mütəmadi olaraq gecikdirmiş, bununla da əlavə faiz və cərimə borcları yaranmışdır. Məhkəmə qərar qəbul edərkən nəzərə almamışdır ki, xx.xx.2010-cu il tarixdən xx.xx.2011-ci il tarixədək edilmiş ödənişlər gecikdirilmə nəticəsində yaranmış faizlərə silinmişdir. Məhkəmənin gözdən qaçırdığı və iş üzrə ən əhəmiyyət kəsb edən məqamı ekspert rəyinin nəticəsinin 1-ci bölməsində qeyd edilmişdir. Həmin ekspert rəyinin 1-ci sualına cavab olaraq ekspert edilmiş bütün ödənişləri nəzərə almış və iddiaçının bugünki günə qədər banka 8.617.40 manat borcunun olmasını müəyyən etmişdir. Lakin məhkəmə maddi hüquq normasının tələblərini kobud surətdə pozmuşdur ki, bu da qanunsuz məhkəmə qətnaməsinin çıxarılması ilə nəticələnmişdir. Məhkəmə cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqinə dair ərizəyə çox absurd şəkildə münasibət bildirərək, iddiaçıya xəbərdarlıq məktubunun xx.xx.2022-ci il tarixdə təqdim edildiyini, iddiaçının məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etdiyini qeyd etmiş və axırıncı tərəfindən iddia müddətinin ötürülmədiyi qənaətinə gəlmişdir. Lakin iddiaçı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsindən xəbərdar olmuş, hətta tərəflər arasında əldə olunmuş şifahi razılaşmaya əsasən, iddiaçı banka olan borcu ödəyəcəyinə söz vermiş, bank isə hərracın keçirilməsini dayandırmışdır. xx.xx.2011-ci il tarixdən isə məhkəmə qətnaməsi üzrə borcdan ödəniş etməyə başlamış, xx.xx.2022-ci il tarixədək banka 81.728,77 manat vəsait ödəmişdir. Bank tərəfindən ona göndərilmiş xəbərdarlıq məktubunda isə qətnamə üzrə ödənməli olan 9.346 manat vəsait ondan tələb edilmişdir. Yəni iddiaçı məhkəmə qətnaməsi üzrə borcdan xx.xx.2011-ci il tarixdə xəbərdar olmuş, qətnamədən apellyasiya şikayəti verməyərək borcla razılaşmış və sözügedən tarixdən bugünə qədər 81.728,77 manat vəsait ödəmişdir. İddiaçı 11 ildən sonra məhkəməyə müraciət edərək, ona artıq ödəmənin sonradan məlum olduğunu bildirmiş, lakin hansı səbəbdən qətnamə üzrə ödənişləri həyata keçirərkən 18.098 manat artıq ödəməni banka bildirmədiyini əsaslandıra bilməmişdir. Lakin məhkəmə iddia müddətinin tətbiqinə dair ərizəyə düzgün qiymət verməyərək, cavabdehin hüquqlarını kobud surətdə pozan qətnamə qəbul etmişdir ki, bu da həmin qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Mülki işə baxılarkən məhkəməyə icraata xitam verilməsi ilə bağlı ərizə təqdim edilsə də, məhkəmə ümumiyyətlə ərizəyə qiymət verməmiş, qətnaməsində bu məsələyə dair heç bir münasibət bildirməmişdir. Təqdim edilmiş ekspert rəyindən də görünür ki, iddiaçının hazırki vəziyyətdə banka borcu vardır və əsassız varlanmadan söhbət belə gedə bilməz. Borcun tutulması və tələbin ipoteka predmetlərinə yönəldilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsində hazırki məsələ araşdırılmış və məhkəmə qətnaməsi qanuni qüvvəsini almışdır. İddiaçının həmin qətnamədən apellyasiya şikayəti vermək əvəzinə 11 ildən sonra hazırki iddia ilə məhkəməyə müraciət etməsi prosessual normanın tələblərinin kobud surətdə pozulmasından başqa bir şey deyildir. Məhkəmə iş materiallarında olan sübutlara düzgün qiymət verməmiş, işin hərtərəfli araşdırılmasını təmin etməmiş, cavabdehin hüquqlarını kobud surətdə pozan qətnamə qəbul etmişdir. Belə ki, iş materiallarında olan ekspert rəyindən hər şey açıq-aşkar göründüyü halda, məhkəmə ekspert qarşısına düzgün qoyulmamış suala verilmiş cavabı rəhbər tutaraq kobud pozuntuya yol vermişdir. Hazırki işdə məhkəmənin qətnaməsi qanuni və əsaslı hesab edilə bilməz.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasında iştirak edən cavabdeh ləğv prosesində olan Pakistan Milli Bankının Bakı Filialının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Pakistan Milli Bankının Bakı Filialı hazırda könüllü ləğvetmə prosesindədir. Bu baxımdan da banka qarşı iddia qaldırıla bilməz. Həmçinin, iddiaçı iddia müddətini də ötürmüşdür ki, bu halın mövcudluğu da iddianın rədd edilməsi üçün əsasdır. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

16. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

17. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək, bildirmişdir ki, birinci instansiya məhkəməsi iddia müddətinin tətbiq edilməsi barədə ərizəni iddiaçının son ödənişinin 2022-ci il tarixdə olması əsası ilə təmin etməmişdir. Tərəflər arasında olan əvvəlki məhkəmə mübahisəsi ilə hazırki məhkəmə mübahisəsinin predmeti tam fərqlidir. İddiaçı məhkəmə qətnaməsi qanuni qüvvəyə minməmiş borc məbləğindən ödənişlər edərək, borcu bağlamışdır. Sonradan bank doqquz min manat borc məbləğinin yaranması ilə bağlı bildiriş göndərdiyindən iddiaçı bununla bağlı banka müraciət etmiş və 18.000 manat banka artıq ödəniş etdiyini bildirərək tələb edilən 9.000 manat borcun həmin məbləğdən çıxılmasını, qalan məbləğin ona qaytarılmasını tələb etmişdir. İş materiallarında olan ekspert rəyinin nəticə hissəsinin birinci bəndi cavabdehin, üçüncü bəndi iddiaçının xeyrinədir. Digər tərəfdən Pakistan Milli Bankının Bakı Filialı könüllü ləğvetmə prosesində olduğu üçün banka qarşı qaldırılan iddia əsaslı və qanunidir və artıq ödənilmiş vəsaitin geri alması üçün iddiaçının kreditor kimi qeydə alınmasına ehtiyac yoxdur.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 59.1-ci maddəsinə əsasən hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir; 59.2-ci maddəsinə əsasən təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə, o cümlədən hüquqi şəxsin mövcudluğu üçün nəzərdə tutulan müddətin qurtarması və ya yaradılması zamanı qarşıya qoyulan məqsədin əldə edilməsi ilə əlaqədar olaraq hüquqi şəxs ləğv edilə bilər; 59.2.1-ci maddəsinə əsasən hüquqi şəxs onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə, o cümlədən hüquqi şəxsin mövcudluğu üçün nəzərdə tutulan müddətin qurtarması və ya yaradılması zamanı qarşıya qoyulan məqsədin əldə edilməsi ilə əlaqədar olaraq ləğv edilə bilər; 59.2-1-ci maddəsinə əsasən bu Məcəllənin 59.2.1-ci maddəsində göstərilən əsaslar üzrə hüquqi şəxsin ləğv edilməsi təşəbbüsü ilə çıxış edən iştirakçı və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanı hüquqi şəxsin cari fəaliyyətinə rəhbərlik edən icra orqanından hüquqi şəxsin bütün kreditorlarının tələblərini 12 ay ərzində qarşılamaq üçün ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanatın (aktiv və passivlərinin vəziyyəti barədə) qəbul edilməsini tələb edir. Hüquqi şəxsin icra orqanı ləğvetmə qərarından ən çoxu 20 gün əvvəl bu bəyanatı qəbul edir və ya belə bəyanatın qəbul edilməsinin mümkünsüz olduğunu bildirir. İcra orqanı bəyanatın qəbul edilməsinin mümkünsüzlüyünü bildirdikdə, iştirakçıların ümumi yığıncağı hüquqi şəxsin bütün kreditorlarının tələblərini 12 ay ərzində qarşılamaq üçün ödəmə qabiliyyətinin olubolmamasını təsdiq etmək üçün müstəqil auditor cəlb edə bilər. Müstəqil auditor hüquqi şəxsin ödəmə qabiliyyətinin olmasını öz rəyi ilə təsdiq etdikdə, həmin rəy bu maddə ilə müəyyən edilmiş bəyanata bərabər tutulur; 59.7-ci maddəsinə əsasən xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin ləğv edilməsi zamanı hüquqi şəxslərin ləğvi üçün bu Məcəllə və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydalar tətbiq edilir; 60.2-ci maddəsinə əsasən ləğvetmə prosesi ərzində hüquqi şəxsin hüquq qabiliyyəti tam həcmdə saxlanılır; 61.4-cü maddəsinə əsasən ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) hər hansı bir kreditorun irəli sürdüyü tələblə razılaşmadığı halda həmin kreditor məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Tələb barədə məhkəmə qərarı qəbul edilənədək onun təmin edilməsi üçün zəruri olan vəsait saxlanılmalıdır; 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 373.4-cü maddəsinə əsasən tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir; 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.3-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 131.1-ci maddəsinə əsasən “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində, lisenziyasının ləğvi, məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankının qəbul etdiyi inzibati aktlar üzrə mübahisələrə apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılır; 132.1-ci maddəsinə əsasən “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankının ərizələrinə apelyasiya instansiyası məhkəmələri tərəfindən baxılır.

21. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 58.2-ci maddəsinə əsasən bankın könüllü ləğvi bu Qanunun tələbləri nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən edilmiş qaydada həyata keçirilir. Bank bu təqdirdə Mərkəzi Banka onun tələb etdiyi zəruri sənədləri və məlumatları təqdim etməlidir və ortaya çıxan məsələləri araşdırmaq məqsədilə Mərkəzi Bankın yazılı müraciəti əsasında onun səlahiyyətli əməkdaşlarının bankın binasına daxil olmasına və ləğvetmə ilə bağlı bankın istənilən mühasibat kitabları və yazıları ilə işləməsinə imkan yaratmalıdır.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarına əsasən əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir. Apellyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

24. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

25. Hazırki apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb, hеsаb еdir ki, apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən tutulan pulun məbləği hissəsində dəyişdirilməlidir.

27. Məhkəmə kollegiyası bu sahəni tənzimləyən qanunvericiliyin yuxarıda göstərilən və digər aidiyyəti müddəalarına istinadən ilk öncə qeyd edir ki, müraciətinə əsasən X13 Heyətinin 11 oktyabr 2022-ci il tarixli Qərarı ilə cavabdehə verilmiş 30 iyun 2005-ci il tarixli, 248 nömrəli bank lisenziyası ləğv edilmiş, hazırda cavabdeh könüllü ləğv prosesindədir. Bu da öz növbəsində ona qarşı qaldırılmış iddiaya hazırki qaydada baxılmasını mümkün edir. Başqa sözlə bu əsasla iş üzrə icraata xitam verilə bilməz.

28. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən vurğulayır ki, tərəflər arasında xx.xx.2009-cu il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən cavabdeh tərəfindən iddiaçıya 36 ay müddətinə illik 20% dərəcəsi ilə faiz ödəmək şərti ilə 94.000 manat məbləğində kredit verilmişdir. İddiaçı həmin məbləği qəbul etmiş, lakin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməyərək, müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödəniş etməmişdir. Bunun nəticəsi olaraq tərəflər arasında kredit borcunun qaytarılması ilə bağlı məhkəmə mübahisəsi yaranmış və iddiaçıdan cavabdehin xeyrinə məhkəmə qaydasında 91.074,35 manat məbləğində kredit borcu, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş rüsumun əvəzi olaraq 30 manat məbləğində pul tutulmuş və bu barədə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-917/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsi icra olunması üçün ərazi aidiyyəti üzrə İcra şöbəsinə göndərilmişdir.

29. Hazırda iddiaçı qeyd edilən qətnamənin icrası qaydasında tərəfindən 9.346,58 manat məbləğində artıq ödəniş edildiyini iddia edir və borcunun olmadığının müəyyən edilməsini, artıq ödənilmiş məbləğin isə ona qaytarılmasını tələb edir. Təqdim edilmiş mühasibat sənədlərindən və onların əsasında keçirilmiş məhkəmə-mühasibat ekspertizasının nəticələrinə dair tərtib edilmiş ekspert rəyindən bütün ödənişləri nəzərə alınmaqla iddiaçının cavabdehə 8.617,40 manat məbləğində borcunun yarandığı, 15 oktyabr 2010-cu il tarixdən bü günədək isə iddiaçı tərəfindən cavabdehə ümumilikdə 97.690,75 manat məbləğində pulun ödənildiyi, iddiaçıdan qətnamə üzrə tutulması qət edilmiş məbləğin 91.074,53 manat olması nəzərə alındığı halda, iddiaçının cavabdehə borcunun tam ödənildiyi və 6.616,22 manat məbləğində artıq ödənişin olduğu müəyyən edilir.

30. Məhkəmə kollegiyası mötəbər sübut kimi qiymətləndirdiyi həmin ekspert rəyinə istinadən qeyd edir ki, bütün ödənişlər nəzərə alınmaqla həmin müqavilə üzrə iddiaçının cavabdehə 8.617,40 manat məbləğində borcunun yaranması hazırki mübahisənin predmeti deyil və iddiaçı tərəfindən cavabdehə öhdəlikdən kənar, yəni tələb olunan məbləğdən artıq məbləğdə ödənişin olmaması qənaətinə gəlməyə əsas vermir.

31. Belə ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən 91.074,35 manat məbləğində pul xx.xx.2010-cu il tarixə yaranmış borc məbləği kimi göstərilmişdir. Başqa sözlə, həmin qətnaməyə əsasən iddiaçının xx.xx.2010-cu il tarixə olan borcunun ümumi məbləği (ekspert rəyində göstərilsə də, qətnamənin mövcudluğu qarşılığında borc məbləğinin bu məbləğdən artıq olması artıq öz hüquqi əhəmiyyətini itirmiş olur) məhz 91.074,35 manat təşkil edir və bu tarixdən sonra yalnız həmin məbləğdə pul ödənilməli idi. Lakin hesabdan çıxarış məlumatlarına əsasən bu tarixdən sonra ümumilikdə 97.690,75 manat məbləğində ödəniş aparılmışdır. Bu göstərici məhkəmə ekspertinin rəyi ilə də təsdiq olunur. Belə olan halda, iddiaçı tərəfindən cavabdehə öhdəlikdən kənar, yəni tələb olunan məbləğdən (97.690,75 – 91.074,35 = 6.612,22) artıq 6.612,22 manat məbləğində pulun ödənildiyi öz təsdiqini tapır.

32. Bununla belə, cavabdeh yuxarıda göstərilən icra sənədinin icrası qaydasında hissə-hissə aparılmış ödənişləri qəbul edərkən ödənilməli olan ümumi məbləği, yəni 91.074,35 manat pulu qəbul etdikdən sonra borcun tam ödənilməsi barədə müvafiq sənədi iddiaçıya, habelə icra şöbəsinə təqdim etməmiş və bu məbləğ tam ödənildikdən sonra da ümumilikdə 6.612,22 manat məbləğində ödəniş qəbul etmişdir. Halbuki bunun üçün hər hansı əsas olmamışdır. Bununla da, hüquqi nəticə etibarı ilə cavabdeh hər hansı qanuni və ya müqavilə əsası olmadan iddiaçınin hesabına 6.612,22 manat məbləğində pulu əldə etmiş və sonuncuya məxsus olan bu məbləği özündə saxlamaqla əsassız olaraq varlanmışdır. Bu da öz növbəsində həmin məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulmasını şərtləndirir.

33. Lakin nəzərə alınmalıdır ki, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Cavabdeh də hazırki iddiaya iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, iddianın həm də bu əsasla rədd edilməsini tələb edir. Bu baxımdan nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 5.000 manat, bundan əvvəl isə xx.xx.2019-cu il tarixdə 500 manat məbləğində pul ödənilmiş, hazırki iddia isə xx.xx.2022-ci il tarixdə qaldırılmışdır. Bununla belə, 5.000 manat istisna olmaqla, qalan (6.612,22 – 5.000 = 1.612,22) 1.612,22 manat məbləğinin tutulması tələbini iddiaçı tərəfindən 2 illik iddia müddəti keçirilməklə (ötürülməklə) irəli sürüldüyündən və cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə verdiyindən, iddianın bu hissəsinə iddia müddəti tətbiq edilməli və həmin hissədə iddia bu əsasla rədd edilməlidir.

34. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, yuxarıda göstərilən icra sənədi üzrə iddiaçı tərəfindən cavabdehə 91.074,35 manat məbləğində pulla yanaşı, həmçinin, ümumilikdə 50 manat məbləğində dövlət rüsumu da ödənilməlidir. Lakin bu məbləğin ödənilməsi təmin edilməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, həmin məbləğin də ödənilməsi təmin edilməli və bu məbləğ məhkəmə kollegiyası tərəfindən əsassız varlanma nəticəsində əldə edilmiş məbləğ kimi qiymətləndirilmiş 5.000 manat puldan çıxılmalı (5.000 – 50 = 4950), qalan 4.950 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

35. Beləkilə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi cavabdehdən iddiaçının xeyrinə 6.616,40 manat məbləğində pul tutmaqda haqlı olmamışdır. Bu səbəbdən apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-289/2023 saylı, 04 aprel 2023-cü il tarixli qətnaməsi cavabdehdən iddiaçının xeyrinə tutulan pulun məbləği hissəsində dəyişdirilməli, cavabdeh ləğv prosesində olan Pakistan Milli Bankının Bakı Filialından İddiaçı xeyrinə artıq ödənilmiş 4.950 manat məbləğində pul vəsaiti və bu məbləğə uyğun olaraq ödənilmiş dövlət rüsumunun 69,50 manat hissəsinin əvəzi tutulmalı, dövlət rüsumunun qalan (110 – 69,50 = 40,50) 40,50 manat hissəsi İddiaçı özünə aid edilməlidir. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh Pakistan Milli Bankının Bakı Filialına aid edilməlidir.

36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh ləğv prosesində olan Pakistan Milli Bankının Bakı Filialının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 289/2023 nömrəli, 04 aprel 2023-cü il tarixli qətnaməsi cavabdeh ləğv prosesində olan Pakistan Milli Bankının Bakı Filialından İddiaçı xeyrinə tutulan pulun məbləği hissəsində dəyişdirilsin. Cavabdeh ləğv prosesində olan Pakistan Milli Bankının Bakı Filialından İddiaçı xeyrinə artıq ödənilmiş 4.950 (dörd min doqquz yüz əlli) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 69,50 (altmış doqquz manat, əlli qəpik) manat hissəsinin əvəzi tutulsun. Dövlət rüsumunun qalan 40,50 (qırx manat, əlli qəpik) manat hissəsi İddiaçı özünə aid edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh ləğv prosesində olan Pakistan Milli Bankının Bakı Filialına aid edilsin. Qətnamə çıxarıldığı andan dərhal qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar