Məhkəmə qərarları › İş №2(103)-4092/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4092/2021

26.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4092/2021 26.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Həmidov Həmid Üzeyir oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2(001)- 5097/20 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 1346,03 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.Mustafayev, iş № 2(001)-5097/21) iddia təmin edilmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 noyabr 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 02 il 01 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş, hökmün icrası İddiaçınə həvalə edilmişdir. Məhkuma 24 yanvar 2019-cu il tarixdə elektron nəzarət vasitəsi tətbiq olunmuş və ona müvafiq aktla 1 ədəd mobil qurğu, 1 ədəd mobil qurğunun enerji adaptoru, 1 ədəd mobil qurğunun enerji toplayıcı kabeli, 1 ədəd sadə elektron qolbaq, yükləmə qurğusu və 2 ədəd ev siqnal ötürücüsü təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Lakin, cavabdehin mobil qurğunu itirdiyi məlum olmuş, bu barədə ondan izahat alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş maliyyə arayışına əsasən, həmin qurğunun dəyəri 1346,03 manat təşkil edir. Mübahisənin başqa həll yolu mövcud olmadığından onlar hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşlar. İddia tələbi üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsasandırılmışdır ki, cavabdeh ona tətbiq olunmuş elektron nəzarət vasitəsini itirdiyinə görə azadlığın məhdudlaşdırılması cəzasının qalan 04 ay 7 gün hissəsinin azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilməsi nəzərə alınmamışdır. Belə ki, o, məhz həmin elektron nəzarət vasitəsini itirdiyinə görə cəzası əvəz edilmişdir. Həmçinin məhkəmənin vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmişdir. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 26 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Birinci instansiya məhkəməsi iddianın əsaslı olması ilə bağlı mövqeyini Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2-ci maddəsi ilə əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh İddiaçınə verdiyi izahatda mobil qurğunu itirdiyini etiraf etdiyindən məhkəmə hesab edir ki, həmin qurğunun dəyəri kimi 1346,03 manat məbləğində pul vəsaiti ondan iddiaçının xeyrinə tutulmalıdır. Apelyatorun mövqeyinə görə, mobil qurğunu itirdiyi üçün cəzası daha ciddi cəza ilə əvəz edildiyindən hazırkı iddia əsassızdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyini əsaslı sayaraq qeyd edir ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2.4-cü maddəsinə görə şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun istifadəsinə verilir və ya üzərinə bağlanılır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin, habelə elektron nəzarət vasitəsi şəxsin üzərinə bağlandıqda cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir. Həmin Məcəllənin 15-2.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Cavabdehin apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi həmin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 26 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: Həmid Həmidov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar