Məhkəmə qərarları › İş №2(103)-4134/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4134/2024

19.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4134/2024 19.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Leyla Məmmədovanın katibliyi, iddiaçı Mirdamət Şıxəliyev, cavabdeh Elçin Cabbarovun, cavabdehin vəkili və nümayəndəsi Kamal Nurəliyevin iştirakı ilə, iddiaçı X1 Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-37/2024 nömrəli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçıya aid olan, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, ev № 4-də yerləşən 2 №-li mənzilə yuxarı mərtəbədə yerləşən, cavabdehə aid olan 4 №-li mənzildən su axıdılması nəticəsində vurulmuş maddi zərərin əvəzi kimi 2.000 manat cavabdehdən alınaraq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, maddi zərərin əvəzi kimi 1.803 manat, dövlət rüsumunun əvəzi kimi 36 manat, cəmi 1.839 manat cavabdehdən alınaraq iddiaçıya verilsin, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv olunsun. Məhkəmə iclasında iştirak edən Cavabdeh, cavabdehin vəkili və nümayəndəsi Kamal Nurəliyev apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçı Mirdamət Şıxəliyev isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Apellyasiya şikayəti təmin edilə bilməz, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: Apellyasiya şikayətinin 1-ci dəlili ondan ibarətdir ki, 4 №-li mənzil cavabdehə deyil, onun atasına məxsusdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1111.2-ci maddəsinə görə, əgər zərər binadan nəyinsə axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır. Göründüyü kimi, “otağı tutan şəxs” ifadəsindən istifadə olunub, yəni mənzildə yaşayan şəxs mənzilin mülkiyyətçisi olub-olmadığından asılı olmayaraq su axıdılmasına görə məsuliyyət daşıyır. “Elektron məhkəmə” informasiya sistemindən görünür ki, cavabdeh 4 №-li mənzildə yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı bildirir ki, cavabdeh həmin mənzildə yaşayır. Cavabdeh isə bunu əksini, yəni yaşayış üzrə qeydiyyatda olduğu 4 №-li mənzildə deyil, başqa ünvanda yaşadığını təsdiq edən sübut təqdim etməyib. Ona görə də su axıdılması nəticəsində vurulmuş zərərə görə cavabdeh məsuliyyət daşıyır. Apellyasiya şikayətinin 2-ci dəlili ondan ibarətdir ki, ekspert rəyində suyun 4 №-li mənzildən axması dəqiq olaraq bildirilməyib, su axıntısı 4 №-li mənzildən deyil, ümumi kanalizasiya borusunun mərtəbələrarası hissəsindən baş verib. Bununla bağlı məhkəmə qeyd edir ki, su axmanın ümumi kanalizasiya borusunun mərtəbələrarası hissəsindən baş verdiyini təsiq edən sübut yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/5990 nömrəli ekspert rəyində qeyd olunub ki, 4 №-li mənzilə baxış zamanı mənzilin sanitar qovşağının şaxtasında, həmçinin sanitar qovşaq avadanlıqlarında qüsur (su sızıntısı, borularda çatlar və s.) aşkar edilmədiyindən su sızıntısının texniki səbəbinin müəyyən edilməsi mümkün olmamışdır. Lakin mülki işin materiallarında olan, 93 saylı MKİS-nin əməkdaşları tərəfindən tərtib edilmiş akta əsasən 2 №-li mənzilə 4 №-li mənzildən su axıdıldığı müəyyən olunub. Məhkəmə ekspertizasının rəyi ilə müəyyən olunub ki, su axması nəticəsində dəymiş zərərin aradan qaldırılması üçün aparılmalı təmir-bərpa işlərinin dəyəri təqribən 1.803 manat təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096 və 1097-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi həmin məbləğdə pulun tutulmasını qət etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-37/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar