Məhkəmə qərarları › İş №2(103)-4133/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4133/2021

15.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4133/2021 15.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə “xxxx” KB ASC-nin Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli qərardadından Cavabdeh3 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: “xxxx” KB ASC (bank) Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən cəmi 16 606,18 manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzinin bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxıldığı zaman isə Cavabdeh3 ərizə ilə müraciət edərək işin aidiyyatı üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməsini xahiş etmiş, xahişini onunla əsaslandırmışdır ki, Nərimanov rayonunda pasport qeydiyyatında olsa da, faktiki olaraq Nizami rayonunda yaşadığı üçün Nərimanov Rayon Məhkəməsinə gəlib-gətmək onun üçün çətindir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli qərardadı ilə vəsatət təmin edilməmiş, cavabdehin həmin qərardaddan verdiyi şikayət də təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəməyə gəlmədiklərindən işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki işin materiallarından göründüyü kimi, Cavabdeh3 Bakı şəhərinin Nərimanov rayonunda qeydiyyatdadır və iddia ərizəsi Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən onun rəsmi qeydə alındığı yerin məhkəməsinə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Məhz bu səbəblə məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsi ərazi aidiyyəti qaydalarına uyğun olaraq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə verilmişdir. Müvafiq olaraq da birinci instansiya məhkəməsi cavabdehin işin baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməsinə dair vəsatəti əsaslı olaraq təmin etməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1024/2021 saylı mülki iş üzrə xx xxxx 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar