Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4075/2025 21.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş (Açar sözlər: «şərəf və ləyaqətin müdafiəsi, mənəvi zərər») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, X9 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-265/2025 saylı, 25 aprel 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Birinci instansiya məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxarkən təqdim edilmiş sübutlara əsasən işin halları ilə müəyyən edilir ki: İddiaçı Cavabdeh onun şərəf və ləyaqətinin alçaldılmasını zərərin vurulmasını “Whatsapp” sosial şəbəkəsində digər şəxslərin də olduğu ümumi qrupda onun şərəf və ləyaqətini ləkələyən məlumatları özündə əks etdirən səsli mesaj yayması ilə əlaqələndirib.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı Cavabdeh qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəymiş mənəvi zərərə görə 8000 manatın, hüquqi xidmətə görə ödənilmiş 500 manat və 100 manat dövlət rüsumuna görə xərcin əvəzinin tutularaq ona ödənilməsi, həmçinin "X13" adlı "whatsapp" qrupunda Cavabdeh tərəfindən qrupa səsli mesaj göndərməklə ondan şəxsən üzr istəməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.
3. İddiada göstərilib ki, ünvan 1 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində 36 saylı mənzildə yaşayır. Onunla bərabər əksər bina sakinin olduğu "whatsapp” mobil tətbiqində qonşular tərəfindən yaradılmış "X13" adlı qrupda xx.xx.2024cü il tarixdə müzakirə edilən məsələlərlə bağlı qrupda öz şəxsi fikrini bildirdikdən sonra həmin qrupda olan "xxxx" MTK-nın nümayəndəsi Cavabdeh onun şərəf və ləyaqətini ləkələyən məlumatları özündə əks etdirən səsli mesajı adı çəkilən qrupa göndərərək yaymışdır. Daha sonra həmin qrupun admini tərəfindən qrupdan xaric edilmişdir. Tərəfindən qrupun admininə səsli mesai göndərərək Cavabdeh ona qarşı səsləndiriyi təhqirə görə qrupda üzr istəməsini, əks təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmiş və bu səs yazısını qrupda səsləndirməyini ondan xahiş etmişdir. Lakin admin həmin səs yazımı birbaşa şəxsən Cavabdeh göndərmişdir. Hesab edir ki, Cavabdeh qrupa göndərdiyi səs yazısı onun şərəf, ləyaqətini ləkləyən məlumatları özündə əks etdirmişdir. Cavabdeh bir daha qrupda üzr istəməsini xahiş etsə də, bunu etməmişdir.
4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-265/2025 saylı, 25 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakim Səbinə Nuriyeva) iddia tələbinin qismən təmin edilərək Cavabdeh şərəf və ləyaqətə vurulmuş zərərin əvəzi kimi 500 (beş yüz) manat kompensasiya, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 (iyirmi) manat tutularaq İddiaçı xeyrinə ödənilməsi; Cavabdeh ekspertiza xərci kimi 200 (iki yüz) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X4 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilməsi; ərizə qalan hissədə təmin edilməməsi; ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, İddiaçı şərəf və ləyaqətini müdafiə etmək barədə hazırki tələb ilə məhkəməyə müraciət etməsinə əsas Cavabdeh tərəfindən onun ünvanına şərəf və ləyaqətini alçaldan sözlər işlədilməsi ilə bağlı olmuşdur. İddiaçı onun şərəf və ləyaqətinin alçaldılmasını - zərərin vurulmasını “Whatsapp” sosial şəbəkəsində digər şəxslərin də olduğu ümumi qrupda Cavabdeh tərəfindən onun şərəf və ləyaqətini ləkələyən məlumatları özündə əks etdirən səsli mesaj yayması ilə əlaqələndirir. Odur ki, hazırda ona dəymiş mənəvi ziyana görə vurulmuş zərərin cavabdehin təqsirli hərəkətlərinin olmasını iddia edir. Cavabdeh mübahisəli səs-yazılarında olan ifadələrin özü tərəfindən işlədilməsini təkzib etmir. Mübahisənin düzgün həlli üçün ilk növbədə Cavabdeh tərəfindən İddiaçı ünvanına səsləndirilmiş ifadələrin iddiaçının şərəf və layəqətini alçaldan ifadələr olub-olmaması aydınlaşdırılmalıdır. Bu məqsədlə məhkəmə araşdırması zamanı Cavabdeh tərəfindən səsləndirilmiş səsyazılarında İddiaçı şərəf və ləyaqətini alçaldan ifadələr olub-olmamasının müəyyən edilməsi, mübahisənin obyektiv, düzgün və ədalətli həlli üçün iş üzrə məhkəmə-linqvistik ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir (mülki iş v. 43-46). Qeyd olunan səs yazıları ilə müəyyən olunmuşdur ki, Cavabdeh bina sakinləri üçün yaradılmış “WhatsApp” qrupunda İddiaçı ünvanına və onunla əlaqəli bir çox fikirlər bildirmişdir. Cavabdeh danışdıqlarında İddiaçı daha öncə qrupda ifadə etdiyi məlumatlara narazılıq səsləndirilir. Belə ki, həmin şəxs tərəfindən binanın və evlərin sənədlərində cinayət və qanunsuzluq ehtimalı olduğu, ayaqyolu suyunun ümumi hovuza töküldüyü kimi iddialar yazılmışdır. Cavabdeh isə bu iddialara sərt reaksiya bildirərək, İddiaçı özünün yanlış olduğunu, qrup üzvlərinin onu qrupda görmək istəmədiklərini, ofis işçilərinin onu lağa qoyaraq güldüklərini, başıboş hesab etdiklərini ifadə etmişdir. Eləcə də, deyilən iddiaları yoxlamaq üçün fəhlələr gətirib nəzərdə tutulan yerdə söküntü aparacağını deyir. Bütün bunların xərcinin isə İddiaçı ödəyəcəyini vurğulayır. Cavabdeh eyni zamanda İddiaçı müraciət edərək, elmi adı harada aldığını ironik üslubda səsləndirir və nəyə görə belə cuşa gəldiyini soruşur. Nitqi zamanı Cavabdeh olduqca kəskin cümlələrdən və sözlərdən istifadə etmişdir. Tədqiqat materiallarının linqvistik araşdırmasından alınan nəticəyə görə, Cavabdeh tərəfindən “WhatsApp” proqramında yaradılmış qrupda səsləndirdiyi nitqlərdə İddiaçı yönələn məlumatlar arasında çoxsaylı mənfi məzmunlu sözlər, ifadələr istifadə edilmişdir, istifadə edilmiş sözlər, cümlələr istər ayrı-ayrılıqda tək nitq vahidləri olaraq, istərsə də, bərabər sintaktik bütövlər daxilində çıxış edərək xüsusi neqativ məna əks etdirir. Bərabər bir nitq daxilində işlədildikdə söz və ifadələrin ekspressivliyi daha sərt məzmun yaratmış, xüsusilə mənfi aspektdən təqdimetmə ilə çıxış etmişlər. İfadə edilmiş fikirlərin məntiqi tərkibində adı çəkilən şəxsin savadsız olduğu, insanlar tərəfindən qəbul edilmədiyi, lağa qoyulduğu, gülüş hədəfinə çevrildiyi, mənasız danışdığı fikirləri yer almışdır. Bununla da şəxsiyyətin keyfiyyət əlamətlərini pisləyən, neqativ- qiymətləndirici ifadə və məlumatların iştirak etdiyi müəyyən olunmuşdur. Bu cür məlumatlar aid edildiyi şəxsin ətrafdakıların, onu tanıyanlar arasında nüfuzdan düşməsinə, alçalmasına, utanmasına səbəb ola bilər. Ümumilikdə, tədqiqat materialı leksik, sintaktik konstruksiyalar və sintaktik bütöv mərhələlərində aparıldı. İfadə olunan məlumatlarda müşahidə olunan informativlik əsasən dilin leksik və sintaktik qatlarında əks olunmuşdır. Bildirilən fikirlər hər hansı ehtimal və ya şübhə formasında deyil, bütünlüklə təsdiq və əminlik tərzində diqqətə çatdırılmışdır, istifadəçinin nitqində tərəddüd də müşahidə edilmir. Məlumatlar mətni-anlama aspektindən yanaşıldıqda qapalılıqdan uzaq, açıq və aydın ifadə tərzindədir. Cümlələrdə emosiaonallıq yaradan qiymətləndirici ekspressiyalardan, təsvirlərdən istifadə edilmişdir (“tupoy”, “bambılı”, “savadsız”), invektiv (nalayiq) leksikaya aid söz və deyimlər cümlələrin tərkibində müşahidə olunmur lakin təhdid xarakterli çox aşağılayıcı cümlənin (“başını unitazın içinə soxacam”) iştirakı müəyyən edilmişdir. Bütün dil vahidləri ədəbi dil səviyyəsində işlədilən vahidlərdir. Nitqlərdə irəli sürülən məlumatlar daha çox mübahisə məqamında etiraz və irad xarakterlidir, lakin eyni zamanda şəxsiyyətə aid mənəvi və əxlaqi keyfiyyətləri neqativ qiymətləndirən xüsusi mənalı sözlər (birbaşa təhqir xarakterli) müəyyən edilmişdir. Nitqlərin neqativ məna yükü sözlərin, cümlələrin və ümumi məzmunun üzərinə düşür. Materialın məna-məzmun təhlilindən də nitqlərin qarşı tərəfə narazılıq bildirmə və ittiham məqsədi ilə irəli sürüldüyü aydın olur. Nəticə olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 04 mart 2025-ci il tarixli 4/1761 nömrəli rəyi ilə qərardadda göstərilmiş suallar üzrə bildirilmişdir ki:
1. Mülki işin materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən səsləndirilmiş səsyazılarında İddiaçı şərəf və ləyaqətini alçaldan ifadələr vardır.
2. Mülki işin materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən səsləndirilmiş “...indi birinci ona cavab verim ki, əsassız danışan da sizsiniz, savadsız danışan da sizsiniz bu bir. Deyirsən ki, hamısını qoyuram bir qırağa ofisin, üzr istəyirəm ayaqyolusu su çəninə, yəni baseyna tökülür. Belə deyirsən bunu əsaslı şəkildə deyirsən özün bildiyin kimi; demirsən biz əsaslı danışırıq: indi gəl belə danışaq: usta gətirək oranı sökdürək, oranın kanalizasiyası ora axmasa neynəyək Firuz? Əgər sən deyən kimi olmasa neynəyək? Heç mən nə MTK sədri kənar şəxs kimi danışaq: elə bir vətəndaş kimi sən bir Azərbaycan oğlu, mən bir Azərbaycan qızı. Sən məni ittiham edirsən ki, camaatı. Sakinləri ittiham edirsən ki, siz əsassız danışırsız. Sözündən belə çıxır ki, sən “professorsan” sən əsaslı danışırsan. Sənin bildiyin heç nə yoxdur: gedib oranı sökürük. Sən ki, belə ittihamlarda danışırsan, sökürük oranın ayaqyolusu baseynanın içərisinə axmasa sənin başını unitazın içinə mən soxacam, yaxşı?” söz və ifadələr şəxsin şərəf və ləyaqətinin alçaldılması kimi qiymətləndirilə bilər.
3. Mülki işin materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən səsləndirilmiş “Söz atırsan dalında dur. Gəlirsən, su idarəsindən (durursan yanında) ora qazılır, dağıdılır, fəhlə tutulur. Kor gözün görür ki, o unitaz hara axır. Görəndən sonra xərcini də ödəyirsən. O qədər xərci. Əgər kişiliyin varsa da, öz başını özün soxarsan mən dediyim yerə, yaxşımı? Əgər kişiliyin varsa, utandığından gərək başını soxasan mən dediyim yerə” söz və ifadələr şəxsin şərəf və ləyaqətinin alçaldılması kimi qiymətləndirilə bilər.
4. Mülki işin materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən səsləndirilmiş “...Ay Firuz heç sənə müəllim də yaraşmır, Firuz deyirəm. Ay tupoy, bax indi fikirləş ki, olmayan başınla.Şər atanda danışanda heç olmasa elə danışın ki, dalında. Bax indi ofisin başında otuzdurursuz Oqtay, idarə heyətində olan Seymur, Emin. Hamısı bugün oturduğumuz MTK-nın ofisində otururdular da, o unitaza gedirdilər də. Onda nolurdu. Mənim yoldaşım rəhmətə gedəndən sonra 4 il həmin adamlar o ofisdə oturublar. Noldu bunlar ayıb olası tualetə gedəndə gül parfum buraxırlar özlərindən, indi uje mundar oldu? Nə danışırsınız, nə sayıqlıyırsınız, özün kimi xanım ordan, sən burdan. Boş-boş danışırsınız. Durammırsan sən görərsən indi” kimi söz və ifadələr şəxsin şərəf və ləyaqətinin alçaldılması kimi qiymətləndirilə bilər.
5. Şəxsə sual verilməsi şəxsin şərəf və ləyaqətinin alçaldılması kimi qiymətləndirilə bilər. Məhkəmə qeyd edib ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Cavabdeh tərəfindən qeyd olunan ekspert rəyini təkzib edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Rəy mötəbər sübut kimi qəbul edilməli və həmin rəy üzrə gəlinən nəticə nəzərə alınmalıdır. Mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Hazırki iş üzrə cavabdeh tərəfindən “Whatsapp” sosial şəbəkəsində yaradılmış qrupda iddiaçının şərəf və ləyaqətini alçaldan ifadələr səsləndirilmişdir. Bu hal mübahisəsizdir. İstənilən şəxsin, o cümlədən iddiaçının barəsində şərəf və ləyaqəti alçaldan məlumatların yayılması hər bir halda həmin şəxsin mənəvi sarsıntı keçirməsinə səbəb olur. Bunun əksi mümkün deyildir. Məhz bu səbəbdəndir ki, iddiaçı başqa qaydada bu halın qarşısını ala bilmədiyinə görə məcbur qalıb məhkəmə müdafiəsi hüququndan istifadə etmiş, məhkəməyə hazırki iddia ilə müraciət etmişdir. Bütün bunlar məhkəmənin mövqeyinə görə, iddiaçının cavabdehin qanunazidd əməli nəticəsində mənəvi iztirab çəkməsinin sübutudur. Göründüyü kimi məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən iddiaçının ünvanına işlədilmiş ifadələr sonuncunun şərəf və ləyaqətini alçaldan ifadələrdir. Belə olan halda iddiaçı mənəvi zərərə görə zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Lakin bu məbləğ ağlabatan miqdarda olmalıdır. Mənəvi zərərin kompensasiyası dedikdə-mənəvi zərərin əvəzinin ödənilməsi başa düşülür. Mənəvi zərərin kompensiyası şərəf və ləyaqətin pozulması zamanı onların müdafiə olunması üçün istifadə olunan ümumi mülki-hüquqi sanksiyadır, yəni ümumi xarakterli mülki-hüquqi müdafiə üsuludur. Mənəvi zərərin əvəzinin ödənilməsi bir qayda olaraq pul kompensasiyası şəklində müəyyən edilir. Pul kompensasiyasının məbləğini isə məhkəmə müəyyən edir və məhkəmə, bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsini, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirabı, sarsıntıların xarakterini və ağırlığını, zərərvuran şəxsin təqsirini (qəsdini və yaxud ehtiyatsızlığını) və əmlak vəziyyətini, zərərçəkənin fərdi xüsusiyyətlərini (azyaşlı və yaxud qadın olmasını, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümünü, peşə və sənətini, cəmiyyətdə nüfuzunu və sair), habelə işin sair diqqətəlayiq hallarını nəzərə almalıdır Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəməsi Plenumlarının Avropa Məhkəməsinin təcrübəsinə əsasən formalaşdırdığı hüquqi mövqelərə əsasən, belə kateqoriya işlərə baxılması zamanı mütləq şəkildə nəzərə alınmalı olan vacib hallara (iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, mənəvi iztirabların xarakteri və dərəcəsi (nədə ifadə olunması); bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi (hansı şəraitdə baş verməsi); qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması; hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi; zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq); hüquqazidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət; zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.); zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsi; cavabdehin əmlak vəziyyəti; adətlər və əxlaq normaları və s.) qiymət verilməli, hər bir konkret halda isə belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərərin məbləği ağlabatan və ədalətli olmaqla, şəxsin məruz qaldığı sarsıntı və iztirablara mütənasib olmalıdır. Hazırkı işdə İddiaçı, cavabdehdən ona dəymiş mənəvi zərərə görə 8.000 manat pul tələb etsə də, həmin məbləğ tənasübsüz qaydada yüksək olmaqla açıq-aşkar iddiaçının məruz qaldığı sarsıntıya və iztirablara mütənasib deyildir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Cavabdeh xx.xx.1967-ci il təvəllüdlüdür, ailə vəziyyəti subaydır, qüvvədə olan əmək müqaviləsi yoxdur, xx.xx.1997-ci il və xx.xx.2003-cü il təvəllüdlü iki övladı var. xx.xx.2003-cü il təvəllüdlü övladı – X1 orta dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, anamnezinndə qıcolma tutmaları ilə Daun sindromu diaqnozu qoyulmuşdur. Məhkəmə cavabdeh tərəfindən iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi kimi pul kompensasiyasının məbləğini müəyyən edərkən, yayılmış məlumatların xarakterini, yayılma dairəsini, bu məsələdə cavabdehin təqsirini, digər tərəfdən onun qadın olmasını, işləməməsini, himayəsində “Daun” sindromu diaqnozu qoyulmuş övladının olmasını nəzərə alaraq, iddianın həmin hissədə qismən təmin edilməsini, Cavabdeh İddiaçı xeyrinə 500 (beş yüz) manat məbləğində kompensasiya tutulmasını ağlabatan və ədalətli hesab edir. İddia tələbinin “"X13" adlı "whatsapp" qrupunda Cavabdeh tərəfindən səsli mesaj göndərməklə ondan şəxsən üzr istəməsi” hissəsini isə məhkəmə aşağıdakılara əsasən əsassız hesab edir. İnsan Hüquqlarının və X5 X2 10-cu maddəsində qeyd olunmuşdur ki, hər kəs öz fikirlərini ifadə etmək azadlığı hüququna malikdir. Konvensiyanın 17-ci maddəsində həmçinin hər hansı bir dövlətin, qurumun və ya şəxsin burada təsbit olunmuş hüquq və azadlıqlarının ləğvinə yönəlmiş hər hansı fəaliyyətlə məşğul olmaq və ya hər hansı əməl törətmək və ya onları Konvensiyada nəzərdə tutulanlardan daha artıq məhdudlaşdırmaq hüquqlardan suiistifadənin qadağan olunması kimi qiymətləndirilir. Avropa İnsan Hüquqları Məhkəməsi Avropa Konvensiyasının 10-cu maddəsi (ifadə azadlığı) ilə bağlı bir çox qərarlarında vurğulamışdır ki, “...məlumatlarla (faktlar) rəylər (qiymətləndirici mülahizələr) arasında dəqiq fərq qoyulmalıdır, belə ki, faktların mövcudluğunu sübut etmək mümkün olsa da, qiymətləndirici mülahizələri sübutlarla təsdiq etmək mümkün deyil....Qiymətləndirici mülahizələrə gəldikdə, bu tələbi təmin etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsinin təmin etdiyi hüququn mühüm tərkib hissəsi olan öz rəyini ifadə etmək azadlığını pozur” (Lingens Avstriyaya qarşı iş). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə, üzrxahlıq təklif etmək öhdəliyi öz fikrinə malik olmaq hüququnu poza bilər, çünki kimsə inanmadığı bir şeyi söyləməyə məcbur edilir. Hər hansı bir kəsi öz haqsızlığını təsdiqləməklə öz fikrindən dönməyə məcbur edilməsi zərərin əvəzinin ödənilməsinin şübhəli formasıdır və “zəruri” deyil. (Kazakovun Rusiyaya qarşı 2008-ci il məhkəmə işi). Bundan başqa İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin X3rşı (1976, § 49.) qərarında da qeyd olunmuşdur ki, plüralizm, tolerantlıq və liberallığın tələbləri belədir və bunlarsız “demokratik cəmiyyət” mövcud ola bilməz. Şərəf və ləyaqət əslində insanın bütün digər hüquqlarının əsas məqsədidir. Bu mənada insan ləyaqəti onun hüquq və azadlıqlarının mənbəyidir. Ləyaqət cəmiyyət tərəfdən sosial dəyərlərin tanınması, konkret insanın unikallığı, insan cəmiyyətinin üzvi kimi hər bir şəxsiyyətin mühüm dəyəridir. Deməli bu halda, “rəyində qalmaq imkanı”-nı məhdudlaşdırmaqla digər şəxsin ləyaqətinin qorunması, birincinin ləyaqətinə təcavüzə çevrilmiş olur, baxmayaraq ki, bu “imkan” demokratik cəmiyyətin mövcudolma tələbidir. Odur ki, “üzr istənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ölkə qanunvericiliyinin tərkib hissəsi olan Avropa Konvensiyasının 10-cu maddəsi ilə təminat altına alınan ifadə azadlığı hüququ üzrə Avropa Məhkəməsinin müəyyənləşdirdiyi prinsiplərə uyğun deyildir. Hər hansı məlumatın yayılması ilə ləkələnən şərəf və ləyaqət həmin məlumatın yalan olması barədə təkzib verilməsi, məlumat nəticəsində dəymiş zərərin pulla əvəzləşdirilməsi, hətta inzibati və cinayət xarakterli cəzalarla aradan qaldırıla bilər. Lakin belə məlumatların yayılmasına görə şəxsin üzərinə üzr istənilməsi vəzifəsinin qoyulması həmin şəxsin özünün ləyaqətinin alçalmasına gətirib çıxara bilər. Göstərilənlərə əsasən məhkəmə iddiaçının şərəf və ləyaqətini ləkələyən sözlərin işlədilməsinə görə cavabdeh "X13" adlı "whatsapp" qrupunda Cavabdeh tərəfindən qrupa səsli mesaj göndərməklə ondan şəxsən üzr istəməsi öhdəliyinin qoyulmasını məqsədəuyğun hesab etmir. Məhkəmə iddiaçının “hüquqi xidmətə görə 500 manat məbləğində pulun cavabdehdən tutulması” tələbinə münasibətdə qeyd edir ki, iddiaçı həmin məbləğdə xərci təsdiq edən hər hansı bir sübutu (qəbz və s.) məhkəməyə təqdim etmədiyindən iddia həmin hissədə təmin edilə bilməz.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
6. İddiaçı apellyasiya şikayətində qətnamənin iddianın təmin edilməmiş hissəsində ləğv, iddianın isə təmin edilməsini xahiş edib şikayətində göstərib ki, məhkəmə Azərbaycan Respublkası Konsitutsiyasının 46-cı maddəsinin 1-ci hissəsini, həmin maddənin 2-ci hissəsini, 71-ci maddəsinin İ və İİ hissələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsnin 23.1., 23.2., 23.4 və s. çox saylı qanun və fərman maddələrinə əsaslanaraq “şərəf və ləyaqətin” Dövlət tərəfindən müdafiə olunduğunu vurğulamış və iddiada olan tələbdə həqiqətən də “şərəf və ləyaqətin” təhqiri məlumatların olubomamasını sübuta yetirmək, mübahisənin obyektiv, düzgün və ədalətli həlli üçün Azərbaycan RespublikasıƏdliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə xx.xx.2024-cü il tarixdə məhkəmə-linqvistik ekspertizası təyin etmişdir. 04 mart 2025-ci il tarixdə məhkəməyə təqdim edilmiş ekspertiza rəyi, hakim tərəfindən qoyulmuş bütün tapşırıqlarda şərəf və ləyaqəti alçaldan ifadələr vardır cavablamaları ilə X7 iddiasının əsaslı olduğunu və onun təmin edilməsini isbata gətirmişdir. Hakim özü də iddia tələbinin haqlı olduğunu və dəymiş mənəvi zərərin tam ödənilməsi vacibliyini etiraf etsə də, Tələb edilən məbləğın ağlabatan miqdarda olmasını vurğulamaqla özünün əvvəlki fikrinə zidd olaraq, faktiki tam ağlabatan 8000 manat mənəvi zərəri (Dövlət rüsumları haqqında Qanunda nəzərdə tutulan hədd) 500 manat ilə əvəz etmişdır. Həmçnin, şərəf və ləyaqətin müdafiəsi üçün mövcud Azərbaycan Respublikası və Avropa İnsan hüquqları qanunlarının uyğun maddələrini pozaraq Hakim iddia tələbində olan Cavabdeh “whatsapp” qrupunda üzr istəməsinə də bu qətnamədə yer verməmişdir. Hakimin qətnamədə mülahizəsi ilə desək: isbatlanmış hərəkətində şərəf və ləyaqəti təhqir edən adamın üzr istəməsi heç demə üzr istəyən adamın şərəf və ləyaqətinin təhqir edilməsi imiş!!! kimi yanlış fikirə gəlmişdir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
7. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etmədi və səbəbi barədə məhkəməyə məlumat vermədi. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
8. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Maddə 23.2. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar mediada yayılmışdırsa, həmin mediada da təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Maddə 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir.
9. «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 3 və 7-ci bəndlərində göstərilmişdir ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Vətəndaşın şərəf və ləyaqətini ləkələyən məlumatlar kütləvi informasiya vasitəsilə yayıldıqda, onların həqiqətə uyğun olması sübut edildikdə bu, kütləvi informasiya vasitəsində təkzib edilməlidir.
10 .«Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
11. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli qərarın 1-ci bəndində qeyd olunur ki, «İnsan hüquqlarının və X8 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyriəmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüququ münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 2-ci bəndinə qeyd edilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və X8 haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər»anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 7-ci bəndində qeyd olunur ki, məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir.
12. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarda eyni zamanda göstərilmişdir ki, “Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkmişin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztibarlara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
14. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi üçün əsas ola bilməz.
15. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
17. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia qismən təmin edildiyi üçün şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddianın təmin edilməyən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
18. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
19. Mübahisələndirilən hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
20. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə təmin edilmədiyi hissədə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia təmin edilmədiyi hissədə haqlı sayılmır.
21. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə tam, hərtərəfli, ətraflı və qərəzsiz olaraq araşdırma aparılmasına şərait yaradılımış və təqdim edilmiş sübutlar araşdırılmaqla düzgün nəticəyə gəlinmişdir. Belə ki, məhkəmə tərəfindən iddianın mahiyyətinə uyğun aparılmış hüquqi dəyərləndirmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmaqla dəqiq olmuş və hansısa maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri təsdiq olunmadığından, üstəlik qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulan əsaslar müəyyən edilmədiyindən qətnamə mübahisələndirilən hissədə ləğv edilə bilməz. Buna baxmayaraq, şikayətin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi dəyərləndirmə aparılmasında əlavə bir fayda vardır.
22. Əvvəla, şərəf və ləyaqət insanda yüksək mənəvi keyfiyyətləri göstərən dəyərlərin məcmusudur. Şərəf insana kənardan verilən dəyəri və qiyməti ehtiva edirsə, ləyaqət həmin dəyərləri dərk edən şəxsin özünə qarşı duyduğu hörmət hissidir. Bu mənada insanın şəxsiyyətinə uyğun olmayan, onu alçaldan, nüfuzdan salan və cinayət törətməkdə ittiham edilən ifadələr şəxsin şərəf və ləyaqətini alçatmaqla mənəvi iztirab və sarsıntı keçirməsinə, bununla da mənəvi zərərə məruz qalmasına səbəb ola bilər.
23. Əvvəla, birinci instansiya məhkəməsi iddianı mübahisələndirilməyən hissədə əsaslı olduğu qənaətinə gəldiyi üçün qismən təmin edib. İddiaçı təmin edilməyən hissədə qətnaməni mübahisələndirsə də qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün MPM-in 385-ci maddəsində nəzərdə tutulan hansı əsasın olduğunu apellyasiya şikayətində göstərməyib. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə ləğv etməsi üçün iddiaçının göstərməli olduğu, MPM-də nəzərdə tutulan əsası yoxlamalı və bunun nəticəsinə uyğun qərar qəbul etməlidir. Ancaq iddiaçı özü şikayətində hansısa əsasın olduğunu göstərmir, yalnız maddi hüquq norması qrafasında «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli qərarını göstərib. Bu cür vəziyyət isə qətnaməni mübahisələndirilən hissədə ləğv etməyə imkan vermir.
24. Bundan əlavə, mənəvi zərərin əvəzinin ödənilməsinin qismən təmin edilməsi də cavabdehin iddiaçının şərəf və ləyaqətini ləkələyən məlumatlar yaydığını və bununla da mülki hüquq pozuntusu törətdiyinə görə mülki hüquqi məsuliyyətə cəlb edilməsini təsdiq edir. Məbləğin az olması cavabdehin hərəkətlərinə qətiyyən haqq qazandıran hal kimi qiymətləndirilə bilməz. İddiaçının istinad etdiyi Plenum qərarında da mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilməsi göstərilib. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkmişin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztibarlara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınır. Zərərin məbləği həm də ağlabatan və ədalətli olmalıdır. Ona görə də məhkəmə tərkibi də təmin edilən hissədə zərərin məbləğinin işin hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun olması ilə razılaşır.
25. Bundan başqa, iddia tələbinin cavabdehin “whatsapp” qrupunda üzr istəməsinin təmin edilməməsi hissəsi ilə də məhkəmə tərkibi razılaşır. Əksinə məhkəmə bu hissədə qənaətini İnsan Hüquqlarının və X5 X2 və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun və qərarlarının məzmununa uyğun formalaşdırmışdır. Başqa sözlə, bu hissə üzrə məhkəmənin mövqeyi mülahizə xarakterli olmayıb. Qeyd olunduğu kimi, hər bir halda iddiaçıya mənəvi zərər vurduğuna görə cavabdehin mülki hüquqi məsuliyyətə cəlb edilməsi təmin edilib.
26. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-265/2025 saylı, 25 aprel 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
27. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-265/2025 saylı, 25 aprel 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.