Məhkəmə qərarları › İş №2(103)-4103/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4103/2021

14.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4103/2021 14.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1996/2021 nömrəli, xx xxxxxx 2021-ci il tarixli qərardadından cavabdehin şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəməyə vəsatət ünvanlayaraq, İddiaçı ona qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi adiyyət qaydalarının pozulması ilə verildiyindən iddia ərizəsinin geri qaytarılması və ya aidiyyəti üzrə baxılmasından ötrü Masallı Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, İddiaçı ona qarşı alimentin artırılması barədə Nəsimi rayon məhkəməsində iddia qaldıraraq bir nəfər uşağın saxlanılması üçün məhkəmə qətnaməsi ilə nəzərdə tutulan 154 manat aliment məbləği artırılaraq hər ay 175 manat alimentin tutulub iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmədə iddia qaldırarkən aidiyyət məsələlərini pozaraq işin cavabdehin qeydiyyatda olduğu Masallı rayon məhkəməsinə verilməmiş, tələbində yaşadığı yeri əsas gətirərək MPMin 36.3-cü maddəsinə istinad edərək iddia tələbinin iddiaçının seçiminə görə yaşadığı yer üzrə Nəsimi rayon məhkəməsinə vermişdir. Halbuki, MPM-in 36.3-cü maddəsi alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilməsi üzrə iddiaçıya hüquq vermişdir, qeyd edilən maddənin dispozisiyasında alimentin artırılması üzrə tələblər şamil edilməmişdir. Belə ki, iddiaçı bundan əvvəl Nəsimi rayon məhkəməsinə aliment tələbi ilə bağlı müraciət etdiyində o, həmin vaxtlar iddiaçının ünvanında qeydiyyatda olmuşdur. Hazırda onun qüvvədən düşmüş şəxsiyyət vəsiqəsini işə əlavə edərək yenə də Nəsimi rayon məhkəməsində ona qarşı iddia qaldırmışdır. Halbuki, onun xəbəri olmadan, ona məhkəmə bildirişləri yaşadığı Masallı rayonuna göndərilmədən Nəsimi rayon məhkəməsinin hakimi Natavan Tağıyevanın sədrliyi ilə iddiaçının atası Nəsibin ona qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbini təmin edərək xx.xx.2019-cu il tarixli 2(006)-5759/2019 saylı qətnamə çıxarmışdır. Bundan istifadə edən iddiaçı qətnamə üzrə onun qeydiyyatda olduğu ünvan 1 ünvandan qeydiyyatdan çıxarmışdır. Hazırda bu məsələ Ədliyyə Nazirliyində şikayəti üzrə araşdırılır. İddiaçı hazırda bir nəfər onda qalan qızına görə ondan aliment alır, lakin iddiaçının hazırkı tələbi alimentin artırılması ilə bağlı olduğundan MPM-in 36-cı maddəsinin təsir dairəsinə düşmür və buna görə iddia tələbi onun qeydiyyatı üzrə rayon məhkəməsində baxılmalıdır. Belə ki, aidiyyət qaydasının pozulması ilə işə baxılarsa onun hüquqları pozulmuş olur ki, bu da Bakı şəhəri ilə Masallı rayonunda dolanışıq səviyyəsinin balanslaşdırılması anlamında vacib əhəmiyyət kəsb edir. O, hazırda Masallı şəhərində yaşayır, yaşadığı ərazi iş baxımından çox çətindir, burada əhalisi yalnız kənd təsərrüfatı ilə məşğuldur. Rayon əhalisinin dolanışıq səviyyəsi Bakı şəhəri ilə eyni tutula bilməz, o, iş tapa bilmir ki, işləsin, Bakı şəhərində isə belə deyil, işləyən adam azı 300 manat aylıq əmək haqqı alır, lakin bu rayona nisbətində əmək haqları aşağı olur. Buna baxmayaraq, o, heç özünə iş tapa bilmir. Əgər mülki işə Bakı şəhərində baxılarsa rayonla şəhər arasında olan fərqlər nəzərə alınmayacaq, ondan alimentin tutulması Bakı şəhəri üzrə yaşayış səviyyəsi nəzərə alınmaqla tutulacaqdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1996/2021 nömrəli, xx xxxxxx 2021ci il tarixli qərardadı ilə vəsatət təmin edilməmişdir. Cavabdeh həmin qərardaddan şikayət verərək onun ləğv edilməsini məhkəmədən xahiş etmiş, şikayətini vəsatətin məzmununa uyğun əsaslandırmışdır. Həmin qərardaddan Cavabdeh verdiyi şikayət birinci instansiya məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı şikayətin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; Həmin Məcəllənin 36.3-cü maddəsinə görə isə, alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Göründüyü kimi qanunverici alimentin alınması haqqındakı iddiaların iddiaçının yaşadığı yerə görə verilməsinin mümkünlüyünü nəzərdə tutmuş və ümumi qaydadan istisna olan bu imkanı hər hansı məhdudiyyətlə şərtləndirmişdir. Bu səbəblə kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi MPM-in 36.3-cü maddəsinə istinadla vəsatəti təmin etməməkdə haqlı olmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1996/2021 nömrəli, xx xxxxxx 2021ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar