Məhkəmə qərarları › İş №2(103)-4122/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4122/2024

16.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4122/2024 16.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı "kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi" tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, Cavabdehlər X3 və Cavabdeh vəkili Nümayəndə iştirakı ilə, Binəqədi Rayon Məhkəməsinin 2(001)-187/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı BOKT ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı BOKT ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı BOKT ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli, 098/14/PBN/01 saylı kredit müqaviləsinə əsasən 31294,82 manat əsas borc, 4859,35 manat hesablanmış faiz, 21266,49 manat hesablanmış dəbbə, cəmi 57420,66 manat, xx.xx.2015-ci il tarixli, 098/14/PBN/01/03 saylı kredit müqaviləsi üzrə 1135,90 manat əsas borc, 171,07 manat hesablanmış faiz, 626,40 manat hesablanmış dəbbə, cəmi 1933,37 manat və 268.10 manat ödənilmiş dövlət rüsumunun və ipoteka predmetinə tutma yönəldilməsinə görə ödənilmiş 31 manat dövlət rüsumunun tutulması, xx.xx.2014-cü il tarixli, 098/14/PBN/01 saylı və xx.xx.2015-ci il tarixli, 098/14/PBN/01/03 saylı kredit müqavilələri üzrə tələbin Cavabdeh məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 72 saylı evin, 33 saylı mənzilinə (RX seriyalı ******* nömrəli, **********21-05101-093010 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2012-ci il qeydiyyat tarixli Çıxarışa əsasən) yönəldilməli, 3 saylı mənzilin dəyərinin 76000 manat qiymətlə hərraca çıxarılaraq açıq hərracda satılmaqla borcun ödənilməsinıə yönəldilməsinə, mənzildə yaşayanların Cavabdeh, X1, X4 və X6 mənzilə olan istifadə hüquqlarına xitam verilməklə mənzildən çıxarılması, mənzilin məcburi boşaldıldılması barədə qətanmə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı BOKT ASC arasında xx.xx.2014-cü il tarixli, 098/14/PBN/01 saylı və xx.xx.2015-ci il tarixli, 098/14/PBN/01/03 saylı kredit müqavilələri imzalanmışdır. Müvafiq olaraq xx.xx.2014-cü il tarixli, 098/14/PBN/01 saylı kredit müqaviləsi üzrə 24 ay müddətinə, 20 faizlə 80.000 manat, xx.xx.2015-ci il tarixli, 098/14/PBN/01/03 saylı kredit müqaviləsi üzrə isə 24 ay müddətinə, illik 20 faiz olmaqla 2700 manat məbləğində kredit verilmişdir. xx.xx.2014-cü il tarixli, 098/14/PBN/01 saylı və xx.xx.2015-ci il tarixli, 098/14/PBN/01/03 saylı kredit müqavilələrinin təminatı kimi xx.xx.2014-cü il tarixli, 098/14/PBN/01 saylı İpoteka müqaviləsi imzalanmışdır. Həmin İpoteka müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 72 saylı evin, 33 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. (RX seriyalı ******* nömrəli, **********21-05101-093010 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2012-ci il qeydiyyat tarixli Çıxarışa əsasən). İpoteka (girov) müqaviləsi və onlara edilən əlavələr notariusda təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Kredit müqavilələrinin 2.9-cu bındinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilməklə, ondan sonrakı gün öhdəliyin icraçısının gecikdirilməsi sayılırvə odur ki, gecikdirilən hər gün üçün borclu kreditora kreditin qalıq məbləğinin 0.2 faiz həcmində dəbbə pulu tələb edir; 5.5-ci bəndinə əsasən isə müqavilədə nəzərdə tutulmuş müddət bitdikdə və bu müddətin uzadılması haqqında kreditorla razılaşdırılmış sonuncunun qərarı olmadıqda, habelə borc vaxtı keçmiş kreditə aid edildikdə faizləri ikiqat hesablayıb borcludan tələb edir. xx.xx.2014-cü il tarixli, 098/14/PBN/01 saylı kredit müqaviləsinə əsasən 31294,82 manat əsas borc, 4859,35 manat hesablanmış faiz, 21266,49 manat hesablanmış dəbbə, cəmi 57420,66 manat, xx.xx.2015-ci il tarixli, 098/14/PBN/01/03 saylı kredit müqaviləsi üzrə 1135,90 manat əsas borc, 171,07 manat hesablanmış faiz, 626,40 manat hesablanmış dəbbə, cəmi 1933,37 manat borcu vardır. Cavabdeh xəbərdar edilməsinə baxayaraq borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehlərə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə həmin orqanda qeydiyyata alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdehlər bildirişə münasibət bildirmirlər. Cavabdehlər kredit müqavilələrindən irəli gələn öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədi ilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsait borcun və xərclərin əvəzinin ödənilməsinə yönəldilməlidir.

3. Binəqədi Rayon Məhkəməsinin 2(001)-187/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Etibar Mustafayev) iddia rədd edilmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

4. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qeyd etmişdir ki, Mülki Məcələnin 380-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə iddia müddətinin axımı kəsilir. Məhkəmə qətnaməsində göstərildiyi kimi cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixində yox xx.xx.2019-cu il tarixində ödəniş etmiş və eyni zamanda tərəflərindən müəyyənləşdirilmiş qaydada idia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Qanunvericilik də iddia müddətinin bu halda axımının kəsilməsi və fasilədən sonra iddia müddətinin yenidən başlanmasını müəyyən etmişdir. Belə olan halda məhkəmənin təqdim edilmiş sübutları araşdırmadan qətnamə qəbul edərək iddia müddətini tətbiq etmək yolu ilə iddianı rədd etməsi qanunsuz və əsassızdır. Göründüyü kimi cavabdeh xx.xx.2019-cu il tarixində ödəniş etmiş və iddia müddəti yenidən başlamaqla 3 illik müddəti əhatə etmişdir, bu üç illik müddət başa çatmadan tərəflərindən xx.xx.2020-ci il tarixində məhkəməyə iddia ərizəsi verilmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iş baxılmamış saxlanılmışdır. Mülki Məcəllənin 380-ci maddəsinin tələblərinə uyğun olaraq 3 illik müddət xx.xx.2021-ci ildən hesablanmağa başlanmışdır. Tərəflərindən təkrarən xx.xx.2023-cü il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Göstərilənlərə əsasən qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə çıxarılması xahiş edilmişdir. Tərəflərin izahatı:

5. Məhkəmə kollegiyasının iclasında cavabdehlər H.Məmmədova və Cavabdeh vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, izahatında əlavə olaraq bildirdi ki, kredit müqaviləsi xx.xx.2017-ci il tarixə qədər qüvvədə olmuş, son ödəmə tarixi isə xx.xx.2019-cu il tarixdə olmuşdur. Müqavilə tələbləri üzrə iddia müddəti 3 il olduğundan həmin vaxtdan etibarən xx.xx.2022-ci il tarixə iddia müddəti bitmiş, iddaçı isə hazırkı tələblə məhkəməyə xx.xx.2023-cü il tarixdə, yəni iddia müddəti ötdükdən sonra müraciət etmişdir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

6. Apellyasiya şikayəti ilə bağlı mülki işə baxılmasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

7. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi:

8. İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 098/14/PBN/ saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh illik 20% tətbiq edilməklə, 24 ay müddətinə 80.000 (səksən min) manat məbləğində kredit verilmiş və qeyd edilən müqavilə ilə Cavabdeh məxsus Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 72 saylı evin, 33 saylı mənzil, (RX seriyalı ******* nömrəli, **********21- 05101-093010 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2012-ci il qeydiyya t tarixli Çıxarışa əsasən) 76.000 (yetmiş altı min) manat qiymətlədirilərək, ipoteka ilə yüklü edilmişdir.

9. İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 098/14/PBN/01/03 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh illik 20% tətbiq edilməklə, 24 ay müddətinə 2700 (iki min yeddi yüz) manat məbləğində kredit verilmişdir.

10. RX seriyalı ******* nömrəli, xx.xx.2012-ci il qeydiyyat tarixli Çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 72 saylı evin, 33 saylı mənzil Cavabdeh mükiyyətindədir.

11. RX seriyalı ******* nömrəli, xx.xx.2014-cü il, 098/14/PBN/ saylı kredit müqaviləsi və onlara edilən əlavələr notariusda təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır.

12. Qiymətləndirmə Xidməti Mərkəzi MMC-nin 01 fevral 2024-cü il tarixli, QXM 437 M nömrəli qiymətləndirmə hesabatından görünür ki, akı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 72 saylı evin, 33 saylı mənzilin real bazar dəyəri 116.000 manat müəyyən edilmişdir.

13. Azərbaycan Kredit Bürosu MMC-nin borc alan Cavabdeh şəxsi məlumatlarına dair çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixli, 098/14/PBN/ saylı kredit müqaviləsi üzrə qalıq borcu 31,294.82 manat, faiz məbləği 36,033.59 manat və qeyd edilən kredit müqaviləsi üzrə sonuncu ödəniş xx.xx.2019-cu il tarixdə edilmişdir. xx.xx.2015-ci il tarixli, 098/14/PBN/01/03 saylı kredit müqaviləsi üzrə isə kreditin qalıq məbləği 1,135.90 manat, faiz məbləği 1,358.86 manat və qeyd edilən kredit müqaviləsi üzrə sonuncu ödəniş xx.xx.2018-ci il tarixdə edilmişdir.

14. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001) 1193/2021 saylı qərardadından görünür ki, İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh, X2, X5 və X7 qarşı "kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Tətbiq edilən maddi hüquq normaları:

15. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

16. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülkiqanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

17. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

18. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

19. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

20. Maddə 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir.

21. Maddə 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.

22. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

23. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

24. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

25. Maddə 381.1. Əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

29. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

30. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

31. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

32. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

34. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.

35. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

36. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

37. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

38. Hazırkı halda, iddiaçının apellyasiya şikayətinə əsasən, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

39. Məhkəmə kollegiyası cavabdehlər H.Məmmədova və Cavabdeh vəkili Nümayəndə izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

40. Belə ki, işin faktiki hallarından görünür ki, Cavabdeh ilə İddiaçı BOKT ASC arasında xx.xx.2014-cü il tarixli, 098/14/PBN/01 saylı kredit müqaviləsi (birinci müqavilə) 24 ay müddətinə yəni, həmin müqavilə üzrə öhdəliklərin icrası üçün nəzərdə tutulmuş müddət 08 sentyabr 2016-cı il tarixdə bitmiş digər kredit müqaviləsi üzrə isə Cavabdeh ilə İddiaçı BOKT ASC arasında xx.xx.2015-ci il tarixli, 098/14/PBN/03 saylı kredit müqaviləsi (ikinci müqavilə) 24 ay müddətinə yəni, həmin müqavilə üzrə öhdəliklərin icrası üçün nəzərdə tutulmuş müddət 12 yanvar 2017-ci il tarixdə bitmişdir.

41. İddiaçının iddia tələbi məhz qeyd olunan kredit müqavilələrinə istinadla irəli sürülmüş, birinci instansiya məhkəməsi isə həmin tələbi təmin etmədiyi zaman göstərilən müqavilələrdən yaranan tələblər üzrə iddia müddətinin keçmiş olmasına əsaslanmışdır.

42. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır; belə ki, Mülki Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

43. Cavabdeh xx.xx.2014-cü il tarixli, 098/14/PBN/01 saylı kredit müqaviləsi üzrə sonuncu ödənişi xx.xx.2019-cu il tarixdə, xx.xx.2015-ci il tarixli, 098/14/PBN/03 saylı kredit müqaviləsi üzrə isə sonuncu ödənişi xx.xx.2018-ci il tarixdə etmişdir.

44. MM-in 380.1-ci maddəsinə görə, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.

45. Göründüyü kimi birinci müqavilə üzrə 10 aprel 2019-cu il tarixdə sonuncu ödəniş edildiyindən həmin tarixdən, ikinci müqavilə üzrə isə 24 sentyabr 2018-ci il tarixdə sonuncu ödəniş edildiyindən həmin tarixdən etibarən iddia müddətinin axımı başlanmışdır.

46. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, Konstitusiyanın həmin maddəsinin (25-ci) İİİ hissəsinin müddəalarına əsaslanan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8-ci maddəsinə görə mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir.Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeçiliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq, işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır. Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır.Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər.Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Bu müddəalar həmçinin iddia müddətinə də aiddir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

47. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan müqavilələr üzrə iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünə dair birinci instansiya məhkəməsinin qənaəti Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad edilən qərarında müəyyən olunmuş hüquqi mövqeyə görə əsaslıdır.

48. İddiaçının apellyasiya şikayətində iddia müddəti ilə bağlı göstərdiyi dəlillərə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ilk olaraq 16 noyabr 2020-ci il tarixdə iddia qaldırsa da, sonradan həmin iddia xx.xx.2021-ci il tarixli qərardadla baxılmamış saxlanılmışdır.

49. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 381.1-ci maddəsinə əsasən isə əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir.

50. Göründüyü kimi iddiaçı 16 noyabr 2020-ci il tarixdə məhkəməyə müraciət etmiş, lakin xx.xx.2021-ci il tarixli qərardadla iddia ərizəsi baxılmamış saxlanılmış, yəni iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam etmişdir.

51. Hazırkı halda birinci müqavilə üzrə sonuncu ödəniş edildiyi 10 aprel 2019-cu il tarixdən, ikinci müqavilə üzrə isə sonuncu ödəniş edildiyi 24 sentyabr 2018-ci il tarixdən etibarən iddia müddətinin axımı başlanmış, üç illik iddia müddəti birinci müqavilə üzrə xx.xx.2022-ci il, ikinci müqavilə üzrə xx.xx.2021-ci il tarixdə ötmüş, iddiaçı isə hazırkı tələblə məhkəməyə iddia müddəti ötürüldükdən sonra xx.xx.2023-cü il tarixdə müraciət etmişdir.

52. Qeyd olunanlara əsasən müəyyən edilir ki, iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən, cavabdeh tərəf isə iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə müraciət etdiyindən rayon məhkəməsi iddia müddəti tətbiq etməklə iddianı təmin etməməkdə haqlı olmuşdur.

53. Beləliklə, Kollegiya bildirir ki, iddiaçının apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Nəticə:

54. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, iddia tələbinin rədd edilməsi barədə birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

55. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

56. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apelyasiya şikayətləri təmin olunmadığından şikayətlərin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş tərəfin özünə aid edilməlidir.

57. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı BOKT ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Binəqədi Rayon Məhkəməsinin 2(001)-187/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu İddiaçı BOKT ASC-yə özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar