Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4122/2021 02.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-4641/2017 saylı, 15 noyabr 2017-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı “göstərilmiş tibbi xidmətə görə borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh göstərilmiş tibbi xidmətin qarşılığı 4393.53 manat məbləğində borc pulun və 30 manat dövlət rüsumunun, cəmi 4423.53 manat “xxxx” MMC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-4641/2017 saylı, 15 noyabr 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili E.Azadəliyev apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi F.Xəlilov apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, hesab edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-4641/2017 saylı, 15 noyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilərək iş aidiyyəti üzrə baxılması Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. İş materiallarından müəyyən olunur ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Tərəflər arasında bağlanan 01 iyun 2016-cı il tarixli tibbi xidmət müqaviləsinin 5-ci maddəsində müqavilədən irəli gələn bütün mübahisələrin Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən həll olunacağı göstərilmişdir. Kollegiya bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40-cı maddəsində deyilir ki, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir (40.1). Tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır (40.2). Saziş o zaman ola bilər ki, o, müəyyən məhkəmə işinə və ya mübahisəsinə əsaslanmış olsun (40.3). Məhkəmə kollegiyası qeyd edir ki, MPM-nin İV Fəsli ərazi aidiyyətinə dair məsələləri tənzimləyir. Burada mülki işlərə birinci instansiya üzrə baxan məhkəmələr, iddianın cavabdehin olduğu yerə görə verilməsi (maddə 35), iddiaçının seçiminə görə aidiyyət (maddə 36), müstəsna aidiyyət (maddə 39) və bir sıra digər aidiyyət məsələləri, o cümlədən də müqavilə aidiyyəti (maddə 40) məsələləri müəyyən edilmişdir. Müqavilə aidiyyətini tənzimləyən normaya görə bir sıra istisnalarla (maddə 40.4) mübahisə edən tərəflər işin ərazi adiyyətini qarşılıqlı razılıq əsasında dəyişdirə bilərlər. Bunun üçün qanunverici iki mühüm şərtə əməl olunmasını tələb edir: Birincisi, bu cür razılaşma (saziş) yazılı şəkildə olmalıdır; İkincisi, bu cür razılaşma (saziş) müəyyən məhkəmə işinə və ya mübahisəsinə əsaslanmalıdır. Başqa sözlə, qanunvericilik işin ərazi aidiyyatının dəyişdirilməsini o halda mümkün hesab edir ki, bu barədə tərəflərin razılaşması yazılı şəkildə ifadə olunsun və müəyyən məhkəmə işinə və ya mübahisəsinə əsaslanmış olsun. Konkret mübahisəyə əsaslanmayan bu cür razılaşma yolverilməzdir. Hazırkı halda isə müəyyən olunmuşdur ki, iddiaçı tərəfə təklif etdiyi müqavilədə, həm də öncədən, gələcəkdə yarana biləcək mübahisələrin onun yerləşdiyi ərazinin məhkəməsində baxılacağına dair şərt nəzərdə tutmuşdur. Belə olan halda müəyən olunur ki, tərəflər arasında bağlanmış müqavilədə, qarşı tərəfin məlumatlı olub-olmamasından və yaxud da onunla razılaşdırılmasından asılı olmayaraq, qabaqcadan işin ərazi aidiyyətinin dəyişdirilməsinə dair şərt qanunun yuxarıda istinad olunan tələblərinə cavab vermir və bu səbəbdən də öz-özlüyündə əhəmiyyətsizdir. Bununla da aydın olur ki, hazırkı mülki işə aidiyyət qaydalarına uyğun olaraq Nərimanov Rayon Məhkəməsi tərəfindən baxılmalı olduğu halda, Səbail Rayon Məhkəməsi işə aidiyyət qaydalarını pozaraq baxmışdır ki, bu da qətnamənin qeyd-şərtsiz ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-4641/2017 saylı, 15 noyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilərək iş aidiyyəti üzrə baxılması Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2020-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş) 09 iyul 2019-cu il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-4641/2017 saylı, 15 noyabr 2017-ci il tarixli qətnaməsi ləğv olunaraq mülki iş aidiyyəti üzrə baxılması üçün Nərimnov Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardad qətidir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-4122/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4122/2021
02.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver