Məhkəmə qərarları › İş №2(103)-4093/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4093/2024

28.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4093/2024 28.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Rauf qızına qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-4093/2024 (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X6 və X3 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh, onun nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-398/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 28 avqust 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı İşin halları

1. İddiaçı cavabdeh aralarında mübahisə yaranmamışdan bir müddət əvvəl tanış olmuşlar. Cavabdeh 2022-ci ilin iyun-avqust aylarında iddiaçıdan ümumilikdə 12500 manat pul almışdır. İddiaçı bildirir ki, cavabdeh lazer apartının təmir olunması, bundan sonra gözəllik salonunda birlikdə işləmələri üçün almışdır. Cavabdeh isə iddiaçıdan 5000 manat pul aldığını, həmin pulu hissə-hissə qaytardığını və iddiaçıya borcunun olmadığını bildirir. Tərəflər arasında pulun verilməsi ilə bağlı hər hansı müqavilə bağlanmamışdır.

2. Cavabdeh Xətai RPİ-nin 37-ci Polis Şöbəsində verdiyi izahatında xx.xx.2022ci il tarixdə iddiaçıdan faizlə pul aldığını, xx.xx.2022-ci il tarixdə isə 5000 manat pul aldığını etiraf etmiş, iki ay 1125 manat, daha sonrakı iki ay 1875 manat pulu faiz olaraq, 2000 manat isə aldığı puldan, ümumilikdə isə iddiaçıya 8000 manat pul verdiyini və ona borcunun olmadığını bildirmişdir.

3. İddiaçının müraciəti əsasında cavabdehin barəsində araşdırma aparılmış və əməlində AR CM-nin 178-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin əlamətləri olmadığından toplanmış material üzrə Xətai RPİ-nin 37-ci PŞ-nin təhqiqatçısı trəfindən xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı 10500 manat məbləğində pulun, məhkəmə xərci olaraq ödənilmiş 120 manat dövlət üsumunun və 170 manat vəkilə ödədiyi xərcin cavabdehdən alınaraq ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, əvvəllər tanıdığı cavabdeh 2022-ci ilin avqust ayında salonda lazer apartını təmir etdirmək üçün ondan borca 12500 manat pul almışdır. Lazer aparıtını təmir etdikdən sora salonda birgə işləyəcəkdilər. Lakin cavabdeh aparatı təmir etdirməmişdir. Dəfələrlə ondan verdiyi borcu geri istəmiş, cavabdeh borcundan 2000 manat pulu geri qaytarsa da, 10500 manatı qaytarmamışdır.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-398/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Pərviz Zamanlı) iddianın qismən təmin edilməsi, 9900 manat məbləğində pul vəsaiti və 120 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilnəsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 386.1, 390.1, 1096.1, 1097.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh əvvəllər qadın salonu işlədibdir, iddiaçını bir müddətdir ki, tanıyır və iddiaçı faizə pul verməklə məşğul olur. Belə ki, Cavabdeh təcili pul lazım olduğu üçün 2022-ci ilin iyun ayının əvvəllərində iddiaçıdan 2500 manat faizə pul götürmüşdür. Daha sonra Cavabdeh yenidən pul lazım olduğu üçün yenidən İddiaçı həmin ilin iyun ayının 13-də 5000 manat pulu faizə almışdır. Ümumilikdə Cavabdeh tərəfindən İddiaçı ödənilməli olan 7500 manat borc pul və əlavə faiz borcu yaranmışdır. Belə ki, daha sonra Cavabdeh xx.xx.2022-ci ilt arixdə 1125 manat pulu İddiaçı özünə, xx.xx.2022-ci il tarixdə 1125 manat pulu iddiaçının qonşusu Kifayət adlı xanıma, xx.xx.2022-ci iltarixdə 1875 manat pulu iddiaçının qonşusu Kifayət adlı xanıma, xx.xx.2022-ciil tarixdə 1875 manat pulu İddiaçı evində şəxsən özünə, xx.xx.2022-ci il tarixdə 1875 manatı Musayeva Aynurənin şahidliyi ilə salonda iddiaçının özünə, daha sonra 2000 manat faiz borcunu İddiaçı özünə, yerdə qalan əlavə faiz borcu 600 manat pulu isə 2023-cü ilin may ayının ortalarında ödəmişdir. Göründüyü kimi Cavabdeh tərəfindən fərql ivaxtlarda İddiaçı cəmi 10475 manat pul ödənilmişdir. Bütün bunları əvvəllər salonda Cavabdeh yanında işləmiş Musayeva Aynurə şahid qismində dindirildiyi təqdirdə təsdiq edə bilər. Lakin hazırda iddiaçı Cavabdeh qarşı əsassız iddia tələbi ilə məhkəməyə müraciət edərək heç bir sübuta əsaslanmadan ondan 10500 manat məbləğində pul tələb edir. Lakin işin həqiqi halları ondan ibarətdir ki, Cavabdeh yalnız ondan qeyd edilən tarixlərdə faizə pul götürmüş və daha sonra o pulu və əlavə faizini tam şəkildə iddiaçıya geri qaytarmışdır. Məhkəmə tərəfindən nəzərə alınmamışdır ki, iddiaçı ilə Cavabdeh arasında hazırda borc müqaviləsinin mövcudluğu heç bir mötəbər sübuta əsaslanmamış, yalnız iddiaçının məhkəməyə vermiş olduğu iddia ərizəsində göstərilənlərə, yəni iddiaçının dediklərinə əsaslanmışdır. Belə ki, işin hallarında da qeyd etdiyi kimi Cavabdeh 2022-ci il iyun ayının əvvəli və 13-ü iddiaçıdan aldığı cəmi 7500 manat pul məbləğini və əlavə faiz olaraq 2975 manat pulu ödəmişdir. Belə olan halda Cavabdeh iddiaçıya heçbir borcu qalmamışdır.

b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

11. Apellyasiya baxışı zamanı cavabdeh verilmiş apellyasiya şikayətini müdafiə etmiş, onun dəlillərinə uyğun izahat verərək onun təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq iddiaçının təqdim etdiyi diskin məhkəmə iclasında dinlənilməsindən sonra birinci və ikinci səs yazılarının ona məxsus olduğunu bildirmişdir.

12. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi və vəkili verilmiş apellyasiya şikayətini müdafiə etmiş, onun dəlillərinə uyğun izahat verərək onun təmin olunmasını xahiş etmişdir.

13. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi (tərəflər arasında mübahisənin mövcud olduğu tarixdə qüvvədə olan redaksiyası)

14. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

16. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

17. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. 18.Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçünnəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.

19. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

20. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

21. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri ( borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı ( borc alan ) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

22. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

23. Maddə 740.1. (əvvəlki redaksiyada) Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

24. Maddə 740.2. (əvvəlki redaksiyada) Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

25. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

26. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir:

27. Maddə 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya;

28. Maddə 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.

29. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

33. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

34. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

Apellyasiya baxışının hədləri

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

37. Hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən iddiaçının iddia tələbi qismən təmin edildiyindən və yalnız cavabdeh tərəfindən qətnamənin təmin edilən hissəsindən apellyasiya şikayəti verildiyindən apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia tələbi baxılan hissədə təmin edilməlidir.

39. Birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iddianı təmin edərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir və bu da qətnamənin ləğvinə əsas yaradır.

40. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

41. Belə ki, birinci instansiya məhkəməsi mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 1096.1 və 1097.1-ci maddələrini tətbiq edərək hesab etmişdir ki, iddiaçıya dəymiş ziyanla əlaqədar cavabdehin təqsirli hərəkəti olmuş, yəni iddiaçının etibarından sui-istifadə edərək ondan 10500 manat məbləğində pul vəsaitini alaraq, bunun müqabilində lazer aparatı alaraq birlikdə işlətməyi vəd etmiş, lakin verilən vədə əməl etməmiş, eləcə də iddiaçıdan aldığı pul vəsaitini tam qaytarmamışdır.

42. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərin xarakterini qiymətləndirərkən səhvə yol vermiş, bu səbəblə qətnaməni düzgün əsaslandırmamış, gəldiyi nəticəni işin halları və tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmişdir.

43. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur.

44. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir.

45. Azərbaycan Respublikası Mülki Peosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

46. Tərəflər arasında iddia edilən borc münasibətləri yaranan zaman (2022-ci il) qüvvədə olan Mülki Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

47. Göründüyü kimi iddiaçının cavabdehə verdiyini iddia etdiyi borcun məbləği üç min manatdan (10500 manat) çox olduğundan tərəflər arasında borc müqaviləsi yazılı bağlanmalı idi. Lakin onlar arasında hər hansı yazılı borc müqaviləsi yoxdur.

48. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir”.

49. Qanunvericilikdə bütün əqdlər üçün tələb olunan etibarlılıq şərtləri ilə yanaşı, yalnız müəyyən növ əqdlər baxımından tələb olunan xüsusi etibarlılıq şərtləri də nəzərdə tutulmuşdur. Predmetini üç min manatdan çox məbləğin təşkil etdiyi borc müqaviləsi baxımından isə xüsusi etibarlılıq şərti olaraq onun yazılı formada bağlanmalı olduğu müəyyənləşdirilmişdir.

50. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, tərəflər arasında pulun verilməsi ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq yazılı borc müqaviləsi olmadığından cavabdeh iddiaçıdan aldığı pul vəsaiti hesabına əsassız varlanmışdır.

51. Belə ki, Konstitusiya Məhkəməsi yuxarıda adı çəkilən qərarında qeyd etmişdir ki, “...əhəmiyyətsiz əqd bağlandığı andan etibarsız əqd olaraq heç bir hüquqi nəticəyə, yəni hüquq və öhdəliklərin yaranmasına səbəb ola bilməz, bu zaman əhəmiyyətsiz əqd üzrə alınanların geri qaytarılması üçün iddia qaldırmaq hüququnun müddətlə məhdudlaşdırılmış olması haqlı olaraq mübahisəyə səbəb olur. ...Mülki Məcəllənin 337.5ci maddəsi ... etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş qayda (restitusiya qaydası) və Mülki Məcəllənin 354.1-ci maddəsində əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddət Mülki Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. ...Əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur.

52. İşin hallarına görə iddianın əsaslılığına qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh öz apellyasiya şikayətində məhkəmə iclaslarındakı ifadələrində iddiaçıdan cəmi 2 dəfə - 2500 və 5000 manat olmaqla cəmi 7500 manat məbləğində borc aldığını və həmin borcu tam formada qaytardığını bildirmiş, iddiaçının verdiyini qeyd etdiyi digər 5000 manat məbləğində puldan isə xəbəri olmadığını qeyd etmişdir. Lakin məhkəmə kollegiyası iş materiallarını tədqiq edərkən cavabdehin bu barədə olan fikirlərində ziddiyətli məqamlar aşkar etmişdir.

53. Belə ki, birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli iclas protokolundan və iclasın video görüntüsündən görünür ki, iddiaçının nümayəndəsi və vəkilinin suallarına münasibətdə cavabdeh həm 5000 manat, həm də 2500 manat pulun hər ikisinin iddiaçının şəxsən özündən götürdüyünü bildirmişdir. Lakin cavabdeh eyni tarixli məhkəmə iclasının gedişində daha sonrakı ifadələrində 2500 manat pulu iddiaçının özündən, 5000 manat pulu isə iddiaçının qonşusu Kifayət adlı xanım vasitəsilə götürdüyünü qeyd etmişdir. X1 da şahid kimi verdiyi ifadəsində sonuncu halı təsdiqləyərək iddiaçıdan 5000 manat pulu alaraq cavabdehə verdiyini bildirmişdir.

54. Göründüyü kimi cavabdeh məhkəmə iclaslarında verdiyi ifadələrlə ilkin olaraq 2500 manat pulun alınmasını etiraf etmiş, iddiaçının özündən şəxsən 5000 manat və onun qonşusu Kifayət adlı şəxsdən 5000 manat alması ilə bağlı ifadələri ilə də dolayısı ilə hər iki məbləğdə borcun olması faktını qəbul etmişdir. Cavabdeh tərəfindən qeyd edilən iclas protokolundakı ifadənin həqiqəti əks etdirməməsi və məhkəmə tərəfindən təhrif olunması ilə bağlı hər hansı protokola qeydlərin edilməsinə dair ərizəsi iş materiallarında aşkar edilməmişdir.

55. Bundan əlavə cavabdeh iddiaçıya olan borcunu bütünlüklə qaytardığını və sonuncu ödənişi 2022-ci ilin noyabr ayında həyata keçirdiyini bildirsə də, iş materiallarında olan həqiqiliyi cavabdeh tərəfindən təkzib olunmayan Whatsapp yazışmalarının məzmunundan görünür ki, 2023-cü ilin 10 yanvar – 20 yanvar aralığında tərəflər arasında olan danışıqda iddiaçı borcunun ödənilməsini tələb etmiş, cavabdeh isə başqa şəxslərdən alacağı olduğunu, bütün borcunu qaytaracağını bildirmiş və ona vaxt verilməsini xahiş etmişdir.

56. Kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Lakin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli qərarına əsasən, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.

57. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçı tərəfindən təqdim olunan “whatsapp” yazışmaları tərəflər arasında olan borc münasibətləri ilə bağlı olduğundan və həmin əqdin təsdiqi ilə bağlı məlumatları özündə əks etdirdiyindən, sözügedən yazışmalar hazırki iş üzrə sübut qismində qiymətləndirilərək cavabdehin iddiaçıya, həqiqətən də, borcunun olmasını təsdiq edir.

58. Həmçinin apellyasiya baxışı zamanı cavabdehin iddiaçıya borcunun olması ilə bağlı danışıqları əks etdirən diskə baxış keçirilmiş və cavabdeh həmin səs yazılarındakı ilk 2 səsin ona məxsus olduğunu təsdiq etmişdir.

59. Beləliklə, cavabdeh onun tərəfindən qeyd edilən borc üzrə müəyyən ödənişlərin edildiyini bildirsə də, bu barədə sübutetmə yükü onun üzərinə düşdüyü halda hər hansı mötəbər dəlili məhkəməyə təqdim edə bilməmiş, iddiaçı tərəfindən ümumi borc məbləğindən ödənişlər olduğu qeyd edildiyindən birinci instansiya məhkəməsi də qətnamə qəbul edərkən məhz həmin ödənişləri nəzərə alaraq iddianı qismən təmin etmişdir.

60. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

61. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

62. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”.

63. Beləliklə, kollegiya hesab edir ki, hazırki iş üzrə apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, Cavabdeh 9900 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, apellyasiya şikayəti qalan hissədə təmin edilməməlidir.

64. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

65. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

66. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

67. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

68. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

69. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.

70. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-398/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə çıxarılsın. Həmin hissədə iddia tələbi təmin olunsun. 9900 (doqquz min doqquz yüz) manat məbləğində pul vəsaiti və 120 (yüz iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar