Məhkəmə qərarları › İş №2(103)-4085/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4085/2023

20.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4085/2023 20.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 2(011)- 868/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları: İddiaçı iddia edir ki, Cavabdeh 13 fevral 2021-ci il tarixdə iddiaçıdan 48960 manat məbləğində borc pul alaraq, 13 noyabr 2021-ci il tarixədək qaytaracağını öhdəlik olaraq üzərinə götürsə də, 2021-ci il mart və aprel aylarında hər dəfə 5440 manat, 2022-ci ilin fevral ayında isə 3000 manat olmaqla, ümumilikdə 13800 manat ödəniş etmiş, qalan 35080 manatı isə hazırki günədək tam şəkildə geri qaytarmamışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixində 18 saylı notariat ofisində bağlanmış kredit müqaviləsi üzrə 35080 manat məbləğində pul vəsaitinin, ödəniləcək borcun gecikdirilməsinə görə illik 5% məbləğində əldən çıxmış faydanın 4 ayı müddətinə hesablanmaqla, ödənilməsi, eləcə də 210 manat məbləğində dövlət rüsumunun, hüquqi yardım göstərilməsinə görə ödənilmiş 40 manat məbləğində pul vəsaitinin iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixində 18 saylı notariat ofisində Cavabdeh ilə 48960 manat məbləğində pulun xx.xx.2021-ci il tarixinədək qaytarılması şərtilə aralarında kredit müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən, iddiaçı tərəfindən cavabdehə verilmiş 48960 manat məbləğində (müqavilə bağlanıldığı günün məzənnəsinə uyğun olaraq 28800 ABŞ dolları) borc pul verilmişdir. Müqavilənin 2-ci bəndində isə Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixinədək 48960 manat məbləğində pul vəsaitini qaytarmasını öz öhdəsinə götürməsi qeydi öz əksini tapmışdır. Belə ki, cavabdeh aylıq 5440 manat məbləğində pul vəsaitini (günün məzənnəsinə uyğun olaraq 3200 ABŞ dolları) hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin sözügedən kredit müqaviləsi üzrə cavabdeh 2021-ci il mart və aprel aylarında 5440 manat, 2022-ci ilin fevral ayında isə 3000 manat olmaqla ümumilikdə 13800 manat məbləği hissə-hissə ödəsə də, ümumi məbləğin xx.xx.2021-ci il tarixinədək ödəmək öhdəliyini cavabdeh kobud surətdə pozaraq, borcunu tam ödəməmişdir. Cavabdeh bu öhdəliklərini yerinə yetirmədiyindən iddiaçı sözügedən kredit müqaviləsi üzrə hal-hazırda mövcud olan 35080 manat məbləğində borcun qaytarılmasını, eyni zamanda ödəniləcək borcun gecikdirməsinə görə illik 5 %-i məbləğində əldən çıxmış faydanın 4 ay müddətində hesablanmaqla ödənilməsini tələb edir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 2(011)-868/2023 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 35080 (otuz beş min səksən) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddia qismən təmin edildiyi üçün hüquqi yardım üçün vəkilə ödənilmiş 40 (qırx) manat və 210 (iki yüz on) manat məbləğində dövlət rüsumundan ibarət məhkəmə xərcinin 50%-inin Cavabdeh İddiaçı Əli oğlunun xeyrinə tutulması, qalan 50%inin, yəni 105 (bir yüz beş) manatın iddiaçıya aid edilməsi qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 may 2023-cü il tarixli, 2(011)-868/2023 saylı qəradadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 2(011)- 868/2023 saylı qərardadına düzəliş edilmiş, qətnamənin nəticə hissəsinin dördüncü absasında iddiaçının adının “İddiaçı” kimi oxunması qərara alınmışdır. Birinci instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 385.1, 427.3, 739.1 və 739.2-ci maddələri ilə əsaslandıraraq hesab etmişdir ki, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməməsi sübut edildiyi üçün Cavabdeh 35080 manat məbləğində borc pul vəsaiti tutularaq iddiaçının xeyrinə ödənilməlidir. İddia tələbi “borcun gecikdirilməsinə görə illik 5%-i məbləğində əldən çıxmış faydanın 4 ayı müddətində hesablanmaqla ödənilməsi hissəsində əsaslandırılmadığından və sübutlarla təsdiq edilmədiyindən təmin edilməməlidir. Qeyd olunan qətnamədən narazı qalan cavabdehin nümayəndəsi-vəkili X3 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilmiş hissədə rədd edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun tərəfindən fevral, mart və aprel aylarında 6000 manat və 5440 manat, 2022-ci ilin fevral ayında isə 3000 manat olaraq ümumilikdə 19800 manat ödəniş olunmuşdur. Daha sonra işlər dayandığından tərəfindən borcun ödənilməsində çətinliklər yaranmışdır. Hal-hazırda işləmir. Borcunu ödəməkdən imtina etmir. Torpaq sahəsini satıb borcumu ödəyəcək. Lakin birici instansiya məhkəməsi onun məhkəmədə iştirakı olmadan, məhkəmənin iclasının vaxtı və yeri barədə lazimi qaydada xəbərdar etməyərək tələsik qətnamə qəbul etmişdir. Bununla yanaşı onun tərəfindən iddiaçıya ödənilmiş 6000 manat pul nəzərə alınmamışdır. Buradan da birinci instansiya məhkəməsinin ona qarşı qərəzli mövqedə olduğu, iddiaçının maraqlarını qoruduğu müəyyən olur. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İşə baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qətnamədən cavabdeh tərəfindən apelyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Belə olan halda qətnamə iddia tələbinin təmin edilmiş hissəsində yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

Mülki Prosessual Məcəllə:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Cavabdeh 13 fevral 2021-ci il tarixdə iddiaçıdan 48960 manat məbləğində borc pul alaraq, 13 noyabr 2021-ci il tarixədək qaytaracağını öhdəlik olaraq üzərinə götürsə də, 2021-ci il mart və aprel aylarında 5440 manat, 2022-ci ilin fevral ayında isə 3000 manat olmaqla, ümumilikdə 13800 manat ödəniş etmiş, qalan 35080 manatı qaytarmamamışdır. 30 noyabr 2021-ci il tarixdə verilmiş icra qeydinə əsasən, vaxtında ödənilməmiş 38080 manat pul vəsaiti və 20 manat dövlət rüsumu olmaqla, Cavabdeh ümumilikdə 38100 manat pul tutulmalıdır. İş materiallarında olan Cavabdeh 03 iyun 2022-ci il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsində verdiyi izahatdan görünür ki, 18 saylı notariat kontorunun 8i-10240 saylı, xx.xx.2021-ci il tarixli notariat icra qeydinə əsasən Cavabdeh cəmi 38100 manat pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. Cavabdeh həmin məbləğdən 3000 manat ödəniş etmişdir. Ölkədə olan karantin şəraitinə görə işlər dayandığından pulu ödəməyə çətinlik çəkir. Halhazırda işləmir. Bu yaxınlarda torpaq sahəsini satıb borcu ödəməyi öhdəsinə götürmüşdür. Borcu ödəməkdən imtina etmir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli icra sənədinin qaytarılması haqqında Qərardan görünür ki, icra sənədi Bakı şəhəri 18 saylı Notariat Kontoruna qaytarılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir Mülki qanunvericiliyin sadalanan normalarının mənasına görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. Məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Cavabdeh şikayətində həmin məbləğ üzrə tərəfindən fevral, mart və aprel aylarında 6000 manat və 5440 manat, 2022-ci ilin fevral ayında isə 3000 manat olaraq ümumilikdə 19800 manat ödəniş olunmasını göstərsə də, iş materialları ilə təsdiqin tapmış 13800 manat ödənişdən başqa digər ödənişlərin olunmasına dair heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, cavabdeh birinci instansiya məhkəməsinin iclasında iştirakının təmin edilməsindən narazı qaldığı halda 13800 manat ödənişdən əlavə ödənişlər edərək ümumilikdə iddiaçıya 19800 manat ödənişlə bağlı sübutlarını apellyasiya şikayətinə əlavə və ya apellyasiya instansiyası məhkəməsinin iclasında təqdim etmək imkanı olsa da bunu etməmişdir. İşin bu halı cavabdehin apellyasiya şikayətinin 6000 manat ödənişin nəzərə alınmamasına dair dəlilinin əsassız olmasını təsdiq edir. Cavabdehin birinci instansiya məhkəməsinin iclasında iştirakını təmin edilməməsi ilə bağlı apellyasiya şikayətinin dəlilini də məhkəmə kollegiyası əsassız sayır. Belə ki, iş materiallarından görünür ki, məhkəmə tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə ona lazımi qaydada SMS bildiriş göndərilmiş və məlumat verilmişdir. Beləliklə də məhkəmə kollegiyası hesab edir ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə səbəb ola biləcək hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən məhkəmə kollegiyası apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını nəzərə almaqla, mübahisəni tam, hərtərəfli və obyektiv araşdırmaqla düzgün nəticəyə gəlmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 2(011)-868/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar