Məhkəmə qərarları › İş №2(103)-4139/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4139/2023

05.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4139/2023 05.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh qarşı iş üzrə (Açar sözlər: kredit borcu) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 05 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-7107/2019 saylı qətnaməsi ilə iddiaçı "xxxx" İKB ASC-nin iddiası təmin edilmiş, Cavabdeh xx.xx.2015ci il tarixli, 22-G-1-0- 38-15 saylı kredit müqaviləsi üzrə 6131 ABŞ dolları faiz, 14.21 ABŞ dolları cərimə və xx.xx.2018-ci il tarixdən 2.07.2019-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 8,15 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 6153,36 ABŞ dolları məbləğində borc və 60 məhkəmə xərclərinin "Nikoyl” İKB ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka qoyulmuş, Cavabdeh məxsus olan Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsində yerləşən, 2 otaqlı, 29.01 kv.m yaşayış sahəsindən ibarət 100 nömrəli evin 7 saylı mənzilə yönəldilərək ilkin satış qiyməti 65000 (altmış beş min) manat müəyyən edilməklə açıq hərracda satış yolu ilə realizə edilməsi, satışdan əldə edilmiş məbləğ iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilməsi, Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsində yerləşən, 2 otaqlı, 29.01 kv.m yaşayış sahəsindən ibarət 100 nömrəli evin 7 saylı mənzilə tutma yönəldildikdə və o satıldıqda ən geci 1 (bir) ay ərzində Cavabdeh mənzildən çıxarılması və mənzil boşadılmasr qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-84/2022 saylı qətnaməsi ilə cavabdeh X3 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli qətnaməsi faiz borcu hissəsində dəyişdirilmiş və kredit müqaviləsi üzrə tutulmalı olan faiz borcunun məbləği 299,13 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir. Qətnamədə göstərilmişdir ki, məhkəmə əlavə məhkəmə mühasibatlıq və təkrar məhkəmə mühasibatlıq ekspertizalarının yekdil rəyinə əsasən xx.xx.2018-ci il tarixinədək Cavabdeh tərəfindən xx.xx.2015-ci il tarixli 22-G-1-0-38-15 saylı kredit müqaviləsi üzrə İddiaçı ASCyə 26377,65 ABŞ dolları məbləğində ödəniş aparılmışdır ki, həmin məbləğin 12206,61 ABŞ dolları əsas borca, 14171,04 ABŞ dolları isə daiz borcuna silinir. Cavabdeh müqavilə müddətinin başa çatdığı xx.xx.2018-ci il tarixinə əsas borcu 13368,39 ABŞ dolları, faiz borcu 299,30 ABŞ dolları təşkil edir. xx.xx.2018-ci il tarixdən sonra ödənilmiş 5511, 33 ABŞ dolları məbləğində pul hesablamada nəzərə alınmamışdır. Ekspert rəyinə əsasən Cavabdeh qeyd olunan kredit müqaviləsi üzrə faiz borcu düzgün hesablanmamışdır. Təqdim edilmiş hesabdan çıxarış məlumatlarından göründüyü kimi, cavabdehin krediti üzrə banka xx.xx.2018-ci il tarixdən (sualda göstərilən tarix) sonra 5.511,33 ABŞ dolları məbləğində ödəniş aparılmışdır. Hazırkı tədqiqatla borc qalığının hesablanması xx.xx.2018-ci il tarixədək (sualda göstərilən tarix) olduğundan sonradan ödənilən 5.511.33 ABŞ dolları hazırki hesablamada nəzərə alınmamışdır.

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehdən 'Yelo Bank" ASC-nin xeyrinə 13 yanvar 2015-ci il tarixli kredit üzrə 7857.06 ABŞ dollan məbləğində əsas borcun və 130.07 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixdən sonra ödənilmiş 5511,33 ABŞ dollan məbləğində pul hesablamada nəzərə alınmamışdır. Göündüyü kimi, artıq qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə Cavabdeh iddiaçı təşkilata 13368.39 ABŞ dollan məbləğində əsas borcunun olması, cavabdehin həmin borcdan 5511.33 ABŞ dollan hissəsini ödədiyi müəyyən edilmişdir. Aparılmış ödənişləri, yəni 5511.33 ABŞ dollan məbləği cavabdehin əsas borcundan, yəni 13368.39 ABŞ dollarından çıxdıqda cavabdehin iddiaçıya xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 7857.06 (13368.39- 5511.33=7857.06) ABŞ dolları borcunun olduğu müəyyən edilir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh həmin borcu ödəməkdən boyun qaçırır.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-845/23 saylı iş üzrə 01 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ə.Abbasova) iddia tələbi iddia müddəti tətbiq olunmaqla rədd edilmişdir.

5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı xx.xx.2015-ci il tarixli 22-G-1-0-38-15 saylı kredit müqaviləsi üzrə hesablanmış faiz və cərimə məbləğinin ödənilməsi tələbi ilə 2019-cu il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçı həmin vaxt xx.xx.2015-ci il tarixli 22-G-1-0-38-15 saylı kredit müqaviləsi üzrə əsas borcun qaytarılması ilə bağlı tələb irəli sürməmişdir. Hazırkı tələb üzrə iddia müddətinin axımı müqavilə üzrə öhdəliklərin icrası müddətinin bitməsindən, yəni xx.xx.2018-ci il tarixdən başlanmalı (kredit 36 ay müddətinə verilmişdir), iddiaçı isə pozulmuş hüquqlarının bərpası məqsədilə məhkəməyə xx.xx.2022-ci il tarixində, yəni üç illik iddia müddətini ötürməklə müraciət etmişdir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.2, 375.2, 376, 377.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin olunmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə yanaşı həmçinin onunla əsaslandırılmışdır ki, borclu müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş və müqavilədə belə bir şərt də nəzərdə tutulmamışdır ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olsun. Cavabdeh bu vəzifəni yerinə yetirənə kimi kredit müqaviləsi qüvvədə olur. Belə hallarda müqavilədə nəzərdə tutulmuş öhdəliyin icrasının qurtarması anına kimi müqavilə qüvvədə olur. İddia tələbinin əsasını təşkil edən və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsində də qeyd edilən ekspert rəyinə əsasən borcun tələb edilməsinə iddia müddətinin tətbiq edilməsi tamamilə qanunsuz və əsassızdır. xx.xx.2022-ci il tarixli, 9/401 saylı qeyd edilən ekspert rəyi və Ali Məhkəmənin (hansıki qərarın çıxarılması ilə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi qanuni qüvvəsini almışdır) xx.xx.2022-ci il tarixli, 2(102)-5344/2022 saylı qərarına münasibətdə 3 illik iddia müddətinin tətbiq edilməsi maddi və prosessual hüquq normalarının pozulmasıdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

11. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

12. Maddə 372.1. Bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir;

13. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır;

14. Maddə 376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir;

15. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

17. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən və iddia rədd edildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

19. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) müvafiq olaraq borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1).

20. Bununla yanaşı, Mülki Məcəlləyə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (372.1, 372.2.). Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir (373.2.). Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (375.2.).

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə kredit münasibətlərindən yaranan mübahisələrə Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Mülki Məcəllənin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.

22. Mülki Məcəllənin 380.1-ci maddəsinin məzmununa görə iddia müddətinin axımının kəsilməsi üçün məhz borclunun özü tərəfindən borcu etiraf edən hərəkət edilməlidir.

23. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2015-ci il tarixli 22-G-1-0-38-15 saylı kredit müqaviləsi üzrə hesablanmış faiz və cərimə məbləğinin ödənilməsi tələbi ilə 2019cu il tarixdə məhkəməyə müraciət etmişdir. Həmin vaxt əsas borcun ödənilməsi ilə bağlı hər hansı tələb irəli sürülməmişdir. Hazırkı tələb üzrə iddia müddətinin axımı müqavilə üzrə öhdəliklərin icrası müddəti bitəndən, yəni xx.xx.2018-ci il tarixdən başlanmalı (kredit 36 ay müddətinə verilmişdir), iddiaçı isə pozulmuş hüquqlarının bərpası məqsədilə məhkəməyə xx.xx.2022-ci il tarixində, 3 ildən sonra müraciət etmişdir.

24. Kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi cavabdehin ərizəsinə əsasən iddia tələbinə üç illik iddia müddəti tətbiq edib iddianı rədd etməkdə haqlı olmuşdur.

25. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. İddiaçının verdiyi apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.

27. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qət etdi: İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə 01 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar