Məhkəmə qərarları › İş №2(103)-4118/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4118/2023

22.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4118/2023 22.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 noyabr 2022-ci il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı vəkili (nümayəndəsi) Vəkil, Cavabdeh nümayəndələri (bacısı) X1 və (vəkili) X3 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, cavabdehin ona vurduğu maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 11.009 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 124 manat, məhkəməyə müraciət etmək üçün alınmış hüquqi yardıma çəkilmiş xərcin əvəzi olaraq 100 manat məbləğində pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, onunla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2020-ci il tarixli, ALY-20 saylı “Daxili lizinq müqaviləsinə” əsasən sahibliyində olan “Ravon Nexia R3 minik” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobili cavabdeh ilə onun arasında xx.xx.2020-ci il tarixdə bağlanmış "xxxx" əsasən 45 ay müddətinə cavabdehə MMC-nin razılığı icarəyə vermişdir. Bununla bağlı olaraq MMC tərəfindən cavabdehə avtomobilə dair hər ay etibarnamə verilmişdir. “İcarə müqaviləsi” və etibarnamə qüvvədə olduğu müddətdə, yəni xx.xx.2021-ci il tarixdə, cavabdeh avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə avtomobil zədələnərək, istismara yarasız vəziyyətə düşmüşdür. Hadisə ilə bağlı X6 Xidməti tərəfindən müvafiq araşdırma aparılmış və araşdırmanın nəticəsi ilə qəbul edilmiş xx.xx.2021-ci il tarixli, TP seriyalı, ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərar ilə, cavabdeh, yol-nəqliyyat hadisəsinin törədilməsində, yəni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Cavabdeh, avtomobili təmir etdirmədiyi üçün iddiaçı məcburiyyət qarşısında qalaraq avtomobilin təmiri ilə bağlı "xxxx" MMC-yə müraciət etmiş və həmin MMC-nin mütəxəssisləri tərəfindən müəyyən edilmişdir ki, avtomobilin təmir edilib, istismara yararlı vəziyyətə gətirilməsi üçün 11.009 manat vəsait tələb olunur. Cavabdeh qeyd olunan məbləği ödəməkdən imtina etmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya maddi zərər vurulmuş və zərərin əvəzi ödənilməmişdir. Odur ki, zərərin əvəzinin ödənilməsi üçün cavabdehdən iddiaçının xeyrinə 11.009 manat məbləğində pul tutulmalıdır. Cavabdeh vurduğu zərəri ödəmədiyi üçün, iddiaçı, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məqsədi ilə vəkillin hüquqi yardımından istifadə etmək və bu zaman, aldığı hüquqi yardıma görə 100 manat xərc çəkmək məcburiyyətində qalmışdır. Bundan başqa, iddiaçı, iddia ərizəsinin məhkəməyə vermək üçün 124 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. Buna görə də iddiaçı hesab edir ki, çəkdiyi bu xərclər də cavabdehə aid edilməlidir. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, vurulmuş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 10.686 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 122,06 manat, alınmış hüquqi yardıma çəkilmiş xərcin əvəzi olaraq 100 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir.

4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin törətdiyi yol-nəqliyyat hadisəsi, yəni mülki hüquq pozuntusu (delikt) nəticəsində iddiaçının sahibliyində olan avtomobil zədələnmiş, avtomobil istismara yararsız vəziyyətə düşmüşdür. Bununla da iddiaçıya maddi zərər dəymişdir. İddiaçı, "xxxx" MMC-nin avtomobillə bağlı verdiyi “Qüsur aktına” istinad edərək hesab edir ki, ona dəymiş həmin zərərin əvəzinin ödənilməsi məqsədi ilə cavabdehdən onun xeyrinə, “Qüsur aktında” qeyd edilən 11.009 manat məbləğində pul tutulmalıdır. Avtomobilin istismara yararlı vəziyyətə gətirilməsi üçün tələb olunan xərcin məbləğinin müəyyən edilməsi ilə əlaqədar iş üzrə təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirlinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən həyata keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının nəticəsi olaraq verilmiş xx.xx.2022-ci il tarixli rəydən görünür ki, avtomobilin istismara yararlı vəziyyətə gətirilməsi üçün 10.686 manat vəsait tələb olunur. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçıya dəymiş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 10.686 manat məbləğində pul cavabdehdən tutularaq iddiaya ödənilməlidir. İddia tələbi qismən təmin edildiyindən, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 124 manat məbləğində dövlət rüsumunun bir hissəsi, yəni 122,06 manat cavabdehə aid edilməli, rüsumun qalan hissəsi isə iddiaçının özünə aid edilməlidir. Bundan başqa iş materiallarından görünür ki, iddiaçı, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün vəkillin hüquqi yardımından istifadə etmiş və bu səbəbdən hüquqi yardıma görə 100 manat xərc çəkməkdir. Cavabdehin iddiaçıya maddi zərər vurması və vurduğu zərərin əvəzinin ödənilməsindən yayınması müəyyən edildiyindən, hüquqi yardıma çəkilmiş xərc cavabdehə aid edilməlidir. c) apellyasiya şikayəti barədə məlumat

5. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsinin xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, "xxxx" MMC tərəfindən verilmiş və iddiaçının istinad etdiyi “Qüsur aktına” qeyd edilmişdir ki, avtomobilin istismara yararlı vəziyyətə gətirilməsi üçün dəyişməli ola hissələrin dəyəri 8.059 manat, görülməli işlərin dəyəri isə 2.950 manat (cəmi 11.009 manat) tələb olunur. Cavabdeh bildirir ki, əgər avtomobilin istismara yararlı vəziyyətə gətirilməsi üçün 2.950 manat xərcin çəkilməsi kifayət edirsə, onda əlavə 8.059 manat xərcin də tələb olunması şübhə doğurur. Lakin işə baxmış Rayon Məhkəməsi bunu halı araşdırmamış, ekspertizanın rəyini əsas götürərək, ziyanın məbləğinin 10.686 manat məbləğində olması barədə əsassız nəticəyə gəlmişdir. Bundan başqa Rayon Məhkəməsi nəzərə almamışdır ki, iddiaçıya məxsus avtomobil kasko sığorta növündə sığortalanmış və iddiaçıya dəymiş ziyan müvafiq sığorta şirkəti tərəfindən ödənilmişdir. d) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı və izahatları barədə məlumat

7. Cavabdehin nümayəndələri (vəkili və bacısı) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər və şikayətin məzmununa uyğun izahat verdilər. Onlar əlavə olaraq bildirdilər ki, iddiaçıya məxsus avtomobilin kasko sığorta növündə sığortalanması və yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya dəymiş zərərin sığorta şirkəti tərəfindən iddiaçıya ödənilməsi hazırki iş üzrə iddiaçının cavabdehə qarşı 2021-ci ildə irəli sürdüyü eyni məzmunlu iddiasına dair mülki işin materiallarında var. Həmin mülki iş Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olmuş və məhkəmə həmin iş üzrə qəbul etdiyi qərardadla iddianı baxılmamış saxlamışdır.

8. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, şikayətin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına uyğun izahat verdi. O əlavə olaraq bildirdi ki, iddiaçıya məxsus avtomobil kasko sığorta növündə sığortalanmamış, icbari qaydada sığortalanmışdır. Yol-nəqliyyat hadisəsi cavabdehin təqsiri nəticəsində baş verdiyindən avtomobili icbari qaydada sığortalamış sığorta şirkəti ziyanı ödəməmişdir. e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

9. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

10. Belə ki, iddiaçı ilə hazırki iş üzrə tərəf olmayan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2020-ci il tarixli, ALY-20 saylı "xxxx" görünür ki, MMC mülkiyyətində olan “Ravon Nexia R3 minik” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobili 48 ay müddətinə iddiaçıya lizingə vermişdir.

11. İddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış “İcarə müqaviləsindən” görünür ki, iddiaçı, həmin avtomobili 45 ay müddətinə cavabdehə icarəyə vermişdir.

12. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin verdiyi etibarnamələrdən, o cümlədən xx.xx.2021-ci il tarixdə 1 ay müddətinə verilmiş etibarnamədən görünür ki, MMC, xx.xx.2020-ci il tarixli, ALY-20 saylı “Daxili lizinq müqaviləsinə əsasən” iddiaçıya verilmiş həmin avtomobilin idarə edilməsini cavabdehə etibar etmişdir.

13. Göstərilənləri nəzərə alan Məhkəmə, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqedən çıxış edərək hazırki iş üzrə iddiaçının hazırki iş üzrə cavabdehə qarşı bu kimi iddianın qaldırılması üçün subyektiv hüquqa malik olub-olmasını yoxlayaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə görə, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

14. Bundan başqa qeyd edilməlidir ki, iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış “Daxili lizinq müqaviləsinin” 4.4.2-ci maddəsinin şərtinə görə, iddiaçı lizingə götürdüyü avtomobili saz və işlək vəziyyətdə saxlamalı, avtomobilin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir.

15. Qeyd edilən maddi hüquq normasının tələbini, lizinq müqaviləsinin göstərilən şərtini və "xxxx" MMC-nin iddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış “İcarə müqaviləsini” bəyənərək, avtomobilin idarə edilməsini cavabdehə etibar etməsini nəzərə alaraq hesab edir ki, iddiaçının cavabdehə qarşı bu kimi iddia irili sürməyə subyektiv hüququ mövcuddur.

16. Tərtər Rayon Yol-Patrul Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, TP seriyalı, ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarında görünür, hazırki iş üzrə cavabdeh, xx.xx.2021-ci il tarixdə “Ravon Nexia R3 minik” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Tərtər-Goranboy yolunun 1-ci kilometrində yolnəqliyyat hadisəsinin törətmişdir. O, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirlidir və bu səbəbdən onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilir.

17. Qeyd edilən qərar qüvvədədir və cavabdeh tərəfindən ümumiyyətlə mübahisələndirləməmişdir.

18. Qərar qanuni qüvvəyə mindiyindən hazırki iş üzrə müzakirə edilmir.

19. Bu baxımdan hesab edilməlidir ki, yuxarıda qeyd edilən yol-nəqliyyat hadisəsi cavabdehin təqsiri üzündən baş vermişdir. Başqa sözlə, cavabdeh mülki hüquq pozuntusu (delikt) törətmişdir.

20. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1.).

21. Bu maddi hüquq normalarının tələblərindən çıxış edən Məhkəmə hesab edir ki, cavabdeh, yuxarıda qeyd edilən yol-nəqliyyat hadisəsinə – mülki hüquq pozuntusuna görə mülki məsuliyyət daşıyır və iddiaçıya vurduğu maddi zərərin əvəzini ödəməlidir.

22. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli “Qüsur aktından” görünür ki, iddiaçıya məxsus avtomobilin istismara yararlı vəziyyətə gətirilməsi üçün dəyişməli ola ehtiyat hissələrinin dəyəri 8.059 manat, görülməli işlərin dəyəri isə 2.950 manat (cəmi 11.009 manat) təşkil edir.

23. İddiaçı həmin “Qüsur aktına” əsaslanaraq cavabdehə qarşı iddia irəli sürərək həmin məbləğin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini Rayon Məhkəməsində xahiş etmişdir.

24. Rayon Məhkəməsi həmin məbləğin həqiqətə uyğun olub-olmamasını yoxlamaq üçün qəbul etdiyi qərardadla iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmiş və ekspertizanın aparılmasını Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə etmişdir.

25. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Rayon Məhkəməsinə verilmiş xx.xx.2022-ci il tarixli, 9/4763 nömrəli rəydən görünür ki, həmin avtomobilin istismara yararlı vəziyyətə gətirilməsi üçün təxminən 10.686 manat məbləğində pul vəsaiti tələb olunur.

26. Rayon Məhkəməsi həmin rəyi əsas götürərək hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçıya dəymiş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 10.686 manat məbləğində pul cavabdehdən tutularaq iddiaya ödənilməlidir.

27. Cavabdeh apellyasiya şikayətində "xxxx" MMC tərəfindən verilmiş “Qüsur aktında” göstərilənlərə əsaslanaraq bildirir ki, əgər avtomobilin istismara yararlı vəziyyətə gətirilməsi üçün 2.950 manat xərcin çəkilməsi kifayət edirsə, onda əlavə 8.059 manat xərcin də tələb olunması şübhə doğurur. Lakin işə baxmış Rayon Məhkəməsi bunu halı araşdırmamış, ekspertizanın rəyini əsas götürərək, ziyanın məbləğinin 10.686 manat məbləğində olması barədə əsassız nəticəyə gəlmişdir.

28. Məhkəmə, apellyasiya şikayətinin bu dəlili ilə bağlı qeyd edir ki, "xxxx" MMC tərəfindən verilmiş “Qüsur aktında” göstərilib ki, 2.950 manat – avtomobilin istismara yararlı vəziyyətə gətirilməsi üçün görülməli olan işlərin (mütəxəssis-ustalar (dəmirçi, rəngsaz, elektrik və s.) tərəfindən görülməli olan işlərin) qiymətidir. 8.059 manat – avtomobilin istismara yararlı vəziyyətə gətirilməsi üçün dəyişməli ola ehtiyat hissələrinin dəyəridir. Göründüyü kimi, avtomobilin yararlı vəziyyətə gətirilməsi üçün xərclər, avtomobilin sıradan çıxmış ehtiyat hissələrinin əvəzinə yeni ehtiyat hissələrinin alınmasından və avtomobil üzərində işləməli olan dəmirçi, rəngsaz, elektrik və sair mütəxəssislərin zəhmət haqqılarının ödənilməsindən ibarətdir. Qeyd edilən xərclərin ayrı-ayrı qrafalarda göstərilməsi o demək deyil ki, avtomobilin istismara yararlı vəziyyətə gətirilməsi üçün həmin xərclərdən birinin ödənilməsi kifayətdir.

29. Bundan başqa nəzərə alınmalıdır ki, (yuxarıda artıq qeyd edildiyi kimi) işə baxmış Rayon Məhkəməsi "xxxx" MMC tərəfindən verilmiş “Qüsur aktını” deyil, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli rəyi əsas götürmüşdür.

30. Bununla yanaşı Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçıya dəymiş zərərin daha az olmasını birbaşa yox, faktiki olaraq bildirsə də, bu xüsusatı təsdiq edə və ekspert rəyini şübhə altına ala biləcək sübutu (məsələn: avtomobillərin təmiri ilə məşğul olan hər hansı mütəxəssisin və ya şirkətin “Qüsur aktlını”) Məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Odur ki, Məhkəmə iş üzrə verilmiş ekspert rəyinin əsaslılığını şübhə altına ala biləcək hər hansı xüsusatın olmadığını nəzərə alaraq hesab edir ki, Rayon Məhkəməsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pul vəsaitinin məbləğini Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi rəyə əsasən müəyyən etməkdə haqlı olmuşdur. Çünki Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

32. Göstərilənlərə əsasən müəyyən edilir ki, apellyasiya şikayətinin müzakirə edilən dəlili əsassızdır.

33. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, iddiaçıya məxsus avtomobil kasko sığorta növündə sığortalanmış və iddiaçıya dəymiş ziyan müvafiq sığorta şirkəti tərəfindən ödənilmişdir.

34. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndələri (vəkili və bacısı) bildirmişlər ki, iddiaçıya məxsus avtomobilin kasko sığorta növündə sığortalanması və yolnəqliyyat hadisəsi nəticəsində iddiaçıya dəymiş zərərin sığorta şirkəti tərəfindən iddiaçıya ödənilməsi hazırki iş üzrə iddiaçının cavabdehə qarşı 2021-ci ildə irəli sürdüyü eyni məzmunlu iddiasına dair mülki işin materiallarında var. Həmin mülki iş Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olmuş və məhkəmə həmin iş üzrə qəbul etdiyi qərardadla iddianı baxılmamış saxlamışdır.

35. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya şikayətinin bu dəlilinə etiraz edərək bildirmişdir ki, iddiaçıya məxsus avtomobil kasko sığorta növündə sığortalanmamış, icbari qaydada sığortalanmışdır. Yol-nəqliyyat hadisəsi cavabdehin təqsiri nəticəsində baş verdiyindən avtomobili icbari qaydada sığortalamış sığorta şirkəti ziyanı ödəməmişdir.

36. Məhkəmə, apellyasiya şikayətinin bu dəlilin əsaslı olub-olmamasına qiymət vermək üçün qeyd edilən işi (İş № 2(006)-259/2021) Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin arxivindən götürmüş və iş materiallarını tədqiq etmişdir. Həmin mülki işin materiallarının tədqiqi zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus avtomobilin kasko sığorta növündə sığortalanması və yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya dəymiş zərərin sığorta şirkəti tərəfindən iddiaçıya ödənilməsini təsdiq edə biləcək sənədlər həmin işdə yoxdur və olmamışdır.

37. Göstərilənlərə əsasən müəyyən edilir ki, apellyasiya şikayətinin müzakirə edilən bu dəlili də əsassızdır.

38. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnamə ilə qət etmişdir ki, iddia ilə məhkəməyə müraciət etmək məqsədi ilə iddiaçının aldığı hüquqi yardıma görə ödədiyi 100 manat, iddia ilə məhkəməyə müraciət edən zaman ödədiyi dövlət rüsumunun bir hissəsi, yəni 122,06 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

39. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi bu nəticə, əsaslıdır və apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu nəticəsinə aid dəli də əsassızdır.

40. Belə ki, MPM-nin maddəsinin tələblərinə görə, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir (maddə 107.). Vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir (maddə 115.0.6.). Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (maddə 119.1.). f) apellyasiya baxışının nəticəsi

41. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

42. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

43. Odur ki, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

45. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393, 405 maddələrini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 noyabr 2022-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar