Məhkəmə qərarları › İş №2(103)-4070/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4070/2024

23.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4070/2024 23.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Əhmədov Həsən Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 09 aprel 2024-cü il tarixli qətnamədən iş üzrə tərəflərin ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinə əsasən işə, İddiaçı vəkili (nümayəndəsi) Vəkil1 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi (iş № 2(005)-1846/2022) ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq, onunla cavabdehin birgə nikahından doğulmuş uşaqların - xx.xx.2015-ci il təvəllüdlü Altun və xx.xx.2018-ci il təvəllüdlü Tahirənin yetkinlik yaşına çatana kimi saxlanılması üçün, hər ay hər bir uşaq üçün cavabdehdən onun xeyrinə tutulan 193 manat sabit pul məbləğində alimentin artırılaraq hər bir uşaq üçün 250 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, əvvəlki qətnamə ilə təyin edilmiş 193 manat məbləğində aliment uşaqların saxlanılması üçün artıq kifayət etmir. Uşaqlar böyüdükcə qayğıları və xərcləri də artır. Cavabdeh, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mühafizə Baş İdarəsində işləyir və dövlət tərəfindən kifayət qədər maddi təminatı olan şəxsdir, ailəsində olan anası əmək haqqı alır. Cavabdehin zəruri vəsaitə malik olsa da uşaqlara qayğı göstərmir, onlarla maraqlanmır. İddiaçı işləmir, hər hansı gəliri yoxdur, uşaqları öz valideynlərinin köməkliyi ilə saxlayır. Altun 3-cü sinifdə, Tahirə isə məktəbəqədər tədrisdə oxuyur. Altun bronxit astma xəstəliyindən əziyyət çəkir, ayaqlarında sümük deformasiya əlamətləri ilə bağlı əyriliyi vardır. Mütəmadi müalicə kursları qəbul edir və bu müalicə kurslarının uzun müddət davam etdirilməsi məsləhət görülmüşdür. Lakin maddi vəsait kifayət etmədiyi üçün xəstə uşağın müalicəsi yarımçıq qalmışdır. b) iddia tələbinə qarşı etiraz barədə məlumat

3. Cavabdehin iddiaya qarşı etirazı isə belə əsaslandırılmışdır ki, iddiaçı, alimentin miqdarının hansı zərurətdən dəyişdirilməsini əsaslandıra bilməmiş, əmək haqqının artması barədə sübut təqdim etməmiş və sırf formal əsaslarla məhkəməyə müraciət etmişdir. Aliment miqdarı müəyyən edildikdən sonra cavabdehin maddi vəziyyətində hər hansı yaxşılaşma olmamış və əmək haqqısı artmamışdır. Cavabdehin işlədiyi İdarə tərəfindən əlavə yerdə işləməyə icazə verilmədiyi üçün əlavə gəliri yoxdur. Cavabdeh xx.xx.2022-ci il tarixdə yeni rəsmi nikaha daxil olmuş və ailə xərcləri artmışdır. Digər tərəfdən uşaqların saxlanılması bir valideynin deyil hər iki valideynin vəzifəsidir. Uşağın xəstəliyi barədə cavabdehin məlumatı yoxdur. İddiaçı uşağı cavabdehə göstərsə özü uşağı müalicə üçün həkimə apara bilər. Lakin iddiaçının tələb etdiyi aliment miqdarını ödəmək imkanı yoxdur. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, (bu) qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1846/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarının artırılmasını və uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər uşaq üçün hər ay 205 manat olmaqla, cəmi 410 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsini, iddia tələbinin qalan hissədə təmin edilməməsini, cavabdehdən 69,20 manat məbləğində dövlət rüsumunun alınaraq dövlət büdcəsinə keçirilməsini qət etmişdir.

5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş aliment məbləğlərinin uşağın tələbatlarının çoxalması və ölkədə uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minumumunun artırılmasına əsaslanmaqla tələb etmişdir; hansı ki, Nərimanov Rayon Məhkəməsi xx.xx.2022-ci il tarixli qətnaməsi ilə onun xeyrinə hər uşaq üçün 193 manat aliment tutulmasını müəyyənləşdirərkən müvafiq dövrün həyat standartlarını və uşağın ehtiyaclarının səviyyəsini əsas götürmüşdür - hazırda isə bu vəziyyət dəyişməklə həm uşaqlar böyümüş və ehtiyacları artmış, həm də uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minumumu 2024-cü il üçün artırılaraq 235 manat nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüdüyü də nəzərə alınmaqla, tərəflərin vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Lakin iddiaçı cavabdehin hər ay hər uşaq üçün 250 manat aliment ödəmək imkanı olduğunu təsdiq edən sübut təqdim edə bilmədiyindən, uşağın saxlanılması hər iki valideynin öhdəliyi olduğundan aliment məbləğinin 205 manat müəyyən edilməsi daha ədalətlidir. d) apellyasiya şikayətləri barədə məlumat

6. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilərək tutulmalı olan alimentin miqdarının hər bir uşaq üçün 250 manat müəyyən edilməsini xahiş etmişdir.

7. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində həmçinin qeyd olunmuşdur ki, Rayon Məhkəməsi işin hallarını nəzərə almayaraq alimentin miqdarını düzgün müəyyən etməmişdir.

8. Cavabdeh də öz növbəsində Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.

9. İddiaya etirazın əsasları ilə eynilik təşkil edən cavabdehin apellyasiya şikayətində isə əlavə olaraq göstərilmişdir ki, Rayon Məhkəməsi işin faktiki hallarını araşdırmadan, cavabdehin maddi və sosial vəziyyətini öyrəndmədən səhv nəticəyə gələrək iddianı qismən təmin etmişdir. e) apellyasiya baxışı iclasında tərəflərin iştirakı və verdikləri izahatlar barədə məlumat

10. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək iddiaçının apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddiaçının apellyasiya şikayətinin məzmununa, habelə iddia ərizəsinin əsaslarına uyğun izahat verdi.

11. Cavabdeh və onun vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq apellyasiya baxışı iclasında iştirak etməmişdir.

12. Cavabdehin vəkili (nümayəndəsi) vəsatət verərək, cavabdehin və özünün məhkəmə iclaslarında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirimş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Lakin üzrlü səbəblərin nədən ibarət olması qeyd edilməmiş və üzrlü səbəblər barədə hər hansı sübut əlavə edilməmişdir. Bu səbəbdən Məhkəmə vəsatəti əsassız hesab edərək rədd etmişdir.

13. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

14. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

15. Belə ki, işdə olan sənədlərdən və iş üzrə tərəflərin məhkəmələr verdikləri məlumatlardan bəlli olur ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə hazırki iş üzrə tərəflər arasındakı nikahın pozulması, bu nikahdan doğulmuş uşaqların – xx.xx.2015-ci il təvəllüdlü Altun və xx.xx.2018-ci il təvəllüdlü Tahirənin anasının, hazırki iş üzrə iddiaçının yanında saxlanılması, uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün, hər ay hər bir uşaq üçün cavabdehdən iddiaçının xeyrinə 193 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.

16. Hazırda iddiaçı uşağın saxlanılması üçün tutulan alimentin miqdarının artırılaraq hər uşaq üçün 250 manat məbləğində müəyyən edilməsini xahiş edir.

17. İşə baxmış Rayon Məhkəməsi iddianı yuxarıda göstərilən əsaslara görə qismən təmin etmişdir

18. Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmayan iddiaçı alimentin miqdarının hər uşaq üçün 250 manat müəyyən edilməsini, cavabdeh isə iddianın rədd edilməsini xahiş edir.

19. Azərbaycan Respublikası Daxili İşlər Baş Mühafizə İdarəsi Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun mühafizəsi üzrə Polis İdarəsinin arayışından görünür ki, hazırki iş üzrə cavabdeh Polis İdarəsində manqa komandiri vəzifəsində xidmət edir və ayda hesablanan 775,90 manat əmək haqqından 14% gəlir vergisi (41,72 manat), 3% DSMF-na (23,28 manat), 1% ianə fonduna (3,81 manat), 2% tibbi sığortaya (14,24 manat) alimentə görə (300 manat) tutulduqdan sonra 392,85 manat əmək haqqı ödənilir.

20. İşdə olan 3 nömrəli Poliklinika Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2015-ci il təvəllüdlü Altun xx.xx.2023-cü il tarixdən yastıpəncə, döş qəfəsinin deformasiya və qamət əyriliyi ilə cərrahın qeydiyyatındadır.

21. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (maddə 78.1.). Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (maddə 78.2.). Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli şəxs tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (maddə 112.1.).

22. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanununa görə, 2024-cü ildə uşaqlar üçün yaşayış minimumu 235 manat təşkil edir.

23. Qeyd edilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Lakin bununla yanaşı nəzərə alınmalıdır ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşaq üçün 193 manat sabit pul məbləğində aliment tutulması qət edildikdən sonra, yaşayış minimumu ildən ilə tədricən artmışdır. Bundan başqa nəzərə alınmalıdır ki, uşaq böyüdükcə uşağın xərcləri artır və ötən dövr ərzində bazar qiymətləri də qalxmışdır. Belə olan halda, müəyyən edilir ki, Rayon Məhkəməsi tərəfindən cavabehdən tutulmalı olan alimentin miqdarının artırılması uşağın mənafeyinə uyğundur.

24. Eyni zamanda nəzərə alınmalıdır ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi aylıq gəlirinin aşağı olması barədə dəlili cavabdehi uşağını, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal səviyyədə saxlamaqdan azad etmir, bu onun, bir valideyn kimi borcudur.

25. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli qərarında qeyd edilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir Bunu nəzərə alan Məhkəmə cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir.

26. Alimentin təyin edildiyi vaxtdan indiyə qədər cavabdehin qazancında hər hansı dəyişikliyin olmaması, yenidən ailə həyatı qurması, kredit borclarının olması onu aliment öhdəliyindən azad etmir. Bu səbəbdən də cavabdehin apellyasiya şikayəti əsaslı hesab edilə bilməz.

27. Məhkəmə iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, MPMnin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Lakin iddiaçı, cavabdehin hər ay hər uşaq üçün 250 manat ödəmək üçün maddi imkanının olmasını təsdiq edən sübut təqdim edilmədiyi üçün Rayon Məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas təşkil etmir. g) apellyasiya baxışının nəticəsi

29. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətlərinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

30. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

31. Buna görə də, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə tərəflər hazırki qətnamədən kassasiya şikayəti verə bilməz. Çünki MPM-nin 402-ci maddəsinin mənasına görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz.

33. Hazırki iş üzrə iddianın qiyməti ((250 manat – 193 manat =) 57 manat x 12 ay = 684 manat)) 5.000 manatdan azdır.

34. Odur ki, apellyasiyanın nəticələrini nəzərə alan və MPM-in 384, 392, 393, 402-ci maddələrinin tələblərini rəhbər tutaraq, Məhkəmə

QƏT ETDİ:

Hər iki apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 09 aprel 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar