Məhkəmə qərarları › İş №2(103)-4130/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4130/2021

27.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4130/2021 27.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, Cavabdeh Zülfüqar oğlunun iştirakı ilə, İddiaçı5 Cavabdeh Zülfüqar oğluna "qarşı maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair 2(002)-3511/2018 saylı mülki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı2 Cavabdeh Zülfüqar oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıların şərəf və ləyaqətini alçaldan məlumatların təkzib edilməsinin və üzr istənilməsinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması, iddiaçıların hər birinə dəymiş mənəvi zərərə görə cavabdehdən 20000 manatın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Birinci instansiya məhkəməsində işə baxılarkən iddia ərizəsi iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı4 aid hissədə baxılmamış saxlanılmış, İddiaçı2 aid hissədə isə iş üzrə icraata xitam verilmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli, 2(002)- 3511/2018 nömrəli qətnaməsi ilə İddiaçı5 iddiası qismən təmin edilərək, Cavabdeh Bəşir oğlundan mənəvi zərərə görə İddiaçı5 xeyrinə 1000 manat məbləğində pulun tutulması, habelə Cavabdeh üzərinə İddiaçı5 yazılı qaydada üzr istənilməsi vəzifəsinin qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 mart 2019-cu il tarixli, 2(103)-3548/2019 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Qaladağ Rayon Məhkəməsinin 2(002)-3511/20İ8 nömrəli iş üzrə 28 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı5 Cavabdeh qarşı "maddi və mənəvi zərərin ödnəilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 avqust 2019-cu il tarixli, 2(102)- 5491/2019 saylı qərarı ilə İddiaçı5 kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 marnt 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2019-cu il tarixli, 2(103)-12984/2019 nömrəli qətnaməsi ilə Cavabdeh Zülfüqar oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli, 2(002)-3511/2018 nömrəli qətnaməsinin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 08 iyun 2020-ci il tarixli, 2(102)- 2431/2020 saylı qərarı ilə Cavabdeh Zülfüqar oğlu və vəkili X11 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2019-cu il tarixli, 2(103)-12984/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Yeni apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdeh apelaysita şikayəti müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı5 təmsilçisi əvvəlki məhkəmə iclasında iştirak etmiş və apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası cavabdehi dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin olunmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərarında göstərmişdir ki, iddiaya təkrar baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qərarında qeyd edilmiş göstərişləri nəzərə aldığını qeyd etsə də, kassasiya instansiyası məhkəməsinin göstərişləri istiqamətində hər hansı hərəkət etmədən, o cümlədən şahid ifadələrində olan ziddiyyətləri araşdırmadan, Cavabdeh İddiaçı5 işlədiyi “xxxx” Firmasının işçilərinin yanında onun şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən məlumatları həqiqətən yaydığı qənaətinə gəlmişdir. Eyni zamanda birinci instansiya məhkəməsinin qətnaməsində və həmin qətnaməni qüvvədə saxlayan apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qətnaməsində iddiaçının mənəvi zərərə uğramasının sübutu kimi sonuncunun təqdim etdiyi tibbi sənədlər qəbul edilmişdir. Lakin iş materiallarında olan “İstanbul NS” Klinikası tərəfindən tərtib olunmuş sənədlərdən müəyyən olunur ki, İddiaçı5 sidik və qan analizlərini vermiş, 25 avuqst 2018-ci il tarixdə daxili orqanlarının doppler ultrasəs müayinəsindən və exokardioqrafiya müayinəsindən keçmişdir. Məhkəmələr iddiaçıda müəyyən olunmuş daxili orqanlarda olan dəyişikliklərin (Hepatostearoz İ dərəcə. Hepatomeqaliya. Prostat vəzinin ölçülərinin böyüməsi. İki tərəfli varikosele və s.), habelə qanın bəzi göstəricilərinin normadan fərqlənməsinin (qlükoza, biluribin) cavabdehin iddia olunan hərəkətləri ilə səbəbli əlaqədə olub-olmaması əsaslandırılmamışdır. MPM-in 420-ci maddəsinə müvafiq olaraq kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İş üzrə tədqiq edilmiş yazılı sübutlar əsasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi tərəfindən verilmiş Dağ-Mədən Ayırması haqqında 01098 nömrəli aktdan görünür ki, “Gülbaxt” əhəngdaşı yatağında tir-blok istehsalı məqsədi ilə “xxxx” Firmasına Qaradağ rayonu ərazisində 9,37 hektar torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş 089884 nömrəli lisenziyadan görünür ki, 24 iyun 2016-cı il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən Dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılmasını həyata keçirmək üçün “xxxx” Firmasına müddətsiz olaraq lisenziya verilmişdir. “xxxx” Firmasının direktoru X4 ilə X2 arasında bağlanmış əmək müqaviləsinə əsasən, İddiaçı5 həmin Firmada baş məsləhətçi vəzifəsində işləyir. “xxxx” Firmasının direktoru X4 ilə X15 arasında bağlanmış əmək müqaviləsinə əsasən, X15 həmin Firmada gözətçi işləyir. “xxxx” Firmasının direktoru X4 ilə X12 arasında bağlanmış əmək müqaviləsinə əsasən, X12 həmin Firmada nəzarətçi vəzifəsində işləyir. “xxxx” Firmasının direktoru X4 ilə X13 arasında bağlanmış əmək müqaviləsinə əsasən, X13 həmin Firmada nəzarətçi vəzifəsində işləyir. Cavabdeh tərəfindən Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış 23.04.2018-ci il tarixli ərizənin surətindən görünür ki, o, Cavanşir adlı şəxs və ona yaxın olan digər şəxslərlə şifahi razılığa gələrək daş karxanasını aylıq 103000 manat ödəmək şərti ilə bir il müddətinə icarəyə götürüb işlətmək qərarına gəldiyini, Cavanşirə və ona yaxın şəxslərə ümumilikdə 412 min manat pul verdiyini, lakin Cavanşirin bu razılığa əməl etmədiyini, pulunun mənimsənildiyini qeyd edərək, müvafiq araşdırmanın nəzarətə götürülməsini xahiş etmişdir. İstanbul NS Klinikasının 07.07.2018-ci il tarixli, 25.08.2018-ci il tarixli, 27.08.2018-ci il tarixli tibbi müayinə sənədlərindən görünür ki, İddiaçı5 qeyd olunan tarixlərdə tibbi müayinələrdən keçmiş və onun səhhətində həmin tibbi sənədlərdə qeyd olunan problemlər aşkar edilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X12 ifadə verərək bildirmişdir ki, o, “xxxx” Firmasında əmək müqaviləsi əsasında nəzarətçi vəzifəsində işləyir. O, tərəfləri tanıyır. Tərəflər arasında uzun müddətdir ki, narazılıqlar var. Lakin bu narazılıqların əsl səbəbini dəqiq bilmir. Bir neçə dəfə Cavabdeh Zülfüqar oğlu onun yanında, habelə digər işçilərin və kənar adamların yanında İddiaçı5 ünvanına təhqiramiz, nalayiq söyüşlər söymüş, pis ifadələr (qudurmuş, oğraş və s.) işlətmişdir. Cavanşirin pis adam olduğunu deyərək, onunla işləməməyi məsləhət görmüşdür. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X15 ifadə verərək bildirmişdir ki, o, “xxxx” Firmasında əmək müqaviləsi əsasında gözətçi vəzifəsində işləyir. Cavabdeh Zülfüqar oğlu əvvəllər onlardan bir neçə dəfə daş almışdır. Bu il ərzində bir neçə dəfə iş yerinə gələrək pulsuz daş verilməsini tələb etmiş, buna etiraz edəndə, İddiaçı5 ünvanına təhqiramiz, nalayiq söyüşlər söymüş, pis ifadələr (şərəfsiz, biqeyrət və s.) işlətmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X13 ifadə verərək bildirmişdir ki, o, “xxxx” Firmasında əmək müqaviləsi əsasında nəzarətçi vəzifəsində işləyir. Cavabdeh Zülfüqar oğlu əvvəllər onlardan bir neçə dəfə daş almışdır. Bu il ərzində bir neçə dəfə iş yerinə gələrək pulsuz daş verilməsini tələb etmiş, buna etiraz edəndə, İddiaçı5 ünvanına təhqiramiz, nalayiq söyüşlər söymüş, pis ifadələr (qeyrətsiz, oğraş və s.) işlətmişdir. Əvvəlki apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, həm İddiaçı5, həm də Cavabdeh Zülfüqar oğlunu tanıyır. Heç biri ilə qohumluq əlaqəsi olmasa da, iddiaçı onun həmkəndlisi olmaqla müdiridir. O, Cavabdeh Zülfüqar oğlu ilə təxminən 2018-ci ilin avqust-sentyabr aylarında görüşmüş, Cavabdeh onun yanında müdiri İddiaçı5 söyüb təhqir etmişdir. O isə Müşfiqə demişdir ki, bu cür hərəkət sənə yaraşmaz. Tərəflər arasında uzun müddətdir ki, narazılıqlar var. Bu narazılıqların əsl səbəbi isə onlar arasında pul mübahisəsinin olmasıdır. Müşfiq Cavanşiri söyəndə onların yanında heç kəs olmamışdır. Əvvəlki apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş X15 ifadəsində həm İddiaçı5, həm də Cavabdeh Zülfüqar oğlunu tanıdığını və onların heç biri ilə qohumluq əlaqəsinin olmadığını qeyd etsə də, sonradan İddiaçı5 bibisinin əri olduğunu təsdiq edərək, bildirmişdir ki, 2018-ci ilin təxminən yay aylarında Müşfiqlə təsadüfən karxanada görüşmüş, sonuncu İddiaçı5 ünvanına nalayiq sözlər işlətmişdir. Həmin sözlərin nədən ibarət olmasını ifadə etməkdən imtina edir. Əvvəlki apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, həm İddiaçı5, həm də Cavabdeh Zülfüqar oğlunu tanıyır. Heç biri ilə qohumluq əlaqəsi olmasa da, iddiaçı onun həmyerlisi olmaqla müdiridir. O, daş karxanasında nəzarətçi vəzifəsində işləyir. Cavabdeh Zülfüqar oğlu əvvəllər onlardan bir neçə dəfə daş almışdır. 2018-ci ilin təxminən payız aylarında Müşfiq iş yerinə gələrək Cavanşirin ona borcunun olduğunu və həmin borcun əvəzində pulsuz daş verilməsini tələb etmiş, buna etiraz edəndə, İddiaçı5 ünvanına nalayiq sözlər işlətmişdir. Həmin sözlərin nədən ibarət olmasını ifadə etməkdən imtina edir. Müşfiq Cavanşiri söyəndə onların yanında heç kəs olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 08.06.2020-ci il tarixli qərarında qeyd edilmiş göstərişlərə əsasən şahid ifadələrində olan ziddiyyətləri araşdırılması məqsədi ilə yeni apellyasiya baxışında X12 və X13 şahid kimi dindirilmişlər. İddiaçının təmsilçisinin bildirdiyinə görə birinci instansiya məhkəməsində və əvvəlki apellyasiya baxışında şahid kimi dindirilmiş X15 hazırda hərbi xidmətə çağrıldığından onun yeni apellyasiya baxışında şahid qismində dindirilməsi üçün məhkəmə iclasında iştirakının təmin edilməsi mümkün deyildir. Yeni apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş X12 birinci instansiya məhkəməsində verdiyi ifadə ilə eyni məzmunlu ifadə verdi və əlavə olaraq bildirdi ki, Cavabdeh Zülfüqar oğlu əvvəllər onu təqib etdiyindən ondan 102 qaynar xətti vasitəsilə polisə şikayət etmişdir. Şahid qismində dindirilmiş X13 birinci instansiya məhkəməsində verdiyi ifadə ilə eyni məzmunlu ifadə verdi. Apellyasiya baxışı zamanı məhkəmə sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qaradağ rayon Polis İdarəsinin 25.01.2021-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Cavabdeh Zülfüqar oğluna qarşı hər hansı müraciət daxil olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmədiyindən və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Həmin Məcəllənin 23.4-cü maddəsinə əsasən, şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli Qərarına əsasən, zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Qərarda ifadə olunmuş hüquqi mövqelərə əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” 14 may 1999-cu il tarixli' 7 saylı Qərarının 6-cı bəndinə əsasən, başqasının şərəf və ləyaqətini ləkələyən məlumatların doğruluğunu sübut etmək vəzifəsi iddiaçının deyil, cavabdehin üzərinə düşür. Həmin Qərarın 3-cü bəndinə əsasən, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlimatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olması; bu məlumatların yayılması. Plenum izah etmişdir ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradarsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə isə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarında göstərilir ki, mənəvi zərər, insanın anadangəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztrab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür.Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verir. Mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi “Koinq Almaniyaya qarşı” işdə ərizəçiyə “mənəvi narahatlıq yetirilməsinə”, “Artiko İtaliyaya qarşı” işdə “tənhalıq və kimsəsizlik hisslərinə”, “Younq, Cames və X3rşı” işdə “alçaldıcı və təhqiredici hərəkətlərə” görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən iş üzrə şahid qismində dindirilmiş X6, X10 və X7 ifadələrinə istinad etmiş və məhz həmin ifadələrə əsaslanaraq Cavabdeh Zülfüqar oğlunun İddiaçı5 işlədiyi əmək kollektivi arasında onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatların yayıldığını, habelə bununla əlaqədar onun mənəvi zərərə məruz qaldığının təsdiq edildiyi qənaətinə gəlmişdir. Lakin birinci instansiya məhkəməsi iş üzrə dindirilmiş şahidlərin İddiaçı5 ilə hər hansı əlaqələrinin (qohumluq, tabeçilik və s.) olub-olmadığını və həmin ifadələr arasında ziddiyətin olmasını müəyyən etməmişdir. Halbuki, apellyasiya icraatı zamanı müəyyən edilmişdir ki, şahid X1 Cavanşirin qaynının oğlu, digər iki şahid isə iddiaçı ilə həmyerli olmaqla ona məxsus daş karxanasında məhz onun tabeçiliyində çalışırlar. Yeni apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş X12 ifadəsində Cavabdeh Zülfüqar oğlunun əvvəllər onu təqib etdiyindən ondan 102 qaynar xətti vasitəsilə polisə şikayət etdiyini bildirmişdir. Bu isə həmin şəxslərin şahid qismində verdiyi ifadənin mötəbərliyinə əsaslı şübhələr yaradır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin dispozisiyasına uyğun araşdırma aparmamış, iddia tələbi üzrə yekun nəticəyə gələrkən iddiaçı tərəfindən dindirilən şahid ifadəsinin düzgün təfsir etməyərək iddia tələbinin təmin olunmasına yönələn hərəkət kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, MPM 88-ci maddəsinin tələblərinə cavab vermək üçün hakim ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamalıdır. Birinci, şahid nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikinci, şahidin ifadəsi inandırıcıdımı (sübut etmə qüvvəsi). Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi hakimin hansısa qərara gəlməyə imkan verib-verməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir. Bu tələblərə birinci instansiya məhkəməsi tərəfindən riayət olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin maddi əsası kimi istinad edilən şahid ifadələri ziddiyyətli və mötəbərliyi şübhəli olmaqla hazırkı tələb üzrə sübut kimi qiymətləndirilməsi və iddia tələbinin təmin edilməsi üçün əsas ola bilməz. İddiaçı işlədiyi əmək kollektivi arasında cavabdeh tərəfindən onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatların yayıldığını təsdiq edən başqa mötəbər sübutlar məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, İddiaçı5 Cavabdeh Zülfüqar oğluna qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Həmçinin, iddiaçı mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini təsdiq edəcək hər hansı mötəbər sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir. Qeyd edilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh Zülfüqar oğlunun apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3511/2018 saylı iş üzrə 28 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı5 Cavabdeh Zülfüqar oğluna qarşı “maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar