Məhkəmə qərarları › İş №2(103)-4128/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4128/2021

05.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4128/2021 05.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Bayramova Fidan Rafiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Cavabdeh ilə aralarında bağlanmış 18.12.2018-ci il tarixli borc (kredit) müqaviləsinə xitam verilməsi və cavabdehdən 30000 manat əsas borc, 1500 manat dəymiş zərər, 5000 manat mənəvi zərər olmaqla, ümumilikdə 36500 manatın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı ilə cavabdeh “Venta” markası adı altında fəaliyyət göstərən Cavabdeh təyin etdiyi direktor Cahan Hammadov arasında bağlanmış 18 dekabr 2018-ci il tarixli borc müqaviləsinə xitam verilməsi, Cavabdeh 30.000 manat borc, 1500 manat dəymiş zərər və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu alınaraq, iddiaçıya verilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir. Cavabdeh, 05.08.2020-ci il tarixdə ərizə ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, qətnamədən apelyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin üzürlü hesab edilərək bərpa olunmasını və işin apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Ərizə, cavabdehin 15.03.2020-ci il tarixdən 21.07.2020-ci il tarixdək Bakı şəhərindən kənarda eamiyyətdə olması və xüsusi karantin rejimi ilə əlaqədar qayıda bilməməsi ilə əsaslandırılmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarxli qərardadı ilə ərizənin təmin edilməməsi qərara alınmışdır. Cavabdeh, şikayət verərək, həmin qərardadın ləğv, ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamədən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin başa çatmasına 4 gün qalmış cavabdeh özündən asılı olmayan səbəblərdən daimi yaşadığı ərazidən digər əraziyə ezamiyyətə göndərilmiş və onun həmin müddətdə qətnamədən şikayət vermək üçün vaxtı və şəraiti olmamışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi, 22 fevral 2021-ci il tarixli qərardadı ilə şikayəti rədd edərək, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili, şikayətin dəlillərinə uyğun izahat verərək, onun təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili isə, şikayətə etiraz edərək, təmin olunmamasını, qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kollegiya, tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Göründüyü kimi, qanunverici müddətin buraxılma səbəbinin üzürlü hesab edildiyi halda onun bərpası qaydasını müəyyən etsə də, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün hansı səbəbin üzrlü hesab olunmasını məhkəmənin mülahizəsinə buraxmışdır. Bu baxımdan məhkəmə, ilk növbədə iddiaçı tərəfindən qətnamədən şikayət verilməsi müddətinin üzrlü səbəblərdən ötürülüb-ötürülməməsi məsələsini araşdırmağı vacib hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən aydın olur ki, yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, həmin səbəblərin mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı və şəxsin özü tərəfindən onların dəf edilməsi imkanı mümkün olmasın. İş materiallarından görünür ki, Sabunçu Rayon Məhkəməsinin 09.12.2019-cu il tarixli qətnaməsi Cavabdeh tərəfindən 17.02.2020-ci il tarixdə məhkəmə qəbzinə imza edilməklə rəsmi qaydada alınmışdır. Tərəfindən həmin qətnamədən apelyasiya şikayəti və onun verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə isə 05.08.2020-ci il tarixdə verilmişdir. İddiaçı qanunla müəyyən edilmiş prosessual müddətin buraxılmasının səbəbi kimi 15.03.2020-ci il tarixdən 21.07.2020-ci il tarixədək Bakı şəhərindən kənarda ezamiyyətdə olmasına və bunun işlədiyi müəssisə tərəfindən verilmiş arayışla təsdiq olunmasına istinad edir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən buraxılmış prosessual müddətin bərpası barədə cavabdehin ərizəsinin rədd olunması əsaslıdır. Belə ki, işdən görünür ki, ezamiyyətə göndərildiyi vaxtadək, cavabdehin qətnamədən apellyasiya şikayəti venrmək üçün kifayət qədər vaxtı olmuşdur. Şikayətin verilməsinin son tarixi 18.03.2020-ci il tarixə təsadüf etmiş, iddiaçı isə 15.03.2020-ci il tarixdən ezamiyyətdə olmuşdur. Eyni zamanda, cavabdehin Azərbaycan Respublikasının hüdudlarında ezamiyyətdə olması, apelyasiya şikayətinin verilməsi üçün maneə hesab edilə bilməz. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5938/2019 nömrəli, 26 noyabr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar