Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4097/2025 05.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ ilk iddia üzrə İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyanın əvəzinin ödənilməsi tələbi barədə” iddiasına, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçınə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Nərmin Ramiz qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 10 dekabr 2024-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı Birliyin buna səlahiyyətli olan nümayəndəsi Birliyin adından cavabdehə qarşı iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən təbii qazdan qanunsuz istifadəyə görə Birliyə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 2.692,57 manat və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 46,93 manat məbləğində pulun cavabdehdən tutularaq Birliyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Birlik ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, AKX-03505xx/xx-2021 nömrəli “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqaviləyə əsasən cavabdehə məxsus və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi təbii qaz ilə təchiz olunur. Birlik tərəfindən həmin ünvanda “G-4T” markalı qaz sayğacı quraşdırılmış və bununla bağlı həmin ünvana **********10000 nömrəli abonent kodu verilmişdir. Birliyin əməkdaşları tərəfindən həmin ünvana aid qaz xəttinə və qaz sayğacına xx.xx.2022-ci il tarixdə baxış keçirilərkən məlum olmuşdur ki, cavabdeh qaz xəttinə qanunsuz, yəni sayğacdan kənar qoşulmaqla təbii qazdan qanunsuz istifadə etmişdir. Bununla bağlı olaraq Birliyin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt” tərtib edilmişdir. Cavabdeh ərizə yazaraq bu faktı təsdiq etmişdir (ərizə iddia ərizəsinə əlavə edilir). Həmin akta əsasən aparılmış hesablama nəticəsində müəyyən edilmişdir ki, cavabdeh, təbii qazdan qanunsuz istifadə etməklə Birliyə 2.747,52 manat məbləğində maddi zərər vurmuşdur. Cavabdeh həmin borcdan 54,96 manat ödəmiş, lakin qalan 2.692,57 manatı ödəməmişdir. Bu səbəbdən də, Birlik, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət büdcəsinə 46,93 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. b) cavabdehin qarşılıqlı iddia ərizəsi barədə məlumat
3. Cavabdeh öz növbəsində iddiaçı Birliyə qarşı qarşılıq iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, ona aid **********10000 saylı abonent hesabına əsassız olaraq hesablanmış 2.747,52 manat məbləğində borcun silinməsini və həmin borca görə ondan əsassız olaraq tutulmuş 54,95 manat məbləğində pulun Birlikdən tutularaq ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ASC-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş akt və onun əsasında hesablanmış borc əsassızdır. Çünki cavabdehə məxsus yaşayış sahəsində qaz xəttinə və sayğaca müdaxilə edilməmişdir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə ilk iddianın təmin edilməməsini, qarşılıqlı iddia tələbinin isə təmin edilməsini qət etmişdir.
6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Birliyin əməkdaşlarının tərtib etdikləri xx.xx.2022-ci il tarixli ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta” qeyd edilənin halın mövcud olmasını təsdiq edə biləcək sübutlar (şahidlər, video görüntü və (və ya) foto şəkillər) Birlik tərəfindən məhkəməyə təqdim edilməmişdir. Cavabdehin yazdığı etiraf ərizəsinə gəldikdə isə məhkəmə həmin ərizəni etibarlı sübut kimi qəbul etmir. Çünki ərizəni cavabdehə imzaladarkən Birliyin əməkdaşları cavabdehə onun hüquqlarını və ərizənin yaratdığı hüquqi nəticələri cavabdehə izah etməmişlər. Bundan başqa nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə verdiyi xx.xx.2024-cü il tarixli, 3/1408 saylı rəydən görünür ki, cavabdehin yaşadığı ünvana baxış keçirilən zaman həmin ünvana aid qaz xəttinin və qaz sayğacının üzərində xəttə və sayğaca müdaxilə edilməyə xarakterik olan izlər aşkar edilmədi. Göründüyü kimi məhkəmə baxışının nəticələri ilə müəyyən edilir ki, ilk iddia əsassız, qarşılıqlı iddia isə əsaslıdr. c) apellyasiya şikayəti barədə məlumat
7. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Birlik həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsi haqqında iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Əsasları ilk iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, cavabdehin Birliyə yazdığı ərizədə cavabdeh qaz xəttinə qanunsuz olaraq qoşulduğunu etiraf etmişdir. Lakin Rayon Məhkəməsi həmin ərizəni etibarlı sübut kimi qəbul etməmişdir. Bundan başqa nəzərə alınmalıdır ki, hazırkı iş üzrə verilmiş ekspert rəyi də əsassızdır. Çünki ekspert tədqiqatı iş materiallarında olan sənədlərlə müqayisəli şəkildə aparmamış, qanunsuz birləşmənin mövcud olduğu yerləri tədqiq etməmişdir. Lakin Rayon Məhkəməsi bunu nəzərə almamışdır. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin mövqeyi barədə məlumat
9. İddiaçı Birlik apellyasiya baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən Birliyin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.
10. Apellyasiya baxışında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. f) işdə olan sənədlər barədə məlumat
11. İşdə olan sənədlərdən görünür ki, iddia ərizəsində qeyd edilən ünvanda yerləşən və cavabdehə məxsus yaşayış sahəsi cavabdeh ilə iddiaçı Birlik arasında bağlanmış “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqaviləyə əsasən təbii qaz ilə təchiz olunur. Birlik tərəfindən həmin ünvanda qaz sayğacı quraşdırılmış və ünvana **********10000 nömrəli abonent kodu verilmişdir.
12. İddiaçı Birliyin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan” görünür ki, həmin akt ona görə tərtib edilmişdir ki, Birliyin əməkdaşları cavabdehə məxsus ünvana aid olan qaz xəttinə və qaz sayğacına həmin tarixdə baxış keçirərkən təbii qazdan qanunsuz, yəni sayğacdan kənar olaraq qaz xəttinə qoşulmaqla istifadə edilməsi faktını aşkar etmişlər.
13. İddiaçı Birliyin əməkdaşlarının tərtib etdikləri xx.xx.2023-cü il tarixli “İtirilmiş təbii qazın dəyərinin hesablanması barədə aktdan” və “Abonentin saldosundan” görünür ki, yuxarıda qeyd edilən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta” əsasən cavabdehin abonent hesabına 2.747,52 manat məbləğində borc hesablanmışdır. Borcun ödənilməsi ilə bağlı isə iddiaçıdan 54,95 manat məbləğində pul tutulmuşdur. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
14. Yuxarıda göstərilənlərə əsasən müəyyən edilir ki, iş üzrə tərəflər arasında mövcud mülki mübahisənin yaranmasına səbəb iddiaçıya məxsus ünvana aid qaz xəttinə müdaxilənin edilməsi faktının aşkar edilməsi olmuşdur. Belə olan halda da, mübahisə, cavabdeh Birliyə dəymiş maddi zərərin əvəzinin iddiaçı tərəfindən ödənilməsinin əsaslı olub-olmaması ilə bağlıdır.
15. Eyni zamanda, iş üzrə tərəflər arasında mövcud qarşılıqlı mülki mübahisənin yaranmasına səbəb cavabdehə məxsus abonent koduna qanunsuz olaraq hesablanmış əsassız borcun silinməsi tələbinin qoyulması ilə bağlıdır.
16. Bunları nəzərə alan Məhkəmə Birliyin əməkdaşlarının xx.xx.2023-cü il tarixdə tərtib etdikləri aktla bağlı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.).
17. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz (bənd 8.). Fıziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir (bənd 9.).
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 №-li Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının” tələblərinə görə, qaz sayğacı ilə təsdiq edilmə, onun quraşdırılması və dəyişdirilməsi fıziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (bənd 4.2.). Qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir (bənd 4.5.). Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafıq örtüklə örtülməli (fıziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır (bənd 4.7.). Fıziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (bənd 4.8.). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucusu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (bənd 4.9.).
19. MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Qeyd olunan maddi hüquq normalarının tələblərindən mövcud mübahisənin Birliyin əməkdaşlarının xx.xx.2023-cü il tarixdə tərtib etdikləri aktla bağlı hissəsinin həllinə yanaşdıqda müəyyən edilir ki, fıziki şəxs olan istehlakçıların (hazırkı halda cavabdehin) qaz sayğaclarının işlək vəziyyətdə saxlanılması və nəzarətə görə cavabdehliyi qaz paylayıcısı, yəni iddiaçı Birlik daşıyır. Yuxarıda qeyd edilən aktda göstərilən faktın məhz cavabdeh tərəfindən edilməsini təsdiq edə biləcək sübut (məsələn: fotoşəkilləri, video yazıları, şahidləri və sair) cavabdeh Birlik tərəfindən məhkəmələrə təqdim edilməmişdir. Bu isə həmin aktda əks olunan halın həqiqətə uyğun olan kimi qiymətləndirlməsini qeyri-mümkün edir.
21. Buna görə də, göstərilənləri nəzərə alan Məhkəmə, yuxarıda qeyd edilən akt əsasında hesablanmış borcun silinməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni, cavabdehin tələbinin təmin edilməsini əsaslı hesab edir.
22. Bu baxımdan qəbul edilməlidir ki, apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu nəticəsinə aid dəlili əsassızdır.
23. Birliyin əməkdaşlarının xx.xx.2023-cü il tarixdə tərtib etdikləri akta gəldikdə isə nəzərə alınmalıdır ki, “Qaz təchizatı” haqqında Qanunun tələblərinə görə, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir (maddə 13-8-1.).
24. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, iddiaçı Birliyin əməkdaşlarının tərtib etdikləri və yuxarıda qeyd edilən aktda sayğacdan kənar xətt vasitəsilə təbii qazıdan istifadə edildiyi qeyd edildiyindən, iddiaçı Birlik yuxarıda qeyd edilən maddi hüquq normasının tələblərinə əsasən, istehlakçının (hazırkı halda – cavabdehin) təbii qazın talanmasında təqsirli olmasını müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qüvvəyə minmiş qərarının mövcudluğu ilə sübuta yetirməli və ona (Birliyə) dəymiş zərərin əvəzinin ödənilməsini tələb etməlidir. Lakin Birlik iddiaçının təbii qazdan qeyri-qanuni istifadə etməsini, yəni təbii qazın talanmasını sübuta yetirmədən yuxarıda qeyd edilən akt əsasında hesablanmış borcun ödənilməsini cavabdehdən tələb etmişdir.
25. Nəzərə alınsa ki, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə etməsini təsdiq edən hər hansı sübutu – istehlakçı olan cavabdehin qazın talanmasında təqsirli olmasına dair müvafiq orqanların və ya məhkəmənin qərarı Birlik tərəfindən məhkəmələrə təqdim edilməmişdir. Digər sübutlar (şahid ifadələri, video görüntü, foto şəkillər, istehlakçının Birliyə yazdığı etiraf ərizəsi və s.) hazırkı mübahisələrdə nəzərə alına bilməz. Çünki MPMin 81-ci maddəsinin tələbinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. h) apellyasiya baxışının nəticəsi
26. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.
27. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
28. Buna görə də, Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün Birlik tərəfindən ödənilmiş dövlət rüsumu isə MPM-in 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
29. Məhkəmə həmçinin bildirir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-in 402-ci maddəsinin mənasına görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz.
30. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402 maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 10 dekabr 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.