Məhkəmə qərarları › İş №2(103)-4140/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4140/2024

24.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4140/2024 24.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (məhkəmə) 12 mart 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuş, həmin qətnamədən cavabdehin verdiyi apellyasiya şikayəti məhkəmənin 23 may 2024-cü il tarixli qərardadı ilə şikayətin qanunvericikdə nəzərdə tutulmuş müddət ötürüldükdən sonra verilmiş olması əsas göstərilməklə geri qaytarılmışdır. Cavabdeh həmin qərardaddan şikayət verərək onun ləğv olunmasını xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, qətnamə ona xx.xx.2024-cü il tarixdə poçt vasitəsilə təqdim olunmuş, qətnamədən xx.xx.2024-cü il tarixdə (müddəti ötürmədən) apellyasiya şikayəti vermiş, lakin şikayət elektron qaydada verilmədiyindən məhkəmənin xx.xx.2024cü il tarixli qərardadı ilə geri qaytarıldığından vəkilə müraciət etmiş, növbəti şikayət vəkil tərəfindən tərtib edilərək verilmişdir. Məhkəmənin 06 iyun 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə bu zaman da ona əsaslanmışdır ki, qətnamə cavabdehə xx.xx.2024-cü il tarixdə təqdim olunmuş, cavabdeh isə apellyasiya şikayətini qanunvericiliklə müəyyən edilmiş müddət ötürüldükdən sonra – 21 may 2024-cü il tarixdə - vermişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 135.5-ci maddəsinə görə, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. İş materiallarından görünür ki, məhkəmənin xx.xx.2024-cü il tarixli qətnaməsi xx.xx.2024-cü il tarixdə cavabdehə poçt vasitəsilə çatdırılmış, xx.xx.2024-cü il tarixdə onun apellyasiya şikayəti (forma və məzmuna uyğun olunmadan tərtib edilən və elektron qaydada verilməyən) məhkəməyə daxil olmuş, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə həmin şikayət geri qaytarılmış, cavabdehin növbəti dəfə verdiyi apellyasiya şikayəti isə xx.xx.2024-cü il tarixdə elektron sistemə yerləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, cavabdeh qətnamədən apellyasiya şikayətini prosessual müddət keçdikdən sonra verdiyi, habelə bu zaman müddətin bərpa olunması barədə ərizə təqdim etmədiyi üçün birinci instansiya məhkəməsi əsaslı olaraq apellyasiya şikayətini müddətin ötürülməsi səbəbi ilə geri qaytarmışdır və şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas təşkil etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1321/2024 saylı iş üzrə 23 may 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Vahid Sadıqov Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar