Məhkəmə qərarları › İş №2(103)-4096/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4096/2021

28.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4096/2021 28.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X14 Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı, Cavabdeh, X2 iştirakları ilə, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(001)-2034/2021saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04.06.2009-cu il təvəllüdlü X6 və 04.05.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün təyin olunan alimentin artırılaraq hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat alimentin Cavabdeh onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edir. İddia tələbi onunla əsaslandırılır ki, İddiaçı 14.02.2009-cu il tarixdə cavabdehlə faktiki nikaha girərək ailə qurmuş, bu münasibətlərdən 04.06.2009-cu il təvəllüdlü X12, 04.05.2014-cü il təvəllüdlü X13 anadan olmuşdur. 01.04.2010-cu il tarixdə cavabdehlə onun birgə ərizələri əsasında X8, 21.06.2014-cü il tarixdə isə X9 Nərimanov rayon qeydiyyat şöbəsindən doğum haqqında şəhadətnamə almışlar. 2016-cı ilin aprel ayından cavabdehlə faktiki nikah münasibətləri kəsilmiş, uşaqlar onun himayəsində qalmış və hal-hazırdada onun himayəsindədir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-97/2018 saylı, 11.01.2018-ci il tarixli qətnaməsinə əsasən onun cavabdehə qarşı aliment tələbinə dair iddia ərizəsi təmin edilmiş, 04.06.2009-cu il təvəllüdlü X6 və 04.05.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa 75 manat olmaqla, cəmi 150 manat sabit pul məbləğində aliment onun xeyrinə tutulmuşdur. O, firmada işləməklə aylıq əmək haqqı 450 manat təşkil edir. Cavabdeh rəsmi qaydada işləməklə əmək haqqı 360 manat təşkil edir. Bundan əlavə cavabdeh əlavə olaraq ustalıqla məşğul olur və aylıq qazancı kifayət qədərdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(001)-2034/2021 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilərək, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 11.01.2018-ci il tarixli 2(001)-97/2018 saylı qətnaməsi ilə 04.06.2009-cu il təvəllüdlü X6 və 04.05.2014-cü il təvəllüdlü X1 üçün Cavabdeh tutulan alimentin miqdarının artırılaraq, qətnamə qanuni qüvvəsinə mindiyi gündən hesablanmaqla 04.06.2009-cu il təvəllüdlü X3 üçün hər ay 150 manat, 04.05.2014-cü il təvəllüdlü X4 üçün hər ay 150 manat alimentin Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(001)-2034/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd edir ki, qanunvericiliyin tələbindən görünür ki, yalnız gəlir qeyri-müntəzəm olduğu halda sabit pul məbləğində aliment tutula bilər. Hazırkı şikayətə əlavə edilmiş arayışdan da görünür ki, cavabdeh xxxx QSC-də işləyir və əmək haqqı 396 AZN təşkil edir. Belə olduğu halda 2 uşağa görə ondan yalnız əmək haqqının 1/3 hissəsində aliment tutula bilərdi. Eyni zamanda, məhkəmə tərəfindən nəzərə alınmamışdır ki, uşaqların saxlanılması yalnız atanın deyil eyni zamanda ananın da vəzifəsidir. Uşaqlar artıq kifayət qədər böyüyüblər və ananın işləməsinə mane olan heç bir hal mövcud deyildir. Azərbaycan Respublikasının Ailə Qanunvericiliyinin tələbinə görə sabit pul məğləğində aliment o zaman tutula bilər ki, məhkəmə aliment tutulmalı şəxsin ilk növbədə gəlirinin qeyri-müntəzəm, dəyişən və ya qazancını xarici valyutada olsun, gəlirini müəyyən etmək mümkün olmasın, çətinlik törətsin və s. olmasını müəyyən etsin. Hazırki mülki işin araşdırılan halları ilə təsbit olunur ki, işə baxan məhkəmə yuxarıda qanunvericiliyin (Ailə Məcəlləsinin 78-ci maddəsi) tələbi kimi qeyd olunan halları ümumiyyətlə araşdırmamışdır. Yuxarıda sadalanan xüsusatlara istinad edərək, işə baxan birinci instansiya məhkəməsi hazırki mülki iş üzrə istinad olunan digər ciddi pozuntularla yanaşı, həm də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinin hazırkı mübahisəyə tətbiqində və həmin maddi hüquq normasının təvsirində səhvə yol vermiş və beləliklə də, iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Odur ki, iş üzrə olan birinci instansiya məhkəməsinin qətnaməsi apelyasiya icraatı qaydasında ləğv edilməli və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul olunmalıdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətini qəbul etmədi, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(001)-2034/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəfləri dinləyərək, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(001)-2034/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflərin birgə nikahlarından 04.06.2009-cu il təvəllüdlü X12 və 04.05.2014-cü il təvəllüdlü X13 adlı 2 uşaqları dünyaya gəlmişdir. Tərəflər arasında nikahın pozulması 23.11.2017-ci il tarixdə qeydə alınmışdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 11.01.2018-ci il tarixli 2(001)-97/2018 saylı qətnaməsindən müəyyən olunur ki, iddia tələbi təmin edilərək, Cavabdeh 12.12.2017-ci il tarixdən başlayaraq 04.06.2009-cu il təvəllüdlü X6 və 04.05.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 75 manat olmaqla cəmi 150 manat sabit pul məbləğində aliment tutularaq X11 ödənilməsi qət edilmişdir. Cavabdeh 03.11.2003-cü ildən “xxxx” QSC-də Sərnişin daşımaları Departamentinin Bakı vaqon deposunda çilingər vəzifəsində işləyir və orta aylıq əmək haqqı 396,75 manat təşkil edir. Beləliklə hazırkı iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir. Alimentin miqdarının artırılması (dəyişdirilməsi) növündə iddia tələblərinin həllinin qanuni əsaslarını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə və BMTnin “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.2-ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Kollegiya qeyd edir ki, ölkə üzrə yaşayış minimumu uşaqlar üçün 175 manat müəyyən olunduğu halda, məhkəmə qətnaməsi ilə hər uşağa görə 75 manat alimentin tutulması hər il daha da böyüyən və tələbatları artan uşağın normal saxlanılması üçün kifayət deyildir və bu uşağın sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edib, alimentin miqdarını hər uşağa görə 150 manat məbləğində artıraraq, düzgün qərar qəbul etməklə, ədalətli nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi alimentin miqdarının müəyyən edilməsi ilə bağlı məsələni həll edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Kollegiya apellyatorun apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, onun 396,75 manat qazancının 1/3 hissəsi 132,25 manat təşkil edir ki, bu da hər uşağa görə 66,12 manat olmaqla, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu pozur. Buna görə də, qeyd olunan dəlil əsaslı hesab edilə bilməz. Bundan əlavə, birinci instansiya məhkəməsi Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən alimentin sabit pul məbləğində müəyyən edilməsi ilə bağlı da düzgün nəticəyə gəlmişdir ona görə ki, cavabdehin qazancından hissə ilə alimentin tutulması çətinlik törətməklə, iddiaçının marağını əhəmiyyətli dərəcədə pozur. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(001)- 2034/2021saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar