Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4092/2025 11.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Açar sözlər: (pul tələbi, əqdin forması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-1571/2025 saylı qətnaməsindən cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, vətəndaş İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İzahatı alınmış Cavabdeh qeyd etmişdir ki, təxminən 2018-ci ildə ortaq dostlarının vasitəsi ilə İddiaçı ilə tanış olmuşdur. 2021-ci ildə söhbət əsnasında Cəfər ona birgə iş görməyi təklif etmişdir. O da ona turizm şirkəti açmağı bildirmişdir. Bu işin təxminən 10000 manat civarında başa gələcəyini bildirmişdir. Onlar razılaşmışdır ki, nə qazancaqdısa yarı-yarıya bölünəcəkdir. O, Cəfərdən ilk dəfə təxminən hissə-hissə 10000 manat almışdır. Hissə-hissə təxminən 28200 manat pul alıb işə başlamışdır. Daha sonra onlar həmin şirkəti açmış və 2 il fəaliyyət göstərmişlər. Həmin şirkətin direktoru özü idi. Cəfər isə həmin ofisə gəlib-gedirdi. Hər ay 950 manat icarə haqqı, 450 manat, 550 manat, mühasib 350, 250 manat vergi və 50 manat DSNF. Ümumilikdə 2550 manat hər ay xərclənirdi. İki ildən sonra işləyə bilmədiklərindən şirkəti bağlamışlar. Hal-hazırda Cəfərə 28100 manat borcu qalmışdır. Əslində o, ziyana düşdüyü kimi Cəfər də bu işdə ziyana düşüb. Buna görə də əslində ona borcunun az hesablanmalı olduğunu bildirmişdir.
2. xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, vətəndaş İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.
3. xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, Cavabdeh İddiaçı olan 29850 manat pulun və 10000 manat əlavə vurulmuş maddi ziyanın qaytarılmayacağı təqdirdə aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir.
a)Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 29850 manat aldığı pul məbləğinin, 10.000 manat iddiaçıya dəymiş mənəvi zərərin və gecikdirilmiş məbləğə görə faizin, 1000 manat maddi zərərin, hazırkı iddia ilə bağlı vəkilə ödənilmiş 350 manat məbləğində pulun və iddia üçün ödənilmiş 214 manat dövlət rüsumunun alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 5.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı və Cavabdeh bir-birlərini uzun müddətdir ki, tanıyırlar, aralarında normal münasibət olmuşdur. Cavabdeh aralarında olan etibardan istifadə edərək, 2021-ci ilin sonları 2022-ci ilin əvvəllərində İddiaçı iş qurub pul qazanmaq adı ilə 30.000 manat pul almışdır. Aralarında olan razılığa əsasən Cavabdeh həmin məbləğə ev tikib satmalı və həmin satışdan əldə olunmuş gəlirdən həm 30.000 manat, həm də üzərində azı 5.000 manat gəliri İddiaçı verməli idi. Aralarında səmimi münasibət olduğu üçün iddiaçı cavabdehə inanib pulu versə də, cavabdeh iddiaçıya verdiyi vədə əməl etməmiş, söz verdiyi vaxtda hətta iddia verilən gün kimi nə aldığı pulu, nə də həmin pula görə əldə etməli olduğu gəliri qaytarmamışdır. Cavabdeh hazırda borc və borcun məbləği ilə bağlı heç bir etiraz etməsə də, lakin maddi durumuna görə borcu qaytara bilmədiyi demişdir. Cavabdehin həmin pul məbləğini almasını və həmin pulun məbəğini təsdiq edən ilə kifayət qədər etirafları, səs qeydləri və smsləri mövcuddur. Eyni zamanda cavabdeh bu qədər məbləğdə pulu alıb vaxtında qaytarmadığına görə iddiaçı həm mənəvi olaraq, həm də maddi olaraq zərər çəkmişdir. Belə ki, iddiaçı həmin pulu digər şəxslərdən borca və bankdan özününü və digər şəxslərin adına kredit götürüb verdiyi üçün uzun zamanda əlavə faiz və cərimə ödəməyə məcbur qalmışdır. Eyni zamanda o qədər məbləğ ilə bu qədər müddətdə kifayət qədər qazanc əldə edə bilərdi. Cavabdehin bu əməlinə görə iddiaçı həm zərərə düşmüş, həm də qazana biləcəyi gəlirlərindən olmuş, yaxınları ilə əlavə problemlərə düşmüşdür. İddiaçı buna görə də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-1571/2025 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 28100 (iyirmi səkkiz min yüz) manat məbləğində pul vəsaiti, ödənilmiş dövlət rüsumunun 150 (yüz əlli) manatı və vəkilə ödənilmiş xidmət haqqının 200 (iki yüz) manatının alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. 7.Məhkəmə möcqeyini belə əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh birlikdə iş qurmaq qərarına gəlmişlər. Bu səbəbdən də cavabdeh iddiaçıdan müəyyən məbləğdə pul vəsaiti almış və həmin məbləği iddiaçıya qaytaracağı barədə öz üzərinə öhdəlik götürmüş, lakin cavabdeh tərəfindən açılan şirkət ziyana düşdüyündən, o, pul vəsaitini iddiaçıya qaytarmamışdır. Bu hal cavabdehin polis şöbəsində verdiyi izahatlarla da öz təsdiqini tapır. Belə ki, cavabdeh verdiyi izahatlarda halhazırda iddiaçıya 28100 manat məbləğində borcu qaldığını etiraf etmişdir. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tələbin 29850 manat pul vəsaitinin, 10000 manat dəymiş mənəvi zərər və gecikdirilmiş məbləğə görə faizin, 1000 manat maddi zərərin olmasını iddia etsə də, iddia tələbinin yalnız 28100 manat məbləğinin olması sübuta yetirilmişdir, qalan məbləğlər sübut edilməmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməli, Cavabdeh 28100 manat məbləğində vəsait İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. 8.Məhkəmə həmçinin tələbin ödənilmiş dövlət rüsumu əvəzinin tutulması hissəsi ilə bağlı qeyd etmişdir ki, Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və hazırki iddia təmin olunduğundan məhkəmə xərclərinə aid edilən dövlət rüsumunun əvəzi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. 9.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427.3, 442-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 119.1 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, iddiaçı ilə biznes təşkil etmək məqsədilə razılığa gəlmişdir. İddiaçı da, cavabdeh də bu iş üçün sərmayə qoymuşdular. Əvvəllər gəlir götürsələr də sonradan qurduqları biznes batdı. Yəni, cavabdehin özü də xeyli ziyan çəkdi. İddiaçı ilə arasında borc və ya hər hansı digər bir müqavilə mövcud deyil. Lakin, məhkəmə heç bir sübuta əsaslanmadan, təkcə polis şöbəsində verdiyi izahatı əsas götürərək iddianı qismən təmin etmişdir. Qeyd edir ki, həmin izahatı təzyiq altında vermiş və əslində onun hüquqi nəticəsi yoxdur. Bu isə qanunsuzdur. Əslində məhkəmə işi hərtərəfli araşdırmalı, onun iddiaçı qarşısında ona pul vermək öhdəliyini sübut etməli idi ki, belə qətnamə qəbul etsin. İddiaçı ilə arasında pul tələbi ilə bağlı heç bir öhdəlik olmadığındından Mülki Məcəllənin 385.1-ci maddəsinə istinad olunmalı idi. Məhkəmə baxışının tərəflərin dindirilməsi ilə keçirilmə vəzifəsi, habelə qərarın yalnız tərəflərin izahat və dəlilləri əsasında verilməsi vəzifəsi məhkəmənin üzərinə icbari norma kimi qoyulmuşdur. İşdə cavabdehin məhkəmə iclaslarında iştirakı təmin edilməmiş və onun vacib əhəmiyyət daşıyan izahat və dəlilləri dinlənilmədən qərar qəbul edilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 12.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13.Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini qəbul etmədi, izahatında və ona verilən suallara cavab olaraq qeyd etdi ki, cavabdeh məhkəməyə sübutlar təqdim edəcəyi üçün məhkəmə iclasının təxirə salınması barədə dəfələrlə müraciət etmişdir. Yüklədiyi (iddiaçı tərəfin) ərizələr də onun (cavabdehin) rayon məhkəməsində yüklədiyi sənədlərdir. Hazırda iştirak etmir, işi uzatmaq istəyir. Qətnamənin qanuni qüvvəsini almağa 1 gün qalmış apellyasiya şikayəti verib. Cavabdeh pul alıb ki, evi tikib satacaq, sonra da iddiaçıya pulunu qaytaracaq. Cavabdeh borc alanda sonradan borcu qaytaracağını öhdəsinə götürüb. Borc almışdır, qaytaracağını demişdir. Borcu alsa da verdiyi vədə əməl etməyib, borcunu qaytarmayıb, müxtəlif bəhanələr edib. Polis bölməsində izahatında cavabdeh qismən etiraf edib.
14. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdehin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 15.Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 16.Maddə 6.2.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 17.Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 18.Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 19.Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 20.Maddə 1091.1.Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 21.Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 22.Maddə1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 23.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 24.Maddə 384.0.2.Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 25.Maddələr 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır.
Apellyasiya baxışının hədləri
26.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 27.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin edilən hissəsində qanunililiyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki cavabdeh qətnaməni həmin hissədə mübahisələndirmiş, iddiaçı isə apellyasiya şikayəti verməmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28.Məhkəmə kollegiyası apellyasiya şikayətini və iş materiallarını, işdə olan sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – pul məbləğinin tutulması hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilməlidir. 29.Belə ki, işin faktiki halları ondan ibarətdir ki, iddiaçı cavabdehə qaytarmaq şərtilə borc pul vermişdir. Lakin cavabdeh pul vəsaitini qaytarmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Belə ki, cavabdeh polis şöbəsində verdiyi izahatında iddiaçıya 28100 manat məbləğində borcu qaldığını etiraf etmişdir. 30.Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə işin faktiki hallarını düzgün müəyyən etsə də müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə mübahisənin qanuni əsasını müəyyən etməmiş, tərəflər arasında yaranmış münasibətləri tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. 31.Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 32.Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 33.Göründüyü kimi qanunvericilik, predmeti 3 min manatdan çox olan borc müqaviləsinin bağlanmış hesab edilməsi üçün imperativ şərt müəyyən etmiş və bu şərt ondan ibarətdir ki, bu cür borc müqavilələri yazılı formada bağlanılmalıdır. 34.Tərəflər arasında borc pul verilməsi ilə bağlı yazılı müqavilə bağlanmasına dair qanunvericiliyin tələbinə əməl edilməmişdir. 35.Lakin cavabdehin hazırda iddiaçıya 28100 manat məbləğində borcunun qalması iş materiallarında xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarında cavabdehin etirafedici ifadələri ilə öz təsdiqini tapmışdır (i.v 61, 88). 36.Hazırkı halda cavabdeh iddiaçı tərəfindən ona verilmiş pul vəsaitini iddiaçıya geri qaytarmayaraq əsassız varlanmışdır. 37.Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iddia tələbini qismən təmin edərkən mübahisəyə tətbiq edilməli maddi hüququ normalarını düzgün müəyyən etməmişdir, buna görə də qətnamə ləğv edilərək, işdə olan sübutlar əsasında yeni qətnamə qəbul edilməlidir. 38.Kollegiya hesab edir ki, cavabdehdən 28100 manat pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. 39.Kollegiya cavabdehin ifadəsini təsir altına verməsi ilə bağlı apellyasiya şikayətinin dəlillərini onun mülahizəsinə əsaslanmaqla heç bir mötəbər sübutla təsdiqini tapmadığından əsassız hesab edir.
40. Məhkəmə kollegiyası həmçinin məhkəmə iclaslarının cavabdehin iştirakının təmin edilmədən keçirilməsi ilə bağlı apellyasiya şikayətinin dəlilini də əsassız hesab edərək qeyd edir ki, iş materiallarından göründüyü kimi məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat Cavabdeh məxsus şəxsi elektron kabinetə yerləşdirilmiş, cavabdehin özü tərəfindən elektron kabinet vasitəsi ilə məhkəməyə ünvanlanan ərizələrdən görünür ki, o, məhkəmə iclaslarından məlumatlı olmuşdur (i/v, səh 25, 30). 41.Beləliklə, qeyd olunan xüsusatları ümumiləşdirərək, Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-1571/2025 saylı qətnaməsi mübahisələndirilən – iddianın qismən təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi qeyd olunan hissədə qismən təmin edilməli, 28100 (iyirmi səkkiz min yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutulub İddiaçı ödənilməlidir. 42.Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilməlidir. 43.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-1571/2025 saylı qətnaməsi mübahisələndirilən – iddianın qismən təmin edilən hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qeyd olunan hissədə qismən təmin edilsin. 28100 (iyirmi səkkiz min yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutulub İddiaçı ödənilsin. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Günay Axundova Hakimlər Rüstəmli Məhəmməd Fərrux Qasımov