Məhkəmə qərarları › İş №2(103)-4090/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4090/2021

04.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4090/2021 04.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X2 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Türkmənli Lamiyə Elman qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2(002)-592/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, birgə nikahdan olan X5, X3 və X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Göyçay Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli, 2(046)- 1167/2020 saylı qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarının artırılaraq, cavabdehdən hər uşağa 175 manat olmaqla, cəmi 525 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Göyçay Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə cavabdehdən yetkinlik yaşına çatmamış X5, X3 və X1 üçün ayda hər uşağa 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin alınıb İddiaçı verilməsi qət edilmişdir. Birgə nikahlarından doğulmuş və yetkinlik yaşına çatmamış uşaqların mənafelərini və onların böyüdükcə artan tələbatlarını, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması şərtlərini, cavabdehin qazancının artması və iddiaçının uşaqların saxlanılması üçün artan tələbatlarını təkbaşına ödəyə bilməməsi nəzərə alınmalı, uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Göyçay Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2(002)- 592/2021 saylı qətnaməsi ilə (hakim Gülnar Əhmədova) iddia qismən təmin olunmuş, Cavabdeh 28.01.2016-cı il təvəllüdlü X4, 19.11.2014-cü il təvəllüdlü X3 və 12.09.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Göyçay Rayon Məhkəməsinin 09.10.2020-ci il tarixli, 2(046)-1167/2020 saylı qətnaməsi ilə tutulan alimentin miqdarının artırılaraq, hər ay bir uşağa görə 130 manat olmaqla, cəmi 390 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissəsi təmin edilməməsi, iş üzrə ödənilməli olan 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq dövlət büdcəsinə köçürülməsi qət olunmuşdur. İddiaçı məhkəmənin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın tam təmin olunmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı apellyasiya şikayətini iddia ərizəsində göstərilənlərə uyğun əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını, iddianın tam təmin olunmalı olmasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ, PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən cavbadeh apellyasiya şikayətini əsassız sayaraq birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilmiş, lakin, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İlkin olaraq qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, cavabdeh qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz iddiaçının apellyasiya şikayəti həddində (iddianın tam təmin olunması) birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanmalıdır. Qeyd edilməlidir ki, tərəflər arasında 20 dekabr 2013-cü il tarixdə rəsmi nikahın bağlanması, birgə nikahdan üç yetkinlik yaşına çatmayan uşaqların olması, tərəflərin ayrı yaşamaları, uşaqların iddiaçının yanında qalması işin mübahisə olunmayan hallarıdır. Həmçinin, işdə olan Göyçay Rayon Məhkəməsinin 09.10.2020-ci il tarixli, 2(046)- 1167/2018 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı «sabit pul məbləğində alimentin tutulması» tələbinə dair iddiası təmin edilərək, X5, X3 və X4 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh ayda hər uşağa 100 (bir yüz) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə kollegiyası iddianın təmin olunmayan hissədə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 6-cı maddəsində göstərilir ki, iştirakçı dövlətlər uşağın sağ qalmasını və sağlam inkişaf etməsini maksimum mümkün olan dərəcədə təmin edirlər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq Hüquqları Haqqında Konvensiya»nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları-onlara əsas qayğı obyektidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avrova Konvensiyasının 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ər-arvad habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər görməkdə dövlətlərə mane olmur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Göründüyü kimi, istər daxili, istərsə də beynəlxalq hüquq normalarının tələblərinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Valideynlər uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. İşdə olan sübutlardan (məhkəmə qərarı, izahatlar və s.) göründüyü kimi, Göyçay Rayon Məhkəməsinin 09.10.2020-ci il tarixli, 2(046)-1167/2018 saylı qətnaməsi ilə uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər biri üçün hər ay sabit pul məbləğində 100 manat (cəmi 300 manat) aliment tutulması qət edilmişdir. İddiaçı hazırki tələbində məhkəmə tərəfindən müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək, hər bir uşaq üçün 175 manat müəyyən olunmasını xahiş etmişdir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Göründüyü kimi, qanunverici alimentin müəyyən olunmuş miqdarının sonradan dəyişdirilməsi imkanının yalnız tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliklərlə əlaqələndirmişdir. İddiaçı isə bu istiqamətdə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Eyni zamanda, iddia əvvəlki qətnamənin qəbulundan qısa müddət (təqribən 3 ay) keçdikdən sonra hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir (iddiaçı əvvəlki qətnamə ilə müəyyən olunmuş alimentin miqdarından narazı idisə, həmin qətnaməni mübahtsələndirmək hüququna malik olmuşdur). Bununla yanaşı, cavabdehin izahatından aydın olur ki, o, istər əvvəlki qətnamə çıxarılan zamanı, istərsə də hazırda 3-cü dərəcə əlil olmaqla, əvvəlki iş yerində işləyir, maddi vəziyyətində dəyişiklik olmamışdır, əksinə səhhətində müəyyən problemləri vardır, buna baxmayaraq məhkəmənin müəyyən etdiyi alimenti ödəməyə çalışır, ondan artığına isə imkanı yoxdur. Göründüyü kimi, iddiaçı əvvəlki qətnamənin qəbulundan sonra keçən qısa müddət ərzində cavabdehin sonra maddi vəziyyətində dəyişikliklər olmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarındakı hüquqi mövqeyinə görə isə alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Göründüyü kimi, işin faktiki halları və qanunvericililyn qeyd edilən normaları baxımından hazırki vəziyyətdə alimentin miqdarının hər bir uşaq üçün 175 manat müəyyən olunması barədə tələbin hüquqi əsası mövcud deyidir. İddiaçı bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmişdir. Məhkəmə kollegiyası göstərilənləri, həmçinin apellyasiya şikayətinin dəlillərinin əsassız olmasını nəzərə alaraq, hesab edir ki, şikayət təmin olunmamalı, qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2(002)-592/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2(002)-592/2021 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza var. Hakimlər: imzalar var. Əsli ilə düzdür: Sədrlik edən Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar