Məhkəmə qərarları › İş №2(103)-4116/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4116/2024

23.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4116/2024 23.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcunun ödənilməsi” tələbinə dair Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Əhmədov Həsən Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 aprel 2024-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun nümayəndəsi X2 və Cavabdeh iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat

1. İddiaçı Birliyin buna səlahiyyətli olan nümayəndəsi Birliyin adından cavabdehə qarşı iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin iddiaçı Birliyə vurduğu maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 4.147,20 manat məbləğində zərərin, debitor borc üzrə 10,08 manat və 61,58 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 4.218,86 manat pulun cavabdehdən tutularaq Birliyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Birlik ilə abonent olan cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış müqavilə əsasında cavabdehə məxsus olan və Bakı şəhəri, Binəqədi rayonu, C.Cabbarlı küçəsində yerləşən fərdi yaşayış evi Birlik tərəfindən təbii qazla təchiz edilir. Bununla bağlı həmin ünvanda qaz sayğacı quraşdırılmış və ünvana **********0098 abonent kodu verilmişdir. Cavabdeh müqavilənin tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Belə ki, Birliyin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə qaz sayğacına və qaz xəttinə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına və sayğacdan kənar qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi faktı aşkar olunmuşdur. Birliyin əməkdaşları bununla bağlı xx.xx.2022-ci il tarixli, ******* saylı akt tərtib etmişlər. Həmin akt əsasında aparılmış hesablanma nəticəsində müəyyən edilmişdir ki, Birliyə dəymiş zərərin məbləği cəmi 4.147,20 manat təşkil edir. Bundan başqa müəyyən edilmişdir ki, cavabdehin 10,08 manat məbləğində ödənilməmiş debitor borcu da var. Birlik həmin məbləğlərin ödənilməsini cavabdehdən dəfələrlə tələb etsə də, borc ödənilməmişdir. Bu səbəbdən də Birlik hazırki iddia ilə məhkəməyə müraciət etmək və bunun üçün 61,58 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətinə qalmışdır. b) iş üzrə tərəflərin birinci instansiya məhkəməsində verdikləri izahatlar barədə məlumat

3. Birliyinin nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbini müdafiə etmiş və iddianın təmin edilməsini Rayon Məhkəməsindən xahiş etmişdir.

4. Rayon Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, ona məxsus evə verilən təbii qazda hava olduğundan borudakı havanı çıxarmaq məqsədi ilə Birliyinin əməkdaşları evə gələrək, qaz xəttində dəlik açmışlar. Onlar problemi aradan qaldırdıqdan sonra dəliyi bağlayıb getmişlər. Bundan bir müddət sonra isə Birliyin əməkdaşları qaz xəttinə baxış keçirərkən müəyyən etmişlər ki, qonşulardan biri həmin dəliyə rezin boru keçirərək qazdan qanunsuz istifadə etmişdir. Buna baxmayaraq borc ona hesablanmışdır. Buna görə də, o, iddianın rədd edilməsini xahiş edir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

6. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, borcun ödənilməsi məqsədi ilə 57,60 manat, dövlət rüsumunun bir hissəsinin – 30 manatın cavabdehdən tutularaq iddiaçı Birliyə ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir.

7. Rayon Məhkəməsi iddianın bir qisminin təmin edilməsi barədə iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 1 ay müddətində iddiaçı Birliyə dəymiş ziyanın məbləği 57,60 manat təşkil edir. Çünki Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəydən görünür ki, Birliyə dəymiş günlük məbləği 1,92 manat təşkil edir. Buna görə də, cavabdehdən (1,92 manat x 30 gün=) 57,60 manat məbləğində pil tutularaq iddiaçı Birliyə ödənilməlidir. Digər hissələrdə isə üzərinə sübutetmə yükü düşən iddiaçı Birlik tələbini sübuta yetirə bilmir. Buna görə də qalan hissədə iddia rədd olunmalıdır. İddia qeyd edilən qaydada və həcmdə təmin olunduğu üçün dövlət rüsumunun 30 manat hissəsi cavabdehə, qalan hissəsi isə iddiaçı Birliyin özünə aid edilməlidir. d) apellyasiya şikayəti barədə məlumat

8. İddiaçı Birlik həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək, Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və apellyasiya şikayətinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, Rayon məhkəməsi işin hallarına səhv qiymət vermiş və nəticədə iddianın bir qismini əsassız olaraq təmin etməmişdir. Həmin hissədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə ziddir. Belə ki, Birlik tərəfindən təqdim olunmuş sübutlar iddia tələbinin tam əsaslı olmasını göstərdiyi halda Rayon Məhkəməsi iddia tələbini tam həcmdə yox, qismən təmin etmişdir. Rayon Məhkəməsi nəzərə almamışdır ki, iş üzrə cavabdeh nə iddia ərizəsinə etiraz bildirmiş, nə də onun barəsində xx.xx.2022-ci il tarixdə tərtib olunmuş aktı mübahisələndirmişdir. e) apellyasiya icraatı ilə bağlı iş üzrə keçirilmiş apellyasiya baxışı iclaslarında iş üzrə tərəflərin iştirakı və iclaslarda iştirak etmiş şəxslərin izahatları barədə məlumat

10. İddiaçı Birliyin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi. O əlavə olaraq bildirdi ki, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Rayon Məhkəməsinə verilmiş rəy əsassızdır. Buna baxmayaraq Rayon Məhkəməsi həmin rəyə əsaslanmışdır.

11. Apellyasiya baxışı iclasında iştirak etmiş cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinə verdiyi izahatın məzmununa, habelə Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına uyğun izahat verdi. f) işdə olan sənədlər barədə məlumat

12. İşdə olan sənədlərdən görünür ki, Birlik ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğısatqısı barədə” müqavilə əsasında cavabdehə məxsus olan və yuxarıda qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evi Birlik tərəfindən təbii qazla təchiz edilir. Bununla bağlı həmin ünvanda G-4T markalı qaz sayğacı quraşdırılmış və ünvana **********0098 abonent kodu verilmişdir.

13. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* №-li aktdan görünür ki, Birliyin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə qaz sayğacına və qaz xəttinə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına və sayğacdan kənar qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi faktı aşkar olunmuşdur. Bunu aşkar etmiş şəxslər sayğacdan kənar xətti ləğv etmişlər.

14. Birlik tərəfindən tərtib edilmiş “Dəymiş ziyanın bərpasına dair” xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, yuxarıda qeyd edilən akta əsasən aparılmış hesabat nəticəsində müəyyən edilmişdir ki, itirilmiş təbii qazın həcmi 34.560 kub metr təşkil edir.

15. Birlik tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, həmin akt əsasında aparılmış hesablanma nəticəsində müəyyən edilmişdir ki, Birliyə dəymiş zərərin məbləği 4.147,20 manat təşkil edir. Cavabdehin iddiaçı Birliyə 10,08 manat məbləğində ödənilməmiş debitor borcu var. İddia ərizəsinin məhkəməyə verilməsi üçün Birlik tərəfindən 61,58 manat məbləğində dövlət rüsumu ödənilmişdir. g) apellyasiya baxışının həddi barədə məlumat

16. Məhkəmə, hazırkı iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, Rayon Məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilsə də, iş üzrə cavabdeh iddia tələbinin bir qisminin təmin edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmış, qətnamədən apellyasiya şikayəti verməmişdir. Qətnamədən apellyasiya şikayəti vermiş Birlik apellyasiya şikayətində qətnamənin tam ləğv edilib, iddianın tam təmin edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan görünür ki, Birlik iddianın bir qisminin təmin edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır, lakin o, iddianın qalan hissəsinin təmin edilməsi barədə Rayon Məhkəməsinin nəticəsi ilə razı deyil.

17. Odur ki, bunları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-cı maddəsinin tələblərini nəzərə almış Məhkəmə iş üzrə Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığını yalnız mübahisələndirilən hissədə yoxlamışdır. h) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

18. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

19. Belə ki, işdə olan sənədlərə və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlara əsasən müəyyən edilir ki, cavabdeh ilə Birlik arasında xx.xx.2019-cu il tarixdə bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqaviləyə əsasən cavabdehə məxsus olan fərdi yaşayış evi Birlik tərəfindən təbii qazla təchiz edilir. Bununla bağlı həmin ünvanda qaz sayğacı quraşdırılmışdır. xx.xx.2022-ci il tarixdə Birliyin əməkdaşları tərəfindən cavabdehə məxsus ünvandakı qaz sayğacına və qaz xəttinə baxış keçirilərkən qaz xəttinə özbaşına və sayğacdan kənar qoşulma nəticəsində təbii qazdan qanunsuz olaraq istifadə edilməsi faktı aşkar edilmiş və Birliyin əməkdaşları bu barədə akt tərtib etmişlər. Qeyd edilən akta əsasən aparılmış hesabat nəticəsində müəyyən edilmişdir ki, itirilmiş təbii qazın həcmi 34.560 kub metr, Birliyə dəymiş zərərin məbləği isə 4.147,20 manat təşkil edir.

20. Göstərilənləri, nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1.). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2.).

21. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə görə, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (maddə 11.6.). Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir (maddə 13.8.). Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir (maddə 13-8-1.).

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 №-li Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının” tələblərinə görə, qaz sayğacı ilə təsdiq edilmə, onun quraşdırılması və dəyişdirilməsi fıziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (bənd 4.2.). Qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir (bənd 4.5.). Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafıq örtüklə örtülməli (fıziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır (bənd 4.7.). Fıziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (bənd 4.8.). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucusu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (bənd 4.9.).

23. MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, iddiaçı Birliyin əməkdaşlarının tərtib etdikləri və yuxarıda qeyd edilən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktda sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi qeyd edildiyindən, Birlik, yuxarıda qeyd edilən maddi hüquq normaların tələblərinə əsasən, istehlakçının (hazırki halda – iddiaçının) təbii qazın talanmasında təqsirli olmasını müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qüvvəyə minmiş qərarının mövcudluğu ilə sübuta yetiriməli və ona (Birliyə) dəymiş zərərin əvəzinin ödənilməsini tələb etməlidir. Lakin Birlik iddiaçının təbii qazdan qeyri-qanunu istifadə etməsi, yəni təbii qazın talamasını sübuta yetirilmədən yuxarıda qeyd edilən məbləğində zərərin ödənilməsini iddiaçıdan tələb etmişdir.

25. Nəzərə alınsa ki, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə etməsini təsdiq edən hər hansı sübut (istehlakçının təbii qazın talanmasında təqsirli olmasını müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qüvvəyə minmiş qərarı) iddiaçı Birlik tərəfindən məhkəmələrə təqdim edilməmişdir, o zaman müəyyən edilir ki, iddia tam həcmdə əsassızıdır, lakin Rayon Məhkəməsi iddianı qismən də olsa təmin etmişdir. Amma Məhkəmə nəzərə alır ki, cavabdeh iş üzrə qəbul edilmiş qətnamədən apellyasiya şikayəti vermədiyi üçün iddianın bir qisminin təmin edilməsi barədə nəticə hazırkı apellyasiya baxışının predmeti deyil. Buna görə də, qəbul edilməlidir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi və hazırki apellyasiya baxışının predmeti olan hissədə qətnamə əsaslıdır. h) apellyasiya instansiyası məhkəməsinin nəticəsi

26. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iş üzrə gəldiyi və apellyasiya baxışının predmeti olan nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin apellyasiya baxışının predmetini təşkil edən hissəsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

27. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

28. Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

29. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün Birlik tərəfindən ödənilmiş dövlət rüsumu MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

30. Məhkəmə, həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki iddiaçı Birlik tərəfindən cavabdehə qarşı irəli sürülmüş iddia tələbinin qiyməti 5.000 manatdan azdır.

31. Odur ki göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 aprel 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar