Məhkəmə qərarları › İş №2(103)-4097/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4097/2022

03.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4097/2022 03.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: maddi ziyan tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(011)- 660/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı ilə “Azərmaş Alyans“ MMC arasında 12 sentyabr 2018-ci il tarixli MAS-449 saylı “X1” bağlanmış və həmin müqavilə əsasında verilmiş “Khazar SD” minik markalı, **- PU-*** dövlət qeydiyyat nişanlı avtomobil (bundan sonra - Avtomobil) iddiaçıya lizinqə verilmişdir.

2. Həmçinin, iddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixdə icarə müqaviləsi bağlanmış, həmin müqavilə əsasında Avtomobil aylıq 20 manat ödənmək şərtilə, 36 ay müddətinə icarəyə verilmişdir. Eyni zamanda, Avtomobilə dair “Azərmaş Alyans“ MMC tərəfindən xx.xx.2020-xx.xx.2020-ci il tarixədək etibarnamə verilmişdir.

3. Cavabdeh xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi şossesində manevr qaydalarını pozması nəticəsində yol-nəqliyyat hadisəsi törətmiş və xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında TP-4493114 nömrəli qərarla o, AR İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Cavabdeh tərəfindən yol-nəqliyyat hadisəsinin törədilməsi nəticəsində Avtomobilə dəymiş zərər "xxxx" MMC tərəfindən hesablanaraq (xx.xx.2021-ci il tarixli qüsur aktı), təmir-bərpa xərcinin 7156 manat olması müəyyən olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehdən 7156 manat əsas maddi ziyanın, 64 manat cərimənin, hüquqi yardımla əlaqədar ödənilmiş 100 manat xidmət haqqı, ümumilikdə 7320 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdir ki, iddiaçı ilə “Azərmaş Alyans“ MMC arasında bağlanmış 12 sentyabr 2018-ci il tarixli MAS-449 saylı “X1” əsasında lizinqə verilmiş “Khazar SD” minik markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə idarə olunması üçün cavabdehin istifadəsinə verilmişdir. Cavabdeh avtomaşını idarə edərkən xx.xx.2021-ci il tarixdə, saat 19:30 radələrində Bakı şəhəri, Binəqədi şossesində manevr qaydalarını pozmuşdur və xx.xx.2021-ci ikl tarixli inzibati tənbeh vermə haqqında TP-4493114 nömrəli qərarına əsasən AR İXM-nin 327.1-ci maddəsi ilə 40 manat cərimə edilmiş, cəriməni ödəmədiyi üçün 24 manat əlavə dəbbə pulu hesablanmışdır. Cavabdehin hərəkətləri nəticəsində avtomaşına zərər dəymiş və "xxxx"MMC tərəfindən verilən qüsur aktına əsasən avtomaşının təmir bərpası üçün 7156 manat tələb olunmuşdur. Cavabdehə pretenziya göndərilmiş, lakin pretenziyaya heç bir cavab verilməmişdir.

6. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(011)-660/2022 saylı qətnaməsi ilə (hakim P.Zamanlı) iddia rədd edilmişdir.

7. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı “Daxili Lizinq” müqaviləsi ilə lizinq obyekti olan Avtomobili sığorta etdirmək, yəni müvafiq sığorta müqaviləsi bağlamaq öhdəliyi götürsə də, bu öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, iddiaçı lizinq obyektini sığorta etdirməməsi ilə bağlı öhdəliyini pozması səbəbindən lizinq oyektinə zərər dəyməsinə görə cavabdehdən pul tələb edə bilməz, çünki avtomobili sığorta etdirmədiyi halda dəymiş hər bir zərərə görə məsuliyyəti, “Daxili Lizinq” müqaviləsinin 5.1-ci bəndinə görə, iddiaçı özü daşımış olur. Müqavilənin həmin bəndində açıq şəkildə göstərilir ki, lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti lizinq alan daşıyır.

8. Məhkəmə hesab etmişdir ki, iddiaçı “Daxili Lizinq” müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi (lizinq obyekti olan Avtomobili sığorta etdirməməsi ilə bağlı yerinə yetirmədiyi halda, onun məsuliyyət dairəsinə aid olan halın baş verməsi nəticəsində lizinq obyektinə dəymiş zərərin əvəzini başqa şəxsdən tələb etməsi əsassızdır.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 390.1, 390.3, 748.7.1, 425.1, 425.2, 560.1, 560.2 və 560.3.1-ci maddələrinə, “Daxili Lizinq” müqaviləsinin şərtlərinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli, 2(011)-660/2022 saylı qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul olunmasını və qətnamədən apellyasiya şikayəti verilməsi üçün hüquqi yardımla əlaqədar ödənilmiş 100 (yüz) manat məbləğində xidmət haqqının Cavabdeh tutulmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin iddianın rədd edilməsi əsası kimi göstərdiyi müqavilə şərtləri iddiaçı ilə lizinq verən arasındakı lizinq müqaviləsindən əmələ gələn münasibətlərə aid şərtlərdir. Bu müqavilə şərtlərinin cavabdehin iddiaçının qanuni sahibliyində olan avtomobilə mülki hüquq pozuntusu (delikt) nəticəsində vurmuş olduğu zərərə görə daşıdığı məsuliyyətə heç bir aidiyyəti yoxdur və cavabdehin törətmiş olduğu deliktə görə məsuliyyətini aradan qaldırmır. Cavabdehin mülki hüquq pozuntusu (delikt) nəticəsində iddiaçının qanuni sahibliyində olan əmlaka zərər vurması nəticəsində yaranmış münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 1097.1-ci maddələri, həmçinin iddiaçı ilə cavabdeh arasında bağlanmış olan 23 sentyabr 2020-ci il tarixli, 30 nömrəli icarə müqaviləsinin müvafiq bəndləri ilə tənzimlənir. Göründüyü kimi, cavabdeh sırf mülki hüquq pozuntusu (delikt) nəticəsində iddiaçının qanuni sahibliyində olan əmlakına zərər vurmuşdur və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən bu əməlinə görə iddiaçıya vurmuş olduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Lakin birinci instansiya məhkəməsi hazırki mübahisəyə Mülki Məcəlləsinin 21və 1097.1-ci maddələrini tətbiq etmək əvəzinə, zərər vurulan avtomobilin lizinqə götürülməsinə dair lizinq müqaviləsinin bəndlərinə istinad etmişdir. Halbuki, həmin müqavilənin hazırki iddianın predmetinə heç bir aidiyyatı yoxdur. Çünki həmin müqavilə lizinq alanla lizinq verən arasındakı münasibətləri tənzimləyir və lizinq müqaviləsi üzrə avtomobilin kasko sığorta etdirilib-etdirilməməsi halını mübahisələndirməyə yalnız lizinq verənin səlahiyyəti vardır. Hazırki iddia tələbi isə açıq aşkar deliktdən əmələ gələn zərərin zərər vuran şəxsdən tutulmasından ibarətdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.

14. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.

Apellyasiya baxışının hədləri

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

16. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

18. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsinə yönəlmişdiyindən apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

19. 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

20. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

21. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

22. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

23. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

24. 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

AR Mülki Prosessual Məcəlləsi

25. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

28. 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

29. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

30. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir.

31. Kollegiya hesab edir ki, iş üzrə İddiaçı lizinq predmeti olan avtomobilin mülkiyyətçisi olmadığından, ilk növbədə onun hazırkı iddia tələbini irəli sürməyə subyektiv hüququnun olub-olmamasına qiymət verilməlidir.

32. Bununla bağlı qeyd edilməlidir ki, həmin avtomobilin X1 əsasında iddiaçı tərəfindən əldə edilməsi və onun sahibliyində və istifadəsində olması işin mübahisəsiz halıdır.

33. “N.Qədirovun şikayəti üzrə AR Ali Məhkəməsinin MK-nın 10/03/17 il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 dekabr 2017-ci il tarixli Qərarında qeyd edilir ki, “...lizinq müqaviləsi əsasında əmlaka sahiblik edən şəxsdə əmlaka dair mülkiyyət hüququnun iki elementinin - sahiblik və istifadə hüquqlarının mövcudluğu onun həmin hüquqları pozulduğu təqdirdə pozuntuya son qoyulmasını, dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək kimi subyektiv hüququnun olmasına dəlalət edir.”

34. Həmin Qərardakı hüquqi mövqedən çıxış edərək kollegiya bu qənaətə gəlir ki, iddiaçı (lizinq alan) İddiaçı lizinq obyekti olan avtomobilin zədələnməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini tələb etməyə subyektiv hüququ olmuşdur.

35. İşin mübahisələndirilməyən hallarından müəyyən edilir ki, “Khazar SD” minik markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC ilə iddiaçı Rövşən Abdullayevin arasında bağlanmış 12 sentyabr 2018-ci il tarixli MAS-449 saylı “X1” əsasında sonuncunun sahibliyinə və istifadəsinə verilmişdir. Qeyd edilən icarə müqaviləsinin şərtlərindən görünür ki, tərəflər nəqliyyat vasitəsini icarəyə götürən şəxs tərəfindən hər hansı yol-nəqliyyat hadisəsi və ya bədbəxt hadisə baş verərsə, nəqliyyat vasitəsinə dəymiş ziyanın icarəyə götürən şəxs tərəfindən ödəniləcəyi (bənd 1.7), bununla bağlı icarəyə verən şəxsin heç bir məsuliyyət daşımaması barədə (bənd 1.9) razılaşmışlar. 23 sentyabr 2020-ci il tarixli icarə müqaviləsinə əsasən Rövşən Abdullayev həmin avtomobili hazırkı iş üzrə cavabdeh olan Cavabdeh 36 ay müddətinə icarəyə vermişdir. Sonuncu həmin avtomobili idarə edərkən xx.xx.2021-ci il tarixdə yol hərəkəti qaydalarını pozmuş, nəticədə avtomobilə maddi ziyan dəymişdir. Bununla bağlı cavabdeh inzibati məsuliyyətə cəlb edilmişdir.

36. Hazırda iddiaçı qeyd edilən zərərin əvəzinin ödənilməsini, habelə cavabdehdən cərimə və hüquqi xidmətə görə ödənilmiş pulun əvəzinin tutulmasını tələb edir.

37. Cavabdeh isə iddiaya etiraz edərək bildirir ki, icarə müqaviləsi əsasında götürdüyü avtomobil iddiaçı tərəfindən sığorta edilməli olsa da, o, bunu etməmişdir. Bu səbəbdən də avtomobilin yol-nəqliyyat hadisəsi zamanı zədələnməsi riskini iddiaçı özü daşımışdır.

38. Kollegiya işin yuxarıda qeyd edilən hallarını hazırkı işə tətbiq edilməli olan mülki qanunvericiliyin yuxarıda sadalanmış normalarının tələbləri baxımından qiymətləndirərək bu qənaətə gəlir ki, iddia tələbi qismən əsaslı olmuşdur.

39. Belə ki, avtomobilin icarə müqaviləsi əsasında cavabdehdə olduğu müddət ərzində onun təqsirli və hüquqazidd hərəkətləri nəticəsində həmin avtomobilin zədələnməsi və nəticədə iddiaçıya maddi zərər dəyməsi mübahisəsizdir.

40. Belə olduğu təqdirdə isə iddiaçının dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ, cavabdehin isə həmin avtomobilə dəymiş zərərin əvəzinin ödəmək öhdəliyi yaranmış olur.

41. Qeyd edilən hüquq və öhdəliklər həm Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələrinin dispozisiya şərtlərindən, həm də tərəflər arasında bağlanmış müqavilənin şərtlərindən (1.7 və 1.9-cu bəndlər) irəli gəlir.

42. Qeyd edilən qanunvericilik normalarının şərtlərinə görə, iddiaçı sahibliyində və istifadəsində olan avtomobilə vurulmuş zərərin zərərvuran tərəfindən tam həcmdə ödənilməsini tələb edə bilər.

43. İddiaçı hadisə nəticəsində ona 7156 manat ziyan dəydiyini iddia etmişdir.

44. Məhkəmə tərəfindən avtomobilə dəymiş zərərin məbləğini müəyyən etmək üçün məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 21 sentyabr 2022-ci il tarixli, 9/4982 nömrəli rəyinə əsasən nəzəri hesablama yolu ilə "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2018-ci il buraxılışlı “Khazar SD” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmin-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 6741,0 manat müəyyən edilmişdir.

45. Kollegiya ekspertiza tədqiqatının qanunvericiliyin tələblərinə uyğun olaraq, ixtisaslı ekspert tərəfindən və iş materiallarında olan sənədlər əsasında aparılmasını, habelə ekspert rəyində gəlinmiş nəticə ilə iş materialları arasında aşkar ziddiyyətin omamasını nəzərə alaraq onu mötəbər sübut kimi qəbul edir.

46. Bu mənada kollegiya hesab edir ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya dəymiş ziyanın məbləği iş üzrə tərtib edilmiş ekspert rəyinin əsasında müəyyən edilməlidir.

47. Bu zaman kollegiya nəzər alır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin 3-cü bəndinə əsasən icarəyə götürən şəxs tərəfindən 900 manat depozit məbləğinin ödənilməsi nəzərdə tutulmuşdur.

48. Həmin müqavilənin 4-cü bəndinə görə isə nəqliyyat vasitəsini icarəyə götürən şəxs hər hansı bir səbəbdən nəqliyyat vasitəsini icarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrin dəyərini və hasilata olan borc qalığını ödəməlidir və ya depozit məbləğindən verməlidir.

49. Kollegiya hesab edir ki, qeyd edilən depozit məbləği nasaz hala salınmış hissələrin dəyəri ilə yanaşı, həm də borc qalığının təminatı kimi nəzərdə tutulduğundan, hazırkı halda isə yalnız avtomobilə dəymiş zərərin əvəzinin tutulması barədə məsələ həll edildiyindən, həmin depozit məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pul məbləğindan çıxılması ilə bağlı məsələ qətnamənin icrası mərhələsində icarə müqaviləsinin şərtlərinə uyğun olaraq həll edilməlidir.

50. Kollegiya birinci instansiya məhkəməsinin hazırkı iş üzrə mübahisəni iddiaçı ilə lizinq verən "xxxx" MMC arasında bağlanmış lizinq müqaviləsinin şərtlərinə istinad etməklə həll etməsini düzgün hesab etmir və bunu maddi hüquq normalarının tətbiqində yol verilmiş pozuntu kimi qiymətləndirir.

51. Belə ki, birinci instansiya məhkəməsi iddiaçının 12 sentyabr 2018-ci il tarixli MAS- 449 saylı “X1” lizinq müqaviləsinin şərtinə uyğun olaraq avtomobili bütün risklərdən sığorta etdirməli olduğu halda, bu öhdəliyi yerinə yetirmədiyini və avtomobili sığorta etdirmədiyini, bununla da Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmasına istinad etmişdir.

52. Kollegiya bununla bağlı qeyd edir ki, 12 sentyabr 2018-ci il tarixli MAS-449 saylı “X1” lizinq verən "xxxx" MMC ilə lizinq alan İddiaçı arasında bağlanmışdır. Müqavilənin şərtlərindən görünür ki, bu müqavilə onu imzalamış tərəflərin arasında mövcud olan lizinq münasibətlərinin şərtlərini müəyyən edir və bununla əlaqədar həmin müqavilənin tərəfləri üçün hüquq və vəzifələr müəyyən edir. Qeyd edilən müqavilədə iddiaçının (lizinq alanın) lizinq obyektinə ziyan dəyməsi riski ilə bağlı lizinq alan qarşısında öhdəliyi müəyyən edilsə də, bu öhdəliyin mövcud olması lizinq alanın eyni öhdəliyi üçüncü şəxslər qarşısında da daşıması anlamına gəlmir. Belə ki, məhkəmənin istinad etdiyi maddi hüquq normasının dispozisiya şərtindən də göründüyü kimi, müqavilə onu imzalamış borclu ilə kreditor üçün hüquq və öhdəliklər yaradır.

53. Doğrudur, mülki qanunvericilik üçüncü şəxsin xeyrinə müqavilənin bağlanmasını istisna etmir (MM-nin 403-cü maddəsi). Lakin bunun üçün müqavilədə borclunun icranı üçüncü şəxsə həyata keçirməli olduğu xüsusi olaraq müəyyən edilməlidir. Hazırkı iş üzrə iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış X1ndə isə belə imkanlar nəzərdə tutulmamışdır.

54. Göstərilənlərlə yanaşı kollegiya iddia tələbini 64 manat cərimə və 100 manat hüquqi yardıma görə ödənilmiş xidmət haqqının əvəzinin tutulması hissəsində əsasssız hesab edir.

55. Belə ki, iddiaçı cərimə məbləğinin hansı qaydada və hansı əsasla tələb edildiyini, 64 manat cərimənin necə hesablandığına dair, habelə hüquqi yardıma görə 100 manat xidmət haqqının ödənilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

56. Halbuki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır.

57. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı mübahisənin həlli zamanı maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, iddianı əsassız olaraq rədd etməklə, iş üzrə səhv nəticəyə gəlmişdir.

58. Beləliklə, kollegiya apellyasiya şikayətinin dəlillərini araşdıraraq onları qismən əsaslı hesab edir və bu qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməli, avtomobilə dəymiş zərərin əvəzi olaraq cavabdehdən iddiaçının xeyrinə 6741,00 manat məbləğində pul tutulmalı, iddia qalan hissələrdə təmin edilməməlidir.

59. Kollegiya qeyd edir ki, hazırkı iş üzrə iddia tələbi ümumilikdə 7320,00 manat təşkil edir və həmin tələb qismən, yəni 6741,00 manat hissədə təmin edildiyindən, qətnamənin mübahisələndirilən hissəsi cavabdehə münasibətdə 5000 manatdan artıq olsa da, iddiaçıya münasibətdə 5000 manatdan azdır.

60. Bu səbəbdən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən hazırkı qətnamədən yalnız cavabdehin şikayət vermək hüququ nəzərdə tutulmuşdur.

61. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi :

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(011)-660/2022 saylı qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin və Cavabdeh 6741,00 manat pul vəsaiti dəymiş maddi zərərin əvəzi olaraq İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekpertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar