Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4115/2024 08.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh2 qarşı mülki iş (Açar sözlər: «borc, iddia müddəti, miras passivi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 və cavabdehlər Cavabdeh3, Cavabdeh1 iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-1359/2024 saylı, 06 may 2024cü il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. "xxxx" ASC ilə borclu X8 arasında bağlanmış 30 iyun 2016-cı il tarixli, 1-xx.xx.2016- SM0125 saylı müqaviləyə əsasən, X6 24 ay müddətinə illik 22 faizlə 1100 manat məbləğində kredit verilmişdir.
2. X8 13 yanvar 2017-ci il tarixdə ölmüşdür.
3. X5 "xxxx" ASC-yə xx.xx.2024-cü il tarixə 694,04 manat əsas kredit borcu, 0,01 manat əsas məbləğə hesablanmış faiz borcu olmaqla, cəmi 694,05 manat əsas borcu vardır.
4. 3 saylı Bakı Asan Xidmət Mərkəzinin Notariat Ofisinin notariusu tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubda göstərilib ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş X5 vərəsələri arvadı X3, oğlu Cavabdeh1, oğlu Cavabdeh3, qızı Cavabdeh5, oğlu Cavabdeh2 3 saylı Bakı Asan Xidmət Mərkəzinin notariat ofisində xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı "xxxx" açıq səhmdar cəmiyyəti cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh2 qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 mirası qəbul etmiş vərəsələri Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh2 "xxxx" ASC-nin xeyrinə xx.xx.2016-cı il tarixli, 1-xx.xx.2016-SM0125 saylı kredit müqaviləsi üzrə ödənilməmiş 694,04 manat əsas borc, 0.01 manat faiz borcu olmaqla, cəmi 694,05 manat borcun, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Tələbdə göstərilir ki, cavabdehlər mərhum X4 qalmış mirası qəbul etmələrinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişlər. Mübahisənin məhkəmədənkənar həlli üçün cavabdehlərə xx.xx.2024-cü il tarixində xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, onlar öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdehlər tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiqi barədə ərizə ilə bağlı bildirir ki, iddiaçı tərəfindən 3 saylı Bakı ASAN xidmət mərkəzinin notariat ofisinə xx.xx.2023- cü il tarixli sorğu verilmiş, 3 saylı Bakı ASAN xidmət mərkəzinin notariat ofisinin sorğuya cavabı xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Bundan sonra vərəsələrə pretenziya məktubu göndərilmiş və məhkəməyə müraciət olunmuşdur. Vərəsəlik işi 2017-ci ildə açılsa da, vərəsələr borclunun ölümü və vərəsəlik işi barədə miras qoyanın kreditoruna məlumat vermək öhdəliyini icra etməmişdir, bu barədə məlumat kreditora xx.xx.2023-cü il tarixdə məlum olmuşdur. Yəni iddia müddətinin axımı həmin vaxtdan axmağa başlamışdır. Bundan başqa, kreditorun vərəsəliklə bağlı tələb hüququna ümumi iddia müddəti, yəni on il şamil olunur. Odur ki, tərəflərindən iddia müddəti ötürülməmişdir
7. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-1359/2024 saylı, 06 may 2024-cü il tarixli qətnaməsi ilə (hakim Fuad Hüseynov) iddia təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, məhkəmə iclasında mülki iş üzrə sübutlara əsasən müəyyən edildi ki, iddiaçı ilə borclu X8 arasında xx.xx.2016-cı il tarixdə 2 (iki) il müddətinə kredit müqaviləsi bağlanmış, müqavilənin icra müddəti xx.xx.2018-ci il tarixdə başa çatmışdır. X2 xx.xx.2017-ci il tarixdə vəfat etmiş, cavabdehlərə xx.xx.2017-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Cavabdehlərin izahatı ilə yanaşı iddiaçının özü tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" Sığorta Şirkətinin "xxxx" ASC-nə ünvanladığı və "xxxx" ASC-də xx.xx.2017ci il tarixdə qeydiyyata alınan məktubun surətindən də aydın olur ki, həmin vaxtdan iddiaçı bankın borcalanın vəfatından məlumatı olmuş, hətta iddiaçı onun ölüm haqqında şəhadətnaməsinin surətini sığorta şirkətinə təqdim edərək sığorta ödənişi tələb etmiş, lakin sığorta şirkəti tərəfindən sığorta ödənişinin verilməsindən imtina edilmişdir. İddiaçının iddia ərizəsi isə xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdehlər iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətinin keçməsi səbəbindən iddianın rədd edilməsini tələb etmişdir. Qeyd olunanlara və mülki qanunvericiliyin tələblərinə əsasən iddiaçı tərəf müqavilə üzrə icra müddətinin bitməsindən 5 (beş) ildən çox (eyni zamanda borcalanın vəfatından və mirasın açılmasından məlumatlı olduğu vaxtdan altı ildən çox) vaxt keçdikdən sonra iddia qaldırdığından və iddia müddətini ötürdüyündən, habelə cavabdeh tərəf məhkəməyə ərizə təqdim edərək iddia müddətinin keçməsi səbəbindən iddianın rədd edilməsini tələb etdiyindən iddia tələbi təmin edilməməlidir. Borcalanın ölümündən və mirasın açılmasından yalnız notariat ofisinin cavab məktubunu aldığı tarixdən məlumatlı olması və iddia müddətinin axımının həmin tarixdən hesablanmalı olması barədə iddiaçının dəlili tamamilə əsassızdır. Belə ki, mülki iş üzrə sübutlara əsasən yuxarıda müəyyən edildiyi kimi, kreditor 2017-ci ildən borcalanın vəfatından və mirasın açılmasından məlumatlı olmuşdur. Bundan əlavə, iddiaçının cavabdehlərə qarşı iddia müddətinin on il təşkil etməsi barədə dəlili də başadüşülən deyildir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 378-ci maddəsinə əsasən, öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. Qeyd olunanlara əsasən, cavabdehlərin ərizəsi əsasında iddia müddətinin tətbiqi ilə iddianın təmin edilməməsi qanuni və ədalətli hesab olunmalıdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı "xxxx" ASC apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın isə təmin olunmasını xahiş etmiş və şikayətini bununla əsaslandırmışdır ki, Mülki Məcəlləsinin 372.2, 373.1 və 377.1-ci maddələri kredit öhdəliyi borcalanın ölümü ilə aradan qalxan öhdəliklərə aid deyil. Borcalanın mirasını qəbul etmiş vərəsəsi miras qoyanın öhdəlikləri üzrə məsuliyyət daşımalıdır. X5 adına vərəsəlik işinin açılması və miras əmlakın olması barədə məlumat Kreditora xx.xx.2023-cü il tarixdə məlum olmuşdur. Yəni iddia müddətinin axımı həmin vaxtdan axmağa başlamışdır. Bundan başqa, Mülki Məcəllənin qeyd edilən müvafiq maddələrinin mahiyyətindən də görünür ki, kreditorun vərəsəliklə bağlı tələb hüququna ümumi iddia müddəti, yəni 10 il şamil olunur. Odur ki, iddia müddəti ötürülməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Vərəsəlik işi xx.xx.2017-ci il tarixdə açılsa da, vərəsələr mirasın açılması barədə miras qoyanın kreditoruna məlumat vermək öhdəliyini icra etməmişlər. Belə olduğu təqdirdə Bankın borcalanın vəfat etməsi və onun vərəsələri olması ilə bağlı məlumatı olması qeyri-mümkün olmuşdur.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
10. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və qətnamənin ləğv edilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
11. Məhkəmə iclasında cavabdehlər Cavabdeh3 və Cavabdeh1 ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
12. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2 məhkəmə iclasında iştirak etmədi və səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Maddə 1306.2. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə brgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Maddə 372.1. Bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə 378. Öhdəliklə şəxslərin dəyişməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişdirilməsinə səbəb olmur. Maddə 739 (xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri:
15. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
16. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
18. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
19. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
20. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
21. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşmır, üstəlik cavabdehlərin etiraz və müdafiə hüquqlarına görə aradan qalxdığından iddia haqlı sayılmır.
22. Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri də vərəsəlik institutudur. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 aprel 2023-cü il tarixli qərarı).
23. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) iddia müddətinin keçməsi ilə əlaqədar tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
24. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları və s.)
25. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür - ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nədə mülkiyyətin formasından və növündən asılı deyil. (Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarı).
26. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
27. Apellyasiya şikayətində qeyd edilən hallar, geniş işçi resurslarına və orqanlara malik hüquqi şəxs olan iddiaçı təşiklata müddətin ötürülümədən vaxtında məhkəməyə müraciət etməsinə mane olan hallar deyildir.
28. Kredit müqaviləsi üzrə öhdəliklərin icra edilənədək müqavilənin qüvvədə olması ilə bağlı qeyd edilir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir.
29. Həmçinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarı”nda ifadə edilmiş hüquqi mövqeyə görə, “...kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır”.
30. Göründüyü kimi, kredit müqaviləsi üzrə münasibətlərə üç illik müddət tədiq edilir və bu müddətin axımının başlanması müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.
31. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi kredit öhdəliyinin borcalanın ölümü ilə əlaqədar aradan qalxan öhdəliklərə aid olması barədə qənaətə gəlməmiş, gəldiyi qənaət müddətin ötürülməsi ilə bağlı olmuşdur. Əlbətdə ki, borcalanın mirasını qəbul etmiş vərəsə qəbul etdiyi miras aktivi həddində miras qoyanın kreditorları qarşısında məsuliyyət daşıyır. Ancaq bu cür məsuliyyət dövrü də bəlli bir müddətə tabedir. Əks halda müddətsizlik mülki dövriyyənin iştirakçılarının intizamsızlığına rəvac verə bilər. X1 adına vərəsəlik işinin açılmasından və miras əmlakın olması barədə məlumatdan xx.xx.2023-cü il tarixdə məlumatlı olması iş materialları ilə təkzib olunur. Ona görə də iddia müddətinin axımı həmin vaxtdan başlaya bilməzdi. Bundan əlavə, kreditorun vərəsəliklə bağlı tələb hüququna ümumi iddia müddəti, yəni 10 il şamil olunduğu barədə dəlil də əsassız sayılır. Çünki mülki qanunvericilikdə belə bir hal göstərilməmişdir. Üstəlik, istər miras qoyan, istərsə də onun vərəsələri arasında yaranan öhdəliklər müqavilədən əmələ gələ bilərdi. Ona görə də, öhdəliklərin icra edilənədək müqavilənin qeyri-müəyyən tarixədək qüvvədə olması barədə yanaşma Mülki Məcəllənin iddia müddəti ilə bağlı normalarına və Plenumun istinad edilən qərarlarındakı hüquqi mövqelərə, eyni zamanda iddia müddəti instutunun mahiyyətinə ziddir.
32. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, hazırki apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-1359/2024 saylı, 06 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-1359/2024 saylı, 06 may 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.