Məhkəmə qərarları › İş №2(103)-4090/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4090/2020

13.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4090/2020 13.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçı, cavabdehin vəkili X1 və üçüncü şəxs “xxxxxx” MTK-nın sədri Şahid iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-189/2020 saylı mülki iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə vurulmuş maddi ziyana görə 8500 manatın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(001)-189/2020 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv, iddianın isə rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında cavabdehin vəkili X3 apellyasiya şikayətini müdafiə etdi, İddiaçı və hazırki apelyasiya baxışı zamanı üçüncü şəxs qismində işə cəlb edilmiş “xxxxxx” MTKnın sədri Şahid isə apellyasiya şikayətinə etiraz etdilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Etibar Babayev küçəsi 18 saylı evin 122 saylı mənzili “xxxxxx” MTK ilə bağlanmış xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən iddiaçıya məxsusdur. Həmin mənzildən yuxarıda yerləşən və ümumi sahəsi 207 m2 olan mansarda isə “xxxxxx” MTK ilə bağlanmış xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən Cavabdeh məxsus olmuşdur. İddiaçı bildirir ki, mənzilinin üst mərtəbəsində yerləşən, yəni mansardadan onun mənzilinə 2016-cı ilin sentyabr ayında cavabdeh tərəfindən dəfələrlə su axıdılmışdır. O, həmin binanın rəhbərliyinə və həmin binanın sahə müvəkkilinə bu barədə dəfələrlə məlumat vermiş, tədbir görülməsini xahiş etmiş, onlar onun mənzilinə baxaraq baş vermiş su axma faktının yerində şahidi olmuş, bu barədə mənzilə dəyən ziyan barədə akt tərtib edilmişdir. O, bir müddət mənzilinə dəyən ziyanın cavabdeh tərəfindən ödəniləcəyini gözləmiş, daha sonra cavabdehin ailə üzvlərindən biri vəfat etdiyi üçün o, vaxtında məhkəməyə müraciət etməmişdir. Daha sonra məhkəməyə müraciət etmiş, lakin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(001)-700/2018 saylı qətnaməsi ilə müəyyən olunmuşdur ki, ona məxsus Bakı şəhəri Binəqədi rayonu E.Babayev küçəsində yerləşən 18 saylı evin 122 saylı mənzilinə suyun, üst mərtəbədə yerləşən, sonradan üç hissəyə bölünmüş və 9, 10, xx xxxxxxx 2016-cı il tarixdə Cavabdeh məxsus olmuş mansarda sahəsindəki 133 saylı mənzildən axıdılmışdır. Su axıdılması nəticəsində onun mənzilinin təmiri sıradan çıxmış, nəticədə ona 8500 manat maddi ziyan dəymişdir. Əlavə olaraq məhkəmə iclasında iddiaçı bildirdi ki, cavabdehin mənzilində faktiki olaraq heç kim yaşamayıb. Lakin cavabdeh mənzilini təmir etdirirdi və suyu axıdan da evi təmir edən ustalar olmuşdur. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, o, xx xxxxxx 2007-ci ildə “xxxxxx” MTK tərəfindən inşa edilmiş, ünvan 1 ünvanda yerləşən 16 mərtəbəli binanın mansarda mərtəbəsindəki 207 kv.m sahəsi olan qeyri-yaşayış sahəsini almışdır. Sonradan həmin qeyri-yaşayış sahəsi ona lazım olmadığından kooperativin sədri Şahid həmin sahəni satmağı və ya geri qaytararaq pulunu qaytarmağı təklif etmişdir. Bir neçə il keçəndən sonra Şahid həmin qeyri-yaşayış sahəsini və onun altında yerləşən 93,7 kv.m sahəsi olan mənzili 215000 manat dəyərində razılaşmışlar və aralarında xx xxxx 2014-cü il tarixdə şifahi razılaşma əsasında izahat yazmışlar, həmin tarixdə Şahid 50.000 ABŞ dolları vermiş və qalan 165.000 ABŞ dollarını hissə-hissə olmaqla 3 ay müddətinə, xx xxxxxxx 2014-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. MTK ona qalıq pulu ödəyə bilmədiyi üçün “xxxxxxxxx” MTK tərəfindən Xırdalan şəhəri, Quşçuluq Y/M, 7 saylı məktəblə üzbəüz ünvanında yaşayış binasının 200 kv.m sahəsi olan qeyri-yaşayış sahəsini ona vermişlər, həmçinin qalan 55000 manat pulun qarşılığında “xxxxxxxxx” MTK tərəfindən Xırdalan şəhəri, Quşçuluq Y/M, 7 saylı orta məktəblə üzbəüz ünvanda yerləşən binanın “A 1” blokunun 1-ci mərtəbəsində sahəsi 90,6 kv.m olan 2 otaqlı 5 saylı mənzilini vermişlər. ünvan 1 ünvanda yerləşən 16 mərtəbəli binada yerləşən 93,7 kv.m sahəsi olan mənzil və 207 kv.m sahəsi olan mansarda onun tərəfindən heç bir zaman istifadə edilməmiş, təmir edilməmiş və hər iki sahə təmirsiz vəziyyətdə olmuşdur. Yəni o, faktiki olaraq həmin sahələri 2014-cü ildə kooperativin rəhbərliyinə təhvil vermiş və aralarında bu barədə razılaşma olmuşdur. Ona görə də o, hər hansı bir mülki hüquq məsuliyyəti daşımır və tərəfindən iddiaçıya zərər vurulmamışdır. Üçüncü şəxs “xxxxxx” MTK-nın sədri Şahid da iddiaya etiraz edir və bildirir ki, iddiaçının mənzilinə həmin mənzildən yuxarıda yerləşən və Cavabdeh məxsus olmuş ümumi sahəsi 207 m2 olan mansarda sahəsindən su axıdılmışdır. Cavabdeh xx.xx.2016-cı il tarixdə həmin sahəni satmaq məqsədi ilə könüllü olaraq kooperativə müraciət etmiş və bundan sonra həmin sahə xx.xx.2016-cı il tarixdə X4 tərəfindən alınmışdır. Kollegiya hesab edir ki, iddia əsaslıdır. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 1097.1-ci maddəsi təşkil edir. Həmin maddəyə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunan maddənin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Eyni zamanda zərərin yaşayış sahəsinə su sızma nəticəsində dəydiyi iddia edildiyinə görə kollegiya qeyd edir ki, vurulmuş zərərə görə məsuliyyət Mülki Məcəllənin 1111.2-ci maddəsinə əsasən müəyyən edilir. Həmin maddənin tələblərinə görə əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Hazırki işdə də qeyd olunan maddələrin dispozisiya şərtləri mövcuddur. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 700/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, İddiaçı cavabdeh X2 qarşı əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. Həmin mülki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2018-ci il tarixli 648 saylı ekspert rəyi verilmişdir. Həmin rəydən görünür ki, Bakı şəhəri Binəqədi rayonu E.Babayev küçəsi 18 saylı evin 122 saylı mənzilinə üst mərtəbəsindən (mansarda) suyun sızması müəyyən edilir. Lakin rəyin tədqiqat hissəsində göstərilən səbəblərə görə, suyun sızmasının mənbəyini və texniki səbəblərini müəyyən etmək mümkün olmamışdır. Su sızmanın müxtəlif, o cümlədən boru xəttində yaranan qəzadan, sanitar-qovşaq avadanlıqlarında əmələ gələn qüsurlardan, kanalizasiya borularının çatlamasından, birləşmə yerlərinin keyfiyyətsiz bərkidilməsindən, hamam və ayaqyolu otaqlarının döşəmələrinin izolyasiya qatının keyfiyyətsiz olmasından, mənzillərin sanitar-texniki qovşaqları üzrə hər hansı dəyişiklikərin və təmir işlərinin keyfiyyətsiz aparılmasından və sair səbəblərdən ola bilər. Su sızma nəticəsində Bakı şəhəri Binəqədi rayonu E.Babayev küçəsində yerləşən 18 saylı evin 122 saylı mənzilində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri hazırki bazar qiymətinə uyğun olaraq 8567 manat məbləğində müəyyən edilir. Həmin mülki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2018-ci il tarixli 19081 saylı ekspert rəyi verilmişdir. Həmin rəydən görünür ki, Bakı şəhəri Binəqədi rayonu E.Babayev küçəsində yerləşən 18 saylı evin 122 saylı mənzilinə suyun, üst mərtəbədə yerləşən, sonradan üç hissəyə bölünmüş və 9, 10, xx xxxxxxx 2016-cı il tarixlərdə Cavabdeh məxsus olmuş mansarda yaşayış sahəsindəki 133 saylı mənzildən susızması müəyyən edilir. Lakin 133 saylı mənzilə baxış keçirilən zaman, mənzilin müvafiq kommunikasiya xətlərinin (su, kanalizasiya boru xətləri) üzərində gözlə görünən hissələrində hər hansı nasazlıq müşahidə olunmadığından, eləcə də, mənzilin mətbəxinin və sanitariya qovşağının təmirli vəziyyətdə oluduğundan, iddiaçının mənzilinə suyun sızmasının konkret olaraq hansı texniki səbəbdən baş verməsini müəyyən etmək mümkün deyildir. Mənzillərdə suyun sızması müxtəlif səbəblərdən, o cümlədən boru xətlərində yaranan qəzadan, sanitar-qovşaq avadanlıqlarında əmələ gələn qüsurlardan, kanalizasiya borularının çatlamasından, birləşmə yerlərinin keyfiyyətsiz bərkidilməsindən, tıxaclanmadan, yararsız sanitar qovşaq avadanlıqlarından istifadə edilməsindən, mənzildə yaşayan sakinlər tərəfindən sudan nəzarətsiz istifadə edilməsindən, hamam və ayaqyolu otaqlarının döşəmələrinin izolyasiya qatının keyfiyyətsiz olmasından, mənzillərin sanitar-texniki qovşaqlarında təmir işlərinin keyfiyyətsiz aparılmasından yarana bilər. Suyun sızması nəticəsində Bakı şəhəri Binəqədi rayonu E.Babayev küçəsində yerləşən 18 saylı evin 122 saylı mənzilində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçüngörülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 8567,0 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlarla müəyyən olunur ki, iddiaçıya məxsus mənzilə ondan üst mərtəbədə yerləşən mansarda mərtəbəsindəki sahədən su axıdılmış və bunun nəticəsində iddiaçıya maddi zərər dəymişdir. Su sızma baş verdiyi tarixlərdə isə həmin sahə cavabdehə məxsus olmuşdur. Belə ki, cavabdehin adından olan xx xxxxxxx 2016-cı il tarixli ərizədə göstərilmişdir ki, o, Bakı şəhəri Binəqədi rayonu M.Rəsulzadə qəsəbəsi 3024-cü məhəllə ünvanında “xxxxxx” MTK-ya məxsus kooperativ yaşayış binasında mülkiyyətində olan binanın mansarda hissəsində yerləşən 207 kv.m-lik qeyri-yaşayış sahəsinin həmin MTK-nın sədri Şahid adına rəsmiləşdirilməsinə etirazı yoxdur. Məhkəmə iclasında üçüncü şəxs “xxxxxx” MTK-nın sədri Şahid bildirdi ki, həqiqətən cavabdehin bildirdiyi kimi onlar arasındakı razılaşma xx xxxx 2014-cü il tarixdə əldə olunmuş və həm iki otaqlı mənzil, həm də mansarda mərtəbəsinin MTK tərəfindən əldə olunması razılaşdırılmış, həmin vaxt mənzilə görə 50000 ABŞ dolları ödənilmiş, lakin mansarda mərtəbəsi üçün pul vəsaiti olmadığına görə onun dəyərini ödəmək mümkün olmamışdır. Bundan sonra cavabdehə məxsus mansarda mərtəbəsi üçün müştəri axtarılmış, bu müddət ərzində həmin sahə cavabdehin sahibliyində olmuş və yalnız xx xxxxxxx 2016-cı il tarixdə cavabdeh həmin sahəyə görə razılaşdırılmış məbləği almış və imtina ərizəsini vermişdir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, Mülki Məcəllənin 1111.2-ci maddəsinə görə iddiaçıya vurulmuş zərərin əvəzinin ödənilməsi vəzifəsi cavabdehə aiddir. Qeyd olunan məhkəmə tikinti-texniki ekspertizası rəylərinə əsasən isə iddiaçıya dəymiş zərərin məbləğinin 8567 manat olması müəyyən edilmiş və hazırda iddiaçı cavabdehdən 8500 manat zərərin əvəzinin ödənilməsini tələb etmişdir. Bu baxımdan kollegiya hesab edir ki, zərərin məbləği yalnız iddia tələbi həcmində təmin edilməlidir ki, birinci instansiya məhkəməsi də düzgün olaraq həmin nəticəyə gəlmişdir. Cavabdeh dəlilləri isə əsassızdır. Belə ki, yuxarıda göstərilənlərə əsasən təsdiq olunur ki, iddiaçıya məxsus mənzilə su sızan və bunun nəticəsində zərər dəyən tarixlərdə həmin mənzildən yuxarıda yerləşən mansarda sahəsi cavabdehə məxsus olmuş və yalnız xx.xx.2016-cı il tarixdə cavabdeh həmin sahəni MTK-ya təhvil vermiş və xx.xx.2016-cı il tarixdə X4 tərəfindən alınmışdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-189/2020 saylı mülki iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar