Məhkəmə qərarları › İş №2(103)-4116/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4116/2022

04.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4116/2022 04.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi” X11 nümayəndəsi X3, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi” X11 cavabdeh "xxxx" ASC və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 qarşı “əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)- 1480/2022 saylı, 05 aprel 2022-ci il tarixli qətnaməsindən iddiaçı “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi” X14 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi” X14 cavabdeh "xxxx" ASC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 olmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sığorta hadisəsi nəticəsində Mərkəzin əmlakına dəymiş zərərin cavabdeh tərəfindən ödənilməmiş 1463.20 manat məbləğinin və ilkin mediasiya sesiyasında iştirakla bağlı Mərkəzin ödədiyi 30 manat məbləğin cavabdehdən Mərkəzin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" ASC-nin mülki məsuliyyətini sığortaladığı X10 xx.xx.2021-ci il tarixdə saat 12:30-da Bakı şəhəri, H.Cavid prospektində özünə məxsus "KİA RİO” 2011 markalı 90MB258 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini nəqliyyat vasitələrinin parklanması üçün müəyyən edilməmiş yerdə saxlamışdır. Bununla əlaqədar olaraq, sözügedən şəxsə məxsus avtomobildə olan sərnişin X6 nəqliyyat vasitəsindən düşmə qaydalarını pozmuşdur. Bakı şəhər DYPİ tərəfindən sərnişin A.Ç.Musayeva barəsində yol verdiyi inzibati xəta ilə əlaqədar olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hadisə nəticəsində Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə məxsus olan X7 idarə etdiyi “Mercedes Benz S450” 2019 markalı 10AD005 dövlət qeydiyyat nişanlı avtomobil həmin prospektdə hərəkət edərkən heç bir təqsiri olmadığı halda ona maddi ziyan vurulmuş və istismara yararsız vəziyyətə düşmüşdür. Yol-nəqliyyat hadisəsi nəticəsində Mərkəzin nəqliyyat vasitəsinin sağ yan güzgü və sağ yan hissəsinin zədələnməsi faktı Bakı şəhər DYPİ tərəfindən verilmiş arayışla təsdiqlənmişdir. "xxxx" MMC tərəfindən Mərkəzə məxsus avtomobilə dəymiş zərər ilkin baxış zamanı ehtiyat hissələrinin və görüləcək işlərin toplam qiyməti də nəzərə alınmaqla və əlavə dəyər vergisi də (ƏDV) daxil olmaqla, 2926.40 manat məbləğində qiymətləndirilmişdir. Mərkəzə dəymiş zərərin ödənilməsi ilə bağlı cavabdeh "xxxx" ASC ilə işçi qaydada aparılmış danışıqlar zamanı cavabdeh bildirmişdir ki, mülki məsuliyyətini sığortaladığı şəxs A.İ.Məmmədova məxsus avtomobilin dayanma, durma və parklanma qaydalarını pozmasını nəzərə alaraq, Mərkəzin əmlakına dəymiş zərərin yalnız yarısını, yəni 1463.20 manat məbləği ödəyəcək, qalan məbləğ isə Mərkəzin nəqliyyat vasitəsinə inzibati xəta törətməklə birbaşa maddi ziyan vuran şəxsdən - sərnişin A.Ç.Musayevadan tutulmalıdır. Cavabdeh mövqeyini “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 58.3-2-ci maddəsinə istinad edərək əsaslandırmış və qeyd etmişdir ki, həmin maddəyə əsasən fiziki şəxsin həyatına və ya sağlamlığına zərər vurulduğu hallar istisna olmaqla, sığorta hadisəsinin baş verməsində sığorta olunanla yanaşı, üçüncü şəxsin də təqsiri müəyyənləşdirilərsə, vurulmuş zərərə görə sığorta ödənişi üçüncü şəxsin təqsirinin dərəcəsinə mütənasib məbləğdə azalır. Bununla əlaqədar olaraq, Mərkəzin əmlakına ziyan vurulmasında cavabdehin sığortaladığı şəxsə məxsus avtomobildə olan sərnişin A.Ç.Musayeva da təqsirli olduğu üçün vurulmuş zərərə görə sığorta ödənişi sərnişinin də təqsiri nəzərə alınaraq azaldılmalıdır. Cavabdeh baş vermiş sığorta hadisəsi nəticəsində Mərkəzin əmlakına dəymiş zərərin birbaşa olaraq mülki məsuliyyətini sığortaladığı A.İ.Məmmədov tərəfindən deyil, onun idarə etdiyi nəqliyyat vasitəsində olan sərnişin tərəfindən, həmin şəxsin nəqliyyat vasitəsindən düşmə qaydalarını pozması ilə əlaqədar olaraq vurulduğunu əsas gətirir və dəymiş zərəri tam həcmdə ödəməkdən yayınır. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi, cavabdehin Mərkəzin əmlakına dəymiş zərərin yarısını ödəməli olduğu ilə bağlı qeyd etdikləri heç bir hüquqi əsasa söykənmir. Qanunvericiliyin mövqeyindən də görünür ki, mülki hüquq pozuntusunu törətmiş və bu pozuntu nəticəsində Mərkəzin əmlakına dəymiş zərərin əvəzini ödəməyə borclu olan şəxs nəqliyyat vasitəsində olan sərnişin yox, əmlaka zərər vurmuş nəqliyyat vasitəsinin sahibi, yəni cavabdehin mülki məsuliyyətini sığortaladığı A.İ.Məmmədovdur. Sərnişin isə yol hərəkəti qaydalarını pozmaqla törətdiyi inzibati xəta ilə bağlı inzibati məsuliyyətə cəlb edilmiş və onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Nəqliyyat vasitəsinin sahibi A.İ.Məmmədovun mülki məsuliyyətinin sığortalandığını nəzərə alınsa nəqliyyat vasitəsinin istifadəsi nəticəsində onun Mərkəzin əmlakına vurduğu zərərin əvəzini tam həcmdə ödəməyə borclu olan subyekt cavabdeh "xxxx" ASC-dir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1480/2022 saylı, 05 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, ilkin mediasiya sessiyasında iştirakla bağlı ödənilmiş 30 (otuz) manat xərc iddiaçıya aid edilmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və sığorta hadisəsi nəticəsində Mərkəzin əmlakına dəymiş zərərin cavabdeh "xxxx" ASC tərəfindən ödənilməmiş 1463.20 manat məbləğinin və ilkin mediasiya sessiyasında iştirakla bağlı Mərkəzin ödədiyi 30 manat məbləğin cavabdehdən Mərkəzin xeyrinə tutulması haqqında qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamənin əsaslandırıcı hissəsində iddia tələbinin rədd edilməsinin hüquqi əsasları kimi Mülki Məcəllənin 21.3-cü və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 58.3-2-ci maddələrini göstərmişdir. Lakin birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, “Kia-Rio” 2011 markalı **-MB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü dayanma (durma) qaydalarını pozmaqla artıq inzibati xəta hadisəsi törətmiş, bununla da nəqliyyat vasitəsində olan sərnişinin yolun hərəkət olmayan hissəsindən düşməsini mümkünsüz etmiş, sərnişin yolun hərəkət hissəsindən düşməyə məcbur olmuş və beləliklə, sərnişinin də inzibati xəta törətməsinə yol açmışdır. Buna görə də, cavabdeh "xxxx" ASC-nin mülki məsuliyyətini sığortaladığı “Kia-Rio” 2011 markalı **-MB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün hərəkəti ilə Mərkəzə məxsus “Mercedes Benz S450” 2019 markalı **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyanla məhkəmənin qeyd etdiyi kimi dolayı səbəbli əlaqə olmamış, əksinə, avtomobili parklanma üçün müəyyən edilməmiş yerdə saxlamaqla sürücü sığorta hadisəsinin baş verməsinə birbaşa şərait yaratmışdır. Bundan əlavə, birinci instansiya məhkəməsi üçüncü şəxsin (sərnişinin) davranışının Mərkəzin əmlakına dəymiş zərərin artmasına hansı həcmdə təsir göstərdiyini araşdırmamış və belə təsiri nəzərə alaraq, dəymiş zərərin əvəzinin üçüncü şəxs (sərnişin) və cavabdeh arasında hansı nisbətdə azaldılmalı olduğuna dair münasibət bildirməmişdir. Bununla da, məhkəmə cavabdeh "xxxx" ASC kimi yanlış olaraq zərərin həcminin azaldılmasını ancaq hadisədə iştirak etmiş şəxslərin sayı ilə, yəni iki subyektin olması ilə şərtləndirmiş və bu da öz növbəsində Mərkəzin əmlakına dəymiş ümumilikdə 2926,40 AZN məbləğdə zərərin həcminin əsassız olaraq yarıya bölünməsinə gətirib çıxarmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi” X11 nümayəndəsi X8 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, Mərkəzin əmlakına cavabdeh "xxxx" ASC-nin mülki məsuliyyətini sığortaladığı “KİA RİO” 2011 markalı **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən zərər vurulduğu işin mübahisələndirilməyən tərəfidir. Lakin birinci instansiya məhkəməsi üçüncü şəxs kimi qəbul etdiyi sərnişinin davranışının, yəni onun “Kia-Rio” 2011 markalı **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısını yolun hərəkət istiqamətində açmasının Mərkəzin əmlakına dəymiş zərərin artmasına təsirini müəyyən etsə də, bu təsirin hansı həcmdə olduğunu, belə təsiri nəzərə almaqla, dəymiş zərərin əvəzinin avtomobildə olan sərnişin və cavabdeh "xxxx" ASC arasında hansı nisbətdə bölünməli olduğuna dair fikir bildirməmiş, bu cür təsirin həcmini sübuta yetirməmişdir. Həmçinin birinci instansiya məhkəməsi yanlış olaraq hadisədə iştirak edən şəxslərin yalnız sayını nəzərə almış, lakin sərnişin və cavabdehin zərərə hansı həcmdə təsir göstərdiklərini sübut etməyərək, dəymiş zərərin əvəzinin onlar arasında yarıya bölünməsinin hüquqi cəhətdən doğru olduğu qənaətinə gəlmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edib, əlavə olaraq bildirdi ki, iddiaçıya məxsus avtomibilə dəymiş hadisə zamanı iki inzibati xəta haqqında qərar qəbul edilmiş və avtomobil sürücüsü ilə yanaşı sərnişində məsuliyyətə cəlb edilmişdir. İddiaçı tərəfindən üçüncü şəxsin, yəni sərnişinin zərər vurulmasına səbəb olmuş davranışının isə nəzərə alınmaması əsassız iddia qaldırılmasına səbəb olmuşdur. Digər tərəfdən iddiaçı özünün yazılı şəkildə təsdiq etdiyi iradə ifadəsinə əsasən, 1463.4 manat sığorta ödənişi almaqla sığortaçıya qarşı heç bir başqa tələbinin qalmadığını bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməklə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, iddiaçıya məxsus olan "Mercedes Benz S450" 2019 markalı **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə cavabdeh “Xalq Sığorta" ASC-də icbari qaydada sığortalanmış "KİA RİO" 2011 markalı **-MB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin iştirakı ilə xx.xx.2021-ci il tarixdə saat 12:30-da Bakı şəhəri, H.Cavid prospektində yol-nəqliyyat hadisəsi baş vermişdir. Qeyd edilən hadisə üzrə "KİA RİO" 2011 markalı **-MB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X2 Xətalar Məcəlləsinin 346.1-ci maddəsi (dayanma qaydalarını pozma) ilə inzibati qaydada tənbeh edilərək, 20 manat məbləğində cərimə edilmişdir. Həmin hadisə üzrə "KİA RİO" 2011 markalı **-MB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sərnişini X1 Xətalar Məcəlləsinin 338.3-cü maddəsi (sərnişinlər tərəfindən nəqliyyat vasitəsinə minmə və düşmə qaydalarının pozulması) ilə inzibati qaydada tənbeh edilərək, 30 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib olunmuş Akta əsasən "Mercedes Benz S450" 2019 markalı **-AD-*** d.q.n. avtomobilə dəymiş ziyan 2926.4 manat olmuşdur, xx.xx.2021ci il tarixli təhvil-təslim aktına əsasən "xxxx" MMC tərəfindən 2926,40 AZN zərər məbləği müqabilində təmir olunaraq avtomobil səlahiyyətli şəxsə təhvil verilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin və “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi” X14n imzaladığı PXA85843 saylı Sığorta aktına əsasən sonuncuya ödənilməli olan sığorta ödənişi 1463.4 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, “Kia-Rio” 2011 markalı 90MB258 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü dayanma-durma qaydalarını pozaraq avtomobili saxlamış, sərnişin A.Musayeva isə “Yol hərəkəti haqqında” Qanunun tələblərini pozaraq yolun səki hissəsindən deyil, hərəkət hissəsində avtomobilin qapısını qəfildən açaraq düşməyə çalışmış, bu zaman iddiaçıya məxsus “Mercedes Benz S450” 2019 markalı 10AD005 dövlət qeydiyyat nişanlı avtomobil yolun hərəkət istiqamətindən qeyd edilən avtomobilin qapısı ilə toqquşmuşdur. Hadisə üzrə "KİA RİO" 2011 markalı **-MB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X2 Xətalar Məcəlləsinin 346.1-ci maddəsi (dayanma qaydalarını pozma) ilə inzibati qaydada tənbeh edilərək, 20 manat məbləğində cərimə edilmişdir. Həmin hadisə üzrə "KİA RİO" 2011 markalı **- MB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sərnişini X1 Xətalar Məcəlləsinin 338.3-cü maddəsi (sərnişinlər tərəfindən nəqliyyat vasitəsinə minmə və düşmə qaydalarının pozulması) ilə inzibati qaydada tənbeh edilərək, 30 manat məbləğində cərimə edilmişdir. Göründüyü kimi iddiaçının əmlakına ziyan vurulmasında cavabdehin sığortaladığı şəxsə məxsus avtomobildə olan sərnişin A.Ç.Musayeva da təqsirli olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3-cü maddələrinə əsasən zərərinəvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt)hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər.Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına vəya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 58.3-2-ci maddəsinə əsasən, fiziki şəxsin həyatına və ya sağlamlığına zərər vurulduğu hallar istisna olmaqla, sığorta hadisəsinin baş verməsində sığorta olunanla yanaşı, üçüncü şəxsin də təqsiri müəyyənləşdirilərsə, vurulmuş zərərə görə sığorta ödənişi üçüncü şəxsin təqsirinin dərəcəsinə mütənasib məbləğdə azalır. “Yol hərəkəti haqqında” Qanunun 41-ci maddəsinə əsasən Sərnişin: 1) nəqliyyat vasitəsinə yalnız xüsusi minik meydançasından, belə meydança olmadıqda isə, səkidən və ya yolun çiyini tərəfdən yalnız nəqliyyat vasitəsi tam dayandıqdan sonra minib-düşməlidir (sərnişinlərin səki və ya yolun çiyini tərəfdən minib-düşməsi mümkün olmayan halda, onlar yolun hərəkət hissəsindən o şərtlə minib-düşə bilər ki, bu, təhlükəli olmasın və hərəkətin digər iştirakçıları üçün maneə yaratmasın). Həmin Qanunun 56-cı maddəsinin X hissəsinə əsasən, Sərnişinlərə: .... nəqliyyat vasitəsi dayandıqda və ya durduqda, heç bir təhlükənin olmadığını yəqin etmədən onun qapılarını açmaq... qadağandır. Göründüyü kimi, maddi zərərin əvəzinin ödənilməsi zamanı üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. İddiaçının əmlakına ziyan vurulmasında cavabdehin sığortaladığı şəxsə məxsus avtomobildə olan sərnişin A.Ç.Musayeva da təqsirli olduğu üçün vurulmuş zərərə görə sığorta ödənişi sərnişinin də, təqsiri nəzərə alınaraq azaldılması qanunun birbaşa tələbindən irəli gəlir. Sığorta hadisəsinin baş verməsinə bilavasitə səbəb “Kia-Rio” 2011 markalı 90MB258 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün dayanma-durma qaydalarını pozmasına nisbətən, həmin avtomobildə olan sərnişinin avtomobildən enmək məqsədi ilə, təhlükəsizliyi təmin etmədən, qəfildən nəqliyyat vasitəsinin qapısını yolun hərəkət istiqamətində açması olmuşdur. “Kia-Rio” 2011 markalı 90MB258 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün inzibati xəta hərəkəti ilə iddiaçı hüquqi şəxsin sahibliyində olan “Mercedes Benz S450” 2019 markalı ** AD *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi ziyan arasında dolayı, sərnişinin inzibati xəta pozuntusu ilə sığorta hadisəsi arasında isə birbaşa səbəbli əlaqə olmuş, sürücü sərnişinin hərəkətlərinə görə məsuliyyət daşımamışdr. Bununla yanaşı iş materialları ilə müəyyən edilir ki, cavabdeh sığorta şirkəti iddiaçıya vurulmuş maddi ziyanda sığortalı avtomobilin sürücüsünün qismən təqsirinin olmasını inkar etməyərək vurulmuş ziyanın, siğortalının (sürücünün) təqsirinə mütənasib olaraq yarısını ödəmiş və iddiaçı özünün yazılı şəkildə təsdiq etdiyi iradə ifadəsinə əsasən 1463.4 manat sığorta ödənişi qəbul etməklə sığortaçıya qarşı heç bir başqa tələbinin qalmadığı barədə iradə ifadəsini bildirməsinə baxmayaraq hazırkı iddianı qaldırmışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı sığorta ödənişinin tam həcmdə cavabdeh tərəfindən ödənilməli olmasını iddia etsə də, iddiaçının “Kia-Rio” 2011 markalı 90MB258 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi A.İ.Məmmədovun mülki məsuliyyətinin sığortalandığı nəzərə alınaraq nəqliyyat vasitəsinin istifadəsi nəticəsində iddiaçının əmlakına vurulan zərərin əvəzinin tam həcmdə ödəməyə borclu olan subyektin cavabdeh "xxxx" ASC olması” barədə irəli sürdüyü faktiki hallar onun bu iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığından həmin tələbin əsassız olması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Həmçinin birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddiaçıya, vurulmuş zərərin qalan hissəsinin ödənilməsi barədə sığortalı avtomobildə olan sərnişin və hazırki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş A.Ç.Musayevaya qarşı iddia qaldırmaq hüququnun olması izah edilməlidir. Apellyasiya şikayətinin dəlilləri isə əsassız olmuşdur. Belə ki, iddiaçı apellyasiya şikayətində avtomobili parklanma üçün müəyyən edilməmiş yerdə saxlamaqla sürücü sığorta hadisəsinin baş verməsinə birbaşa şərait yaratdığını qeyd etsə də, yol hərəkəti haqqında qanunvericiliyə əsasən nəqliyyat vasitəsi dayandıqda və ya durduqda, heç bir təhlükənin olmadığını yəqin etmədən onun qapılarını açmaq sərnişinlərə qadağandır və hazırki iş üzrə də sərnişin məhz təhlükə olubolmamasını yəqin etmədən avtomobilin qapısını açmışdır və nəticədə hadisə baş vermişdir. Bununla bağlı olaraq da sərnişin barəsində İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddəsi (sərnişinlər tərəfindən nəqliyyat vasitəsinə minmə və düşmə qaydalarının pozulması) ilə inzibati qaydada tənbeh edilərək, 30 manat məbləğində cərimə edilmişdir. Göründüyü kimi baş vermiş hadisə zamanı qeyd edilən hadisə üzrə "KİA RİO" 2011 markalı **-MB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsüilə yanaşı avtomobildə olan sərnişinin də əlaqəsi olmuşdur. Bundan başqa iddiaçının istinad etdiyi “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsinə əsasən, qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, istinad edilən maddədə göstərilmiş “qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla” dedikdə məhz həmin qanunun 58.3-2-ci maddəsi nəzərdə tutulmalıdır, belə ki, həmin maddəyə əsasən fiziki şəxsin həyatına və ya sağlamlığına zərər vurulduğu hallar istisna olmaqla, sığorta hadisəsinin baş verməsində sığorta olunanla yanaşı, üçüncü şəxsin də təqsiri müəyyənləşdirilərsə, vurulmuş zərərə görə sığorta ödənişi üçüncü şəxsin təqsirinin dərəcəsinə mütənasib məbləğdə azalır. Göründüyü kimi birinci instansiya məhkəməsi “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 58.3-2-ci maddəsini düzgün tətbiq etmişdir. Digər tərəfdən iddiaçı apellyasiya şikayətində bildirmişdir ki, birinci instansiya məhkəməsi üçüncü şəxsin (sərnişinin) davranışının Mərkəzin əmlakına dəymiş zərərin artmasına hansı həcmdə təsir göstərdiyini araşdırmamış və belə təsiri nəzərə alaraq, dəymiş zərərin əvəzinin üçüncü şəxs (sərnişin) və cavabdeh arasında hansı nisbətdə azaldılmalı olduğuna dair münasibət bildirməmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh sığorta şirkəti iddiaçıya vurulmuş maddi ziyanda sığortalı avtomobilin sürücüsünün qismən təqsirinin olmasını inkar etməyərək vurulmuş ziyanın, siğortalının (sürücünün) təqsirinə mütənasib olaraq yarısını ödəmiş və iddiaçı özünün yazılı şəkildə təsdiq etdiyi iradə ifadəsinə əsasən 1463.4 manat sığorta ödənişi qəbul etməklə sığortaçıya qarşı heç bir başqa tələbinin qalmadığı barədə iradə ifadəsini bildirməsinə baxmayaraq hazırkı iddianı qaldırmışdır. Göründüyü kimi sığortaçı tərəfindən edilmiş ödənişlə hazırda iddiaçıya dəymiş zərərin məbləği 1/2 olmaqla azaldılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı və apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Belə ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki iş üzrə iddianın qiyməti 1463.20 (bir min dörd yüz altımış üç manat, iyirmi qəpik) manat olmaqla beş min manatdan az olduğundan, istinad edilən normanın tələbləri baxımından həmin qətnamələrdən kassasiya şikayətinin verilməsi istisna edilmişdir, bir sözlə apellyasiya instansiya məhkəməsinin qeyd olunan qətnaməsindən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏTETDİ: İddiaçı “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi” X14 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1480/2022 saylı, 05 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar