Məhkəmə qərarları › İş №2(103)-4136/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4136/2020

03.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4136/2020 03.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X2 ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi ilə, İddiaçıcavabdeh LPO “xxxx” ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı kredit borcunun olmaması barədə arayışın verilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-817/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh LPO «xxxx» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «kredit borcunun olmaması barədə arayışın verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, LPO «xxxx» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə onun kredit məlumatlarının Mərkəzi Kredit Reyestrinə daxil edilmiş sistem məlumatları siyahısından silinməsi öhdəliyinin qoyulması və kredit borcunun olmaması haqqında ona arayış verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəmkir Rayon Məhkəməsi tərəfindən LPO «xxxx» ASC-nin xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə ona qarşı olan iddia tələbinin təmin edilməməsi barədə xx.xx.2016-cı il tarixli 2(076)-1688/2016 saylı qətnamə qəbul edilmişdir. Məhkəmə tərəfindən işin halları dəqiqliklə müəyyən edilmiş, istinad edilən qanunvericilik aktlarının müddəaları və tələbləri qətnamə mətnində aydın surətdə yazılaraq şərh edilmişdir. Həmçinin, çıxarılmış qətnamənin 2-ci səhifəsinin 5-ci abzasında və 3-cü səhifəsinin 2-ci abzasında onun tərəfindən «xxxx» ASC-yə olan borcunun tam olaraq ödənildiyi göstərilmiş, o cümlədən, 3-cü səhifənin 3-cü abzasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.2-ci maddəsinə istinad edilərək tərəflərin öhdəliklərinə xitam verilməli olduğu qeyd edilmişdir. Məhkəmə zamanı qarşı tərəf heç bir etiraz bildirməmiş, qəbul edilmiş qətnamədən apellyasiya şikayəti verməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-817/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin istinad etdiyi dəlillərin əksinə olaraq İddiaçı banka olan borcunu tam ödəməmişdir. Bu barədə cavabdeh tərəfindən məhkəməyə müvafiq sübutlar təqdim edilmişdir. Həmçinin, qeyd edilmişdir ki, İddiaçı ilə “xxxx” ABC arasında bağlanmış “107 A. Vüsalı ist” saylı xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin iddiaçı tərəfindən tam icra edilməməsi nəticəsində onun həmin müqavilə üzrə bankın əməliyyat sistemində borcunun olması barədə məlumatlar öz əksini tapmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Mətanət Əliyev tərəfindən İddiaçı “xxxx” ASC-yə ödənilməmiş borcunun olması barədə bankın əməliyyat sitemindən müvafiq çıxarışın və digər sübutların təqdim edilməsinə baxmayaraq məhkəmə həmin sübutlar əsasında heç bir araşdırma aparmamış və həmin sübutlara mülki prosessual qarıınvericiliyinin tələbləri səviyyəsində hüquqi qiymət verməmişdir. Bu da ciddi qanun pozuntusu kimi qəbul edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsişikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin bütövlükdəqanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı mübahisələndirməmiş, cavabdeh şikayət verməklə iddianın təmin olunmamasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən olunur ki, Şəmkir rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli 2(076)-1688/2016 saylı qətnaməsi ilə «xxxx» ASC-nin ləğv edicisi «X1 Company» MMC-nin İddiaçı qarşı «kredit müqaviləsinə xitam verilməsi, kredit müqaviləsi üzrə əsas borcun, faizin və xidmət haqqının alınması» tələbinə dair iddiası rədd edilmişdir. Rəddin əsası kimi İddiaçı tərəfindən borcun tam olaraq banka ödənilməsinə və iddia müddətin ötürülməsinə istinad edilmişdir. Eyni zamanda qeyd edilməlidir ki, qeyd olunan qətnamədən apellyasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəyə minmişdir. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçının hesabında bank tərəfindən borc məbləğinin əks etdirilməsi üçün əsaslar aradan qalxdığından iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bununla yanaşı, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair xx xxxxxx 2016-cı il tarixli Qərarı). Qanuni qüvvəyə minmiş Şəmkir rayon Məhkəməsinin 2(076)-1688/2016 saylı xx xxx 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, “107 A. Vüsalı ist” saylı xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə hazrki iddiaçının (İddiaçı) «xxxx» ASC qarşısında öhdəliyi qalmamışdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdeh LPO “xxxx” ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-817/2020 saylı, xx xxxxxx 2020-ci il tarixliqətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar