Məhkəmə qərarları › İş №2(103)-4082/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4082/2020

07.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4082/2020 07.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı2, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X2 qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)-632/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçıların xeyrinə 2841 manat məbləğin və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)-632/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş,Cavabdeh 2253 (iki min iki yüz əlli üç) manat məbləğində maddi zərər və 23,7 (iyirmi üç manat yetmiş qəpik) manat məbləğində dövlət rüsumunun tutuluraq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi,120 (yüz iyirmi) manat məbləğində məhkəmə ekspertizasının dəyərinin 94,80 (doxsan dörd manat səksən qəpik) manat hissəsi Cavabdeh, 25,20 (iyirmi beş manat iyirmi qəpik) manat hissəsi iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və dəymiş zərərin ədalətli müəyyən edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqdim edilmiş sübutlardan da göründüyü kimi avtomobilə dəymiş zərər məbləği mülki məsuliyyətini icbari qaydada sıgortaladığı sığorta şirkəti tərəfindən 950 manat məbləğində müəyyən edilmişdir. Zərər dəymiş əmlakın mülkiyyətçisi X3 etibarnamə üzrə nümayəndəsi X4 qeyd edilmiş məbləği qəbul etməklə, həmçinin sığorta şirkəti tərəfindən təqdim olunmuş sığorta aktına imza etməklə faydalanan şəxs avtomobilə dəymiş zərərin 950 manat olduğunu qəbul etmişdir.Lakin daha sonra əlavə gəlir əldə etmək məqsədilə onun belə xəbəri olmadan qüsur aktı əldə etmiş, avtomobilə dəymiş zərəri sığorta şirkəti və onun iştirakı olmadan qiymətləndirmişdir. Hesab edir ki, iddiaçının bu hərəkətləri əlavə gəlir əldə etmək məqsədi daşıyır.“xxxx” ASC-nin tərəfindən tərtib edilmiş xx.xx.2016-cı il tarixli, 121042/1 saylı sığorta aktına diqqətlə nəzər yetirilsə avtomobilə dəymiş zərər məbləğinin 950 manat məbləğində müəyyənləşdirilmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin rədd edilməsini xahiş etmişdir. İşə baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının cavabdehə münasibətdə yoxlanılması təşkil edir. İddiaçılar apellyasiya şikayəti vermədiklərindən qətnamə onlara münasibətdə yoxlanılmır. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə, məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “Hyundai” markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh mülkiyyətindədir.“Ford” markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobil isə X3 mülkiyyətindədir.Azərbaycan Respublikası DİN Baş Dövlət X9 əməkdaşları tərəfindən tərtib olunmuş İnzibati xəta haqqında xx xxxxxxxx 2016-cı il tarixli, KVP seriyalı 512038 №-li protokoldan görünür ki, xx xxxxxxxx 2016-cı il tarixdə Cavabdeh idarə etdiyi “Hyundai” markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən X3 mülkiyyətində olan “Ford” markalı, 90-RR- 916 dövlət qeydiyyat nişanlı maşınla toqquşmuşdur. Həmin hərəkətlərinə görə Cavabdeh Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.“xxxx” MMC tərəfindən tərtib olunmuş xx.xx.2016-cı il tarixli zərər aktına əsasən “Ford” markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2841 manat məbləğində zərər vurulmuşdur. Həmçinin iş materialları ilə müəyyən edilir ki, “xxxx” ASC tərəfindən verilmiş sığorta aktı əsasında “Ford” markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobilə 950 manat məbləğində ziyan dəymiş və həmin məbləğ “Ford” markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edən X4 tərəfindən kassa məxaric orderi əsasında xx.xx.2016-cı il tarixdə qəbul edilmişdir. xx xxxxx 2018-ci il tarixli tələbin güzəşti barədə müqavilədən görünür ki, X5 xx xxxxxxxx 2016-cı il tarixdə, Bakı şəhəri, Suraxanı rayonu ünvanında Cavabdeh idarə etdiyi “Hyundai” markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində, mülkiyyətində olan “Ford” markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş zərərə görə öhdəlik daşıyan şəxsə qarşı malik olduğu hüquqları və tələbləri İddiaçı1 və İddiaçı2 güzəşt etmişdir. Bundan başqa birinci instansiya məhkəməsinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx xxxxxx 2019-cu il tarixli 30927 saylı ekspert rəyi ilə, iş materiallarında olan “xxxx” servis mərkəzinin xx xxxxxxxx 2016-cı il tarixli aktı məlumatlarına əsasən, 2005-ci il buraxılışlı “X8” markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 2253 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulsun. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Həmin məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfıyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinin tələblərinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə hüquq pozuntusu (delikt) nəticəsində başqasına zərər vuran yüksək təhlükə mənbəyinin – “Hyundai” markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Cavabdeh tərəfindən yol nəqliyyat hadisəsi törədilməsi və iddiaçının mülkiyyətində olan avtomobilə zərər vurulması işin mübahisəsiz halıdır. Bu səbəbdən də yol nəqliyyat hadisəsi zamanı yüksək təhlükə mənbəyinin vurduğu zərərə görə məsuliyyəti Cavabdeh daşıyır. Belə olan halda iddiaçının tələbetmə hüququ həmin şəxsə qarşı yaranmış olur. Məhkəmə kollegiyası qeyd edir ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı iddiaçıya vurulmuş ziyanın miqdarının müəyyən olunması üçün birinci instansiya məhkəməsi tərəfindən xx xxxx 2018-ci il tarixli qərardadı ilə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli 30927 saylı ekspert rəyin ilə, iş materiallarında olan “xxxx” servis mərkəzinin xx xxxxxxxx 2016-cı il tarixli aktı məlumatlarına əsasən, 2005-ci il buraxılışlı “X8” markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 2253 manat müəyyən edilmişdir. Lakin nəzərə alınmalıdır ki, sığorta aktı ilə 950 manat məbləğində pul vəsaiti “Ford” markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edən M.Cəfərova verilmişdir. Qeyd olunan sığorta aktı və məbləğ nə mülkiyyətçi, nə də M.Cəfərov tərəfindən mübahisələndirilməmişdir. Göründüyü kimi qeyd olunan sığorta aktı sonuncular tərəfindən qəbul edilmiş və hal-hazırda qüvvədədir. Belə olan halda iddia tələbi təmin edilə bilməz. Kollegiya qeyd edir ki, yol-nəqliyyat hadisəsi xx xxxxxxxx 2016-cı il tarixdə baş vermiş, sığorta ödənişi isə xx.xx.2016-cı il tarixdə ödənilmişdir. Məbləğ və akt mübahisələndirilmədiyi halda, Ş.Hüseynov 2 il keçdikdən sonra tələbin güzəşti barədə müqaviləni xx xxxxx 2018-ci il tarixdə imzalamışdır. Bununlada qanunvericilik tərəfindən ona verilmiş hüquqlardan sui-istifadə etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, ekspertiza tətqiqatının dəyəri 120 manat iddiaçılar İddiaçı1 və İddiaçı2 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Birinci instansiya məhkəməsi isə qeyd edilən halları araşdırmadan iddianın qismən təmin edilməsi barədə səhv nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)-632/2020 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi rədd edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)-632/2020 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən imza: Hakimlər imzalar: Əsli ilə düzdür: Hakim: Xumar Mərdanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar