Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4090/2023 10.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), oğlu və oğlundan ibarət tərkibdə, oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-1447/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Xətai Rayon Xalq Məhkəməsinin xx.xx.1998-ci il tarixli, 2-1375 nömrəli qətnaməsi ilə Cavabdeh 5.600 ABŞ dollarının tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən 6.950 ABŞ dolları pulun və dövlət rüsumu kimi ödənilmiş 125,6 manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xətai Rayon Xalq Məhkəməsinin xx.xx.1998-ci il tarixli, 2-1375 nömrəli qətnaməsi ilə Cavabdeh 5.600 ABŞ dollarının tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Bakı Şəhər Məhkəməsinə kassasiya şikayəti versə də, şikayəti təmin edilməmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən məhkəmə tərəfindən Xətai rayon İcra Şöbəsinə icra sənədi göndərilmiş, lakin icra sənədi icra edilməyərək məhkəməyə geri qaytarılmışdır. Bu günədək cavabdeh (borclu) Cavabdeh həmin məbləğdən bir manat da olsun tələbkara ödəməmişdir. Yəni hal-hazırda cavabdehin iddiaçıya məhkəmə qətnaməsi ilə 5.600 ABŞ dolları borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əcacən cavabdeh borclu olduğu 5.600 ABŞ dolları məbləğində borca görə borcun ödənilmədiyi hər bir il üçün iddiaçıya borcun 5 %-ni ödəməlidir və pulun alıcılıq qabiliyyəti aşağı düşdüyünə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinə əsasən 5.600 ABŞ dolları borc məbləği istehlak qiymətləri indeksi kimi inflyasiya göstəricisinə uyğun olaraq indeksasiya olunmalıdır.
4. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-1447/2023 nömrəli qətnaməsi ilə (hakim S.C.Hacıyeva) iddia təmin edilməmişdir.
5. Məhkəmə hesab etmişdir ki, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlı olsa da, o, iddiasında qeyd itdiyi halları sübuta yetirə bilməmişdir. Belə ki, iddiaçının istinad etdiyi xx.xx.2001-ci il tarixli məktubdan görünür ki, icra hərəkətləri nəticəsində borcluda tələbin yönəldilə biləcəyi əmlak və ya gəlir aşkar edilməmişdir. Ona görə də məhkəmə qətnaməsinin icrası ləngimişdir. Lakin bu məktubda yazılanlar ilə borcun 2001-ci ildən sonra da qaytarılması istisna edilmir. Əksinə bu keçən müddət ərzində (2001-ci ildən 2023-cü il tarixə qədər) iddiaçının icra sənədinin icra olunmaması ilə bağlı aidiyyatı qurumlara müraciət etməməsi şübhə doğurur.
6. Məhkəmə qeyd etmişdir ki, “Elektron Məhkəmə” informasiya sistemindən əldə olunmuş məlumata əsasən cavabdehin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmamışdır. Belə ki, o 2015, 2018, 2019-cu illərdə ölkədən çıxmış ve yenidən qayıtmışdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin arxivindən əldə edilmiş 1998-ci il tarixli 2- 1375 saylı məhkəmə işindən görünür ki, icra sənədinin icra vəziyyəti barədə (icra sənədinin geri qaytarılması, xitam edilməsi və s.) məhkəmədə məlumat yoxdur. Məhkəmə araşdırılması zamanı tərəflər arasında borc münasibətinin olduğu təsdiq olunsa da, qətnamədə qeyd olunan 5.600 ABŞ dolları məbləğində pul məbləğinin cavabdeh tərəfindən iddiaçıya qaytarılması, eləcə də qaytarılmaması heçnə ilə təsdiq olunmur. Habelə, iddia ərizəsində icra sənədinin icra olunmadan məhkəməyə qaytarılması qeyd olunsa da, bu hal da, məhkəmə araşdırması zamanı öz təsdiqini tapmır. Həmçinin məhkəmə şahidin ifadəsinə münasibətdə qeyd etmişdir ki, şahid cavabdehin yaxını olduğundan onun ifadəsi mötəbət sübut kimi qymətləndirilə bilməz.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə, Mülki Məcəlləsinin 445-ci maddəsinə, “İcra Haqqında” Qanunun 2.1, 2.2, 3.1, 8.2, 12.1, 26, 29.1-ci maddələrinə, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarına, Mülki Prosessual Məcəlləsinin 15.2, 14.2, 77.1, 217.4, 231.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən işin faktiki hallarının araşdırılması zamanı təqdim etdiyi dəlil-sübutlara obyektiv qiymət verilməmiş, hətta bəziləri ümumiyyətlə nəzərə alınmamış, bununla da cavabdehin əsassız surətdə irəli sürdüyü şəxsi mülahizələrinə əsaslanmaqla və məhkəmənin ehtimallara söykənərək (fərziyyələrlə) nəticəvi hissəyə gəlməyə əsas ola bilmədiyi halda, formal mülahizələrə əsaslanaraq nəticəyə gəlinib qərar qəbul edilmişdir. Məhkəmənin gəldiyi qənaət heç bir hüquqi əsasa səykənməyən formal (şəxsi) mülahizədir, heç bir məntiqə əsaslanmayan fərziyyədir və ehtimal olmaqla cavabdehin mənafeyinə xidmət edən mövqedir. İddiaçı olaraq irəli sürdüyü tələb bilavasitə sübutetmə yükü ilə bağlı deyil, Qanuna əsaslanır. Cavabdehin iddiaçıya olan 5.600 ABŞ dolları borcun 1999-cu il tarixdə küçədə iddiaçıya qaytarmasını bildirməsi isə məhkəmənin borcun 2001-ci ildən sonra da qaytarılmasının istisna edilməməsi barədə mövqeyini mənasız edir. Bundan başqa, məhkəmənin “Elektron Məhkəmə” informasiya sistemindən əldə etdiyi məlumatlara əsasən cavabdehin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmadığından 2015, 2018, 2019-cu illərdə ölkədən çıxdığına və qayıtdığına istinad etməsi yenə də formal mülahizədir. Çünki, icra sənədi barədə həm icra şöbəsində, həm məhkəmədə, həmdə arxivdə heç bi məlumatın olmaması Xətai rayon İcra Şöbəsinin işindən xəbər verir və cavabdehin ölkədən çıxışına məhdudiyyətin qoyulmaması da onların hərəkətsizliklərinin nəticəsidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, iddiaçı xəstəliyi ilə bağlı icra işi ilə mütəmadi maraqlana bilməmiş, icra şöbəsinə etdiyi müraciətləri cavabsız qalmışdır.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etdi və bildirdi ki, o, iddiaçıya olan borcunu 1999-cu ildə qaytarmış və bundan sonra onu icra şöbəsi narahat etməmişdir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 129.İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Maddə 129.İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
17. Hazırkı işdə iddia təmin olunmadığından və iddiaçı qətnaməni bütövlükdə mübahisələndirdiyindən, qətnamənin əsaslılığı tam olaraq yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
19. Belə ki, işdə olan Xətai Rayon Xalq Məhkəməsinin xx.xx.1998-ci il tarixli, 2-1375 nömrəli qətnaməsi ilə Cavabdeh 5.600 ABŞ dollarının tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
20. İddiaçı iddia edir ki, həmin qətnamə hal-hazıradək icra edilməmişdir. Cavabdeh isə 1999-cu ildə şahidin iştirakı ilə iddiaçıya olan borcunu qaytardığını bildirir.
21. İşdə olan Xətai Rayon İcra Şöbəsinin birinci instansiya məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubuna əsasən Xətai Rayon Məhkəməsinin 2- 1375/1998 saylı, xx.xx.1998-ci il tarixli icra sənədi Xətai rayon İcra şöbəsinin icraatında olmuş, lakin hal-hazırda aparılmış araşdırmalar nəticəsində sözügedən icra sənədinin icra vəziyyəti barəsində məlumat əldə etmək mümkün olmamışdır.
22. Göründüyü kimi, hazırda icra sənədinin cavabdeh tərəfindən icra olunubolunmamasını, cavabdeh barəsində məcburi icra tədbirlərinin görülüb-görülməməsini iş üzrə müəyyən etmək olmur.
23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, iddiaçı tərəfindən 20 ildən artıq icra sənədinin icrasının tələb edilməməsi də şübhə doğurur.
24. Məhkəmə kollegiyası hesab edir ki, belə olan vəziyyətdə birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi barədə düzgün nəticəyə gəlmişdir.
25. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
26. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-1447/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.