Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4099/2021 06.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızıznın katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti “xxxx” X2 Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-298/2020 saylı 27.01.2021-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilərək Cavabdeh vurulmuş maddi ziyanın əvəzi olaraq 7586,6 (yeddi min beş yüz səksən altı manat 60 qəpik) manat və dövlət rüsumuna görə 24 (otuz) manat, cəmi 7610,6 (yeddi min altı yüz on manat 60 qəpik) manatın alınaraq iddiaçı Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti “xxxx” X3 verilməsi qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. İş materiallarından görünür ki, iddiaçı Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti “xxxx” X5 Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “xxxx” EŞM-nə vurulmuş ziyana görə 9406 manatın və dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Cavabdeh 30.12.2019-cu il tarixdə Ata- Türk prospektində idarə etdiyi “Lexsus” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla “xxxx” X2 balansında olan 2 ədəd “Polemo” tipli işıq dirəyini vurub sıradan çıxarmış və nəticədə müəssisəyə 14406 manat dəyərində maddi ziyan yetirmişdir. Həmin ziyanın 5000 manatı xxxx ASC tərəfindən ödənilsə də, yerdə qalan 9406 manat ödənilməmişdir. Cavabdeh qeyd olunan məbləğin ödənilməsi üçün müəssisəyə dəfələrlə dəvət edilsə də, gəlməməklə ödənişdən imtina etmişdir. Qeyd olunanları nəzərə alıb iddiaçı iddisının təmin edilməsini xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada qismən təmin olunmuşdur. Cavabdeh Qafarov X4 Rayon Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin qismən, iddianın qismən təmin olunmuş hissəsində ləğv edilməsi və iddianın tam şəkildə rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam nəzərə alınmamışdır, qətnamə maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi şəraitində çıxarılmışdır. Məhkəmə maddi ziyanın ödənilməsi hissəsində düzgün mövqe nümayiş etdirməmişdir. Məhkəmə tərəfindən işin faktiki halları tam şəkildə araşdırılmamışdır, iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilməmişdir və obyektiv araşdırılmamışdır. Bu və digər əsasları gətirərək, cavabdeh apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya şikayətinin təmin olunmasını xahiş edən cavabdehin, şmikayətlə razılaşmayaraq rədd olunmasını xahiş edən iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Binəqədi Rayon Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən, yəni iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyator Binəqədi Rayon Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli qətnaməsini iddianın qismən təmin olunmuş hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslığı həmin hissədə yoxlanılmalıdır. İş materiallarında olan 30.12.2019-cu il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh “Lexus RX300” minik markalı, ** DZ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən 30.12.2019-cu il tarixdə, saat 08:05-də yol nəqliyyat hadisəsi törətmiş, ona görə də barəsində Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. İşdə olan 30.12.2019-cu il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh barəsində tərtib edilmiş 30.12.2019-cu il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında o, Azərbaycan Respublikası İXMin 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat cərimə edilmişdir. Qərar qanuni qüvvəsini almışdır. İşə əlavə edilmiş “xxxx” EŞM-in əməkdaşları M.Qafarov, E.Quliyev, R.Babayev, A.Yusibov, E.Əjdərov və H.Əhmədova tərəfindən imzalanmış № 205 saylı, 30 dekabr 2019-cu il tarixli Aktdan görünür ki, 30.12.2019-cu il tarixdə “Lexus RX300” minik markalı, ** DZ *** dövlət qeydiyyat nişanlı avtomobil həmin müəssisəyə məxsus 2 ədəd 2015-ci il istehsallı çuqun altlıqlı “Palermo” markalı işıq dirəklərini vurmuşdur. Akta əsasən 1 ədəd 2015-ci il istehsallı çuqun altlıqlı “Palermo” markalı işıq dirəyinin təzə vəziyyətdə orta bazar qiyməti 6695,0 manat, 02 ədədi 13390,0 manat, köhnəlmiş dərəcəsi nəzərə alınmaqla (6%) qalıq qiyməti 12586,60 manat müəyyən edilmişdir. Bundan başqa 2 ədəd 2015-ci il istehsallı çuqun altlıqlı “Palermo” markalı işıq dirəklərinin yoxlama zamanı tam yararsız olduğu müəyyən edilmişdir. 25.02.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, sözügedən yol nəqliyyat hadisəsinə görə “xxxx” ASC tərəfindən “xxxx” EŞM-in hesabına 5 000 manat ödəniş edilmişdir. İşə birici instansiya məhkəməsində baxılarkən Cavabdeh dəymiş ziyanın məbləği ilə razılaşmayaraq məbləğin şişirdildiyini bildirdiyindən iş üzrə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 9/3846 saylı, 02.11.2020- ci il tarixli rəyindən görünür ki, Respublikada yerləşən ticarət şəbəkələrində mövcud olan qiymətlərə, internet saytı və Məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlara, eləcə də “xxxx” X5 tərəfindən tərtib edilmiş 30.12.2019-cu il tarixli Akta əsasən 1 ədəd 2015-ci il istehsallı çuqun altlıqlı “Palermo” markalı işıq dirəyinin təzə vəziyyətdə orta bazar qiyməti 6695,0 manat, 02 ədədi 13390,0 manat, köhnəlmiş dərəcəsi nəzərə alınmaqla (6%) qalıq qiyməti 12586,60 manat müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iddia tələbi ekspertiza rəyi nəzərə alınmaqla qismən təmin edilməklə, Cavabdeh 2015-ci il 2 ədəd “Palermo” markalı işıq dirəyinə görə 7 586,6 (yeddi min beş yüz səksən altı manat 60 qəpik) manat (12586,60 manat köhnəlmə dərəcəsinin məbləği – 5.000 manat ödənilmiş sığorta ödənişi) məbləğində pul vəsaitinin alınaraq iddiaçıya verilməsini qət etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsinin iddianın təmin olunmuş hissəsində ləğv edilməsinə heç bir hüquqi əsaslar olmaması qənətinə gəlir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli qətnaməsi iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4099/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4099/2021
06.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver