Məhkəmə qərarları › İş №2(103)-4079/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4079/2020

04.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4079/2020 04.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı (Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Fövqəladə Hallar Nazirliyi İşçilərinin Həmkarlar İttifaqı Komitəsi üçüncü şəxs qismində qeyd olunan) “borcun tutulması” tələbinə dair 2(009)-389/2020 nömrəli mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 2006 manat pulun və iddianın verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh öz avtomobilini qəzadan sonra təmir etmək üçün tanışı Aslana müraciət etmiş və Aslan bunları ona bildirmişdir. Cavabdehin çox saylı xahişləri və göz yaşlarına aldanaraq “xxxxxxxxxxx” ASC-dən 3200 manat məbləğində kredit götürmüş və həmin məbləğin 2300 manatını şahid Aslanın (Şiraslanın) iştrakı ilə bankdan çıxan kimi Cavabdeh1 vermişdir. Bir müddət öhdəliklərini icra etmiş və sonunda boyun qaçırmağa və ödənişlərdən imtina etmişdir. Belə olan halda məcburiyyət qaşrısında məhkəməyə müraciət etmiş, lakin Səbail rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Məlum məhkəmə aktını əsassız və qanunsuz hesab edir. Belə ki, bütün məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən heç bir möhtəbər sübut, gətirilmədiyinə baxmayaraq məhkəmə cavabdehin mövqeyini hansısa ona məlum olmayan səbəblərə görə üstün hesab etmiş, dəfələrlə məhkəməyə audio-CD diskə yazılmış və Cavabdeh1 məxsus səs yazıları, həmçinin “votsap” dərhal yazışma şəbəkəsində cavabdeh tərəfindən səs yazılarında borcu tam şəkildə etiraf etməsi, habelə borcun hissə-hissə qaytarması zamanı ona məlumat verməsi və səbirli olmasını əks etdirən bütün çox saylı səs yazılarına ümumiyyətlə hüquqi qiymət verilməmişdir. Bundan başqa, şahid qismində iştirak edən Əsədli Şiraslanın ifadələri təhrif edilmiş, düzgün hüquqi qiymət verilməmişdir, baxmayaraq ki, bankdan çıxan zaman 2300 manat pul vəsaitinin cavabdeh tərəfindən götürülməsini həm cavabdeh, həm şahid etiraf etmişdir. Apelyasiya baxışı zamanı iddiaçı şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh və üçüncü şəxslər iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, iddiaçı “xxxxxxxxxxxx" ASC-nin «Xəzər» filialına müraciət edərək, xx.xx.2018ci il tarixli 117GTGK9996774AA saylı kredit müqaviləsi əsasında illik 29,84 faiz olmaqla 3200 manat kredit almışdır. Ödəniş qrafikinə əsasən xx.xx.2018-ci il tarixdən başlayaraq xx.xx.2022-ci il tarixə kimi hər ay 114,92 manat ödəməli, müddətin sonuna yaxın isə 116,15 manat ödəniş həyata keçirməlidir. Təqdim edilən bank çıxarışlarından görünür ki, iddiaçının bank qarşısında götürdüyü öhdəliklərin icrası gecikmələrlə həyata keçirilir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi İşçilərinin Həmkarlar İttifaqı Komitəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 165 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin X1 Lalə Eldar qızı adlı şəxs işləməmişdir. İddia tələbinə və iddiaçının izahatlarına əsasən, iddiaçının tanışı olan hazırki iş üzrə cavabdeh ona 2018-ci ilin noyabr ayında (iddia ərizəsində 2019-cu il tarixi göstərilib)öz mülkiyyətində olan nəqliyyat vasitəsi ilə avtoqəza keçirdiyi və avtomobilin təmiri ilə bağlı pul vəsaiti lazım olduğu üçün ona ümumi tanışları Şiraslan vasitəsilə müraciət etmiş, onun adına kreditin götürüldüyü təqdirdə qısa müddət ərzində həmin kreditin ödənilməsinə ona vəd vermişdir. Həmin vaxt iddiaçının banka 900 manat qalıq kredit borcu olduğu üçün həmin borcu ödəməmiş ona yeni kredit verilə bilməzdi. Tərəflərin danışıqlarına əsasən həmin 900 manat qalıq borc ödənilir və bu zaman 3200 manatlıq yeni kredit götürürlər, həmin borcun 900 manatı iddiaçı, qalan hissəsi isə cavabdeh tərəfindən hər ay ödənilməlidir. Beləliklə də, iddiaçı pulu bankdan özü almış və bankdan çıxanda pulu tanışı Aslanın (Şiraslanın) iştirakı ilə cavabdehə vermişdir. Cavabdeh də razılıqlarına əsasən vaxtı-vaxtında ödənişləri icra etsə də, 2019cu ilin iyul ayından banka pul ödənişlərini dayandırmış və ödənişlərdən yayınmağa başlamışdır. Cavabdeh iddia ilə razılaşmayaraq anasının mülkiyyətində olan nəqliyyat vasitəsi ilə avtoqəza keçirməsi faktı olsa da, münasibəti olduğu Aslanın (Şiraslanın) ona pul tapacağını, bunun üçün də tanışı Vasiflə danışdığını, həqiqətən də birlikdə banka gedərək Vasifin oradan pul götürməsini və Aslana (Şiraslan) verməsini təsdiq etmişdir. Lakin Aslanın (Şiraslan) taksidə ona pul verməsi və ya Vasifin bankdan çıxarkən ona pul verməsi faktını təsdiq etməmişdir. Cavabdeh həmçinin izahatında avtomobilin Aslanın (Şiraslan) tanışı olan ustanın düzəltməsini və aralarında yaranmış mübahisələrə görə münasibətlərinin hazırda olmamasını, Aslana (Şiraslan) 500 manat borc verdiyini, Aslanın (Şiraslan) həmin borcu hələ də qaytarmadığını və bu borc pulla əlaqədar mübahisənin Vasifə aidiyyatı olmamasını göstərmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 62, 76.1,76.2,80,104.1,106.1,Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135 və 157.2-ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki,iddiaçı tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə tutarlı və mötəbər sübutlar təqdim edilmədiyindən, cavabdehin iddiaçının bank qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsinə dair üzərinə öhdəlik götürməsi faktının öz təsdiqini tapmadığından iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Belə ki, iddiaçının bankdan götürdüyü pul vəsaitinin cavabdehə verilməsi birinci instansiya məhkəməsində işə baxılan zaman öz təsdiqini tapmamışdır. İddiaçı tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə tutarlı və mötəbər sübutlar təqdim etməmişdir. İddiaçı birinci instansiya məhkəməsində məhkəmə araşdırması zamanı şahidin ifadəsi dinlənilməzdən əvvəl izahatında bankdan krediti alıb çıxanda pulu tanışı olan Şiraslan Əsədliyə verməsini, sonuncunun da cavabdehlə taksiyə minərək pulu cavabdehə verməsini ona bildirməsini göstərsə də, şahid ifadə verəndən sonra izahatında dəyişiklik edərək bankdan çıxanda Şiraslan Əsədlinin iştirakı ilə pulu cavadehə verməsini göstərmiş, izahatının dəyişdirilməsinin səbəbini o məqamın əvvəl yadında tam olaraq qalmaması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsi haqlı olaraq həm iddiaçının dəyişiklik edilmiş izahatına, həm də cavabdehlə münasibətləri korlanmış şahidin ifadəsinə tənqidi yanaşaraq inandırıcı saymamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfındən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad edilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə görə isə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. X3 Məhkəməsi “X2” qarşı xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərannda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, mahkəmə siibutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-389/2020 nömrəli mülki iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar