Məhkəmə qərarları › İş №2(103)-4112/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4112/2021

04.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4112/2021 04.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Elsun Canməmməd oğlu Bəyalıyevin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5546/2020 saylı, 23 noyabr 2020ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə 2.360 manat məblğəində təhsil haqqı borcunun, təhsil haqqı borcunun gecikdirilməsinə görə hesablanmış 1.090,30 manat məbləğində cərimənin, ümumilikdə 3.450,30 manat məbləğində vəsaitin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında cavabdehin övladı X3 təhsil alması məqsədi ilə 2019-2020-ci tədris ili üçün 13.09.2019-cu il tarixdə Tam orta təhsil xidməti haqqında müqavilə bağlanmışdır. Bağlanmış müqavilələr əsasında cavabdeh müqavilənin 2.2-ci maddəsi ilə müəyyən edilmiş illik 5.900 manat məbləğindəki təhsil haqqını iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh tərəfindən imzalanmış müqavilə üzrə götürülmüş öhdəliklər icra edilməmişdir. Tərəflər arasında yaranmış bu mübahisəni məhkəmədənkənar pretenziya qaydasında dəfələrlə həll etməyə çalışsalar da, heç bir nəticə verməmişdir. Belə ki, İddiaçı MMC tərəfindən cavabdehlə təhsil haqqının ödənilməsi ilə əlaqədar uzun müddət şifahi və yazılı şəkildə danışıqlar aparıldıqdan sonra bu danışıqlar heç bir nəticə vermədiyindən cavabdehə birinci dəfə bildiriş göndərilərək ölkədə yaranmış vəziyyətlə əlaqədar olaraq təhsil haqqı məbləğinə güzəşt edildiyi bildirilmiş və güzəşt məbləği çıxıldıqdan sonra qalıq məbləği ödəməsi üçün imkan yaradılmışdır. Lakin, cavabdeh tərəfindən bundan sonra da öhdəliyin icrası istiqamətində hər hansı bir tədbir götürməmişdir. Daha sonra iddiaçı tərəfindən cavabdehə ikinci dəfə bildiriş göndərilərək təhsil haqqı məbləğinin və tərəflər arasında imzalanmış müqaviləyə əsasən gecikdirilmiş təhsil haqqı məbləğinə görə hesablanmış cərimə məbləğinin müəyyən edilmiş müddət ərzində ödənilməsi xahiş edilmişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən öhdəlik yenə də icra edilməmiş qalmışdır. Bu səbəbdən də iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Cavabdeh 2019-2020-ci il tədris ilinə görə müqavilə ilə müəyyən edilmiş 5.900 manat məbləğindəki vəsaiti tam şəkildə müqavilənin digər tərəfi olan və cavabdehin övladına tam orta təhsil xidməti göstərən iddiaçı məktəbə ödəməli olduğu halda həmin vəsaiti bu günədək ödəməmişdir. Bu günki gündə cavabdehin iddiaçı məktəb qarşısında ödənilməmiş 2.360 manat məbləğində təhsil haqqı borcu vardır. Tərəflər arasında imzalanmış Tam orta təhsil xidməti haqqında Müqavilələrin 2.2.3-cü maddəsinə əsasən “Şagird təhsil haqqını 2019- 2020-ci dərs ilinin hər ayının sonunda mütləq ödəməlidir, bu tarixə qədər şagird təhsil haqqını ödəmədikdə, gecikdirilmiş hər gün üçün təhsil haqqının ümumi məbləğinin 0,3% həcmində dəbbə pulu (peniya) ödəyir”. Cavabdeh tərəfindən təhsil haqqı ödənişi ilə bağlı öhdəlik tam icra edilmədiyindən iddiaçı Məktəb tərəflər arasında imzalanmış Müqavilələrin 2.2.3-cü maddəsini rəhbər tutaraq 30.07.2020-ci il tarixədək cavabdehə ümumilikdə 1.090,30 manat məbləğində cərimə hesablamışdır. Beləliklə də, cavabdehin iddiaçı qarşısında bu günki gündə ödənilməmiş 2.360 manat məbləğində təhsil haqqı borcu və təhsil haqqı borcunun gecikdirilməsinə görə hesablanmış 1.090,30 manat məbləğində cərimə, ümumilikdə 3.450,30 manat məbləğində borcu vardır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5546/2020 saylı, 23 noyabr 2020ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 1.810 (min səkkiz yüz on) manat borcun və 20 manat ödənilmiş dövlət rüsumu tutularaq, İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 5546/2020 saylı, 23 noyabr 2020-ci il tarixli qətnaməsi qanunsuzdur. Belə ki, məhkəmə qətnamə qəbul edərkən nəzərdən qaçırmışdır ki, Koronavirus (COVİD- 19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması ilə bağlı Azərbaycan Respublikasının ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamlarına əsasən (Nazirlər Kabinetinin 02.03.2020, 07.03.2020, 20.03.2020. 18.04.2020, 01.05.2020 və 30.05.2020-ci il tarixli Sərəncamları) 03.03.2020-ci il tarixindən etibarən 2019-2020-ci tədris ilinin sonunadək Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlimtərbiyə prosesi dayandırılmışdır. Nazirlər Kabinetinin Sərəncamlarından göründüyü kimi, tədrisin və təlim tərbiyə prosesinin dayandırılması nəinki dövlət, həmçinin özəl təhsil müəssisələrinə şamil edilir. “Onlayn” dərslərin keçirilməsi “distant təhsil” anlayışı ilə əhatə olunur və 2019-2020-ci tədris ilində ölkə üzrə karantin tədbirlərinin tətbiqi zamanı tədrisin distant qaydada həyata keçirilməsi ilə bağlı nə Nazirlər kabinetinin müvafiq sərəncamı, nə də Təhsil Nazirliyinin müvafiq əmri olmamışdır. Müqayisə üçün 2020-2021- ci tədris ilində ölkə üzrə kanartin rejiminin tətbiqi lə əlaqədar “distant təhsilə” keçməsi ilə bağlı Təhsil nazirliyinin müvafiq əmri vardır. Bu səbəbdən əlavə xidmət kimi onlayn keçirilmiş dərslərə görə anlayışlı yanaşır və hesab edir ki, yaranmış vəziyyətdə bu cür tədbirin də övladı üçün faydası var. Lakin bu cür dərslərin tədris prosesinə (tədris prosesinin dayandırıldığını nəzərə alsaq) bir başa aidiyyəti olmadığı nəzərə alınsa hesab edir ki, bu dərslərə görə xidmət haqları tərəflər arasında öncədən qarşılıqlı razılaşdırılmalı idi və heç kəs fakt qarşısında saxlanılmamalı idi. Qeyd olunanlarla yanaşı, onlayn dərslərin iqtisadi maliyyəti hesablananda nə ki yemək və transfer xərcləri, həmçinin tədris prosesində mövcud olmuş digər xərclərin çıxılması tələb olunur. Belə ki, 5000 manatlıq təhsil haqqı yalnız müəllimlərin əmək haqqı, qidalanma xərci və mənfəətdən ibarət deyil. Təhsil haqqının formalaşdırılmasında qeyd edilən xərclərdən başqa həmçinin digər xərclər, o cümlədən işıq, su, istilik və havalandırma sistemləri, məktəb binasının gündəlik şagirdlərin ixtiyarına verilməsi üçün təmizlik və digər bu cür xərclər daxildir. Bundan başqa, elə dərslər var ki, onlar ümumi təhsil haqqının formalaşdırılmasında iştirak edir, lakin onların onlayn şəkildə tədris edilməsi effektivliyi çox azdır. Bu cür dərslərin sırasında idman, musiqi, rəqs, rəsm dərslərini vurğulamaq olar. Mübahisə müddəti ərzində online qaydada həmin dərslər ümumən tədris edilməmişdir. Məktəbin məhkəmə prosesində təqdim etdiyi videogörüntülərdə də yalnız ibtidai sinif müəlliminin tapşırıqları vardır. Online dərslər yalnız sinif müəllimin əvvəlcədən hazırladığı video tapşırığı səsləndirməkdən ibarət olmuş, yəni bildmiyimiz tədris tətbiq edilməmişdir. Apelyasiya şikayətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 5546/2020 saylı, 23 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında Cavabdeh nümayəndəsi və vəkili X2 cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə etdiyini bildirdi və apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5546/2020 saylı, 23 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5546/2020 saylı, 23 noyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda Cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı haqlı olaraq onlayn qaydada tədrisin davam etdirilməsinə dair qərar vermiş, cavabdeh isə müqavilənin 2.2.2-ci bəndinə əsasən dərslərin keçirilməsi qaydasının dəyişdirilməsinə etiraz etməmiş, qəbul etmiş, yəni şagird, məktəbin müəyyən etdiyi proqramı tam keçməklə tədris ilini başa vurmuşdur və gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386, 390 və 442-ci maddələri ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası Cavabdeh apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, İddiaçı MMC ilə şagird X3 valideyni Cavabdeh arasında bağlanmış 57 saylı, 13 sentyabr 2019-cu il tarixli Tam orta təhsil xidməti haqqında müqavilədən görünür ki, 2019-2020-ci tədris ili üçün təhsil haqqı şagird üçün 5.900 manat təşkil edir. Müqavilənin 2.1.12-ci maddəsinə əsasən qarşıalınmaz (forsmajor) hadisələr nəticəsində tədrisin pozulmsına və başqa mənfi hüquqi nəticələli hallara görə “Məktəb” məsuliyyət daışmır. İş matеriallarında olan, İddiaçı MMC tərəfindən verilmiş 30.07.2020-ci il tarixli maliyyə arayışından görünür ki, şagird üçün müqavilə üzrə ödənilməli olan 5.900 manat təhsil haqqından valideyn Cavabdeh tərəfindən 3.540 manat təhsil haqqı ödənilmişdir, qalıq borcu 2.360 manat, 28.02.2020-ci il tarixdən 30.07.2020-ci il tarixədək qalıq borc məbləğinə hesablanmış cərimə 1.090,30 manat, ümumi borc 3.450,30 manat təşkil edir. İş matеriallarında olan, İddiaçıin 20 saylı, 04.06.2020-ci il tarixli əmrinin surətindən görünür ki, ölkə ərazisində koronovirus infeksiyasının yayılması ilə əlaqədar Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərilən bütün təhsil müəssisələrində tədris və təlimtəribyə prosesi dayandırıldığından və dərslər onlayn qaydada həyata keçirildiyindən, cari iin mart, aprel, may və iyun ayları üzrə ödənilməli təhsil haqqı məbləğlərinə valideynlərin maddi vəziyyəti nəzərə alınaraq aşağıdakı məbləğdə güzəşt tətbiq edilsin: 5-11 siniflərdə təhsil alan şagirdlərə görə (nəqliyyat vasitəsindən istifadə nəzərdə tutulduğu halda) - 450 manat. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikasının ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamlarına əsasən 03.03.2020-ci il tarixindən etibarən 2019-2020-ci tədris ilinin sonunadək Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması, tədrisin və təlim tərbiyə prosesinin dayandırılmasının özəl təhsil müəssisələrinə də şamil edilsədə, iddiaçının tədrisi qanunsuz olaraq onlayn qaydada davam etdirməsi barədə Cavabdeh apelyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Nazirlər Kabinetinin bütün qərarlarının məqsədi insanların bir yerdə toplaşmasının və bununla da xəstəliyin artmasının qarşısının alınması məqsədi ilə yerində xidmətin dayandırılması olmuşdur. Odur ki, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının onlayn qaydada tədrisin davam etdirilməsinə dair qərarı qanun pozuntusu kimi qıbul edilə bilməz. Cavabdeh isə dərslərin keçirilməsi qaydasının dəyişdirilməsini qəbul etmiş və şagird, məktəbin müəyyən etdiyi proqramı tam keçməklə tədris ilini başa vurmuşdur. Halbuki, müqavilənin 2.2.2-ci bəndinə əsasən cavabdeh istənilən vaxt iddiaçı ilə bağladığı müqaviləyə xitam verə bilərdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əssən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Tərəflər arasında bağlanılmış 57 saylı, 13 sentyabr 2019-cu il tarixli müqavilənin 2.1.12-ci bəndindən göründüyü kimi iddiaçı baş verən fors major hallara görə hər hansı məsuliyyət daşımır. Məhkəmə kollegiyası, müqavilənin bu bəndinə şərh verərək qeyd edir ki, respublikada baş verən pandemiya fors major hal hesab edilir və belə halın baş verməsi məlum olduğu kimi nə iddiaçının, nə də cavabdehin iradəsindən asılı deyil. Bununla belə müqavilə şərtlərinə əsasən iddiaçı xidmət göstərən şəxs kimi fors major hallara görə məsuliyyət daşımadığı üçün, cavabdehin həmin halı əsas tutaraq müqavilə üzrə öhdəliklərini yerinə yetirməkdən imtina etməsi, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsindən imtina kimi qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 430.2-ci maddəsinə əssən öhdəliyin tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı öhdəliyin icrasından birtərəfli imtinaya və ya belə öhdəliyin şərtlərinin birtərəfli dəyişdirilməsinə, əgər bu Məcəllədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, müqavilədə nəzərdə tutulan hallarda da yol verilir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq tərəflər arasında bağlanılmış 57 saylı, 13.09.2019-cu il tarixli müqavilədə fors major hallara görə iddiaçının məsuliyyət daşımamasını müəyyən etmiş və cavabdehin fors major halını əsas tutularaq müqavilənin icrasından birtərəfli qaydada imtina etməsinin öhdəliyin pozulması kimi qiymətləndirilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Məhkəmə kоllegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçı tərəfindən təqdim edilmiş sübutlara istinad etmiş və mübahisənin həll edilməsi üçün həmin sübutlardan istifadə etmiş, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun оlaraq iş üzrə tədqiq оlunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Odur ki, məhkəmə kоllegiyası hesab edir ki, Cavabdeh apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, Cavabdeh apelyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5546/2020 saylı, 23 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən, Cavabdeh apelyasiya şikayətləri təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5546/2020 saylı, 23 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar