Məhkəmə qərarları › İş №2(103)-4071/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4071/2024

10.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4071/2024 10.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit və faiz borcunun ödənilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədovdan və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Ülviyyə Hadi qızı Məmmədlinin katibliyi, İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-278/2024 nömrəli iş üzrə 15 aprel 2024-cü il tarixli qətnaməsindən cavabdeh “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarında olan xx.xx.2007-ci il tarixli mənzilin alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı “X6” ASC Bakı şəhərində, Sabunçu rayonu ərazisində 2595 saylı məhəllədə Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində inşa etdirdiyi 5 saylı binanın, 1-ci blok, 190 saylı, 2 otaqdan ibarət, ümumi sahəsi 103 kv.metr olan mənzili “alıcı” Cavabdeh1 satmağı, alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin dəyəri 144200 manat təşkil edir;

2. “Texnikabank" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2010-cu il tarixli, AK-030 nömrəli kredit müqaviləsi və ödəniş cədvəlinin surətindən görünür ki, borc verən İddiaçı ASC borc alan Cavabdeh1 210 ay müddətinə, illik 12% hesablanmaqla, 52648,31 manat məbləğində kredit verməyi, borcalan isə müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür.

3. İş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə borclu Cavabdeh1 və zamin “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC arasında bağlanmış xx.xx.2010-cu il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC xx.xx.2010-cu il tarixli, AK-030 nömrəli kredit müqaviləsi üzrə öhdəliyin icra edilməməsi nəticəsində bank qarşısında borcalanla eyni şərtlər daxilində subsidiar məsuliyyət daşıyır;

4. AK/İ-030 saylı, xx.xx.2010-cu il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, ipoteka qoyan Cavabdeh1 mülkiyyət hüququ ilə ona məxsus olan ünvan ünvanda yerləşən 103 kv.m olan, 2 otaqlı mənzili xx.xx.2010-cu il tarixli, AK-030 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir;

5. Cavabdeh1 adına olan çıxarışdan görünür ki, bank tərəfindən borclunun hesabına xx.xx.2010-cu il tarixdə 52648,31 manat pul köçürülmüşdür;

6. xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 borcunun olması və onun 3 gün müddətində ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir;

7. xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC tərəfindən “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC borcunun olması və onun 3 gün müddətində ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir;

8. LPO İddiaçı ASC tərəfindən verilmiş 19 iyul 2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh1 xx.xx.2010-cu il tarixli, AK-030 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixinə əsas borcu 47150,44 manat, müqavilə müddəti üçün hesablanmış faiz borcu 41770,98 manat olmaqla, cəmi borcu 88921,42 manat təşkil edir;

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/7851 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 İddiaçı ASC-yə olan borcu xx.xx.2023-cü il tarixə 46605,66 manat əsas, 40655,67 manat faiz borcu, xx.xx.2023-cü il tarixə 46605,66 manat əsas, 41090,66 manat faiz borcu məbləğində müəyyən edilir. Ekspertiza xərci 100 manat təşkil edir;

10. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-278/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə qarşı pul tələbinə dair mülki iş üzrə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş əlavə ekspertiza təyin edilməsi barədə vəsatət rədd olunmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı LPO İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh1 və “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASCyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 08 iyul 2010-cu il tarixli AK-030 saylı kredit müqaviləsi ləğv edilərək, cəmi 88921.42 manat – bundan 47150.44 manat əsas, 41770.98 manat faiz borcunun və iş üzrə ödənilmiş 356.76 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlər Cavabdeh1 və “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-dən ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 08 iyul 2010-cu il tarixli, AK-030 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 210 ay müddətinə, illik 12 faiz ödəmək şərtilə 52648.31 manat məbləğində kredit verilmişdir. Kreditorun Borcluya Zamindən fərdi yaşayış sahəsinin/mənzilin alınması məqsədi üçün kredit verməsindən və Zaminin Kreditor qarşısında Borclunun Müqavilə üzrə öz öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürməsi barədə Bank ilə “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC arasında 08 iyul 2010-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən, bu müqavilə ilə müəyyən edilən öhdəliklərinin icrasının Kreditor qarşısında təminat üsulu Zaminin öz üzərinə götürdüyü subsidiar məsuliyyətdir. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 13-cü bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Eyni zamanda kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə cavabdeh “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC ilə İddiaçı ASC arasında bağlanmış 08 iyul 2010-cu il tarixli “Zaminlik” müqaviləsinin 4.2-ci maddəsinə əsasən, borclu davamlı olaraq 60 gün ərzində ona verilmiş kredit hissəsini və onun faizini ödəniş qrafiki üzrə ödəmədikdə və ya 12 ay ərzində 3 dəfədən artıq müddətdə ödəməli olduğu əsas və faiz borcu ödənişlərini möhlət müddətindən 5 gün artıq gecikdirərsə Kreditorun ilk yazılı müraciətinə əsasən Zamin Borclunun Kreditora olan əsas və faiz borcunu 20 iş günü müddətində Kreditora ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 7.4-cü bəndində qeyd edilmişdir ki: “Zamin bu Müqavilənin 4.2-ci bəndində qeyd olunmuş müddət ərzində borclunun öz üzərinə düşən öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditorun müqavilə üzrə tələblərini tam ödəməyə görə məsuliyyət daşıyır”. Bank tərəfindən Cavabdeh1 borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmuş və **********731 saylı xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubları göndərilmiş, lakin borclu öz üzərinə düşən öhdəliyi icra etməmişdir. Bank tərəfindən **********800 saylı xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə göndərilmiş, cavabdehlər Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişlər. Tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə əsasən Bank üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilələr üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdirlər. Nəticədə 14 iyul 2023-cü il tarixinə cavabdehlərin banka hesablanmış 47150.44 manat əsas, 41770.98 manat faiz, cəmi 88921.42 manat borcu yaranmışdır.

13. Cavabdeh “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC məhkəməyə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, Kreditor İddiaçı ASC-nin “Binəqədi” filialı ilə borcalan Cavabdeh1 arasında 08 iyul 2010-cu il tarixli, AK-030 saylı kredit müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən Kreditor Borcalana 210 ay müddətinə 52648,31 manat məbləğində kredit vermişdir. Eyni zamanda 08 iyul 2010-cu il tarixdə Kredidor İddiaçı ASC, Zamin “X6” ASC və borcalan Cavabdeh1 arasında üçtərəfli zaminlik müqaviləsi bağlanılmışdır. 08 iyul 2010-cu il tarixli zaminlik müqaviləsinin 4.1-ci bəndində qeyd olunur ki, bu müqavilə ilə müəyyən edilən kredit öhdəliklərinin icrasının kreditor qarşısında təminat üsulu zaminin öz üzərinə götürdüyü subsidiar məsuliyyətdir. Hesab edirik ki, zaminlik müqaviləsinə əsasən Akkordun məsuliyyəti subsidiar məsuliyyət olduğu üçün iddiaçı əvvəlcə əsas borcluya, Cavabdeh1 qarşı tələb irəli sürməli, yalnız borclunun müqavilədən irəli gələn vəzifələrinin məcburi icrasına və (və ya) dəymiş zərərin əvəzinin ödənilməsinə yönəlmiş zəruri hərəkətləri etdikdən sonra öhdəliyin icra edilməsi ilə bağlı subsidiar məsuliyyət daşıyan zaminə qarşı tələb irəli sürülə bilər. Beləliklə İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə və Cavabdeh1 qarşı iddia tələbi “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə aid hissədə əsassız olduğu üçün iddia tələbi həmin hissədə təmin olunmamalıdır.

14. İddiaçı LPO İddiaçı ASC etiraz ilə bağlı mülahizə təqdim edərək bildirmişdir ki, kreditorun borcluya zamindən fərdi yaşayış sahəsinin/mənzilin alınması məqsədi üçün kredit verməsindən və zaminin kreditor qarşısında borclunun müqavilə üzrə öz öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürməsi barədə Bank ilə “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC arasında 08 iyul 2010-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. 08 iyul 2010-cu il tarixli zaminlik müqaviləsinə əsasən, bu müqavilə ilə müəyyən edilən öhdəliklərinin icrasının kreditor qarşısında təminat üsulu zaminin öz üzərinə götürdüyü subsidiar məsuliyyətdir. 08 iyul 2010-cu il tarixli zaminlik müqaviləsinin 4.2-ci maddəsinə əsasən, borclu davamlı olaraq 60 gün ərzində ona verilmiş kredit hissəsini və onun faizini ödəniş qrafiki üzrə ödəmədikdə və ya 12 ay ərzində 3 dəfədən artıq müddətdə ödəməli olduğu əsas və faiz borcu ödənişlərini möhlət müddətindən 5 gün artıq gecikdirərsə kreditorun İlk yazılı müraciətinə əsasən zamin borclunun kreditora olan əsas və faiz borcunu 20 iş günü müddətində kreditora ödəməyi öhdəsinə götürür. Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən “Akkord Sənaye Tikinti investisiya Korporasiyası” ASCyə ünvanlanmış 22 sentyabr 2022-ci il tarixli **********477 saylı xəbərdarlıq məktubu ilə 08 iyul 2010-cu il tarixli zaminlik müqaviləsinin yuxarıda qeyd edilmiş bəndinə əsaslanaraq, zamin kimi öhdəliklərinin yerinə yetirməsi tələb edilmişdir. iddiaçı tərəfindən həmçinin zaminin subsidiar məsuliyyəti ilə bağlı qaydalara da riayət edilərək, borcludan borcun ödənilməsi tələb edilmişdir, borclu öhdəliyi icra etmədikdən sonra borclu və zaminə qarşı iddia qaldırılmışdır.

15. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-278/2024 nömrəli iş üzrə 15 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakim Nərgiz Tağıyeva) iddia tələbi qismən təmin edilərək cavabdehlər Cavabdeh1 və “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-dən 46605,66 manat əsas borc, 41090,66 manat faiz borcu olmaqla, cəmi 87696,32 (səksən yeddi min altı yüz doxsan altı manat, otuz iki qəpik) manat məbləğində pulun və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 357 manat pulun 352 (üç yüz əlli iki) manatının tutularaq LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması, məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 100 (yüz) manat pulun cavabdehlər Cavabdeh1 və “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASCdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN**********, AZ34CTRE********************, X2, KOD 210005, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilməsi qət edilmişdir.

16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 390.1, 442, 443.1, 445.1, 445.2.1, 448.1, 448.2, 453, 470.1, 472, 739.1, 739.2 və 741-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

17. Qətnamədən cavabdeh “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC apellyasiya şikayəti verərək qətnamənin cavabdeh “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə aid hissədə ləğv edilməsini və iddia tələbinin həmin hissədə rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, zaminlik müqaviləsinə əsasən Akkordun məsuliyyəti subsidiar məsuliyyət olduğu üçün iddiaçı əvvəlcə əsas borcluya, Cavabdeh1 qarşı tələb irəli sürməli, yalnız borclunun müqavilədən irəli gələn vəzifələrinin məcburi icrasına və (və ya) dəymiş zərərin əvəzinin ödənilməsinə yönəlmiş zəruri hərəkətləri etdikdən sonra öhdəliyin icra edilməsi ilə bağlı subsidiar məsuliyyət daşıyan zaminə qarşı tələb irəli sürə bilər. İddiaçı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 iyun 2018-ci il tarixli Qərarında qeyd olunan bütün lazımı tədbirləri görməmişdir. Belə ki, iddiaçı/kreditor öhdəliyin icrasının təmin edilməsi üçün bütün mümkün vasitələrdən istifadə etməmiş, məhkəmədə iddia qaldıraraq borclunun müqavilədən irəli gələn vəzifələrinin məcburi icrasını və (və ya) dəymiş zərərin əvəzinin ödənilməsinə yönəlmiş zəruri hərəkətləri yerinə yetirməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

20. Məhkəmə iclasında iştirak edən iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz etdiyini bildirərək təmin edilməməsini xahiş etdi.

21. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

22. Maddə 6. mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir.

23. Maddə 390.1. fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

24. Maddə 442. öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

25. Maddə 443.1 öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

26. Maddə 445.1 icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır.

27. Maddə 445.2.1 öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

28. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

29. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

30. Maddə 453.1. Kreditor bu Məcəlləyə və ya öhdəliyin şərtlərinə görə əsas borclu olan digər şəxsin məsuliyyətinə əlavə məsuliyyət (subsidiar məsuliyyət) daşıyan şəxsə qarşı tələblərini irəli sürənədək əsas borcluya qarşı tələb irəli sürməlidir.

31. Maddə 453.2. Əgər əsas borclu kreditorun tələbini ödəməkdən imtina etmişsə və ya kreditor irəli sürdüyü tələb üçün ondan ağlabatan müddətdə cavab almamışsa, bu tələb subsidiar məsuliyyət daşıyan şəxsə qarşı irəli sürülə bilər.

32. Maddə 453.3. Əgər kreditorun əsas borcluya tələbi əsas borclunun qarşılıqlı tələbinin əvəzləşdirilməsi yolu ilə ödənilə bilərsə, kreditor bu tələbin ödənilməsini subsidiar məsuliyyət daşıyan şəxsdən tələb edə bilməz.

33. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

34. Maddə 472.1 borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

35. Maddə 472.2 əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

36. Maddə 739.1. borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

40. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

42. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

43. Hazırki halda cavabdeh “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC tərəfindən qətnamənin cavabdeh “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə aid hissədə ləğv edilməsi və iddianın həmin hissədə rədd edilməsi xahiş edildiyindən, qətnamə iddianın təmin edilmədiyi hissədə iddiaçı tərəfindən, habelə iddianın təmin edildiyi hissədə digər cavabdeh Hüseynov Rövşən tərəfindən mübahisələndirilmədiyindən yalnız apellyasiya şikayəti həddində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-278/2024 nömrəli iş üzrə 15 aprel 2024-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

45. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əsasən iddiaçı ilə Cavabdeh1 arasında kredit müqaviləsinin, iddiaçı ilə cavabdeh “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC arasında zaminlik müqaviləsinin bağlanması işin mübahisələndirilməyən halıdır.

46. Kollegiya qeyd edir ki, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC ilə bağlanmış xx.xx.2010-cu il tarixli zaminlik müqaviləsinə əsasən zamin “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC borc alan tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədiyi təqdirdə kredit müqaviləsindən irəli gələn öhdəliyin tam həcmdə icrası üçün cavabdehdir. İddiaçı müqavilə öhdəliklərinin lazımınca icra edilmədiyini əsas gətirərək kredit müqaviləsi üzrə yaranmış borcun cavabdehlərdən tutulmasını məhkəmədən xahiş etmişdir.

47. Kollegiya qeyd edir ki, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etmiş, yəni tərəflər arasında bağanmış kredit müqaviləsi üzrə müəyyən edilmiş məbləği Cavabdeh1 vermiş, cavabdeh isə qaytarmalı olduğu kredit məbləğini banka ödəməkdən yayınmışdır. Kredit müqaviləsinin bağlanması və İddiaçı ASC tərəfindən Cavabdeh1 210 ay müddətinə, illik 12 faiz olmaqla, 52648,31 manat məbləğində kreditin verilməsi yazılı qaydada tərtib olunmuş kredit müqaviləsi, maliyyə arayışı, hesabdan çıxarış ilə təsdiq olunur. Digər cavabdeh “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC isə xx.xx.2010-cu il tarixində bankla bağladığı zaminlik müqaviləsinə əsasən eyni tarixli kredit müqaviləsi üzrə zamin qismində bank qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Hazırki iş üzrə cavabdeh – Cavabdeh1 (borc alan) əsas öhdəliyini lazımınca icra etmədiyindən, iddiaçının digər cavabdeh - “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə (zaminə) qarşı da tələb irəli sürmək hüququ yaranmışdır. Bu səbəbdən risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olmaqla öz öhdəliyinin təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış əsas və faiz borcunu iddiaçıya ödəməlidirlər.

48. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayətində göstərilən dəlilləri əsaslı sayıla və təmin oluna bilməz. Belə ki, iddiaçı tərəfindən zaminin subsidiar məsuliyyəti ilə bağlı qaydalara riayət edilərək, borcludan borcun ödənilməsi tələb edilmişdir, borclu öhdəliyi icra etmədikdən sonra borclu və zaminə qarşı iddia qaldırılmışdır.

49. Kollegiya apellyasiya şikayətinin dəlili olan məhkəmə tərəfindən cavabdehin iştirakının təmin edilməməsi ilə bağlı bildirir ki, iş materiallarından görünür ki, məhkəmə iclasları ilə bağlı bildirişlər cavabdeh “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin AZEMİS-də olan “Elektron kabinetinə” yerləşdirilmiş, buna baxmayaraq cavabdeh tərəfindən nümayəndəsinin məhkəmə iclaslarında iştirakı təmin olunmamışdır. Bu halda birinci instansiya məhkəməsi tərəfindən tərəflərin çəkişmə prinsipinin təmin edilməsi pozulmamışdır.

50. Göründüyü kimi, apellyasiya şikayətində qeyd olunanlar işin yuxarıda qeyd edilən halları ilə təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

51. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsinə dair yoxlanılan hissədə qənaəti qanuni və əsaslı olmuşdur.

52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

53. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

54. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-278/2024 nömrəli iş üzrə 15 aprel 2024-cü il tarixli qətnaməsi cavabdeh “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə aid yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdeh “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar